LondondaBaku” jurnalının ingilisdilli versiyasının təqdimatı keçirilib

 

  Rusiyada çıxan populyarBaku” jurnalı yayım coğrafiyasını genişləndirir. Oktyabrın 4-də LondondaBaku” jurnalının ingilisdilli versiyasının ilk nömrəsinin təqdimatının keçirilməsi bunun əyani təsdiqidir. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva iştirak edib.  Londonun mərkəzində, tarixi Pikadilli meydanı yaxınlığında yerləşən möhtəşəm zalda keçirilmiş təqdimat mərasimində şəhərin tanınmış ictimai-siyasi xadimləri iştirak etmişlər.  Monitorlar vasitəsilə Azərbaycan haqqında nümayiş olunan videoçarxlar, həmçinin məşhur fotoqraflar Tom KreyqGaylz Praysın çəkdikləri fotolar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

“Baku” jurnalının ingilisdilli versiyası Azərbaycanı Avropada daha yaxından tanıtmaq baxımından mühüm əhəmiyyətə malikdir. Jurnal bu dəfə avropalı oxucuları qədim Odlar Yurdunun zəngin tarixi, mədəniyyəti, incəsənəti, gözəl ənənələr və mətbəxi ilə məhz ingilis dilində tanış edəcək. Bundan başqa, jurnalda Azərbaycanın müasir inkişafı və beynəlxalq aləmdə tutduğu nüfuzlu yeri, ölkəmizdə həyata keçirilən mühüm layihələr, geniş turizm potensialı və azərbaycanlıların müasir həyat tərzi, xalqımızın gözəl xüsusiyyətləri də ingilisdilli oxuculara çatdırılacaq.

“Baku” jurnalının ingilisdilli versiyası dünyada məşhur “Konde Nast” nəşriyyat evində çap olunur. Jurnal təkcə Böyük Britaniyada deyil, eyni zamanda, ABŞ, Fransa, İtaliya və digər ölkələrdə də yayılacaqdır. Bu isə Azərbaycanın planetimizin istənilən guşəsindəki oxucuya daha yaxın, daha doğma olmasına kömək etmək baxımından əhəmiyyətli rol oynayır. Rus dilində nəşr edilən jurnalın uğurları ümid etməyə əsas verir ki, ingilisdilli versiya da oxucuların böyük marağına səbəb olacaq. Təqdimat mərasimində çıxış edən “Konde Nast” nəşriyyat evinin direktoru Nikolas KolericBaku” jurnalının ingilisdilli versiyasının çox uğurlu layihə olduğunu vurğulayıb. N.Korelic bu dərginin Azərbaycanı Avropada daha da geniş təbliğ etmək baxımından mühüm əhəmiyyətindən danışıb.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva çıxış edib. Mərasimə toplaşan qonaqları salamlayan Leyla Əliyeva bildirdi ki, dörd il əvvəl Moskvada rus dilində işıq üzü görən jurnalın beynəlxalq versiyasının yaradılması arzusu artıq reallıqdır.

Jurnalın baş redaktoru bu gündən nəşrin London, Paris, Nyu-York, Berlin, Roma və dünyanın daha bir neçə böyük şəhərlərində satışa çıxarılacağını dedi.

Xəzərin sahilində yerləşən qədim tarixi olan Bakının dünyanın sürətlə inkişaf edən şəhərlərindən biri olduğunu qeyd edən Heydər Əliyev Fondunun vitse-prezidenti paytaxtımızın görməli və sevilən guşələrdən, onun daha da gözəlləşməsi istiqamətində aparılan işlərdən danışıb.

Bu gün Bakının yeni inkişaf dövrünü yaşadığını vurğulayan Leyla Əliyeva bildirib ki, bütün bu müsbət dəyişikliklər “Baku” jurnalında da öz əksini tapır: “Düşünürəm ki, bu jurnal bizə köhnə ilə yeninin, Qərb ilə Şərqin görüşdüyü məkan olan şəhərimizin gözəlliyini, zəngin mədəni ənənələrini göstərməyə yaxşı imkan yaradır. Jurnalın səhifələrində siz incəsənət, tarix, musiqi, dəb, memarlığa aid məqalələr və ən əsası heyranedici xalq haqqında hekayələr oxuya bilərsiniz. Burada, həmçinin məşhur fotoqrfların çəkdikləri şəkillər də yer alır və bu axşam mən onların bəzilərini burada görməyimə çox şadam. İnanıram ki, “Baku” jurnalı dünyanın hər bir yerində oxucular arasında öz yerini tapacaq. Xüsusən də burada - dünyanın ən heyranedici şəhərlərindən biri olan Londonda”.

“Eurovision” mahnı müsabiqəsinin gələn il Bakıda keçiriləcəyini xatırladan “Baku” jurnalının baş redaktoru bunun paytaxtımız ilə daha yaxından tanış olmaq və Bakının sehrini kəşf etmək üçün gözəl fürsət olduğunu vurğulayıb.

Leyla Əliyeva jurnal üzərində işləyən hər kəsə minnətdarlığını bildirib.

Mərasimdə iştirak edən qonaqlar “Baku” jurnalının ingilisdilli versiyasının çox böyük maraqla qarşılanacağını vurğulayaraq nəşrə olan tələbat və marağın günbəgün artacağına ümidvar olduqlarını demişlər.

Bugünkü tədbir heyranedicidir. Əminəm ki, bu jurnalın ingilisdilli versiyasının oxucuları Azərbaycan ilə daha yaxşı tanış etmək üçün çox böyük rolu olacaqdır. Jurnal Azərbaycanın özünəməxsus gözəlliyə malik olduğunu hər kəsə sübut edəcəkdir. Onu da bilirəm ki, Azərbaycan çox zəngin mədəniyyətə, təbii sərvətlərə və böyük nüfuza malik olan bir ölkədir. Bu jurnal sayəsində Birləşmiş Krallıq ilə Azərbaycan arasında əlaqələr daha da möhkəmlənəcəkdir”, - deyə Böyük Britaniyanın ticarət əlaqələri üzrə səfiri Leydi Barbara vurğulayıb.

“Baku” jurnalının ingilisdilli versiyası Azərbaycanın və Bakının bütün dünyada keyfiyyətcə yeni səviyyədə tanınmasına kömək edəcək. Jurnalın rübdə bir dəfə nəşr edilməsi nəzərdə tutulub. Bu dərgi həm də dünyada trendlər aləmində bələdçi olacaqdır. Burada incəsənət haqqında maraqlı materiallar toplanacaq, “Baku”nın səhifələrini bədii foto sahəsində tanınmış ustaların işləri bəzəyəcək. Bu isə heş şübhəsiz ki, jurnala olan marağı daha da artıracaq. 

 

 

Paritet.-2011.-8-10 oktyabr.-S.5.