Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankının təşkili, həmin məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması

 

QAYDASI

 

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində təşkil edilmiş ümummilli məlumat bankına narkotik vasitələrin psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair məlumatlar daxil edilir.

2. Ümummilli məlumat bankı aşağıdakı üç bölmədən ibarət olur:

narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə və belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;

narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə və belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;

narkomanlıq xəstəliyinə düçar olan və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərə dair məlumat bölməsi.

3. Ümummilli məlumat bankına məlumatlar aşağıdakı qaydada göndərilir:

3.1. Səhiyyə Nazirliyinin müvafiq idarə və şöbələri:

tibbi məqsədlə istifadə etmək üçün respublikaya daxil olan narkotik

vasitələrin, psixotrop maddələrin və prekursorların siyahısı və miqdarı barədə məlumatı;

narkotik vasitələri, psixotrop maddələri və prekursorları istifadə edən ixtisaslaşdırılmış dövlət və qeyri-dövlət tibb müəssisələrindən aldıqları məlumatları;

Məhkəmə-narkoloji ekspert komissiyalarının keçirdikləri ekspertizalar əsasında əldə edilən məlumatları;

narkoloji tibb müəssisələrində ümumi əsaslarla müalicə olunan şəxslər haqqında məlumatları;

narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi ilə bağlı hər bir fəaliyyət növü ilə məşğul olmaq üçün qeyri-dövlət təşkilatlarına verilmiş xüsusi razılıq barədə bildirişi (bildirişdə təşkilatın tam adı, fəaliyyət növü, xüsusi razılığın müddəti, istifadə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların azərbaycanca və latınca adı, saxlanma yeri, müddəti göstərilməlidir) ümummilli məlumat bankına göndərir.

3.2. Narkoloji tibb müəssisələri könüllü olaraq anonim müalicə kursu keçmək üçün müraciət etmiş narkoman şəxslər haqqında məlumatı ümummilli məlumat bankına göndərirlər. Bu məlumat ümummilli məlumat bankında kodlaşdırılmış qapalı bölmədə saxlanılır.

3.3. Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi öz işlərində respublika ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən şəxslər haqqında məlumatı ümummilli məlumat bankına göndərirlər .

3.4. Ədliyyə Nazirliyi azadlıqdan məhrum etmə yerlərində narkomaniyaya qarşı müalicə keçən şəxslər, habelə barəsində məcburi tədbirlərin dayandırılması, təxirə salınması qərarı olan şəxslər haqqında məlumatları ümummilli məlumat bankına təqdim edir.

3.5. Səlahiyyətli dövlət orqanları narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə qanunsuz dövriyyəsinə aid məlumatları ümummilli məlumat bankına təqdim etməyə borcludurlar.

4. Məlumatlar dəqiqləşdirildikdən sonra 10 gün müddətində ümummilli məlumat bankına göndərilir.

5. Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Ticarət Nazirliyinin, Respublika Prokurorluğunun, Dövlət Gömrük Komitəsinin, Digər aidiyyəti olan dövlət strukturlarının nəzdində fəaliyyət göstərən idarələr, komissiyalar, istintaq orqanları ümummilli məlumat bankının informasiya mərkəzlərindən onlara aid məlumatları almaq üçün təsdiq edilmiş xüsusi sorğu tərtib edib ümummilli məlumat bankına müraciət edirlər.

Ümummilli məlumat bankı sorğunu öyrənir, onun qanunauyğun, aidiyyətli olduğunu müəyyən edir və qanunvericilikdə nəzərdə tutulmuş vaxt ərzində sorğu barədə məlumat verir.

Narkoloji tibb müəssisələrində könüllü olaraq anonim müalicə kursu keçmiş narkoman şəxslər haqqında məlumatlar ümummilli məlumat bankından yalnız həmin şəxs inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edildikdə hüquq-mühafizə orqanına verilə bilər.

6. Səhiyyə Nazirliyində, Daxili İşlər Nazirliyində, Milli Təhlükəsizlik Nazirliyində, Ədliyyə Nazirliyində, Ticarət Nazirliyində, Respublika Prokurorluğunda, Dövlət Gömrük Komitəsində və digər aidiyyəti olan dövlət orqanlarında ümummilli məlumat bankına informasiya göndərilməsinin vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək və oradan məlumat alınmasını təşkil etmək üçün cavabdeh şəxs təyin olunur.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 17 aprel tarixli, 71 nömrəli qərarı ilə
təsdİq edİlmİşdİr

 

 

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2090-2091.