Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılması üçün razılığın verilməsi

 

 

QAYDASI

 

1. Bu Qayda "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır və təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan dövri mətbu nəşrlərin yayılma Qaydasını müəyyən edir.

2. Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan dövri mətbu nəşrlərin yayılma Qaydası Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə müəyyən edilməmişdirsə, onun yayılması üçün razılıq Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi tərəfindən verilir.

3. Xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasını dövlət və özəl mətbuat yayım şirkətləri həyata keçirilir.

Xarici dövri mətbu nəşrlərin nümayəndələri, yaxud yayım şirkətləri Azərbaycan Respublikasının Mətbuat və İnformasiya  Nazirliyinə ərizə ilə müraciət edərək mətbu nəşrlərin siyahısını təqdim edirlər.

4. Xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq almaq üçün xarici dövri mətbu nəşrlərin nümayəndələri, yaxud yayım şirkətləri Azərbaycan Respublikasının Mətbuat və İnformasiya  Nazirliyinə ərizə ilə bərabər aşağıdakı sənədləri təqdim etməlidir:

xarici mətbu nəşrlərin respublikada yayılması üçün bu dövlətlərin qanunvericiliyinə əsasən onların qeydiyyata alınması barədə arayış;

xarici mətbu nəşrin fəaliyyəti haqqında təsdiq olunmuş nizamnaməsi;

mətbu nəşrin hüquqi ünvanı barədə arayış;

mətbu nəşrin dövriliyi, tirajı, yayılma ərazisi barədə məlumat;

mətbu nəşrin hansı dillərdə nəşr olunması barədə məlumat.

5. Yayıma razılıq verilməsi üçün təqdim olunan ərizə və bu Qaydada nəzərdə tutulan sənədlər Azərbaycan Respublikasının Mətbuat və İnformasiya  Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq razılıq verilməsi barədə qərar qəbul edilir.

Təqdim olunan sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Yayıma razılıq verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

6. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya  Nazirliyi siyahıda nəzərdə tutulan xarici dövri mətbu nəşrin xarakteri ilə tanış olur və 3 ay müddətinədək onların hər bir nömrəsini nazirliyə göndərilməsi şərtilə yayılmasına icazə verir. Xarici dövri mətbu nəşrin yayım dövrü təkrar müraciətə əsasən uzadıla bilər.

7. Yayıma razılıq verilməsindən aşağıdakı hallarda imtina edilir:

Bu Qaydada nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

yayıma razılıq verilməsinin müddəti razılıq verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə;

qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

8. Ərizəçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

9. Ərizəçi imtinanın səbəbləri ilə razılaşmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 11 aprel tarixli, 64 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr

 

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2076-2078.