Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafına sponsorluğun

 

əsasları və qaydası

 

 

 Sponsorluğun əsasları və qaydası bədən tərbiyəsi və idman sahəsində sponsorluq fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsinin əsaslarını, həmçinin Azərbaycan Respublikasında idman sponsorluğunun geniş yayılması və inkişafı məqsədilə onun formalarını müəyyən edir.

 

 Sponsorluğun əsasları və qaydası «Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 dekabr tarixli, 47 nömrəli Fərmanının 1-ci bəndinin 4-cü abzasına uyğun olaraq hazırlanmışdır.

 

 

 

I. Ümumi müddəalar

 

 

 

 1.1. Bədən tərbiyəsi və idmanın inkişafına sponsorluq fiziki və hüquqi şəxslərin bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində idman yönümlü təşkilatlara, müəssisə və idarələrə, həmçinin fərdi qaydada ayrı-ayrı idmançı və ya kollektivlərə köməklik göstərmək məqsədi ilə yaradılan əməkdaşlığın və maliyyə münasibətlərinin iş formasıdır.

 

 1.2. Bədən tərbiyəsi və idmanın inkişafına sponsor yardımı aşağıda qeyd olunmuş məqsədlərlə həyata keçirilir:

 

 respublikada bədən tərbiyəsi və idman sahəsinin hərtərəfli inkişafına köməklik göstərmək;

 

 əhalini bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etmək yolu ilə onların sağlam həyat tərzinə nail olmaq;

 

 böyüməkdə olan gənc nəslin sağlamlığının qorunmasına qayğı göstərmək.

 

 1.3. Fiziki və hüquqi şəxslər bədən tərbiyəsi və idmanın inkişafına sponsor fəaliyyətini könüllülük prinsipi əsasında həyata keçirirlər.

 

 1.4. Fiziki və hüquqi şəxslər sponsorluğun əsasları və qaydasına zidd olmayan hər hansı formasından (növündən) istifadə edərək şəxsən, yaxud müştərək olaraq azad sponsor fəaliyyətini həyata keçirmək hüququna malikdirlər.

 

 1.5. Sponsor fəaliyyətinin iştirakçıları sponsor yardımı edən fiziki və hüquqi şəxslər və sponsor yardımı alan fiziki və hüquqi şəxslərdir. İdman təşkilatları, idman federasiyaları, klubları, komandaları, ayrı-ayrı idmançılar, məşqçilər, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislər sponsor yardımı ala bilərlər.

 

 

 

II. Sponsorluğun növləri

 

 

 

 Sponsorluğun əsas növlərinə aşağıdakılar aiddir:

 

 uşaq idmanından başlayaraq, idmana qeyri-kommersiya, yəni xeyriyyə məqsədləri ilə köməklik göstərilməsi;

 

 müəyyən idman tədbirinin təşkilinə və keçirilməsinə köməklik göstərilməsi;

 

 federasiyanın, komandanın, klubun, idmançının, məşqçinin və yaxud bədən tərbiyəsi və idman sahəsində çalışan digər mütəxəssislərin inkişafı üçün vəsait ayrılması;

 

 idman tədbirləri, idman qurğuları və yaxud tanınmış idmançılar reklam çəkilişlərinə və digər kommersiya məqsədlərinə cəlb edildiyinə görə maliyyə vəsaitinin ayrılması.

 

 

 

III. Bədən tərbiyəsi və idmana sponsor yardımı göstərilməsi prinsipləri

 

 

 

 Bədən tərbiyəsi və idman sahəsində sponsorluq fəaliyyəti aşağıda göstərilən prinsiplər üzərində qurulmalıdır:

 

 idmanın müstəqilliyinin və mahiyyətinin qorunması şərti ilə sponsorluq fəaliyyətinin dəqiq strategiyasının, onun məqsəd və hüdudlarının müəyyən edilməsi;

 

 sponsorluq fəaliyyətinə görə imtiyazlar və üstünlüklərin, maliyyə və vergi siyasətində mövcud normativ hüquqi aktlara ciddi riayət olunmaqla, dəqiq müəyyən edilməsi.

 

 

 

IV. Sponsor münasibətlərinin sənədləşdirilməsi

 

 

 

 4.1. Sponsor münasibətləri ikitərəfli, yaxud çoxtərəfli müqavilənin (kontraktın) imzalanması ilə rəsmiləşdirilir. Müqavilə (kontrakt) uzunmüddətli və ya konkret idman tədbiri üçün birdəfəlik ola bilər.

 

 4.2. Uzunmüddətli müqavilə (kontrakt) bir ildən az olmayan və bir Olimpiya silsiləsindən çox olmayan müddətə bağlanır.

 

 4.3. Müqavilədə tərəflərin bütün hüquqları və vəzifələri, kontraktın müddəti, tərəflərin hüquqi ünvanları göstərilməlidir.

 

 4.4. İdman təşkilatı (federasiya, klub, komanda və s.) və ya respublikanın qabaqcıl idmançıları ilə sponsorluq edən fiziki və hüquqi şəxslər arasında uzunmüddətli müqavilənin imzalanmasından əvvəl həmin müqavilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və zəruri hallarda isə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə razılaşdırılmalıdır. [1]

 

 4. 5. Sponsor yardımının göstərilməsi üçün birdəfəlik müqavilə bir idman tədbirinin keçirilməsi məqsədilə bağlanır. Konkret idman tədbirinin keçirilməsi üçün müqavilə iri miqyaslı idman tədbirlərini və beynəlxalq turnirləri maliyyələşdirən bir neçə sponsor tərəfindən imzalana bilər.

 

 4.6. Müqavilədə tədbirin təşkili və keçirilməsi üçün hər bir sponsor tərəfindən ayrılmış vəsait və tədbirdən kommersiya məqsədləri üçün istifadə edən sponsorların hüquqları və imtiyazları göstərilir.

 

 4.7. Sponsorların hüquq və imtiyazlarına reklam şitlərinin quraşdırılması, afişalarda, proqramlarda, biletlərdə və digər çap məhsullarında sponsor təşkilatın adının yazılması, tədbirin təşkili və keçirilməsi zamanı sponsor təşkilatın rəmzlərini əks etdirən malların satışı, sərgilərin təşkili, tədbirin «Rəsmi sponsoru» terminindən istifadə edərək sponsora öz mallarının və xidmət növlərinin reklam prospektlərini yaymaq hüquqlarını da aid etmək olar.

 

 4.8. Sponsorlara (fiziki və hüquqi şəxs kimi) Azərbaycan Respublikasının Qanunlarına zidd olmayan digər hüquq və imtiyazlar verilə bilər.

 

 

 

V. Sponsor yardımının istifadə olunmasına nəzarət

 

 

 

 5.1. Sponsor yardımını alan fiziki və ya hüquqi şəxs sponsor vəsaitinin məqsədli istifadə olunmasının uçotunu aparır.

 

 5.2. Sponsor vəsaitini alan fiziki və ya hüquqi şəxs sponsorun tələbi ilə alınmış vəsaitin istifadə olunması (xərclənməsi) haqqında hesabat təqdim etməlidir.

 

 5.3. Sponsora təqdim ediləcək hesabatda keçirilmiş idman tədbirinin nəticələri, həmin tədbirə tamaşaçıların gəlişi haqqında göstəricilər, bağlanmış kontraktın bütün bəndlərinin faktiki yerinə yetirilməsi, sponsora təqdim olunmuş faktiki xidmətlər, sponsorun adının mətbuatda, reklamda, televiziya verilişlərində çəkilməsi haqqında məlumatlar öz əksini tapmalıdır.

 

 5.4. Sponsorlarla uzunmüddətli kontraktların bağlanması zamanı sponsor yardımını alan fiziki və ya hüquqi şəxs maliyyə fəaliyyəti haqqında illik hesabatı təqdim etdiyi müddətdə hər il sponsora da hesabat təqdim edir.

 

 5.5. Sponsor yardımı hesabına birdəfəlik kontrakt əsasında keçirilən tədbir qurtardıqdan sonra bir aydan gec olmayaraq sponsora hesabat təqdim edilməlidir.

 

 5.6. Tabeliyindən asılı olmayaraq bütün idman təşkilatları bu sponsorluq əsaslarına və qaydasına riayət edirlər.

 

 

 

 

 

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin

2000-ci il 4 avqust tarixli, 133 nömrəli

qərarı ilə təsdiq edilmişdir

 

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. –  S. 3961-3963.