İMEİ kod nədir və onun qeydiyyatının əhali üçün üstünlükləri

 

  Mobil telefon, yoxsa kompyuter? XXI yüzillikdə bu suala birmənalı cavab vermək, doğrusu, çox çətindir. Ən azından, hər iki avadanlıq biri digərinin funksiyalarını özündə cəmləşdirir və olduqca geniş kütləyə xidmət edir. Bu gün kompyuterondan istifadənin təhlükəsizlik qaydaları haqqında geniş araşdırmalar aparılaraq, ictimaiyyətə kifayət qədər məlumat ötürülsə də, kütləviliyi ilə kompyuterdən geri qalmayan telefonun (həm də istifadəçinin) təhlükəsizlik qaydaları haqqında çoxumuz o qədərgeniş informasiyaya malik deyilik. Bunu deməyə, aktiv telefon istifadəçilərinə “İMEİ kod nədir” sualı ilə müraciətimizə, onların əksəriyyətinin “Bilmirəm” cavabı əsas verir.

1982-ci ildən rəsmi statusunu qazanan mobil rabitə sürətlə həyatımıza daxil oldu. İlk mobil telefon aparatı “Motorola” şirkəti tərəfindən 1983-cü ildə yaradıldı. 1987-ci ildə isə “Nokia” rəqabət bazarında “Motorola”nı sıxışdırdı. Daha sonra bu rəqabətə “Siemens”, “Samsung”, “SonyEricsson” və s. şirkətləri qoşuldu. Hər bir istehsalçı, təbii olaraq, müştərilərin diqqətini yeni mobil standartlar (NMT-450, AMPS, TACS, GSM, CDMA, ETACS və s.) və mobil xidmətlərlə cəlb etməyə çalışdı. Mobil telefon aparatı ünsiyyət vasitəsi olmaqla yanaşı, fotoaparat, kamera, kompyuter, radio, televiziya internet xidmətlərindən istifadə etməyə imkan yaratdı. Mobil rabitə sahəsində səmərəli xidmət təkliflərinin axtarışları hələ də davam edir.

Ölkəmizdə isə ilk mobil şəbəkə 1994-cü ildə “Bakcell” şirkəti tərəfindən ETACS standartı əsasında qurulub.

  Mobil rabitə şəbəkəsi genişləndikcə mobil aparat istifadəçilərinin sayında da xeyli artım baş verdi. Bu artım, xüsusilə ölkəmizdə müşahidə olundu. Belə ki, ölkəmizdə əhalinin hər 100 nəfərinə düşən mobil telefon aparatlarının sayı 16,3 ədədə çatıb (2011).

Lakin təəssüf ki, əksər mobil telefon istifadəçiləri mobil aparat alarkən telefonun yalnız görünüşünə və digər imkanlarına fikir verdiklərindən, bütün hallarda telefondan istifadənin təhlükəsizliyinə xidmət edən İMEİ koda əhəmiyyət vermirlər. Bu, bəlkə də istifadəçinin texniki biliyinin az olması ilə əlaqədardır. Halbuki, İMEİ kodun (İnternational Mobile Equipment İdentity - Mobil telefonun beynəlxalq tanınma kodu) mobil aparatdan istifadənin -  həm istifadəçinin özü, həm də ətrafındakı insanların təhlükəsizliyi üçün əhəmiyyəti böyükdür. Telefon alarkən də ilk diqqət yetirməli olduğumuz məsələ İMEİ koddur.

İMEİ kod hər bir mobil telefonun 15 rəqəmdən ibarət unikal kodudur. Bu kod istehsalçı şirkət tərəfindən telefon istehsal olunarkən onun yaddaşına (proqram təminatına) daxil edilir. Hər bir istehsalçının xüsusi alqoritmi əsasında hazırlanan İMEİ koda əsasən istehsalçının adını, olduğu ölkəni müəyyən etmək olar. İlk 8 rəqəm konkret modelin seriyasını göstərir, sonrakı 2 rəqəm isə hansı ölkədə istehsal olunduğunu göstərir. İMEİ kod telefonun yaddaşına yazıldığından, çox asanlıqla telefonda *#06# kombinasiyasını yığmaqla ekranda İMEİ kodu görmək olar. İki Simkartı olan telefon aparatlarına 2 İMEİ kod mənimsədilir. Bundan əlavə, İMEİ kod telefon batareyasının altında, zəmanət talonundatelefon qutusunda da yazılır. Oğurlanmış və itmiş telefonların tapılmasında İMEİ kod əvəzedilməz vasitədir. Bu kod telefon aparatının yaddaşına yazılmış adi rəqəmlər deyil.

Mobil telefon istifadəçilərinin sayının artması şəraitində, mobil aparat oğrularının sayının artması da hardasa normaldı. Bu cür oğurluq faktı ilə hər bir istifadəçi həyatında azı bir dəfə rastlaşır və bu, bizə gələcəkdə də mobil telefon oğurluğu ilə rastlaşmayacağımız təminatını vermir. Mobil telefon oğurluğuna  əsasən insanların daha çox sıx toplaşdığı yerlərdə - nəqliyyatda, küçədə rast gəlinir. Adətən, oğurlanmış telefonda ilk görülən onun simkartının çıxarılması və telefonun yenidən işlənmiş (second hand) telefonların  satış bazarına daxil olmasıdır. Bu zaman zərərçəkənlə alıcının, cinayətkarı tutmaq üçün atmalı olduğu ilk addım bu cür olmalıdır: Zərərçəkmiş telefonunun İMEİ kodu vasitəsilə polisin rəsmi müraciəti ilə operatora (oğurlanmış aparat hansı mobil şəbəkədə işləyirsə, məhz həmin şəbəkənin operatoru onu tapa bilər) həm simkartı, həm də aparatı blok etdirə bilər. Alıcı isə, təbii ki, ona gətirilmiş telefonun hər hansı bir cinayətdə işlədilib-işlədilməməsini yoxlamaq üçün oğurlanmış və ya itirilmiş telefon aparatlarının İMEİ kodlarından ibarət bazanın “qara siyahı”sına baxmalıdır. Bu cür xidmət Ukraynada çox asan prinsiplər əsasında təşkil olunub. Belə ki, telefon alarkən internet üzərindən çox asanlıqla bu bazaya daxil olub, telefonun İMEİ kodunun, bir neçə saniyəyə onun hər hansı bir oğurluq faktı ilə əlaqəli olub-olmamasını aşkar etmək olur. Dünyanın bir çox ölkələrində (Rusiya, Böyük Britaniya, ABŞ) mobil telefon aparatlarının İMEİ kodlarından ibarət internet resursu yaradılıb. Bu bazaya daxil olmaqla mobil aparatın “təhlükəsiz” olduğunu müəyyən etmək olar.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, texnologiyalar o qədər inkişaf edib ki, telefonun özəl İMEİ kodunu da dəyişmək mümkündür. Bu halda nəzəri cəhətdən mümkündür ki, eyni İMEİ koduna malik 2 telefon aparatı olsun: “Məsələ burasındadır ki, bu cür telefon aparatlarının eyni şəbəkə daxilində işləməsi problem olsa da, ayrı-ayrı şəbəkələrdə işləməsi problem yaratmır. Bunu isə adi oğrular yox, müəyyən hazırlıq keçmiş hakerlər, proqramçılar edə bilərlər. Son dövrlərdə isə istehsalçılar tərəfindən bununla bağlı təhlükəsizlik tədbirləri gücləndirildiyindən, İMEİ kodunun dəyişdirilməsi xeyli çətinləşib”.

Latviya, Böyük Britaniya, Belarusiya, Rusiyada İMEİ kodun dəyişdirilməsi qanunla cinayət əməli sayılır. Skandinaviya ölkələrində isə operatorlar tərəfindən telefonun oğurluq olması ilə bağlı dayanmadan ona SMS mesajları göndərilir.

Telefon oğurluğu ilə qarşılaşdığımız zaman görməli olduğumuz ilk tədbirlər:

Polis şöbəsinə yaxınlaşıb rəsmi ərizə ilə müraciət etmək;

Operatorun ofisinə və ya müştəri xidmətlərinə bu haqda rəsmi müraciət etmək (operator polisin rəsmi müraciətindən sonra telefonun axtarışı ilə məşğul olur);

Oğurlanmış telefondakı simkartı bağlatdırıb, əvvəlki nömrəylə eyni olan simkart almaq;

İşlənmiş telefon alqı-satqısı ilə məşğul olan mağazalar tərəfindən telefonların sənədləşdirilməsi.

Rəsmi səviyyədə də mobil cihazlardan istifadənin təhlükəsizliyini təmin etmək məqsədilə Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixliMobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq ölkə ərazisində Mobil cihazların qeydiyyat mərkəzi yaradılır.

Bu məqsədlə, fevral ayından Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların İMEİ kodlarının monitorinqinə başlanılıb. İMEİ kodların monitorinqi Azərbaycana qeyri-leqal idxal olunan və ölkənin mobil rabitə şəbəkələrində istifadə edilən mobil cihazları üzə çıxarmağa imkan verəcək. Monitorinq nəticəsində saxta İMEİ kodları olan mobil cihazlar da aşkar olunacaq. Monitorinq nəticəsində aşkarlanmış qeydiyyatsız mobil cihazların şəbəkədən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub. Monitorinq yerli mobil şəbəkələrin sim-kartları quraşdırılmış sim-kart mobil telefonlar, smartfonlar, planşet kompyuterlər (məs. iPad) arasında aparılır. Mobil rabitə şəbəkəsi vasitəsilə aparılan monitorinq Azərbaycanda istifadədə olan bütün mobil cihazları əhatə edir (sia.az).

Layihəyə həm mobil rabitə operatorları, həm də dövlət idarələri cəlb edilib. Ölkəyə gətirilən mobil telefonların nəzarəti və qeydiyyatı Dövlət Gömrük Komitəsi tərəfindən aparılır. Layihənin nizamlayıcısı qismində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi çıxış edir (Trend).

Bundan başqa qeyd edək ki, “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın 5-ci maddəsi (Mobil cihazların qeydiyyatı) bütövlükdə mobil cihazlardan istifadənin təhlükəsizliyini təmin edən İMEİ kodlar haqqındadır.

Mobil cihazların qeydiyyata alınması sisteminin tətbiq olunduğu bir sıra ölkələrdə telefon oğurluğu, saxta cihazların yayılması və digər cinayətlərin qarşısını almaq mümkün olub. Ölkəmizdə də bu sistemdə qaydaya uyğun qeydiyyata alınmış mobil cihazların İMEİ nömrələri ağ səhifəyə, qeydiyyata alınmayan cihazlar qara səhifəyə daxil ediləcək. İnsanlar özləri telefonlarının qanuni olub-olmamasını yoxlaya biləcəklər. Bundan sonra, yeni telefon alan insanlar onun oğurluq, saxta, yaxud digər qanunsuz yollarla gətirilən olduğunu özləri yoxlaya biləcək.  Bununla bağlı yeni bir sayt yaradılacaq: “Ora hər kəs İMEİ kodunu daxil edib yoxlaya biləcək”.

Beləliklə, İMEİ kodun qeydiyyatı bizi yalnız potensial cinayətlərdən və cinayətkarlardan qorumur, eyni zamanda bizi bilərəkdən və ya bilməyərəkdən hər hansı qeyri-qanuni hərəkətdə iştirak etməkdən sığortalayır. Sadəcə, İMEİ kodun qeydiyyatının vacibliyi cəmiyyətdə mobil aparat istifadəçilərinə aşılanmalı və bunun “təhlükəsiz gələcək” təminatı olduğu təbliğ olunmalıdır.

 

 

Nuranə ABBASOVA

 

Paritet.- 2012.- 31 mart-2 aprel.- S. 11.