Yenikənd Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar Avropa Yenidənqurma İnkişaf Bankından dövlət zəmanəti ilə alınmış kreditin ödənilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Yenikənd Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar "Azərenerji" Səhmdar Cəmiyyətinin Avropa Yenidənqurma və İnkişaf Bankından dövlət zəmanəti ilə alınmış kreditin qrafik üzrə cari ilin 10 may tarixinədək üçüncü mərhələsinin ödənilmə vaxtının çatdığını və "Azərenerji" Səhmdar Cəmiyyətinin ağır maliyyə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2000-ci ilə təsdiq edilmiş Dövlət büdcəsinin I yarımilliyi üçün nəzərdə tutulmuş mərkəzləşdirilmiş xərclərdən "Elektrik enerjisi haqqının ödənilməsi" xərc maddəsi üzrə Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinə 3,0 mlrd. manat, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 1,1 mlrd. manat, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə 900,0 mln. manat, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 500,0 mln. manat, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 200,0 mln.manat, Azərbaycan Elmlər Akademiyasına 800,0 mln. manat, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə 200,0 mln.manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə 200,0 mln. manat, Bakı şəhər büdcəsində nəzərdə tutulmuş vəsaitdən Bakı Metropoliteninə 500 mln. manat (dotasiya) və Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Enerji Nəzarəti və Satışı müəssisəsinə 2,0 mlrd. manat vəsait ayırmasını təmin etsin.

2. Bu qərarın 1-ci bəndi üzrə vəsait ayrılan nazirlik, komitə, idarə və təşkilatlara tapşırılsın ki, büdcədən ayrılmış vəsaitin mərkəzləşdirilmiş qaydada 2000-ci ilin aprel ayının 30-dək "Azərenerji" Səhmdar Cəmiyyətinin hesablaşma hesabına ödənilməsini təmin etsinlər.

3. Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Enerji Nəzarəti və Satışı müəssisəsi, bu qərarın 1-ci bəndi ilə nəzərdə tutulmuş 2,0 mlrd. manat vəsaitdən əlavə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 1997-ci il tarixli, 60 nömrəli qərarı ilə cari ilin I rübündə "Azərenerji" Səhmdar Cəmiyyətinə köçürülməli olan 6632,0 mln. manat vəsaitin 2000-ci ilin aprel ayının 30-dək "Azərenerji" Səhmdar Cəmiyyətinin hesablaşma hesabına köçürsün.

4. "Azərenerji" Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bu qərarın 2-ci və 3-cü bəndləri üzrə onun hesablaşma hesabına köçürüləcək vəsaitin bütövlükdə, çatışmayan hissəsinin isə özünün təsərrüfat fəaliyyəti hesabına Avropa Yenidənqurma və İnkişaf Bankına ödənilməsini təmin etsin.

5. Bu qərarda göstərilən büdcədən maliyyələşdirilən nazirlik, komitə, idarə və təşkilatlara, "Azərenerji" Səhmdar Cəmiyyətinə tapşırılsın ki, ödənilmiş faktiki vəsaitin büdcədən maliyyələşdirilən təşkilatların yerli struktur vahidləri ilə "Azərenerji" Səhmdar Cəmiyyətinin yerli təşkilatları arasında yaranmış faktiki borclara müvafiq qaydada silinməsini təmin etsinlər.

 

 

 

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

 

Bakı şəhəri, 17 aprel 2000-ci il
                   № 68

 

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2086-2087.