Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyası haqqında

 

Əsasnamə

 

I. Ümumİ müddəalar

 

1.1. Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyası (bundan sonra — Dövlət Komissiyası) kənd  təsərrüfatında islahatların aparılmasını və özəl bölmənin inkişafını sürətləndirmək üçün beynəlxalq maliyyə təşkilatları ilə birlikdə  «Təsərrüfatların özəlləşdirilməsi Layihəsi»nin və «Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi Layihəsi»nin (bundan sonra — layihələr)  icrasını təmin edir və Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin (bundan sonra — Agentlik), rayon işçi  orqanlarının və müvafiq regional qurumların vasitəsi ilə bu layihələri həyata keçirir.

1.2. Dövlət Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, «Aqrar islahatının əsasları haqqında», «Sovxoz və  kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və  sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik və normativ hüquqi aktları,  habelə bu Əsasnaməni rəhbər tutur.

1.3. Dövlət Komissiyası öz fəaliyyəti barədə Azərbaycan Respublikası Prezidentinə müntəzəm olaraq hesabat verir.

1.4. Dövlət Komissiyası dövlət büdcəsinin və beynəlxalq maliyyə təşkilatlarının vasitələri hesabına maliyyələşdirilən Agentlik, Bərdə,  Lənkəran, Salyan, Ucar, Xaçmaz və Naxçıvan Muxtar Respublikasının Şərur rayonlarında yaradılmış rayon işçi orqanlarının və «Kənd  təsərrüfatının inkişafı və kreditləşdirilməsi Layihəsi»nə uyğun olaraq yaradılan regional qurumların fəaliyyətinə rəhbərlik edir.

1.5. Dövlət Komissiyası öz işini beynəlxalq maliyyə təşkilatları ilə sıx əlaqədə həyata keçirir.

 

II. Dövlət Komİssİyasının funksİyaları və hüquqları

 

2.1. Dövlət Komissiyası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

Layihələr daxilində Azərbaycan Respublikasının Nazirlər Kabineti adından beynəlxalq maliyyə təşkilatları qarşısında məsələlər qaldırır və danışıqlar aparır;

Agentliyin, rayon işçi orqanlarının və regional qurumların beynəlxalq və respublika maliyyə təşkilatları ilə razılaşdırılmış ştat  vahidlərini və onların vəzifə maaşlarını təsdiq edir;

Agentliyin illik iş proqramına və büdcəsinə Dünya Bankının müəyyən etdiyi qaydalara uyğun baxıb təsdiq edir;

Agentlikdən onun fəaliyyətinə dair hesabat tələb edir və müvafiq qərarlar verir;

Agentliyə lazımi iş şəraitinin yaradılmasına kömək edir;

layihələr daxilində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar arasında bağlanmış qarşılıqlı müqavilələrin və digər sənədlərin vaxtında  və müəyyən edilmiş qaydada icrası barədə onlardan hesabat alır;

layihələrin tətbiqi ilə əlaqədar təklif, müraciət və ərizələrə müntəzəm olaraq baxır, onları təhlil edir, lazım gəldikdə zəruri təkliflərin  həyata keçirilməsini təmin edir;

2.2. Dövlət Komissiyasının hüquqları:

Dövlət Komissiyası sədrinin təklifinə əsasən Agentliyin rəhbərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Agentliyin rəhbərinin təqdimatına əsasən Agentliyin rəhbərinin müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar  qəbul edilməsi;

layihələrin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinə təkliflər verilməsi;

Azərbaycan Respublikasında özəl kənd təsərrüfatı müəssisələrinin yaradılması barədə müvafiq beynəlxalq təşkilatlar qarşısında vəsatət  qaldırılması;

layihələr çərçivəsində yaradılan regional qurumların əsasnamələrinin təsdiq edilməsi;

zəruri hallarda Dövlət Komissiyasının və Agentliyin, rayon işçi orqanlarının əsasnamələrinə əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verilməsi.

 

III. Dövlət Komİssİyasının İşİnİn təşkİlİ

 

3.1. Dövlət Komissiyası öz fəaliyyətini iclaslar vasitəsi ilə həyata keçirir. Dövlət Komissiyasının iclasları Dövlət Komissiyasının sədri  tərəfindən çağırılır.

3.2. Dövlət Komissiyasının iclaslarında onun üzvlərindən başqa Dövlət Komissiyasının sədri tərəfindən dəvət olunan nazirliklərin və digər  mərkəzi idarəetmə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, habelə özəl təsərrüfatların nümayəndələri iştirak edə bilərlər.

3.3. Dövlət Komissiyasının iclasları onun üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.

Dövlət Komissiyasının qərarları onun iclasında iştirak edən üzlərinin səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrin səsi həlledici  hesab olunur.

Dövlət Komissiyasının iclasları protokollar ilə rəsmiləşdirilir və Komissiyanın sədri tərəfindən imzalanır.

3.4. Dövlət Komissiyasının sədri:

Dövlət Komissiyasının fəaliyyətinə rəhbərlik edir və onun işini təşkil edir;

Dövlət Komissiyasının üzvləri arasında iş bölgüsü aparır;

Dövlət Komissiyasını üçüncü şəxslərlə münasibətlərdə təmsil edir;

öz səlahiyyətləri daxilində Dövlət Komissiyasının fəaliyyəti ilə əlaqədar sərəncamlar verir və qərarlar qəbul edir.

3.5. Dövlət Komissiyası kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə səlahiyyəti hüdudlarında məsuliyyət daşıyır.

 

 

 

 

 

 

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin

2000-ci il 11 aprel tarixli, 65 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr.

 

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2078-2080.