“Diasporumuz yaşadığı cəmiyyətin bir parçasına çevrilməklə təsir imkanları qazana bilər”

 

Murad Camalzadə: “Digər ölkələrdəki diaspor təşkilatlarımız və icmalarımızla əlaqələri gücləndiririk

 

Müxtəlif ixtisaslar üzrə xarici ölkələrdə təhsil alan gənclərimizin diaspor fəaliyyəti ilə də məşğul olmaları onların milli vətənpərvərliyindən xəbər verir. Bu baxımdan Böyük Britaniyadakı azərbaycanlı tələblərinin fəaliyyəti daha aktiv görünür. Bu vaxta kimi onlar artıq İngiltərədə bir neçə diaspor təşkilatı yaradıblar. Onların arasında 2008-ci ildən fəaliyyətə başlayanOdlar Yurdu Organisationdiaspor təşkilatın da gördüyü işlər saysız-hesabsızdır. Təşkilat Londonda təhsil alan bir qrup azərbaycanlı tələbə tərəfindən təşəbbüsü ilə təsis olunub. “Odlar Yurdu Organisationnin sədri Murad Camalzadə “Paritet”ə müsahibəsində qurumun yaranma tarixi, hazırkı fəaliyyəti və planları barədə məlumat verdi.

-Yarandığı gündən etibarənOdlar yurdu OrganisationAzərbaycanın diaspor quruculuğu istiqamətində fəaliyyət göstərib. Ölkəmiz və xalqımızla bağlı həqiqətlərin ingilis ictimaiyyətinə çatdırılması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı siyasətin pislənməsi, Azərbaycan tarixinin və mədəniyyətinin layiqincə tərənnüm olunması, həmçinin Böyük Britaniyada yaşayan və təhsil alan soydaşlarımızın bir araya toplanması və onların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə təşkilatımız tərəfindən bir çox tədbir və layihə həyata keçirilib. Xocalıda ermənilər tərəfindən törədilən qırğının pislənməsi və bu dəhşətli hadisə ilə bağlı əcnəbi vətəndaşların məlumatlandırılması məqsədilə 2008-ci il fevral ayının 24-də İngiltərə parlamenti qarşısında keçirilən etiraz aksiyasının əsas təşkilatçılarından biri də “Odlar Yurdu idi. Etiraz aksiyası Ermənistanın həyata keçirdiyi işğalçı siyasətin, xalqımıza qarşı tətbiq olunan terror fəaliyyətinin ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Həmçinin Londonda təhsil alan tələbələrimizin əlaqələndirilməsi də təşkilatımızın qarşısında duran prioritet məqsədlərdən biridir. Bu məqsədlə Lobanovski Futbol Turnirində iştirak etmək üçünOdlar Yurdu Organisation”ın təsisçisi olan İlham Nağıyevin təşəbbüsü ilə “Baku Unitedadlı futbol klubu yaradılıb. Bu isə Londondakı tələbələrimizin ictimai fəallığının artırılması sahəsində böyük əhəmiyyət kəsb edirdi. Həmçinin Londonda təhsil alan azərbaycanlı qızlar arasındaMiss Azerbaijan Londonadlı gözəllik müsabiqəsi də keçirilib. Azərbaycan mədəniyyətinin və tarixinin tərənnüm olunması sahəsində həyata keçirilən tədbirlərdən biri də “Azerbaijan - Past, Present and Futureadlı sərginin keçirilməsi idi. Azərbaycan Respublikasının İngiltərədəki səfirliyi ilə birgə keçirilən sərgi əcnəbi vətəndaşlarda çox böyük marağa səbəb olmuşdu. Və nəhayət, təşkilatımızınOdlar Yurduadlı qəzetinin müntəzəm işıq üzü gördüyünü qeyd edərdim.

Hazırda təşkilatımız bir sıra layihələr üzərində çalışır. Qarşıda duran strateji məqsədlərdən biri təşkilatın fəaliyyətinin digər ölkələrdə də gücləndirilməsidir. Bu məqsədlə də digər ölkələrdəki diaspor təşkilatlarımız və cəmiyyətlərimizlə əlaqələri gücləndiririk. Gələcəkdə birgə layihələrin və tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.

-  Bəs, “Odlar Yurduqəzeti nə vaxtdan fəaliyyət göstərir?

- “Odlar Yurdu” qəzeti 2008-ci ilin noyabrında təsis edilib. Dekabrın 9-da isə qəzetin ilk sayı çap olunub. Azərbaycanın diaspor quruculuğu və xaricdəki həmvətənlərimizin əlaqələndirilməsi baxımından “Odlar Yurdu” qəzeti mühüm funksiya yerinə yetirir. İlkin vaxtlarda qəzet məhdud bölgədə - İngiltərə, Avstriya və Çexiyada soydaşlarımız arasında paylansa da, artıq onun yayılma coğrafiyası çox genişlənib. Qəzet dünyanın 27 ölkəsində yayımlanır. Qəzetin özülündə yalnız bir ideya dayanır: bu isə diasporun təşkilatlanması işinə öz töhfəmizi vermək ideyasıdır. Qəzetdə digər diaspor təşkilatlarımız və onların fəaliyyəti işıqlandırılır, xaricdəki azərbaycanlılar haqqında mütəmadi yazılar çap olunur. Həmçinin Azərbaycan mədəniyyəti, tarix, ordu quruculuğu və Cənubi Azərbaycandakı soydaşlarımızın vəziyyəti də qəzetimizin daima diqqət mərkəzindədir.

- Oradakı KİV-lərimizin ingiltərəlilər arasında Azərbaycan haqqında rəyin formalaşdırılmasına nə kimi köməyi dəyir?

- İngiltərədə diasporumuzun media orqanlarının sayı o qədər də çox deyil. Amma həmvətənlərimiz məhdud imkanlar çərçivəsində keyfiyyətli iş ortaya qoymağa çalışırlar. Bu media strukturlar ilk növbədə soydaşlarımızın əlaqələndirilməsi vəzifəsinin öhdəsindən gəlməyə çalışırlar. Eləcə də doğma dilimizdə çıxan nəşrlər onlara bir qədər də Vətən hərarətini çatdırır. Qürbətdə ana dilində qəzet oxuya bilməyin özünün bir mənəvi tərəfi də var. Eləcə də bu nəşrlər soydaşlarımızın yaratdığı Bazar günü məktəblərində təhsil alanlar üçün də əyani vəsait rolunu oynayır. KİV-lərimizin ingiltərəlilər arasında rəy formalaşdırmasına gəlincə, onlar bu media strukturlarla tanış olanda ilk növbədə diasporumuzun mütəşəkkilliyini görürlər. Eləcə də ölkəmiz haqqında təsəvvürə malik olmayanlarda belə, müəyyən fikirlər formalaşır. Digər tərəfdən, soydaşlarımız Azərbaycan haqda həqiqətləri çatdırmaq üçün bu qəzetlərdəki geniş məlumat bazasından da faydalana bilirlər.

- Azərbaycanın İngiltərədəki səfirliyinin Sizin tədbir və təşəbbüslərinizə münasibəti necədir?

- Azərbaycanın Böyük Britaniyadakı səfirliyi istər xaricdə ölkəmizin diplomatik maraqlarının qorunmasında, istərsə də diaspor fəaliyyətinin gücləndirilməsi sahəsində təqdirəlayiq fəaliyyət göstərir. Tədbirlərin həyata keçirilməsində səfirlik daima çox yaxından iştirak edir və heç vaxt öz köməyini əsirgəmir. Səfirlik yalnız “Odlar Yurdu Organisation”a deyil, bu sahədə fəaliyyət göstərən digər diaspor təşkilatlarımıza da çox böyük yardım göstərməkdədir. Ümumi işimizin xeyrinə olan istənilən təşəbbüs müsbət qarşılanır. Buna görə də səfir Fəxrəddin Qurbanov başda olmaqla,   Böyük Britaniyadakı diplomatik nümayəndəliyimizin bütün kollektivinə öz minnətdarlığımı bildirirəm.

- Bu ölkədəki milli cəmiyyətlərimiz arasında vahid koordinasiya əlaqələri varmı, yoxsa hər biri ayrı-ayrılıqda fəaliyyət göstərməyə üstünlük verirlər?

- Yenə qeyd edirəm ki, ümumi işimizin xeyrinə olan istənilən təşəbbüsdə təşkilatlarımız bir araya gəlir. Amma ümumilikdə götürdükdə, ayrılıqda fəaliyyətə daha çox üstünlük verilir. Bunu bir o qədər də faciəli dəyərləndirmək lazım deyil. Əsas odur ki, hamının fəaliyyəti Azərbaycanın maraqları üzərində köklənsin, hədəflərimiz eyni olsun.

- Böyük Britaniyadakı türkdilli ölkələrin diasporları ilə münasibətlərin daha da yaxınlaşması istiqamətində hansı işlər görürsünüz?

- Britaniyada Türkiyədən olan qardaşlarımızın yaxşı təşkilatlanmasından danışa bilərik. Bizim əksər təşkilatlarımızın da türk diasporunun təmsilçiləri ilə qarşılıqlı əlaqələri yaranıb. Digər ölkələrdə olduğu kimi Böyük Britaniyada da Azərbaycan və türk diaspor qurumları vahid bir orqanizm şəklində fəaliyyət göstərməyə çalışırlar. Biz bir olanda daha güclü təsir bağışlayır və təsir qüvvəsinə malik oluruq.

- Azərbaycan diasporu yaşadıqları ölkələrin ictimai-siyasi mərkəzlərinə təsir imkanları olsun deyə hansı addımları atmalıdır?

- İlk növbədə azərbaycanlılar milli kimliklərini saxlamaqla yaşadıqları cəmiyyətə sürətlə inteqrasiya olunmalıdırlar. Yəni ayrıca icma şəklində yaşamaqla çox da irəli getmək olmaz. Soydaşlarımız bu ölkələrdə intellektual potensialları ilə önə çıxmalı, yüksək təhsil almağa səy göstərməlidirlər. İndi mübarizə beyinlərin müstəvisində gedir. Eləcə də diasporumuzun özünü daima kömək istəyən, problemləri başından aşan toplum kimi göstərməyinə də bir o qədər lüzum yoxdur. Problemlərsiz yaşamağa alışan avropalıların diqqətinə problemlərlə gəlmək uğurlu variant deyil. Diasporumuz yaşadığı cəmiyyətin bir parçasına çevrilməklə təsir imkanları qazana bilər.

-  Sonuncu cümlənizlə həmişə məni düşündürən maraqlı məqama toxundunuz. Ümumiyyətlə, hər hansı diasporun yaşadığı cəmiyyətin  bir üzvü olması həmin diaspor qarşısında əsas strategiyalardan biridir. Bu bir növ cəmiyyətin diasporun inamını qazanması deməkdir. Təcrübədə diasporun “cəmiyyətin bir parçasına çevrilmə”si yolunda müxtəlif taktiki  vasitələrdən istifadə olunur. Sizcə bunlar hansılardır və bizim diasporumuz bu yolda qaneedici hansı addımlar atırlar?

- Müsahibədə də qeyd etdiyim kimi, istər Avropada, istərsə də digər regionlarda diasporumuz olduqları ölkələrin ictimai, mədəni həyatına inteqrasiya olunmalıdır. Cəmiyyətdə gedən proseslərdə yaxından iştirak etməlidirlər. Yuxarıda da qeyd etdiyim kimi, ilk növbədə keyfiyyətli təhsil almağa çalışmalıdırlar. Bəzən xaricdə təhsil alıb ölkəyə qayıtmayan tələbələri tənqid edirlər. Məncə, onlar tənqid olunmamalıdırlar. Hesab edirəm ki, həmin gənclərin olduqları ölkələrdə qalmaları və ölkəmizi layiqincə təmsil etmələri diasporanın inkişafında mütərəqqi hadisədir. Çünki diaspora öz dövlətinin xaricdəki güzgüsüdür. Buna görə də diasporun formalaşdırılması məsələsində diqqətli olmaq lazımdır. Eyni zamanda həmin ölkələrdə yaşayan həmvətənlərimiz həmin ölkələrin dövlət və cəmiyyət həyatının digər sahələrində yaxından iştirak etməlidirlər, bu proseslərin tərkibinə çevrilməlidirlər. Bu məsələdə xüsusi güc uzun müddət xaricdə yaşayan və artıq həmin ölkələrin vətəndaşlarına çevrilən soydaşlarımızın çiyinləri üzərinə düşür. Onlar bu işlərdə daha həssas olmalı və orada diaspora quruculuğunda yaxından iştirak etməlidirlər. Bir sıra ölkələrdə həmvətənlərimiz bu sahədə böyük işlər görmüşdür. Yerli radio kanallarda azərbaycanla bağlı verilişlər səsləndirilir, azərbaycanlılar üçün efir saatları ayrılmışdır. Həmçinin lobbiçilik istiqamətində də artıq işlər görülməkdədir. Bütövlükdə, güclü diaspora özü ilə birlikdə güclü lobbiçilik fəaliyyətini meyadan çıxarır. Bu isə xarici vətəndaşlar arasında hələ də kifayət qədər tanınmayan Respublikamız üçün çox zəruridir. Ən əsası isə xaricdə olarkən azərbaycanlı olduğumuzu unutmayaq və azərbaycan üçün gücümüzün çatdığı qədər töhfə verməyə çalışaq.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2011.- 22-24 yanvar.-S. 11.