Osmanlı imperiyasının süqutu zamanı ən çox itki verən xalq türklər olub

 

Amerikalı alimin araşdırmasına görə, türklərin itkiləri imperiyanın bütün xristian əhalisinin itkilərindən bir neçə dəfə çox olub

 

Dünyanın heç bir imperiyası öz süqutu nəticəsində Osmanlı kimi səs-küy yarada bilməyib. Doğrudur, dünya xəritəsinin yenidən cızılması baxımından, sovet imperiyasının dağılması, daha çox dəyişikliklərə gətirdi. Amma Osmanlının müsəlman- türk dövləti olması, bu imperiyanın ən qüdrətli çağlarında (15-16-cı əsrlər) Avropanı qarşısında diz çökdürməsini xristian dünyası heç bir halda unutmaq istəmir. Və bütün acıqlarını imperiyanın varisi olan Türkiyədən çıxmağa çalışır, barbarlıqdan, insanların kütləvi surətdə məhv edilməsindən söhbət düşdükdə bütün xristian ölkələri bir ağızdan Osmanlı imperiyasını misal gətirirlər.

Halbuki tarixdəki imperiyalara nəzər salsaq, ən vəhşi üsullardan istifadə etmiş dövlətlərin məhz xristian imperiyalarına xas olduğunu görə bilərik. Misal üçün Osmanlılar fransızlar kimi heç bir səbəb olmadan 2 milyondan yuxarı əlcazairlini məhv etməyib. Və ya rus imperiyası kimi qeyri-rusları əlverişsiz ərazilərə sürgün edib, axırlarına çıxmayıb. Nə də almanlar kimi, “Almaniya almanlara məxsusdurkimi cılız siyasətdən istifadə edib, qeyri-almanları özündən ayrı tutmayıb. Siyahını uzatmaq da olar. Amma əsas məqsədim Osmanlı İmperiyasında baş verənləri analiz etmək olduğundan, çox dərinliyə getməyə lüzum qalmır.

Hazırda Qərberməni məsləsini bugünkü Türkiyəyə qarşı alət kimi istifadə etməkdədir. Guya 1915-ci ildə türklər 1.5 milyon ermənini məhv edib və sözügedən ölkələrməzlumerməni xalqının qeyrətini çəkməyi özlər üçün borc bilirlər. Heç Türkiyə də, o zaman ermənilərin öldüyünü gizlətmir. Amma bunun soyqırım kimi qəbul edilməsini və 1.5 milyon kimi cəfəng rəqəmlərin səsləndirilməsini rədd edir. Bundan əlavə Ankara ölən ermənilər üçün hər hansı məsuliyyət daşımadığını da bəyan etməkdən çəkinmir. Əvvəla həmin ərəfədə dünya müharibəsi gedirdi. Bu zaman kimin hansı şəraitdə və nəyə görə öldüyünü ortaya çıxarmaq əslində mümkünsüzdür. İkincisi, o zaman türklər, erməni və ya digər xalqları məhv etmək əvəzinə öz torpaqlarını qorumaq haqqında düşünürdü. Əli silah tuta bilən bütün türklər mühasirəyə alınmış Osmanlı torpaqlarının sərhədlərində ölüm-dirim savaşına girmişdilər. Demək, o zaman Osmanlı dövləti istəsə belə, erməniləri məhv edə biləcək imkanda deyildi.

Üçüncüsü, arxiv sənədləri bütün müharibə ərzində Osmanlı dövlətində yaşayan ermənilərin öz dövlətlərinə xəyanət etdiyini təsdiqləyir. Əgər bir neçə min erməni öldürülmüşsə, bu məhz bu səbəbdən baş verə bilərdi. Amma dünya dövlətləri nədənsə 1915-1923-cü illər ərzində həlak olmuş müsəlmanlar barədə danışmağı özlərinə rəva bilmirlər. Onların düşüncə tərzinə görə, müsəlmanlar, ələxsus türklər ölə bilər və buna görə heş kəs tükünü də tərpətməməlidir. Amma hər hansı xristianın ölməsi, heç bir halda bağışlana bilməz. Bunu bu gün dünyada baş verən hadisələr də sübut edir. İraqda, Əfqanıstanda, Qarabağda, Kosovada, Şimali Qafqazda  həlak olmuş insanların taleyi nədənsə hər kəs tərəfindən görməməzliyə vurulur. Amma hansısa qəza nəticəsində həyatını itirmiş xristian əsgərin ölüm səbəbi mütləq İslam ölkələrində axtarılır və bunun  cəzası tərəddüd edilmədən verilir.

Amerika tarixçisi Jastin Karti dünya tarixçilərini Osmanlı imperiyasını birtərəfli şəkildə araşdırmaqdan əl çəkməyə çağırıb. Onun fikrincə, bütün bunlar sonda onların öz dövlətlərinə qarşı çevrilə bilər. Qərb tarixçiləri keçən əsrin əvvəllərində baş verənləri dövlətlərinin maraqlarına uyğun olaraq araşdırması üzündən, türklər dünyada vandal, vəhşi xalq kimi qəbul olunmağa başlayıb. Halbuki bu araşdırmalara istinad edənlər həmin ərəfədə sözügedən ölkələrin Osmanlı imperiyası ilə müharibə apardığının fərqində belə deyillər. Kimsənin düşməni haqqında xoş söz söyləməyəcəyi aydın məsələdir. Amma yalnız rəsmi məlumatlara görə Osmanlılar 1915-1923 -cü illər ərzində 5 milyon müsəlman vətəndaşını itirib. Qeyri-rəsmi məlumatlar bu rəqəmin qat-qat çox olduğunu təsdiqləyir. Bu isə həlak olmuş qeyri-türklərdən ən azı dörd dəfə çox olduğunu sübut edir. Halbuki Osmanlı tərkibində yaşayan xristianların, xüsusən ermənilərin itkiləri ilə bağlı hər hansı konkret rəqəm yoxdur. Əvvəlla 1930-cu illərə qədər yalnız 500.000 erməninin öldürülməsindən söhbət gedirdi. Sonradan bu rəqəmin 1.5 milyona çatması, siyasi məqsədlər üzündən mümkün olduğunu təsdiqləyir. Əgər kimsə arxivlərdəki sənədlərə istinad etsə, bu qədər erməninin məhvini sübut edə biləcək hər hansı fakta rast gələ bilməz.

Rəsmi məlumatlara görə həmin ərəfədə ümumilikdə 1.9 milyon xristian və 5 milyon müsəlman türkü öldürülüb. Bundan xaric hər hansı məlumat mövcud deyil. Bu gün dünya dövlətləri 1.9 milyon xristianın 1.5 milyonunun erməni olduğunu qəbul edirsə, o zaman Osmanlı İmperiyası dünyaya qarşı yox, yalnız ermənilərə qarşı savaş apardığı nəticəsi ortaya çıxa bilər. Bu isə tamamilə cəfəngiyatdır.

 

 

M.TAĞIYEV

 

Paritet.- 2011.- 13-14 yanvar.- S. 7.