Koroğlu türkün döyüşkənliyinin və zərifliyinin rəmzidir”

 

Ziyalılar Koroğlu ilə yanaşı digər tarixi şəxsiyyətlərə və dastan qəhrəmanlarına heykəllər qoyulmasını vacib hesab edirlər

 

Tarixin müxtəlif dövrlərində öz qəhrəmanlıqları ilə seçilən,  Azərbaycan xalqının rəmzinə çevrilmiş çoxsaylı tarixi qəhrəmanlarımız olub.  Bu qəhrəmanların bu gün yaddaşlarda yaşadılması  və gənc nəsildə onlar haqqında ətraflı məlumatın olması   üçün  dövlətimiz tərəfindən bir sıra məqsədyönlü layihələr həyata keçirilir.   Belə ki, ötən  il  Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında  ölkə Prezidenti sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Azərbaycan xalqının əfsanəvi qəhrəmanı Koroğlu milli-mənəvi dəyərlərin daşıyıcısına çevrilərək əsrlərdən bəri insanlarımızın yaddaşına vətənpərvərliyin və mübarizliyin rəmzi kimi həkk olunub. Eyni zamanda  Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün  2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılmasıda sözügedən sərəncamda öz əksini tapıb.

Koroğlunun abidəsinin ucaldılmasının əhəmiyyəti və bu işin icrasının Azərbaycan mədəniyyətinə hansı töhfələr verə biləcəyi haqqında məlumat verən Azərbaycan Milli Konservatoriyasının milli  musiqi alətlərinin  təkmilləşdirilməsi  elmi tədqiqat laboratoriyasının rəhbəri, instrumental muğam kafedrasının müəllimi  dosent, sənətşünaslıq namizədi Abbasqulu Nəcəfzadə sərəncamı çox yüksək dəyərləndirərək bildirdi ki, Azərbaycanın xalq - aşıq sənətinin inkişafında  əhəmiyyətli yeri olan belə bir tarixi şəxsiyyətin  abidəsi çoxdan ucaldılmalıydı:” Belə deyərdim ki, bir az gecikmiş olsa da, ancaq bu cür  işin  ölkəmizdə icrası mədəniyyətimizə gözəl bir  töhfədir. Eyni zamanda  qədim kökləri olan xalq sənətimizə yüksək diqqət və qayğının göstəricisidir. Çünki  Koroğlu qəhrəman olmaqla yanaşı, həm də dövrünün gözəl ifaçısı olub.  Belə ki, Koroğlu dövrünün ən güclü saz, Babək isə  öz dövrünün gözəl  santur  ifaçıları olublar. Bu səbəbdən istərdim ki, Koroğlunun abidəsi ucalanda orda mütləq saz aləti də öz əksini tapsın”.

 

“Dədə Qorqudun  qopuzu sınıq vəziyyətdədir”

 

Həmsöhbətim  Koroğludan başqa  bir sıra xalq qəhrəmanlarının və tarixi şəxsiyyətlərin də  ölkəmizdə abidələrinin ucaldılmasının  vacib olduğunu  vurğulayaraq qeyd etdi ki,  belə tarixi  şəxsiyyətlərin  abidələrin  ucaldılması  Azərbaycanın qədim və zəngin tarixinin daim yaşamasına   və gənc nəslinin yaddaşına həkk olmasına səbəb olar:

Bu  sırada xalq qəhrəmanımız olan Babəkin abidəsinində ucaldılmasını istərdim.

Azərbaycan mədəniyyət və ədəbiyyat tarixində öz rolu və yeri olan  Dədə Qorqudun İçərişəhərdə bir abidəsi ucaldılıb,  ancaq təəssüf ki, qopuzu sınıq vəziyyətdədir.   Bu abidənin  adının möhtəşəmliyi kimi, yenidən  bərpa edilərək, şəhərimizin ən  gözəl məkanında ucaldılmasını istəyirəm.  Ümumiyyətlə, qeyd edim ki, Koroğlu,  Babək,  Qaçaq Nəbi tarixi qəhrəman olaraq, cəsarətləri, mərdlikləri, döyüşkənlikləri ilə seçilərək tarixin səhifəsinə öz adlarını şərəflə yazmaqla yanaşı, mədəniyyətimizə çox yüksək qiymət veriblər. Onlar xalq musiqisinə meyl edib, sazda ifa edərək musiqiçi kimi də adlarını musiqi tarixinin yaddaşına yazıblar. Bunun üçün də onlara həm xalq qəhrəmanı və həm də musiqiçi kimi yanaşmaq lazımdır. Sevindirici haldır ki, YUNESKO tərəfindən aşıq sənətidə  dünyanın şah əsərləri  siyahısına salınmışdır. Ümumiyyətlə, mən tədris zamanı  metodik  tövsiyələr verəndə  hər zaman xüsusi olaraq vurğulayıram ki, bizim xalq qəhrəmanlarımıza ancaq qəhrəman kimi baxmaq düzgün deyil,  həm də onlar  gözəl musiqiçi olublar.  Məsələn, “Dədə Qorqud” dastanından bəllidir ki, Dədə Qorqud  gözəl musiqiçi olub”.

 

“Koroğlu folklorumuzun zirvə hadisələrindən biridir”

 

Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı (Yolçuyev)  ölkə Prezidentinin paytaxtda xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı sərəncamını, bir vətəndaş,  QHT rəhbəri və yazıçı olaraq   alqışladığını dedi: ”Hər nə qədər mifləşmiş, əfsanələşmiş olsa da Koroğlu obrazı, ümumən, belə deyək, Koroğluluq millətimizin  qan yaddaşına, ruhuna hopub. Koroğlu oğuzların ortaq hadisəsi, eyni adlı dastan oğuzların, ümumən türk dünyasının ortaq abidəsidir. Bu anlamda, türk dünyasının, ümumtürk coğrafiyasının ən mühüm ölkəsi olan  Azərbaycan paytaxtında Koroğlunun abidəsinin ucaldılması xüsusi məna daşıyır”. “Dünənə qədər yad heykəllərin ucaldığı paytaxt şəhərimizdə artıq çoxdan öz qəhrəmanlarımızın abidələşməsinin, öz ruhumuzun təcalla etməsinin vaxtıdır. Ayrıca, heç kəsə gizlin deyil ki, şəhərimiz dünyanın ən gəlimli-gedimli şəhərlərindən biri, hər gün yüzlərlə xarici qonağın üz tutduğu məkan olaraq məhz milli tarixi, özgü mədəniyyətimizi əks etdirən abidələrlə, tikililərlə, milli ornametlərlə nə qədər süslənsə, bir o qədər yaxşıdır”.  Ə.Qoşalı əlavə etdi ki, Bayraq Meydanının açılışının ardınca, xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması barədə müvafiq qərarın qəbul edilməsi Prezidentimizin milli dəyərlərə nə qədər həssas münasibət bəslədiyini çox bariz şəkildə ifadə etməkdədir.

 Koroğlunun bir xalq qəhrəmanı olduğunu deyən həmsöhbətim qeyd etdi ki, folklor da xalqın şifahi poetik yaradıcılığını ehtiva edir:

-  Koroğlu folklorumuzun zirvə hadisələrindən biridir. Koroğluda da variantlılıqlar mövcuddur. Bəlli olduğu kimi, az qala hər aşığın, hər dastançının öz Koroğlusu var. Yeri gəlmişkən, yeni nəsil ziyalılarımızdan Koroğluya daha çox müraciət edən araşdırmaçı-yazıçılarımız İslam Sadığın və Ceyhun Bayramlının adlarını sayğı ilə çəkmək istərdim. Türkiyənin yeni nəsil alimlərindən isə  dr. Ənvər Uzunun araşdırmaları diqqəti cəlb edir. Bilirsiizz, yeni nəsil sözünə niyə vurğulayıram? -Məncə, Koroğlu da, “Koroğlu” da sosializm realizmindən kənar yeni baxış tələb edir. Adını çəkdiyim gənc tədqiqatçı Ceyhun Bayramlının 2010-cu ildə işıq üzü görmüş “Dastan ədəbiyyatımıza kənar təsirlər” kitabını bu baxımdan müsbət saydığımı demək istərdim.

O  inanır ki, dövlət başçımızın Koroğlunun abidəsinin ucaldılması haqqında sərəncamı yalnız bir abidənin ucaldılması ilə sona çatmayacaq, Koroğluya müraciətlərin sayını artıracaq, keyfiyyət təzələnməsini şərtləndirəcək: ”Bundan başqa uzaq tarixdən Babəkin, yaxın tarixdən Nuru Paşanın heykəlinin ucaldılmasını arzulardım”.

 

“Koroğlu   həm tarixi  və həm də  mifoloji obraz kimi səciyyələnir”

 

Folklor İnstitutunun əməkdaşı Elçin  Qaliboğlu isə bildirdi ki, Koroğlu abidəsinin ucaldılması  ideyası son dərəcə gərəkli bir məsələdir:”  Azərbaycan  və türk xalqının qəhrəmanlıq obrazının  abidə səviyyəsində  rəmziləşdirilməsi   xalqın mənəvi yaddaşının yaşadılması və qorunub saxlanması deməkdir.  Koroğlu   həm tarixi  və həm də  mifoloji obraz kimi səciyyələnir. Koroğlu  Azərbaycan xalqının bütün gözəl keyfiyyətlərini özündə cəmləşdirən və  birliyi özündə ifadə edən xəlqi bir obrazdır”.

Onun fikrincə, Koroğlunun abidəsi ucaldılan zaman   əlində  xalq qəhrəmanını səciyyələndirən qılınc və  sazın olması  çox yaxşı  olardı.      Koroğlu türkün döyüşkənliyinin və zərifliyinin rəmzidir: ”Yəni  xalqımızın  bu cür  iki gözəl cəhətini  özündə birləşdirib.  Bu səbəbdən də Koroğlunun bir əlində sazın, digər əlində qılıncın  təsvirinin verilməsi həm döyüşkənliyin  və həm də xalqın yetkinliyinin rəmzidir.  Amma əlbəttə ki, son dərəcə ciddi şəkildə işlənməlidir”.

  Başqa bir sıra tarixi qəhrəmanların  abidəsinin paytaxtda ucaldılmasından danışan həmsöhbətim bunları söylədi: ”Hamımızın tarixdən bildiyimiz və tanıdığımız Babək obrazının heykəlləşməsi də son dərəcə əhəmiyyətli olardı. Çünki Babək xalqın  azadlıq rəmzidir. Məlum olduğu kimi bu mövzuda  bədii film çəkilib, eyni zamanda Azərbaycan yazıçıları əsərlər yazıblar. Burda bir haşiyə çıxaraq qeyd edim ki,  Naxçıvanın  Babək şəhərində Babəkin heykəli var. Babəkin heykəlinin Bakıda da olması çox gərəklidir”.

Onun dediyinə görə Dədə Qorqud obrazının  rəmzi  səviyyədə ciddi  bir heykəltəraşlıq ifadəsi kimi  Bakının meydanlarında ucaldılması vacibdir.

Ölkə Prezidentinin Koroğlunun abidəsinin ucaldılması ilə bağlı verdiyi sərəncamın ümumilikdə  Azərbaycan xalq sənətinə  dövlət  tərəfindən verilən yüksək qiymət kimi dəyərləndirən Aşıq Şəmşir” Mədəniyyət  Ocağı İctimai Birliyinin sədri Qəmbər Şəmşiroğlu isə  bildirdi ki,  saz sənətinin yaşadılması, dastanlarımızın, aşıq musiqilərimizin bugünkü gündə inkişafı da   Koroğlunun adı ilə bağlıdır: ”Bu səbəbdən də belə bir qəhrəmanın abidəsinin ucaldılmasını çox yüksək qiymətləndirirəm.  Tarixi qəhrəmanlarımızın  həyat və yaradıcılıq səhifəsində aşıq musiqisinin də özünəməxsus rolu olub.  Xalq yaradıcılığından qaynaqlanan aşıq sənətimizin inkişafında və əsirlərdi  qorunub saxlanmasında   Koroğlu  kimi mərd, cəsur bir döyüşçünün, qəhrəmanın  rolu olub”.   Torpaqlarımız uğrunda düşmənlə  döyüşən qəhrəman  olmaqla yanaşı,  musiqimizə də  xor baxanlara qarşı mübarizə aparıb, bu sahədə də adını əbədiləşdirib”.

 

 

GÜNAY

 

Paritet.- 2011.- 18-19 yanvar.- S. 11.