Moskvada Ümumrusiya Azərbaycan Konqresinin III Qurultayı keçirilib

 

Ramiz Mehdiyev: “Azərbaycan dövləti diaspor quruculuğu prosesinə xüsusi diqqətlə yanaşır”

 

 Dünən Rusiya Federasiyasının Moskva şəhərində Ümumrusiya Azərbaycan Konqresinin III qurultayı öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən(DİDK) verilən məlumata görə qurultaya Rusiyanın 72 regionundan 130 nümayəndə seçilib. Qurultayın işində  Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, PA-nın şöbə müdirləri Əli Həsənov, Zeynal Naqdəliyev, DİDK-nin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin, Azərbaycanın Rusiyadakı  səfiri Polad Bülbüloğlu iştirak ediblər. Eyni zamanda qurultaya Rusiyanın yüksək səviyyəli dövlət nümayəndələri, Rusiyada yaşayan tanınmış azərbaycanlı ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri də qonaq qismində qatılıblar.

 Qurultayı giriş sözü ilə açıq elan edən ÜAK-ın prezidenti Məmməd Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə yaradılmış ÜAK-ın Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanmasındakı rolundan danışıb. Rusiyada yaşayan bir sıra görkəmli azərbaycanlıların Rusiya Federasiyasının inkişafına mühüm töhfə verdiyini bildirib.  Gündəlikdə duran məsələlər barədə məlumat verildikdən sonra Qurultayın işçi orqanları yaradılıb, çıxış və məruzələr üçün reqlament müəyyən edilib.

 Daha sonra Rusiya Prezident Administrasiyasının idarə rəisi, Administrasiya rəhbərinin müavini Sergey Vinokurov RF prezidenti Dmitri Medvedevin qurultay iştirakçılarına müraciətini oxuyub. D.Medvedev məktubunda Rusiya və Azərbaycan xalqlarını yüz illərlə bir-birinə bağlayan sıx dostluq və etimad əlaqələrinin olduğunu bildirib: “Əvvəlki nəsillər bizim birgə tariximizi yaradıblar və bu tarixlə biz indi də fəxr edirik. Qiymətli dostluq, qonşuluq və əməkdaşlıq ənənələrimiz nəsildən-nəslə keçərək indi də inkişaf edir. Yüz minlərlə azərbaycanlı üçün Rusiya bu gün ikinci vətən deməkdir. Bu gün Azərbaycan diasporu Rusiya iqtisadiyyatına böyük töhfə verir, ölkənin elm, təhsil və mədəni həyatında aktiv iştirak edir, millətlərarası və icmalararası əlaqələrin möhkəmləndirilməsində mühüm fəaliyyət göstərir”.

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu qurultay iştirakçılarına çatdırıb. Məktubda Azərbaycan Prezidenti Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişafından söz açıb: “İkitərəfli münasibətlərin inkişafında Rusiyada yaşayan azərbaycanlıların heç də az olmayan rolu var. Sevindirici haldır ki, onlar çoxmillətli Rusiya cəmiyyətinin ayrılmaz tərkib hissəsidirlər və Rusiyanın suverenliyinə öz töhfələrini verirlər. Rusiyada vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi ÜAK-ın rolu qeyd olunmalıdır. Rusiyanın demək olar ki, bütün regionlarında bölmələri yaradılan ÜAK qısa bir zamanda təsirə malik ictimai birliklərdən birinə çevrilib. Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması ÜAK-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Əminəm ki, ÜAK-ın III qurultayı həm qurumun fəaliyyətində, eyni zamanda Rusiyada yaşayan Azərbaycan diasporu üçün mühüm hadisə olacaq və hərtərəfli Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsinə və inkişafına xidmət edəcək”.

M.Əliyev ÜAK-ın II Qurultayından ötən müddət ərzində görülmüş işlərə dair hesabat verib. O, ÜAK-ın Rusiyanın demək olar ki, bütün subyektlərində fəaliyyət göstərdiyini qeyd edərək regional bölmələr arasında fəallığı ilə fərqlənən təşkilatların adlarını çəkib. O, Rusiyada qısa müddət ərzində yüksək səviyyədə təşkilatlanmış Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının uğurlarını qeyd edərək bildirib ki, ÜAK bundan sonra daha da uğurlu fəaliyyət göstərməyə məhkumdur.

 Nəzarət-təftiş komissiyasının hesabatı dinlənildikdən sonra R.Mehdiyev çıxış edib. O, Azərbaycan və Rusiyanın müttəfiq ölkələr olduğunu qeyd edib və bu müttəfiqlik münasibətlərinin formalaşmasında iki xalq arasındakı dostluq münasibətlərinin də payı olduğunu vurğulayıb. Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artdığını deyən R.Mehdiyev bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsiz Şurasının qeyri daimi üzvlüyünə seçilməsində Rusiyanın göstərdiyi dəstəyin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Rusiyada yaşayan azərbaycanlıların böyük potensiala malik olduğunu söyləyən R.Mehdiyev ÜAK-ın ən böyük Azərbaycan diaspor təşkilatlarından biri olduğunu vurğulayıb. Azərbaycan dövlətinin diaspor quruculuğu prosesinə xüsusi diqqətlə yanaşdığını qeyd edən R.Mehdiyev bu ənənənin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirib.

 Nitqini tamamladıqdan sonra R.Mehdiyev ÜAK sədri M.Əliyevin Azərbaycan Prezidentinin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edildiyini qeyd edib və medalı ona təqdim edib. Daha sonra R.Mehdiyev Dünya Azərbaycanlılarının III Qurultayında üzürlü səbəblərə görə iştirak edə bilmədiklərinə görə təltif olunduqları medal və fəxri adları təqdim edilməyən Azərbaycan diasporunun tanınmış nümayəndələri Qod Nisanov və Moskvadakı “Dərviş” teatrının baş rejissoru Mərdan Feyzullayevə müvafiq olaraq “Tərəqqi” medalı və “əməkdar artist” fəxri adını və müvafiq vəsiqələri onlara təqdim edib.

P.Bülbüloğlu isə çıxışında Rusiyada azərbaycanlıların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını qeyd edib və bunun iki ölkə arasındakı müttəfiqlik münasibətləri ilə yanaşı Azərbaycan və rus xalqlarının mehriban qonşuluq və dostluq ənənələrindən irəli gəldiyini deyib.

Daha sonra ÜAK-ın İdarə Heyətinin üzvü, Moskva regional bölməsinin sədri İlqar Hacıyev, tanınmış jurnalist və ictimai xadim Rüstəm Arifcanov, Sverdlovsk regional bölməsinin rəhbəri Şahin Şıxlinski və digərləri çıxış edib, görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər. Daha sonra Mandat komissiyasının hesabatı dinlənilib, qurultayın işində seçilmiş 130 nümayəndədən 119-nun iştirakı təsdiqlənib.

Mandat Komissiyasının, Nəzarət-Təftiş komissiyasının hesabatları səsə qoyularaq bəyənilib, ÜAK-ın nizamnaməsinə dəyişikliklər qəbul edilib.

Qurultayda “Ümumrusiya Azərbaycan Konqresinin Rusiya prezidenti Dmitri Medvedevə Müraciəti”ni, “Ümumrusiya Azərbaycan Konqresinin Azərbaycan Prezidenti İlham Əliyevə Müraciəti”ni, “Ümumrusiya Azərbaycan Konqresinin bəyanatı”, “ÜAK-ın qətnaməsi” qəbul olunub.

Ardınca ÜAK-ın 136 nəfərdən ibarət Mərkəzi Şurası seçilib. Həmçinin 7 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası seçilib.

Tədbir başa çatdırdıqdan sonra qurultay nümayəndələrinin iştirakı ilə ÜAK-ın Mərkəzi Şurasının yeni tərkibinin iclası keçirilib. M.Əliyev yenidən ÜAK-ın sədri seçilib. Mərkəzi Şura ÜAK-ın 31 nəfərdən ibarət İdarə Heyətinin tərkibi seçib. Mərkəzi Şuranın iclasında Mikayıl Hüseynov ÜAK-nin Baş katibi seçilib. 

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2011.-26-28 noyabr.- S.3.