Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin hazırlanması, məlumat-axtarış sisteminin yaradılması barədə Azərbaycan Respublikasının Ticarət Nazirliyi ilə Kanadanın “Kanadian Bank Nout” şirkəti arasında imzalanmış müqavilələrin həyata keçirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Vətəndaşların şəxsiyyət vəsiqələrinin hazırlanmasını və onların əhaliyə verilməsi ilə bağlı lazım olan texniki hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin hazırlanması və məlumat-axtarış sisteminin yaradılması barədə Azərbaycan Respublikasının Ticarət Nazirliyi ilə Kanadanın "Kanadian Bank Nout" şirkəti arasında imzalanmış müqavilələrdə nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Beynəlxalq Səhmdar Kommersiya Bankı tərəfindən açılan və ümumi məbləği 9.365.500 ABŞ dolları təşkil edən akkreditivlər üzrə Hökumət Zəmanətinin imzalanması səlahiyyəti Azərbaycan Respublikasının maliyyə naziri Əvəz Əkbər oğlu Ələkbərova verilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

bu sərəncamın 1-ci bəndində göstərilən akkreditivlər üzrə 2000-ci ildə istifadə olunacaq 3.041.000 ABŞ dollarının, cari ilin dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına, Azərbaycan Respublikasının Beynəlxalq Səhmdar Kommersiya Bankına ödənilməsini təmin etsin;

layihələrin maliyyələşdirilməsi ilə bağlı qalan 6.324.500 ABŞ dollarına ekvivalent vəsaiti 2001-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutsun və onun 2001-ci ildə akkreditiv üzrə istifadə olunması üçün Azərbaycan Respublikasının Beynəlxalq Səhmdar Kommersiya Bankına ödənilməsi məsələsini həll etsin.

3. Azərbaycan Respublikasının Beynəlxalq Səhmdar Kommersiya Bankı hər iki layihə üzrə xərclərin vaxtında həyata keçirilməsi üçün müqavilələrdə nəzərdə tutulan şərtlərlə və göstərilən məbləğlərdə akkreditivlərin açılmasını təmin etsin.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev


Bakı şəhəri, 13 aprel 2000-ci il
                   № 395

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2066-2067.