Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə

ödənilməli olan məbləğlərin miqdarı və verilməsi

 

QAYDASI

 

1. Bu Qayda "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli, 265 nömrəli Fərmanına uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 118.2-ci maddəsində nəzərdə tutulmuş şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə ödənilməli olan məbləğlərin miqdarı və verilməsi qaydasını tənzimləyir.

 

2. Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri, yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər və sutkalıq xərclər verilir.

 

3. Məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir.

 

4. Tərcüməçilərin əmək haqqı hər gün üçün 8000 (səkkiz min) manat miqdarında müəyyən edilir və dövlət büdcəsi hesabına ödənilir.

 

5. Məhkəməyə şahid qismində çağırılan şəxslərin işdə olmadıqları müddət üçün orta əmək haqları saxlanılır.

 

6. Əmək münasibətlərində olmayan şahidlər adi məşğuliyyətlərindən ayrıldıqlarına görə faktiki sərf olunmuş vaxt və əməyin ödənilməsinə görə hər gün üçün minimum əmək haqqı miqdarında məhkəmənin depozit hesabından əvəz alırlar.

 

7. Şahidlərə, ekspertlərə, mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri onların məhkəmə prosesində iştirakını xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir.

 

8. Həmin xahişi tərəflərin hər ikisi etdikdə və ya bu hərəkət məhkəmənin təşəbbüsü ilə olduqda, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.

 

9. Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlməklə əlaqədar ödənilən məbləğ onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir.

 

10. Yol xərclərinin, yaşayış sahəsinin icrası ilə əlaqədar xərclərin və sutkalıq xərclərin məbləği xidməti ezamiyyət qaydaları haqqında qüvvədə olan müvafiq normativ sənədə əsasən müəyyən edilir.

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 15 avqust tarixli, 140 nömrəli

qərarı ilə təsdiq edilmişdir

 

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. –  S. 3969-3970.