Kitabi-Dədə Qorqud” eposunun Almaniyanın Drezden şəhərinin Kral kitabxanasında saxlanılan əlyazmasının Azərbaycan Respublikasının Prezidentinə bağışlanmış faksimilesinin Azərbaycan Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Xalqımızın möhtəşəm ədəbi abidəsi olan "Kitabi-Dədə Qorqud" eposunun 1815-ci ildə Almaniyanın Drezden Kral kitabxanasında aşkara çıxarılmış ən mükəmməl nüsxəsi bu günədək orada saxlanılmaqdadır.

Azərbaycan Respublikasının Prezidentinin 21 fevral 1999-cu il tarixli 98 saylı sərəncamı ilə təsdiq edilmiş "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planının 25-ci bəndinə uyğun olaraq 1999-cu il oktyabrın 8-də Drezden şəhərində "Kitabi-Dədə Qorqud"a həsr edilmiş yubiley mərasimi keçirilərkən Almaniyanın Saksoniya əyalətinin Elm və İncəsənət üzrə Dövlət Nazirliyi və Kral Kitabxanası tərəfindən həmin əlyazmanın orijinala çox yaxın şəkildə hazırlanmış faksimilesi Azərbaycan Respublikasının Prezidentinə hədiyyə edilmək üçün Azərbaycan nümayəndə heyətinə təqdim olunmuşdur. Həmin faksimile Azərbaycan tətbiqi sənət ustaları tərəfindən məharətlə, Dədə Qorqud dövrünü əks etdirən milli ornamentlərdən istifadə olunmaqla cildlənmişdir.

Belə bir aksiyanı Almaniya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlığın genişləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirərək "Kitabi-Dədə Qorqud" irsinin gələcək nəsillərə daha dolğun çatdırılmasını və onun tədqiqatçılarının mötəbər bir nüsxədən istifadəsini təmin etmək məqsədilə qərara alıram:

1. "Kitabi-Dədə Qorqud" eposunun Almaniyanın Drezden şəhərinin Kral kitabxanasında saxlanılan əlyazmasının Azərbaycan Respublikasının Prezidentinə bağışlanmış faksimilesi Azərbaycan Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna verilsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev


Bakı şəhəri, 3 aprel 2000-ci il
                   № 377

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2056-2057.