Nəsrin Cavadzadə: “Azərbaycanlı  olmaqla qürur duyuram”

 

 Hazırda dünyanın müxtəlif hissəsində 10 milyondan çox azərbaycanlı məskunlaşır. Onlar hamısı yaşadığı ərazilərdə azərbaycanlı adının, bu adı daşımanın məsuliyyətini hiss edir. Biz də müxtəlif ölkələrdə yaşayan həmyerlilərimizin uğurlarını eşidib sevinir, fəxr edir, qürur duyuruq. 11 yaşından qonşu Türkiyədə məskunlaşan istedadlı, tanınan  aktrisa, soydaşımız  Nəsrin Cavadzadə də belələrindən biridir. Həkim ailəsində doğulan , böyüyüb başa çatan Nəsrin Bakıda orta məktəbi bitirər- bitirməz anası ilə Türkiyəyə köçüb. Türkiyə mətbuatına müxtəlif vaxtlarda verdiyi müsahibələrində aktrisa o illəri belə xatırlayır: “Türkiyəyə köç etməyin 11 yaşlı  bir uşaq üçün çox əyləncəli olduğunu deyə bilmərəm. Buna o vaxtlar çox üzülmüşdüm. 1991-92-ci illər  Sovet İttifaqının təzə -təzə dağıldığı dövrlər idi, burada da rus qadınlarının başqa cür başa düşüldüyü vaxtlara təsadüf edirdi. Bilmədiyim bir dil,  tanımadığım bir mədəniyyət, tənhalıq, özünütəsdiq ehtiyacı...Bütün bunlarla mübarizə aparmaq və uyğunlaşmaq üçün çox  balaca idim. Özümü burda artıq xarici kimi hiss etmədiyimə rəğmən, zaman- zaman vətənim üçün darıxıram. Amma darıxdığım tək torpaq deyil, uşaqlığım, nənəmgilin evi, oradakı iylər, dadlar, adamlarla dolu olan ev yığıncaqları, oyunlar, rənglər, yeni ili qarşıladığımız günlər, pionino, bağçamızdır. Yəni, bir daha heç vaxt  geri gəlməyəcək şeylər, bir- bir itirdiyim insanlar üçün darıxıram. Bəlkə də onlara doymadan ayrıldığım üçün belə darıxıram. Türkiyəyə yaxşı yaşamaq üçün gəlmişdik. Uşaq vaxtı bunu anlamasam da, sonralar Bakıya tez -tez gedib-gələndə həyatımda ilk dəfə bazarda çəliklə gəzən insanları görmüşdüm. Zarafat deyildi, böyük imperiya çökmüştü...”

 

“Nəsrin Cavazdazə möhtəşəm oyunu ilə göz qamaşdırır”

 

 Alper Turqu (kino tənqidçisi)

 

 Hələ 5 yaşında olanda Nəsrin anasını məcbur edir ki, onu “balet” dərslərinə yazdırsın. Çünki balaca qızcığaz balerina olmağa həvəslənmişdi. Cavadzadə ibtidai sinfi burda bitirib, təhsilinin davamını Türkiyədə alır.  Uşaqlıqdan hamı bu qızda yaradıcı  istedadı görmüşdü. Ona görə də məktəbdə teatr bölməsində təhsil alırdı: “Amma həmin vaxtlarda Cüneyt Yalazın bizə dərs deməsi ilə həyatımda yeni səhifə açıldı. Onun üzərimdəki təsiri o qədər çox idi ki, aktrisa olmaq həvəs olmaqdan çıxdı. Və artıq bu fikir ciddiləşməyə başladı. Orta məktəbdən sonra  Mərmərə Universitetinin Kino və Televiziya bölümünə girməyimlə Şahika Tekand Studio Aktyorluğuna yazılmağım eyni ana təsadüf edir. Onda artıq çox ciddi şəkildə aktrisa olmaq haqqında düşünürdüm. Universiteti bitirər -bitirməz “Yersiz yurdsuz” serialında rolumla professional dünyaya addım atdım. Bu çox gözəl hiss idi. Mənə bu rolu həvalə etdikləri üçün özümü böyük məsuliyyət altında hiss edirdim. Əlimdən gələnin ən yaxşısını etməyə çalışırdım. Və təcrübəsizliyimə rəğmən, Dubayda Sultan mükafatına namizəd olmağım məni doğrudan da çox təəccübləndirdi. Bu insanı həm çox sevindirir və həm də çox qürurlandırır”. Cavadzadə universitet illərində 5 qısa film və bir sənədli film çəkir. Türkiyəyə gələrkən iztirab çəkən, “Nataşa” damğasının qaranlıq yükünü 11 yaşında çiyinlərində hiss edən Cavadzadə  öz həyatından izlər daşıyan ssenari də yazır. “Bu köçümüzlə bağlı bir ssenari idi. Bir ana ilə qızın hekayəsini anladırdı. Mənim Türkiyədə yaşadığım ilk zamanlardakı rusca danışmağım səbəbindən yaşadığım problemlərdən də bəhs edirdi. Məktəbdə həmişə rusca danışdığıma görə uşaqlar mənə sataşırdılar. Ssenari özüm haqqında deyil, amma onun içində məndən çox şeylər var. Bəzən Türkiyədə qadına, qadın aktrisaya münasibətdən, bəzi prodüserlərlə olan görüşlərdən çox rahatsız oluram. O zaman “Kaş ki, başqa bir yerdə olsaydım” deyirəm. Sonra başqa yerlərə gedirəm, o sistemdə də eyni şeylərin baş verdiyini görürəm”. Ssenarini  Mədəniyyət Nazirliyinə yolladım amma cavab almayınca bu həvəsimi hələlik boğdum. Rejissorluğun çox başqa məziyyəti olduğuna inandığımdan özümü buna hazır bilənə qədər gözləməyə qərar vermişəm”.

 

“Aktyorluq ürək işidir”

 

 İlk filmi “Dilbərin səkkiz günü”ndə maraqlı ifa tərzi ilə seçilən Nəsrin Türkiyədə az qala bütün festivallarda mükafatlara layiq görülüb. Ərzurum, Bursa, Ankara film festivallarında “Ən yaxşı qadın aktrisa” adını qazanıb. Ardınca gələn “Acı” filmi də ona uğur gətirdi. “Türkiyədə bir işi çox yaxşı edəndən sonra insanlar səni həmişə elə rollarda da görürlər. Nə zaman bir Şərqi Anadolu ilə bağlı layihə olsa, mənə təklif gəlir. Amma mən özümü təkrarlamaq istəmirəm. Bir neçə qəzetə verdiyim müsahibələr üçün çəkilən gözəl fotolarım “Nəsrin sadəcə Şərqi Anadolu qızlarını oynayır” imicini qırmağa kömək elədi.  Mən obraza hazırlaşarkən ssenari əlimdə, oynayacağım obrazı beynimdə bütün günü fikirləşirəm. Ən çətini də budur, xarakterimi tanıyana qədər öz həyatımı da, yaxınlarımın həyatını zəhər edirəm. Menecerim Yasəmənə gündə otuz dəfə zəng vurub: “Yasəmən, mən bunu oynaya bilməyəcəm”, deyirəm. Obrazımın ən dramatik səhnələrinin parodiyasını edirəm, sonra bir an olur ki, xarakterə aid bir şey çox inandırıcı görünməyə başlayır. Və ona inanmağa başlayıram. Daha sonra heç bir şey daha komik olmur. Mən hələ də axtarışda olan aktrisayam. Qarşıda getmək istədiyim uzun bir yol var. Mümkün olduğu qədər özüm kimi qalaraq bu yolu getmək, axtarmaq, kəşf eləmək istəyirəm. Bir dəfə dedim ki, aktyorluq ürək işidir. Onda bir neçə həmkarlarım mənə cavab olaraq “aktyorluq ürək işidirsə, Robert de Niro niyə beş il oxudu” dedilər. Beş il oxumaq aktyorluğun ürək işi olmasına əngəl deyil. Onda hər beş il oxuyan da Robert De Niro olardı. Demək, onun qocaman ürəyi var ki, ən zirvəyə çıxa bilir”.

Cavadzadə son uğurunu Antalya “Qızıl portağal” film festivalında qazanıb.  “Gözəl günlər görəcəyik” filmində “Anna” adlı rus qadını canlandırdığına görə  festivalın “Ən yaxşı yardımçı qadın roluna görə” mükafatına layiq görülüb. “Türkiyədə köçkün həyatı yaşayan, ailəsinin yanına dönməyə çalışan, bir  rus  qadını canlandırmaq o qədər də asan deyildi”, deyən Nəsrin  roluna hazırlanarkən içindəki hirsdən də yola çıxdığını deyib: “Filmin ssenarisini oxuyanda  özümlə əlaqəli bir çox hislərlə qarşılaşdım. Bunlardan biri də hirs idi. Buna oxşar duyğuları mən də keçirmişəm”. Mükafatı əlinə alan aktrisa  bu qalibiyyəti kimə həsr etdiyini isə belə ifadə edir:  “Bu mükafatı Sovet İttifaqı dağıldıqdan sonra dünyanın dörd bir tərəfinə səpələnib yaşamaq uğrunda mübarizə aparan  bütün gözəllərə və yalnız qadınlara həsr etmək istəyirəm”.

Hazırda gözəl aktrisa “Yangın var” filminin çəkilişlərində iştirak etməklə yanaşı “Al yazmalım” teleserialında Ayça xarakterini canlandırır. 

 

“Azərbaycan tamaşaçısı çox intellektualdır”

 

 Bu fikri Cavadzadə iki il əvvəl bizim mətbuata verdiyi müsahibəsində səsləndirib.  “Türkiyə 70 milyon sakini olan, gənc və dinamik bir ölkədir. Azərbaycan əhalisindən qat -qat artıq olduğu üçün burada ildə çəkilən filmlərin sayı da təbii ki,  çoxdur. Amma bu sadəcə işin statistik tərəfidir. Azərbaycanda çəkilən çox gözəl filmlərin olduğundan da xəbərdaram. Azərbaycan tamaşaçısı  çox intellektualdır. Onlar Avropa kinosunu türk tamaşaçısından daha yaxşı izləyir. Kiminlə danışsam, Mixail Hanekenin “Pianoçu” filminə baxdığını deyir,   ya da Almodovar adlı rejissorun varlığından xəbərdardır. Türk tamaşaçısı üçün eyni fikri deyə bilmərəm. Türk tamaşaçısı daha çox Hollivud filmləri ilə maraqlanır. Yalnız intellektual insanlar Avropa filmlərini seyr edir”.

 

“Özümə qarşı çox amansızam”

 

Nəsrinin uşaq vaxtı ilk yazdığı hekayəsində qəhrəmanı dərzi idi. Ona görə modaya olan həvəsini təsadüfi hesab etmir: ”Modanın yaradıcı və əyləncəli halı məni özünə cəzb edir. Moda jurnallarına və vitrinlərə baxmağa bayılıram. Amma bu sevgimə rəğmən, modanı mütəmadi izlədiyimi söyləyə bilmərəm. Trendlər hər 6 aydan bir dəyişdiyi üçün onu izləmənin çox darıxdırıcı olduğunu düşünürəm. Məni bir çox şeylər xoşbəxt edir. Yorğun olduğum günün sonunda gözəl bir yemək, isti duş, televizora baxmaq, dərin yuxu... Bəlkə sıx iş rejimində olduğum son zamanlar ən çox ehtiyac duyduğum şeylərdir. Bunlardan başqa yaxın dostlarımla bir araya gəlməkdən, alış -verişdən, idmandan, bəzən də tənhalıqdan zövq alıram.  Boş vaxtlarımda gündəlik idman etməyə çalışıram. Çoxlu filmlərə baxıram. Çox darıxanda, ya da kitab oxuyacaq halım olmayanda televizora baxıram. Çox nadir hallarda özümdən razı qalıram. Ümumiyyətlə isə özümə qarşı çox amansızam. Bu pis xüsusiyyətdir. Məsələn, son zamanlar şikayətləndiyim mövzu insanlarla məsafəni düzgün müəyyənləşdirə bilməməyimlə bağlı idi. Mən bəlkə də lazım olduğundan daha çox səmimiyyət sevən biriyəm. İnsanlara yaxın olmağı, bütövləşməyi, dostca münasibət qurmağı sevirəm. Amma bu xüsusiyyətimə görə    sui-istifadə edilirəm”.

 Türkiyədə yetərincə populyar olan aktrisa şou verilişlərinin onun rahatsız etmədiyini deyir. “Sadəcə  orda hansı şəkildə yer almağın daha vacib olduğunu bilməniz lazımdır. Mən şou verilişlərində bu günə qədər aldığım mükafatlarla görünmüşəm. Mənə zərəri dəymədi, əksinə insanların uğurlarımdan xəbəri oldu.  Mən həmin verilişlərdə başqa cür yer almayı seçənlərə xor baxmıram, sadəcə bunun bir seçim olduğuna inanıram”.

 

Ən böyük acısı

 

“Ən böyük acım atamı itirməyim oldu. Həyatım boyunca  çox ayrılıqlar görmüşəm. Vətənimi tərk etdim, indi anamdan başqa İstanbulda kimsəm yoxdur. Acı deyəndə ağlıma ayrılıqlar gəlir. Babam həyatdakı ən böyük qəhrəmanlarımdan biridir. Azərbaycanda olanda onunla çox vaxt keçirə bilməmişdim. Çünki 7 il həbsdə yatmışdı, bilirsiniz, Sovet İttifaqında müxalif bir söz deyənləri tuturdular, babam da belələrindən idi. O azadlığa çıxanda isə biz İstanbula gəlmişdik. Onu sonralar kəşf etdim. Aramız çox yaxşıdır.  Çox mübariz adamdır. Mənim babalarımın hamısı çox güclü və mübariz olublar. Belə bir ailəmin olduğu üçün özümü çox bəxtəvər  hiss edirəm.  Azərbaycanlı  olmağımla qürur duyuram. 11 yaşımdan Türkiyədə yaşadığıma görə bir çox türkdən daha türkəm, Azərbaycanda da çox azəridən daha çox azəriyəm”. 

 

 

Nərmin MURADOVA

 

Paritet.-2011.-26-28 noyabr.- S.16.