Vergilər Nazirliyi 2010-cu ilin hesabatını açıqlayıb

 

2011 -ci ildə Vergi Məcəlləsində əhəmiyyətli dəyişikliklər ediləcək

 

 Ötən ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 4,294 mlrd manat vəsait ödənilib. Bu isə 2009-cı ilə nisbətən 180,6 milyon manat və ya 4,4 faiz çoxdur. Ödənilən vergilərin 2 milyard 716,9 milyon manat və ya 63,3 faizi qeyri-dövlət sektorunun payına düşür. Qeyri-dövlət sektoru tərəfindən vergilər əvvəlki ilə nisbətən 324,9 milyon manat və ya 13,6 faiz artıb.

Bu barədə 2010-cu ilin yekunları ilə bağlı bunu vergilər nazirinin I müavini Natiq Əmirov Vergilər Nazirliyində təşkil olunmuş mətbuat konfransında bildirib. Nazirlik hesabat ili ərzində vergi yoxlamalarının səmərəliliyini artırmaq üçün vergi auiditinin metodologiyasını və aparılma prosedurlarını təkmilləşdirib. Səyyar vergi yoxlamaları üzrə əlavə hesablanmış vergi məbləği ötən ilə nisbətən 43,1 milyon manat, vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyə sanksiyaları isə 12,1 milyon manat artıb.

 Baş verən pozuntu hallarının qarşısı alınaraq, 538 cinayət işi başlayıb, vergi ödəməkdən yayınma və vergi cinayətləri törətdiyinə görə barələrində axtarış elan edilib 21 şəxs tutularaq aidiyyəti üzrə orqanlara təhvil verilib. Ötən ildə qanun pozuntusuna yol vermiş 4,86 milyon cərimə edilib, 27622 ticarət, iaşə obyektində 10,78 milyon manat məbləğində inzibati cərimə tətbiq edilib.

Nazirlik və “Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin İnkişaf Konsepsiyası” təsdiq edilərək, ödəyicilərə vaxtında məlumat çatdırılması üçün elektron məktublar, şəhər telefonlarına səsli mesajlar və mobil telefonlara sms-lər göndərilib. Vergi ödəyicilərinin müraciətlərinin qəbulu üçün yaradılmış “195” telefon-məlumat xidmətinə 236553 müraciət daxil olub. İl ərzində vergi orqanlarına  960 şikayət xarakterli müraciətlər daxil olub. Bunlardan da 80 faizi müsbət həll olunub, 10 faizi ilə bağlı izahatlar verilib, 6 faizi isə əsassız sayılıb.

Hesabatda göstərilir ki, respublikanın 10 regionunda vergi ödəyiciləri ilə görüşlər keçirilib. Bu görüşlərin nəticələri ilə bağlı keçirilən 4 zona müşavirəsində 70 vergi əməkdaşına töhmət, 166-na şiddətli töhmət verilib, 4 əməkdaşın rütbəsi bir pillə aşağı salınıb, 10 əməkdaşın isə vergi orqanlarında xidmətinə xitam verilib.

Eyni zamanda, “Elektron vergi hesab-fakturaları” və “on-line kargüzarlıqsistemlərinin tətbiqinə başlanıb. Nmirov bildirib ki, bu sistemlə 20 milyon kağıza qənaət ediləcək. “Bu isə vergi ödəyicilərinin xeyrinədir. Çünki, bu qədər kağızın özü kifayət qədər məbləğdir. Artıq vergi ödəyicilərinin böyük əksəriyyəti bəyannamələrini elektron formada təqdim edirlər. ƏDV ödəyicilərində isə bu göstəricilər 93 faiz təşkil edir. Prosesin bütün ölkə ərazisini əhatə etməsi və internet şəbəkəsinin kifayət qədər inkişaf etmədiyi rayonlarda internetə çıxışın təmin olunması üçün vergi ödəyicilərinə xidmət göstərən 17 xidmət terminalı istifadəyə verilib. 2011-ci ildə 10 belə terminalın istifadəyə verilməsi nəzərdə tutulur.”

Vergi yayınmalarının hələ də olduğunu deyən Nmirov bunun qarşısının alınması üçün nağdsız ödənişlərin stimullaşdırılması üzrə işlər görüldüyünü dedi. “Ötən ildə nəzarət-kassa aparatlarının yaddaşındakı məlumatların GPRS (elektron məsafədən ötürmə qurğuları) vasitəsi ilə vergi orqanlarının məlumat bazasının ötürülməsinə başlanılıb. Ticarət və xidmət obyektivlərində nağdsız ödənişlərin xüsusi çəkisinin artırılması məqsədi ilə 8800 POS terminal quraşdırılıb. Lakin plastik kartlardan istifadə hələ də kifayət qədər deyil. Bunula bağlı nazirlik önəmli təkliflər hazırlayır.”

Nazir müavini POS terminallardan istifadə edən sahibkarlara güzəştlər ediləcəyini bildirdi. Belə ki, satışın təşkil edilməsində POS terminallardan istifadə edən sahibkarlar digərlərinə nisbətən daha az vergi ödəyəcək. “Prezident İlham Əliyev bu məsələlərin vacibliyini vurğulayaraq vergi sistemində aparılan uğurlu islahatların müsbət olduğu ilə yanaşı, 2011-ci ildə vergitutma bazasının yeniləndirilməsi, vergidənyayınma hallarının qarşısının alınması və nağd hesablaşmaların xüsusi çəkisinin minimuma endirilməsi ilə bağlı ciddi tapşırıqlar verilib. Həmin tapşırıqların icrası ilə bağlı Vergilər Nazirliyi tərəfindən müvafiq təkliflər hazırlanır aidiyyəti dövlət orqanları ilə razılaşdırqdan sonra ölkə rəhbərinə təqdim edəcək.”

Bu ildən etibarən nazirlik vergi, rüsum, icarə haqqı və digər ödənişlərin bankdankənar nağd qaydada ödənilməsi hallarının aradan qaldırılması, inkişaf etmiş ölkələrdə olduğu kimi, ticarət, iaşə və xidmət sahələrində ödənişlərin əsasən plastik kartlarla aparılması üçün ciddi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Ödənişlərin plastik kartlarla edilməsi üçün sahibkarların və əhalinin maarifləndirilməsində KİV-lərdən də istifadə ediləcək. Vergi ödəyiciləri ilə bağlı güzəştlər vergilərə aid olacaq, plastik kart qəbul edən ödəyicilər vergini az ödəyəcəklər: “Pos-teminallardan istifadə etməklə ticarət və ya xidmətini həyata keçirən obyektlər vergi məsələsində əhəmiyyətli üstünlük əldə edəcəklər. Malını kartla satanlar nağd üsulla satanlara nisbətən daha az vergi ödəyəcəklər”.

Müştərilərlə bağlı stimullaşdırıcı tədbirlər isə stimullaşdırıcı lotereyalar şəklində həyata keçirilə bilər.

Qeyd edək ki, bu il Vergi Məcəlləsində əhəmiyyətli dəyişiliklər ediləcək.

Nazir müavinin sözlərinə görə bu dəyişikliklər detallı şəkildə hökumətlə müzakirə olunduqdan sonra ictimaiyyətə açıqlanacaq. Lakin Məcəlləyə ediləcək dəyişikliklər heç bir halda vergi artımı ilə nəticələnməyəcək. “Vergi qanunvericiliyində aparılan islahatlar və təkmilləşdirmələr heç bir halda vergilərin artırılması ilə müşayiət olunmayacaq. Hökumətin gündəliyində Avropada olduğu kimi yüksək dərəcəli vergilərin tətbiqi məsələsi yoxdur”.

Nazir müavini qeyd edib ki, bu islahatlar biznes mühitinin daha da yaxşılaşdırılması və onun normal vergi qanunvericiliyi ilə müşayiət olunması məqsədi daşıyır. Nazirlikdə yeni yaradılmış Vergi Apelyasiya Şurasının fəaliyyətinə gəlincə Nmirov  hesab edir ki, bu addım məhkəmələri əvəz etmək deyil. “Şuranın əsas məqsədi  məhkəmələrə gedən işlərin sayının minumuma endirilməsidir. Lakin bu o demək deyil ki, vergi ödəyicisi məhkəməyə müraciət edə bilməz. Onu da bildirim ki, Şuraya daxil olan şikayətlərin 90 faizi ödəyicilərin xeyrinə həll olunub.”

Ölkənin vergi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması üçün  nazirlik ölkədə audit sisteminin tətbiqi ilə bağlı layihə hazırlayıb. Bunu reallaşdırmaq üçünsə dünyada ən yaxşı elektron audit sistemlərindən birinə malik olan Niderland vergi administrasiyası ilə birgə gələn aydan bu istiqamətdə işlər görüləcək.

Onu sözlərinə görə, bu, həm 2011-ci ilin dövlət büdcəsinin təsdiqlənməsi barədə dövlət başçısının fərmanındakı tapşırıqlarla əlaqədardır, həm də ümumilikdə ölkə iqtisadiyyatında yaranmış vəziyyətlə əlaqədar məcəlləyə dəyişikliklər və əlavələrin edilməsinə zərurət yaranıb: “Dövlət başçısının elan etdiyi kimi, Azərbaycanda keçid dövrü başa çatıb, ölkəmiz artıq həyat səviyyəsinə görə orta kateqoriyalı ölkələr sırasına daxil olub. Bu həm də vergi inzibatçılığı və qanunvericiliyinin təkmilləşdirilməsi ilə müşayiət olunmalıdır”.

Nmirovun sözlərinə görə, qarşıdakı 10 il üçün ölkə qarşısında bəzi hədəflər qoyulub: “Həm bu hədəflərin tənzimlənməsi, həm də nəzarətin artırılması baxımından vergi qanunvericiliyinin dəyişdirilməsi aktualdır”.

 

 

Asif NƏRIMANLI

 

Paritet.- 2011.- 27-28 yanvar.- S. 10.