Sərxoşluq
hallarının bütün növlərinin və insan bədəni
daxilində narkotik vasitələrin və psixotrop
maddələrin gizlədilməsi hallarının müəyyən
edilməsi məqsədi ilə tibbi müayinənin
keçirilməsi
QAYDASI
1.
İnsan psixikasına təsir göstərən maddələrdən
sui-istifadə edilməsi nəticəsində yaranan sərxoşluq
hallarının bütün növlərinin müəyyən
edilməsi məqsədi ilə aparılan tibbi müayinə
yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu, həkim
olmadıqda isə feldşer-narkoloqu tərəfindən həyata
keçirilir. Sərxoşluq hallarının müəyyən
edilməsi məqsədi ilə aparılan tibbi müayinə
təhqiqat istintaq orqanlarının və ya məhkəmənin
qərarı əsasında, habelə işəgötürənin
vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsü
əsasında həyata keçirilir.
2.
Tibbi müayinə vasitəsi ilə yoxlanılan şəxsin
narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji
mühitlərinin tədqiqatı nəticəsində
aşkarlanan narkotik vasitələrin və psixotrop
maddələrin növü ehtiyac olduqda, miqdarı və təxmini
istehlak etmə vaxtı təyin olunur. Tibbi müayinənin keçirilməsinin səbəbi, gedişi,
aparılan tədqiqatın növləri və nəticəsi
tərtib edilmiş rəydə öz əksini tapır.
3.
Müayinə aparan həkim-narkoloq 2 nüsxədə (əsli
və surəti) Səhiyyə Nazirliyi tərəfindən təsdiq
edilmiş xüsusi formaya uyğun tibbi müayinə protokolu tərtib
edir. Protokolda yoxlanılan şəxsin pasport məlumatları,
müayinə aparılması barədə qərar
çıxaran orqanın adı, müayinənin səbəbi
qeyd olunur. Müayinə zamanı həkim-narkoloq yoxlanılan
şəxsdən geniş anamnez toplayır, onun xarici
görünüşünə, davranışına nəzarət
yetirir, şüurunun vəziyyətini, nitq qabiliyyətini,
vegetativ damar reaksiyalarını, tənəffüsün
tezliyini, nəbzini və arterial təzyiqini, bəbəklərinin
vəziyyətini, hərəkət sferasını,
mimikasını yoxlayır, xüsusi sınaqlar aparır.
Bunlarla yanaşı, yoxlanılan şəxsin psixi vəziyyəti
(əhval-ruhiyyəsinin vəziyyəti və dəyişkənliyi,
emosional fonu, yaddaş və diqqəti, psixi ajitasiya,
aqressivlik, təfəkkürün sürəti,
həyəcanlı, səksəkəli olması, vaxt
gedişini qiymətləndirməsi,
qeyri-adekvat ideyalar və sair) ətraflı müayinə
olunur. Tibbi müayinə obyektiv və dəqiq anamnestik
məlumatlarla birgə müayinə olunanın vəziyyətini
qiymətləndirməyə və
düzgün rəy verməyə imkan verir. Müayinənin nəticələri
protokolda qeyd olunur və müayinə olunan şəxsə
elan edilir. Müraciət olunduğu andan müayinə
başlanmış hesab edilir və onun keçirilmə
müddəti zəruri tədqiqatların aparılmasına
sərf olunan vaxtdan asılıdır.
4.
Əgər yaranmış vəziyyətlə əlaqədar
(müayinə olunan şəxsin vəziyyətinin
ağırlığı, müayinədən imtina edərək
müqavimət göstərməsi və sairə) müayinənin
tam həcmdə aparılması mümkün deyildirsə,
tibbi müayinə protokolunda bu səbəb qeyd edilir və
ikidən az olmayaraq bioloji mayelərin (qan, tüpürcək,
sidik hava və s.) ikiqat miqdarının müayinəsi
aparılır. Müayinə olunan şəxsdən
götürülən bioloji mühit nümunələrinin
mühafizəsini təmin etmək məqsədi ilə metodik
göstərişlərin tələblərinə və digər
zəruri şərtlərə riayət etməklə, həmin
nümunələr 30 gündən az olmayaraq müayinə
aparılan müəssisədə saxlanılmalıdır.
Bioloji mayelərin müayinəsi ciddi olaraq xüsusi təlimat
və metodika üzrə aparılır və müayinənin
gedişi protokollaşdırılır.
Bioloji mayelərin müayinəsinin və kliniki
müayinənin nəticələri cəmləşdirilərək
ümumi rəy verilir.
5.
Protokolun surəti müayinə aparılan tibb müəssisəsində
qalır və stasionar xəstənin tibbi kartları
üçün müəyyən edilmiş qaydada mühafizə
olunur.
6.
Travma ilə əlaqədar tibb müəssisəsinə daxil
olmuş xəstələri müayinə edərkən, onlarda
məstlik halı aşkara çıxarılarsa, rəydə
sərxoşluq halının olması faktı qeyd edilir, qəbul
olunmuş forma üzrə protokol tərtib olunur və ambulator və ya stasionar xəstələrin
tibbi kartlarında sərxoşluq halı haqqında rəylə
yanaşı, tibbi müayinə protokolunun say nömrəsi
göstərilir.
Təxirəsalınmaz
hallarda sərxoşluq olması haqqında rəy stasionar xəstənin
kartında xəstənin statusu və laborator
müayinələrin nəticələri barədə məlumatlar
əsasında verilir.
7.
Tibbi protokolların olmaması müayinənin
keçirilməsindən imtina
üçün səbəb ola bilməz. Protokolun
özbaşına şəkildə tərtib edilməsi
yolverilməzdir. Hər bir halda protokol təsdiq olunmuş
nümunəyə uyğun tərtib edilməlidir.
Tibbi müayinənin xərcləri dövlət vəsaiti
hesabına ödənilir.
8. Sərxoşluq
hallarının müəyyən edilməsi məqsədi ilə
həyata keçirilən müayinənin nəticələrinin
yoxlanılması, müayinənin aparılması nəticəsində
yaranmış mübahisələrin məhkəməyə qədər
həll olunması üçün Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin nəzdində münaqişə
komissiyası təşkil edilir. Sərxoşluq
hallarının müəyyən edilməsi məqsədi ilə
aparılan müayinənin nəticələrindən
narazı olan şəxs mübahisəli məsələlərin
məhkəməyə qədər həll edilməsi
üçün həmin münaqişə komissiyasına ərizə
ilə müraciət edə bilər. Münaqişə
komissiyasına daxil olmuş ərizə üzrə qərar
işin məhkəmədə baxılmasına
qədər çıxarılmalıdır.
Sərxoşluq halının müəyyən edilməsi məqsədi
ilə aparılan tibbi müayinə nəticəsində
şəxsin narkotik vasitələr və ya psixotrop
maddələri istehlak etməsi müəyyən edildikdə,
bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların
dövriyyəsinə dair Ümummilli Məlumat Bankına verilməlidir.
9.
Narkotik vasitələr və psixotrop maddələr
daşınması haqqında əsaslı şübhələr
olan şəxsin, narkotik sərxoşluq vəziyyətində
olub-olmaması ümumi qaydalarla aşkar
edilir, həmin şəxs tibbi müayinədən
keçirilməklə yanaşı, xüsusi
ayrılmış yerdə, eyni cinsdən olan tibb
işçisi tərəfindən bilavasitə
yoxlanılır və rentgenoloji müayinədən
keçirilir.
10.
Sərxoşluq hallarının bütün növlərinin təyini
məqsədi ilə aparılan hər bir müayinə barədə
mütləq qaydada qeydiyyat aparılır. Bunun
üçün qeydiyyat jurnalından istifadə olunur.
Jurnalda
aşağıdakılar göstərilir:
1-ci
sütunda sıra nömrəsi;
2-ci
sütunda müayinənin keçirilmə vaxtı və
tarixi;
3-cü
sütunda müayinə olunanı göndərən təşkilatın
adı, göndərişin tarixi;
4-cü
sütunda müayinə olunanın soyadı, adı,
atasının adı və yaşı;
5-ci
sütunda müayinə olunanı təqdim edən şəxsin
soyadı, adı, atasının adı, vəzifəsi, xidməti
vəsiqəsinin nömrəsi;
6-cı
sütunda müayinə aparan tibb işçisinin soyadı,
adı, atasının adı;
7-ci
sütunda müayinənin nəticəsi;
8-ci
sütunda tibb işçisinin imzası;
9-cu
sütunda müayinə protokolunun nömrəsi;
10-cu
sütunda protokolu alan şəxsin imzası və ya
poçtla göndərilən ünvan və tarix.
Jurnal
müayinədə iştirak etmiş tibb işçisi tərəfindən
doldurulur və müayinə aparılan kabinetdə
saxlanılır. Jurnalın doldurulan vərəqləri
nömrələnməli, tikilməli və tibb müəssisəsinin
möhürü ilə təsdiq edilməlidir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2000-ci
il 7 avqust tarixli, 135 nömrəli
qərarı
ilə təsdiq edilmişdir
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3964-3966.