Diasporumuzun mətbuatda apardığı istiqlal mübarizəsi

 

Soydaşlarımız bu missiyanı əsasən müxtəlif ölkələrdə mətbuat orqanları nəşr etdirməklə həyata keçiriblər

 

Azəri diasporunun inkişaf tarixinə nəzər salsaq ötən əsrin 90-cı illərinə kimi  soydaşlarımızın əsas fəaliyyətinin milli azadlıq mübarizəsi üzərində qurulduğunu görərik. Azərbaycan mühacirləri bu missiyanı əsasən Avropanın bir çox ölkələrində müxtəlif adda mətbuat orqanları nəşr etdirməklə həyata keçiriblər. Təbii ki, bu qəzet və jurnallar Sovet dovlətinin qadağan etdiyi mətbuat olub. Həmin nəşrlərdən biri də 1932-ci il yanvarın 10-da azərbaycanlıların Berlində nəşrinə başladılar “İstiqlalqəzetidir. Milli Azərbaycan istiqlal mübarizəsini təbliğ edən, siyasi qəzet olan “İstiqlalqəzeti 10 gündən bir nəşr edilib.

Qeyd edək ki, “İstiqlalqəzetinin baş redaktoru Məhəmməd Əmin Rəsulzadə, redaktoru isə alman Herbert Volf idi. Lakin qəzet Herbert Volfun müdaxiləsi olmadan çıxıb. “İstiqlalda çap edilən əsasən bu rubrikalar altında verilirdi: 1) “Son poçta”; 2) “İstiqlalçılar cəbhəsində”; 3) “Məlumatlar”; 4) “Azərbaycandavə s. Bu rubrikalar altında verilən yazılarda aşağıdakı problemlər açıqlanırdı: 1) “Azərbaycandaruslaşdırmanın aparılması”; 2) “Pambıq planının baş tutmaması, xalqın toplanmış pambığı hökumətə təhvil verməməsi; 3) Sovet sənayesinin pis vəziyyətdə olması; 4) “Azərbaycanda fəhlə həyatının, onların təhsilinin aşağı səviyyədə olması; 5) Ölkədə insanların həbsi, sürgün edilməsi və qətlləri.

“İstiqlal” qəzetində M.Ə.Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin, Miryaqub Mehdiyevin daha çox Azərbaycanın istiqlalı, daxili vəziyyəti və beynəlmiləl həyatla bağlı yazılar nəşr edilirdi. “İstiqlal” qəzetinin aparıcı müəlliflərindən olan M.B.Məmmədzadənin də milli istiqlala dəyərli yazıları çap edilirdi. “İstiqlal” qəzetinin 33-cü sayında (1933-cü il, 27 Aprel) nəşr olunan məqaləsində müəllif yazırdı: “Azərbaycanın istila tarixinə nə rəng verirlərsə-versinlər, həqiqət, həqiqət olaraq qalacaqdır. Azərbaycan istila edilmişdir. Azərbaycan rus istilası altındadır”. Müəllif məqaləsində Azərbaycan istiqlalını məhv edib ona “proletar inqilabı” rəngini verənləri kəskin tənqid edirdi.

M.B.Məmmədzadənin “İstiqlal”ın 35-ci sayında çap olunan (1933-cü il, 28 may) “İstiqlal mücadiləsi” ciddi əhəmiyyət daşıyırdı. Bu məqaləsində o, Göyçayda, Kürdəmirdə xalqın istila rejiminə və bolşeviklərə qarşı olan qiyamlarını təqdir edirdi. “İstiqlal” qəzetinin Azərbaycan xalqının apardığı istiqlal mübarizəsinin təbliği baxımından əhəmiyyəti böyük idi. Qeyd edək ki, “İstiqlal” qəzeti Azərbaycanın bolşeviklər tərəfindən işğalının, xalqımızın istila rejiminə qarşı apardığı şərəfli mücadiləni Avropa ictimaiyyətinə çatdıran yeganə mətbuat orqanı idi.

 Soydaşlarımızın Avropada nəşr etdikləri digər mühüm mətbu orqanlarından biri də “Qurtuluş” jurnalıdır. Azərbaycan Milli Qurtuluş Hərəkatının məcmuəsi Berlində, Çarlottenburq-2 ünvanında çap olunub. Məcmuənin ilk sayı 1934-cü ilin noyabrında nəşr edilib. Məcmuənin sonuncu, 51-ci sayı 1939-cu ilin yanvar tarixli sayıdır. Ayda bir dəfə çıxan “Qurtuluş” məcmuəsi, sovet imperiyası əsarətində əzilən Azərbaycanın həyatını əks etdirirdi. Məcmuənin məqsəd, məramını “Yazı heyəti tərəfindən” adlı yazıda daha aydın görmək olar: “Kimə xitab etdiyimiz bəllidir. Hər şeydən əvvəl azərbaycanlılara, Azərbaycanlı mühərrirlərə, yəni yabançı istilası altında əzilən əsir bir millətə və bu istila üzündən Vətən ayrısı insanlara xitab edirik. Bu mühətəplərə siz qurtuluşdan söhbət açın! Bu, onların gecə-gündüz gözlədikləri şeydir. Qızıl rus istilasından xilas olmaq üçün can atanlara qurtuluşdan bəhs etmək, istiqlaldan bəhs etməkdir. Çünki bir millət yalnız müstəqil olduğu zamandır ki, özünü qurtulmuş sayar. İkinci sırada Türkcə oxuyan qardaş və qonşu mühitlərə xitab edirik. Bu mühətəplərdən bir qismi bizim kimi qurtuluş davası aparır, eyni düşmənə qarşı bizimlə çiyin-çiyinə vuruşur”. Bundan başqa eyni yazıda bunlar da qeyd olunur: “Məcmuəmiz hər şeydən əvvəl 28 May 1918-ci ildə istiqlalı elan olunan Azərbaycan Cumhuriyyətinin qurtuluşunu nəzərə alır. Azərbaycan Cumhuriyyəti 27 aprel 1920-ci ildən etibarən istila altındadır. Qızıl Rusiya tərəfindən cəbrən istila edilmişdir. “Qurtuluş” məmləkəti bu istiladan qurtarmaq istəyən milli qurtuluş qüvvətlərini təşvik və onların fikirlərini yayar”. “Qurtuluş” məcmuəsi azərbaycanlı mühacirlərin mühacirətdə nəşr etdikləri dəyərli bir mətbu orqan idi. “Qurtuluş”un almancada əlavəsi çıxırdı ki, bu da Alman ictimaiyyətini milli istiqlal mübarizəsilə tanış edirdi. Qeyd edək ki, “Qurtuluş” jurnalındakı yazılar maraqlı başlıqlar altında verilirdi. Bu başlıqlar jurnalın zəngin materiallarla, məqalələr və yazılarla oxuculara çatdırılmasını sübut edirdi. Jurnalda verilən əsas başlıq “Son xəbərlər” adlanırdı. Bu başlıqda əsasən Azərbaycanda, Sovet İttifaqında baş verən hadisələr haqqında oxuculara məlumatlar verilirdi. Jurnalın “Məktublar” rubrikasında verilən yazılar belə sistemləşdirilirdi: a) 28 May İstiqlalı ilə bağlı məktub (“İdarəyə məktub”, “Təbrik yazıları”, Parisdən, Berlindən, Təbrizdən, Varşavadan gələn təbriklər), 27 Nisan (Aprel) faciəsi ilə bağlı məktublar (“İstanbulda 27 Nisan”, “27 Nisan milli matəm günü”, Jurnalın maraqlı rubrikalarından biri belə adlanır: “Azərbaycan mətbuatı ilə polemika”. Bu rubrikada əsasən sovet mətbuatında - “Pravda”, “Kommunist”, “Bakinski raboçi”, “İzvestiya” qəzetlərindəki yazılar tənqidedilir, faktlara kəskin münasibətlər bildirilir, polemika aparılır (məsələn, “Memarlıqda müsavatizm”, “Qafqasya misaqi  (istiqlalı) və bolşeviklər”, “Səddi-Çin yarılırmı”, “Milli dil və milli kültür”, “Yenə maarif cəbhəsində”, “Baş döndürücü müvəffəqiyyətlər” və s.).  Qeyd edək ki, sovet mətbuatında belə polemika yazıların daha çox M.Ə.Rəsulzadə və M.B. Məmmədzadə hazırlayırdılar.

Beş ilə yaxın müddətdə Almaniyada nəşr edilən  Qurtuluş” jurnalı özünün fəaliyyət praktikasında açıqladığı kimi  Azərbaycan Cümhuriyyətinin  quruluşu ideyasını təbliğ edir,  milləti istila rejimindən xilasa çalışan insanların fikirlərini yayırdı.

 

Soydaşlarımızın  Prometey” gücü

 

Bir məqamı da qeyd edək mühacirlər 1926-cı ildə Qafqaz İstiqlal Komitəsini və 1928-ci ildə “Prometey” təşkilatını yaradıblar. SSRİ-də yaşayan bütün xalqların mühacir nümayəndələri “Prometey” təşkilatında birləşirdilər. Həmin təşkilatın 1926-1938-ci illər arasında Parisdə fasiləsiz olaraq nəşr edilmiş eyni adlı mətbuat orqanı olub.

“Prometey” haqqında daha ətraflı məlumatı fransız tarixçisi Etyen Koponun 1993-cü ildə Parisdə çap edilmiş “Prometey hərəkatı” məqaləsindən öyrənmək mümkündür. Həmin məqaləni tanınmış ziyalı Ramiz Abutalıbov 2006-cı ildə Moskvada nəşr edilmiş “Parisdəki görüşlər və illər” kitabında oxuculara təqdim etmişdir. “Prometey hərəkatı” haqqında kitabda aşağıdakı maraqlı məqamlar vardır: “Həmin illərdə siyasi mühacirlərin əsas məskunlaşdığı yer Paris idi. Burada A.F.Kerenski əks-bolşevik təşkilatı yaratmışdı və “Gün” adlı mətbuat orqanı yayınlayırdı. Ancaq rus əsilli olmayan əksər mühacirlər onu rus koloniya siyasətini müdafiə etməkdə, Qafqaz və Türküstan (Orta Asiya) respublikalarına müstəqillik verməməkdə günahlandırırdılar. Türkiyədə və başqa Avropa şəhərlərində müəyyən cəhdlərdən sonra, məhz Fransada bu siyasi mühacirlər marşal Pilsudskinin dəstəyi ilə aylıq “Prometey” jurnalını fransız dilində nəşr etməyə başladılar. Bütün mühacirəti özünün uzunömürlülüyü ilə təəccübləndirən bu jurnal 1926-1938-ci illərdə fasiləsiz nəşr edildi. Bütün bu dövrdə jurnalın redaktoru gürcü Georgi Qvazava idi. 1938-ci ildə jurnalın formatı dəyişdi və o “Revyu de Prometey” adı ilə nəşr edilməyə başladı. Həmin vaxtdan jurnalın bağlanmasına -1940-cı ilə qədər jurnalın baş redaktoru Ukraynanın keçmiş xarici işlər naziri (1918-ci ildə) Aleksandr Kulqin olmuşdu”.

 Tarixdən məlumdur ki, II Dünya Müharibəsi illərində alman əsir düşərgələrində azərbaycanlı legionerlərdən ibarət hərbi dəstələr düzəldilib.  1942-ci ildən 44-cü ilə qədər bu azərbaycanlı əsirlər tərəfindən Berlində “Azərbaycan” adlı qəzet çap edilib. Legionerlər bu qəzetdə Azərbaycan ədəbiyyatının müxtəlif əsər və şəxsiyyətlərinə aid məqalələrlə çıxış ediblər. Maraqlıdır ki, onlar bu yazıları əllərində heç bir antologiya olmadan əzbərdən yazıblar.

 

 “Bizim ilk tapşırığımız azadlığa çağırışdır”

 

Qeyd edək əllinci illərdən başlayaraq ABŞ-ın  Amerikan Komitəsi” ayrı-ayrı mühacir və legionerlərin yaratdığı təşkilatları, xüsusilə mətbu orqanları maliyyələşdirirdi. Əbdürrəhman bəy Düdənginskinin (Fətəlibəylinin)  Ceyhun bəy Hacıbəyli ilə birlikdə nəşr etdikləri “Azərbaycan” jurnalı (Azərbaycan və rus dillərində) da belə mətbuat orqanlarındandır.  1951-ci ildə Münhendə “Azərbaycan” jurnalının ilk sayının nəşri mühacirləri və legionerləri çox sevindirmişdi. Bu münasibətlə legionerlərin redaksiyaya göndərdiyi təbrik məktubları çox maraqlı idi. Legionerlər yazırdılar: “Çox hörmətli redaksiya! Vətənimizin adını daşıyan jurnalın ilk sayını aldıq. Oxuyub çox məmnun olduq... Azad və müstəqil Azərbaycana eşq olsun! Hörmət və şərəflə: Atabəy Şamil, Tahir Heydərzadə, Səfər Ağaoğlu, Həsən Əziz. Münhen. 30.03.1952” (65, s.1-2) Eyni zamanda, Ə.Fətəlibəyli Ceyhun bəyə göndərdiyi məktublarda “Azərbaycan” jurnalının nəşri ilə bağlı çətinliklərin olduğunu qeyd edirdi. Göstərirdi ki, maddi imkanlara görə jurnalın 2-ci sayını nəşr etmək çətinləşib, “Amerikan Komitəsi” isə maddi yardımı reallaşdırmır. Hətta buradan Nyu-Ulm şəhərinə getməyə də pul yoxdur. Lakin mövcud imkansızlığımıza baxmayaraq, jurnalın növbəti sayını nəşr etdirəcəyik. 1953-cü ilin martında isə ABŞ dövlətinin maliyyələşdirdiyi “Bolşevizmlə Mücadilə Koordinasiya Mərkəzi” tərəfindən istiqamətləndirən “Qurtuluş” sonradan “Azadlıq” radiosu ilk verilişlərinə başladı. Bu münasibətlə yayılan müraciətdə bildirilirdi: “Qulaq asın, qulaq asın! Bu gün yeni “Qurtuluş” radiostansiyası verilişlərinə başlayır. Stalinin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə azad danışa bilərik. Azadlığa olan əbədi cəhdimiz xalqımızın qəlbində sönmədi. Bizim ilk tapşırığımız azadlığa çağırışdır. Kommunist rejiminə müqavimət hissi də xalqımızı tərk etməyib. Biz azərbaycanlılar, eləcə də Sovet İttifaqının digər xalqları, kommunizmi məhv edib, qəsb edilmiş azadlığımızı qaytarmağa tam qərarlıyıq. Bizim harda olmağımızdan asılı olmayaraq, istər Sovet İttifaqında, istərsə də xarici ölkələrdə olsun, yalnız bir istəyimiz vardır: Kreml hakimiyyətinin yıxılması. Biz, hamımız - gənclərimiz yaşlılarımız, Stalinin dəmir pərdəsi arxasında yaşayıb əzab çəkən sizlərlə bir istək və arzudayıq”.

Beləliklə, 1953-cü ilin martından “Azadlıq” radiosunun “Azərbaycan” redaksiyası fəaliyyətə başladı. Qeyd edək ki, bunu diasporumuzun ilk elektron media fəaliyyəti də hesab etmək olar.  “Azərbaycan” redaksiyasının ilk baş redaktoru mayor Ə.Fətəlibəyli(Düdənginski) oldu. Radio fəaliyyətə başladığı ilk gündən Ə.Fətəlibəyli sovet siyasətinin əleyhinə verilişlər hazırlayırdı.

Xatırladaq ki, ötən il Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə mühacirlərin nəşr etdirdiyi qəzet və jurnalların xeyli hissəsi artıq Azərbaycana gətirilib. Onların Vətənə gəlişi tarixçi-alim Nəsiman Yaqublunun zəhməti nəticəsində mümkün olub.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2011.- 15-17 yanvar.- S.9.