“Festivalın ətrafında daha çox gənclərin cəmlənməsini istəyirik”

 

Jalə Əliyeva : “Gələn il daha fərqli bir layihə ilə qarşınıza çıxacağıq”

 

 Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan - Amerika Alyansının dəstək verdiyi  Gənclərin II Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb. Ekologiya, ətraf mühitin mühafizəsi mövzusuna  həsr edilən festivalın qiymətləndirmə mərhələsi  Dövlət Gənc Tamaşaçılar Teatrında noyabrın 27-dən  dekabrın 1 - dək davam edəcək. 

Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində seçim aparılıb. 8 Bakı, habelə Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab  truppalarının iştirak etdiyi festivala ümumilikdə 100-dən artıq gənc qatılaraq, 13 maraqlı, aktual mövzulu tamaşalar hazırlanıb. “Zibil düşüncə”, “13 yaşlı qızın gündəliyi”, “Ekosit”, “Qoy nəfəs alım”, “Zibilə düşdük”, “Oksigen balonu” və s tamaşalarla 4 gün ərzində tamaşaçıları, xüsusən də gənc auditoriyanı teatra səsləyəcək festival zamanı tanınmış sənət adamlarının iştirakı ilə ustad-dərslərin yer aldığı və həyəcanla gözlənilən 3 günlük Art Kamp keçiriləcək.

Festivalın ideya rəhbəri, millət vəkili Jalə Əliyeva “Paritet”ə müsahibəsində bildirdi ki, festivalın builki mövzusunun yaranmasına Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan gəncliyinin bariz nümunəsi Leyla Əliyevanın 12 iyul 2011- ci ildə elan etdiyi yeni qlobal gənclər ekoloji kampaniyası - “Ətraf mühitin müdafiəsi fəaliyyətində beynəlxalq dialoq” (International Dialogue on Environmental Action - İDEA) zəmin yaradıb.

-Məlum olduğu kimi festival iyul ayının 12-dən start götürüb. Bu da təsadüfü deyildi. Ötən il 12 iyulda H.Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan gəncliyinin bariz nümunəsi Leyla Əliyeva tərəfindən “İDEA- Ətraf mühitin müdafiəsi fəaliyyətində beynəlxalq dialoqtəşəbbüsü irəli sürüldü. Biz istərdik ki, teatra gələn gənclərimiz vətəni sevməyin yolunun vətənin hər daşını, hər küçəsini, hər güşəsini, hər ağacını, hər çiçəyini sevməkdən başladığını səhnədən gözləriylə görsünlər. Bu səbəbdən “Biz inkişaf zamanındayıq” İB tərəfindən festivala İDEA kampaniyasının fəaliyyətə başladığı ildönümünün qeyd olunduğu 12 iyulda start verildi. Festival çərçivəsində məqsəd həm gəncliyi yaradıcı dialoqa cəlb etmək, həm gənc teatr kollektivlərinin hər üzvünü ekoloq -səfir olmağa həvəsləndirməkdir.  Festivalımız start götürdüyü gündən bəri çox geniş marağa səbəb oldu. Doğrusu, biz düşünürdük ki, mövzu bəlkə teatr tamaşaları üçün uyğun deyil, çətinliklərlə qarşılaşa bilərik. Bəlkə arzu etdiyimiz səviyyədə kəmiyyətdə ssenari təqdim olunmaz. Amma düşündüyümüzün tam əksi oldu. Çox sayda ssenari festivala təqdim olundu. Münsiflər heyəti bu ssenariləri dəyərləndirdilər.

-Bir festival bitib, ikincisinin sonuna gəlirsiniz. Qarşınıza qoyduğunuz məqsədlərə çata bildinizmi?

- Bu festivalı keçirərkən qarşımıza bir məqsəd qoyduq;  teatrımızın, mədəniyyətimizin inkişafına kömək etmək, gənclərimiz arasında teatr sənətinə məhəbbəti artırmaq. Qeyd  edək ki, gözəl sənət nümunələri ilə bərabər eyni zamanda mədəniyyətimizdə, plüralizmin, demokratiyanın gətirdiyi sərhədsizlik mövcuddur. Bunun üçün  biz mədəniyyətimizi bu sərhədsizlik məkanında bayağılıqdan qorumaq məqsədilə bir üsul düşündük. Bu  üsul həm teatra xidmət etməli idi. Bu gün mədəniyyət sahəsində gənclərin müraciət edə  biləcəyi  resurslar, obyektlər var; teatr, kino,  televiziya s... Xüsusilə insanın öz daxili ilə baş-başa qalacağı bir sahə kimi teatrın adını çəkə bilərəm.   düşündük ki, teatrın yetişən nəslin arasında  populyarlığını  özünə qaytarmaq, 40-50-60 il bundan əvvəlki  Azərbaycan teatrını yenidən   canlandırmaq üçün biz bu addımı atdıq.  Elə ilk festivalda mövzumuz vətənpərvərlik idi.   Vətənpərvər bir gənc necə olmalıdır, vətəni üçün etməlidir? Ötən il tamaşalarla bu fikri gəncələrə aşılaya bildiksə, bu il ekologiya mövzusunu prioritet bir mövzu kimi seçdik. Eyni zamanda  qeyd edim ki, biz  yalnız sənətin inkişafına deyil, bu sənət yolu ilə ideologiyaya xidmət etmək istədik. Yəni məqsədimiz gənclər arasında bir təbliğat mexanizmi yaratmaqdan ibarətdir.

-Sizcə, festival teatr aləminə hansı töhfələr verdi?

-Mən birinci festivalın nəticələrini deyə bilərəm, çünki ikincini tam başa çatdırmamışıq. Bu festival teatr aləminə yeni gözəl yaradıcı gənclər qatdı.Çünki  kifayət qədər yaradıcı, teatrlarımız üçün lazım olan  gənclər kəşf etdik. Hətta keçən il son tamaşadan sonra bir neçə rejissorlar tərəfindən filmlərə dəvət alan gənclərimiz oldu. Əgər festivalda  iştirak edən gənclərin içərisindən heç olmasa 4-5-nə  yaşıl işıq aça bildiksə, düşünürəm ki, bu çox böyük uğurdur. Eyni zamanda o iştirakçıları da dəstəkləməyə gələnlər gənclər idi bir gün ərzində Gənc Tamaşaçılar Teatrı o qədər gənci qarşıladı. 

-Hər iki festivalda gənclərin aktivliyi sizi qane etdimi?

-Bizim şərtimiz ondan ibarətdir ki, bu festivalda ancaq 30 yaşa qədər olan, hələ bu sənətdə sözünü deməmiş, qeyri- populyar, hətta qeyri -peşəkar   gənclər iştirak edə bilirlər.  Hər iki festivalda da gənclərin aktivliyi məni qane etdi. Çox sağlam düşüncəli, vətənpərvər, dövlətinə, millətinə bağlı olan ölkəsinin gələcəyini düşünən təəssübkeş gənclər bizim yanımızda idi. Bunun üçün həmin gənclərə minnətdaram.     

-Festivalın gələn il davamı olacaqmı? hansı mövzuya həsr olunması planlaşdırılır?

-Addımdan-addıma biz püxtələşirik, çatışmazlıqları görürük, onları yenidən təkrarlanmamağa çalışırıq, daha irəliyə addım ataraq festivalın ətrafında daha çox gənclərin cəmlənməsini istəyirik. Bu festivalı başa çatdıraq, noyabr ayından sonra bu barədə düşünəcəyik. Əslində elə indidən bu barədə düşünürük, sadəcə hazırda fikirlərimiz, bütün qüvvəmiz festivalın sona qədər  davam edib, yekunlaşmasına yönəlib. Artıq festivalın birinci  mərhələsi arxada qalıb.  12-30 avqust tarixində pyes-ssenarilərin qəbulu seçimi aparılıb. Publisist -jurnalist Yaşar Əliyev, Yeni Yazarlar Sənətçilər Qurumunun sədri Aydın   Əbilov gənc yazar Qaraqan tərəfindən 5 ballıq sxem üzrə qiymətləndirmə olub. 35 ssenaridən 13-ü seçilib. Hazırda ikinci mərhələnin sonuna yaxınlaşırıq. Belə ki, 30 avqust - 24 noyabr tarixləri arasında seçilmiş yaradıcı heyətləhə tamaşaları hazırlamaq üçün vaxt verilib.  Üçüncü mərhələ 24-30 noyabr tarixlərində 13 gənclər truppası Bakıda toplaşacaq Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanan tamaşalara baxış keçiriləcək.  I yerin qalibinə 3000 AZN, II yerin qalibinə 2000 AZN, III yerin qalibinə isə 1000 AZN mükafat veriləcək. Bundan başqa müxtəlif nominasiyalar üzrə qaliblər müəyyən olunacaq. Ötən ildə olduğu kimiƏn yaxşı ssenarist”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı baş rol ifaçısı”, “Ən yaxşı aktrisa s. olacaq.

 Festivalı mütləq davam etdirəcəyik, amma qaldı bu festival bölgələrimi, regionlarımı əhatə edəcək, ya türkdilli ölkələrinmi festivalı olacaq, beynəlxalq müstəviyəmi çıxacaq-bu sadəcə bizdən asılı olan bir şey deyil, sponsorlardan, dəstəkdən asılı olaraq qərar veriləcək. Təbii ki, ideyamız var, qismət olarsa, o da olar. Bircə onu deyə bilərəm ki, gələn il daha fərqli bir layihə ilə qarşınıza çıxacağıq.

Mən xüsusilə hər iki festivalda bizə dəstək verdiyinə görə gənclər idman naziri Azad Rəhimova öz minnətdarlığını bildirirəm. Eyni zamanda  Azərbaycan - Amerika Alyansı hər zaman okeanın o tayında gənclərlə bağlı uğurlu layihələrə dəstək verir Azərbaycan həqiqətlərini dünyaya car çəkir.  Eyni zamanda Mədəniyyət Turizm Nazirliyi bizə öz yardımını əsirgəmədi. 

-Sizi tez-tez teatrlarda görürük. Çox maraqlıdır, axırıncı dəfə sizi ən çox təsirləndirən hansı tamaşa olub? 

-Düşünmədən o tamaşanın adını deyə bilərəm;  vilyonçu Tağıyevin həyatından bəhs edənMessanat”... Bir neçə il bundan əvvəl Akademik Milli Dram teatrının səhnəsində qoyulan bu tamaşanı sevə-sevə izlədim. Təbii ki, indi mən klassik tamaşaları sadalamaq istəmirəm, çünki dəfələrlə o tamaşalara baxmışıq, sevirik. Amma son dövrlərdə izlədiyim tamaşalar içərisində məni həm aktyorların oyunu ilə, rejissor işi ssenarisi ilə təsirləndirənMessanatoldu. Bir çox insanların özünə örnək götürə biləcəyi tarixi həqiqəti bir daha canlandırdı o tamaşa.

 

 

Nərmin MURADOVA

 

Paritet.-2012.-17-19 noyabr.-S.9.