Xəzər
dənizinin Azərbaycan sektorunda Zəfər və Məşəl
perspektiv strukturlarının daxil olduğu kəşfiyyat
blokunun kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsü haqqında Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə Ekson Eksploreyşn ənd Prodakşn Kaspian Si Limited, Konoko (U.K.) Limited və
ARDNŞ-nin Ortaq Neft Şirkəti
arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata
keçirilməsinə icazə verilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikası Prezidentinin "Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən Zəfər və Məşəl
perspektiv strukturlarının daxil olduğu dəniz blokunun kəşfiyyatı
və işlənməsi haqqında 1999-cu il 28 mart tarixli 110
saylı Sərəncamına uyğun olaraq 1999-cu il aprelin 27-də
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
(ARDNŞ) ilə Ekson Eksploreyşn
ənd Prodakşn Kaspian Si Limited ("Ekson") və ARDNŞ-nın Ortaq Neft
Şirkəti ("ONŞ") arasında Saziş imzalanmışdır, 2000-ci il fevralın 1-də
Konoko (U.K.) Limited
("Konoko") şirkəti bu Sazişə
qoşulmuşdur.
Azərbaycan
Respublikasının Milli Məclisi:
Azərbaycan
Respublikasının qanunvericiliyində Sazişin əhatə
etdiyi məsələlərin tam və müasir tələblərə
uyğun olaraq nizamlanmadığını;
Azərbaycan
Respublikasının karbohidrogen ehtiyatları haqqında Azərbaycan
Respublikası Qanununun olmadığını;
Sazişin
şərtlərinə görə onun qanunverici orqan tərəfindən
təsdiqindən sonra Qanun olmasını;
bu
Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam
uyğun olduğunu nəzərə alaraq,
Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktına və Azərbaycan Respublikasının
Konstitusiyasına əsasən qərara alır:
1.
"Xəzər dənizinin Azərbaycan sektorunda Zəfər
və Məşəl perspektiv strukturlarının daxil
olduğu kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi
və hasilatın pay bölgüsü haqqında" Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti
("ARDNŞ") ilə Ekson Eksploreyşn ənd Prodakşn Kaspian Si Limited ("Ekson"), Konoko (U.K.) Limited ("Konoko") və ARDNŞ-nın Ortaq Neft
Şirkəti ("ONŞ") arasında saziş (bundan sonra
"Saziş" adlanacaq) qəbul və təsdiq edilsin, onun
həyata keçirilməsinə icazə
verilsin.
2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 mart
tarixli 55 saylı qərarı ilə Sazişdə iştirak
edən Podratçılara verilən Azərbaycan
Respublikası Hökumətinin təminatı və öhdəlikləri
(bundan sonra "Hökumət təminatı" adlanacaq) qəbul
edilsin və onların həyata keçirilməsinə
icazə verilsin.
3.
Sazişin əsas mətninə edilmiş on bir (11) Əlavə,
bir (1) Qoşma, habelə Qoşmaya bir (1) Əlavə (bundan
sonra "Əlavələr" adlanacaq) qəbul edilsin və
onların həyata keçirilməsinə
icazə verilsin.
4.
Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət
təminatı və Əlavələr Qanun olurlar. Sazişdə
konkret surətdə başqa hallar göstərilməyibsə,
Saziş, Hökumət təminatı və Əlavələr
Sazişin qüvvədə olduğu müddət ərzində
bu Sazişə, Hökumət təminatına və Əlavələrə
uyğun gəlməyən və ya zidd olan Azərbaycan
Respublikasının hər hansı başqa mövcud və ya
qəbul oluna biləcək qanunlarının, fərmanlarının,
yaxud inzibati sərəncamlarının (və ya onların
hissələrinin) müddəalarından
üstün tutulur.
5.
Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə
tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində
əvvəllər bağlanmış hər hansı
saziş, kontrakt və ya bu cür başqa sənədlə
verilə bilən bütün digər hüquq və vəzifələr
ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən
sonra Sazişin, Hökumət təminatının və
Əlavələrin şərtlərinə müvafiq surətdə
və qüvvədə olduğu bütün müddət ərzində
Sazişin pay iştirakçılarına kontrakt sahəsində
neft-qaz əməliyyatları aparmaq üçün müstəsna
hüquq verilir.
6.
Bu Qanun qüvvəyə mindikdən sonra
Podratçının (və ya onun hüquq varislərinin)
Saziş, Hökumət təminatları və Əlavələr
üzrə əldə etdiyi hüquqlar və mənafelər
Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə,
düzəldilə və ya azaldıla bilməz.
7.
Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi
üçün Sazişin iştirakçılarına
bütün lazımi lisenziyalar, gömrük icazələri,
vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
8.
Sazişə və ya Əlavələrə hər hansı əlavələr,
düzəlişlər, dəyişikliklər yalnız
Sazişin və Əlavələrin tərəflərinin
yazılı razılığı ilə edilir.
9.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı
şəhəri, 21 aprel 2000-ci il
¹ 866-IQ
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2043-2044.