Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası haqqında

 

Əsasnamə

 

 

 

1. Ümumi müddəalar

 

 

 

 1.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası (bundan sonra — Əyar Palatası) Azərbaycan Respublikasının ərazisində əyar nəzarətini və dövlət müəssisələrində qiymətli metalların, qiymətli daşların alınması, işlədilməsi, uçotu və saxlanılması qaydalarına dövlət nəzarətini həyata keçirir.

 

 1.2. Əyar Palatası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əmr və sərəncamlarını, təlimatlarını və normativ hüquqi aktlarını, eyni zamanda bu Əsasnaməni rəhbər tutur.

 

 1.3. Əyar Palatası müstəqil balansa, xəzinə hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və blanklara malik olan hüquqi şəxsdir.

 

 1.4. Əyar Palatası Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir.

 

1.5. Əyar Palatasının ştat vahidlərinin sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

 

 1.6. Əyar Palatasının strukturu və ştat cədvəli Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən təsdiq edilir.

 

 1.7. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada Əyar Palatasının fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

 

 

 

2. Əyar Palatasının vəzifələri

 

 

 

 Azərbaycan Respublikasının ərazisində əyar nəzarətinin və qiymətli metalları, qiymətli daşları, habelə onlardan hazırlanmış məmulatları emal və tətbiq edən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən onların alınması, istifadəsi, uçotu və saxlanması sahələrində Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etmələrinə öz səlahiyyətləri çərçivəsində dövlət nəzarətinin həyata keçirilməsi.

 

 

 

3. Dövlət Əyar Palatasının funksiyaları

 

 

 

3.1. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici ölkələrin dövlət əyar damğasının tanınması halları istisna olmaqla, Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanması və analizinin aparılması;

 

3.2. ərintilərin, yarımfabrikatların, lehimlərin, sikkələrin, tullantıların, süpürüntü tozların və məhsulların tərkibində platinin, qızılın, palladium və gümüşün, habelə qızıl və gümüş suyuna çəkilmiş əşyalarda qızılın, gümüşün miqdarını təyin etmək üçün arbitraj və nəzarət analizlərinin aparılması;

 

 3.3. mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlardan, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən qiymətli metalların, qiymətli metal tərkibli materialların, məmulatların, əşyaların analiz və ekspertiza edilməsi üçün qəbul edilməsi;

 

 3.4. qiymətli metalları emal, tətbiq və istifadə edən müəssisələrin, idarələrin və təşkilatların, habelə fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olan) sifarişləri ilə əyar reaktivlərinin hazırlanması;

 

 3.5. bu Əsasnamənin 3.2-ci bəndində nəzərdə tutulan məqsədlər və Əyar Palatasının daxili ehtiyacları üçün laboratoriya şəraitində qızıl və gümüşün əridilməsi və saflaşdırılması;

 

 3.6. qiymətli metallardan hazırlanmış məmulatlarda əyar damğalarının ekspertizası;

 

 3.7. qiymətli metallardan və qiymətli daşlardan zərgərlik və məişət məmulatlarını hazırlayan istehsalçıların qeydiyyatdan keçirilməsi, onlara qeydiyyat şəhadətnamələrinin verilməsi;

 

3.8 qiymətli metallardan istehsal edilmiş məmulatların əyarlanması və damğalanması, eyni zamanda qiymətli metalların, qiymətli daşların və onlardan istehsal edilmiş məhsulların analiz edilməsi, ekspertizası üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tariflər üzrə əyar haqqının alınması;     

 

3.9. Əyar Palatası işçilərinin ixtisasının artırılması və xüsusi hazırlığının təşkil edilməsi və həyata keçirilməsi;

 

 3.10. qiymətli metalların və onlardan hazırlanmış məmulatların əyarlanması, analizi və damğalanması üzrə yeni texnologiyaların həyata keçirilməsi.

 

 

 

4. Əyar Palatasının hüquqları

 

 

 

 4.1. Qiymətli metallardan və qiymətli daşlardan istehsal edilmiş zərgərlik və digər məişət məmulatlarını əyarlamaq, analiz etmək və Azərbaycan Respublikasında müəyyən edilmiş qaydalara uyğun dövlət əyar damğası ilə damğalamaq;

 

4.2. Qiymətli metallardan istehsal edilmiş məmulatların əyarlanması, damğalanması, ekspertizası, əyar reaktivlərinin hazırlanması, qiymətli metallar və qiymətli daşlardan zərgərlik və məişət məmulatlarını hazırlayan istehsalçılara qeydiyyat şəhadətnaməsinin verilməsi, ad damğalarının qeydiyyata alınması, habelə başqa laboratoriya işlərinin aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi tariflər üzrə əyar haqqı almaq, göstərilən tariflərin dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;      

 

4.3. qiymətli metalları, qiymətli daşları və onlardan istehsal edilmiş məmulatları işlədən və uçotunu aparan dövlət müəssisələrində yoxlama və müayinələr aparmaq, qeyri-dövlət müəssisələri və sahibkarlar tərəfindən belə metallardan hazırlanan və satılan zərgərlik məmulatları üzərində əyar nəzarətini həyata keçirmək;

 

 4.4. Əyar Palatasının nümayəndəsinə yoxlamaq səlahiyyəti verən müvafiq sənədlərin və xidməti vəsiqəsinin göstərilməsi şərti ilə maneəsiz şəkildə dövlət müəssisə, birlik, idarə və təşkilatlarına, habelə əyar nəzarətini həyata keçirmək üçün qeyri-dövlət müəssisələrinə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iş yerlərinə daxil olmaq;

 

 4.5. yoxlama aparılan təşkilatlardan qiymətli metalların və qiymətli daşların alınması, istifadəsi, sərfi, uçotu və saxlanması ilə bağlı normativ, texniki, mühasibat və başqa sənədləri tələb etmək;

 

 4.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun olmayan zərgərlik məmulatlarını, məişət əşyalarını dəqiq yoxlanması üçün xüsusi şərait tələb olunan hallarda Əyar Palatasına götürmək.

 

 4.7. yoxlama aparılan müəssisə, idarə və təşkilatların rəhbərliyinə, habelə fiziki şəxslərə yoxlama zamanı aşkar edilən nöqsanların və çatışmazlıqların aradan qaldırılması barədə məcburi olan göstərişlər vermək;

 

 4.8. qiymətli metalların və qiymətli daşların istifadə olunmasında, sərf edilməsində, uçotunun aparılmasında, saxlanılmasında aşkar edilən pozuntular haqqında vəzifəli şəxslərdən izahat və arayış tələb etmək;

 

 4.9. əyar nəzarəti qaydalarının pozulması barədə Əyar Palatasının vəzifəli şəxslərinin aşkara çıxardığı bütün pozuntular haqqında akt tərtib etmək;

 

 4.10. yoxlama nəticəsində aşkar olunan pozuntularda cinayət əlaməti olmadıqda, Palataya götürülmüş zərgərlik məmulatlarını və məişət əşyalarını damğalamaq və yaxud damğalamadan sahibinə qaytarmaq;

 

 4.11. əyar nəzarəti qaydalarının pozulmasında təqsirkar şəxsləri müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb etmək, cinayət əlaməti faktlarının olması müəyyən edildikdə, belə materialları təqsirkar şəxsləri cinayət məsuliyyətinə cəlb etmək üçün istintaq orqanlarına vermək;

 

 4.12. qiymətli metallardan istehsal edilmiş zərgərlik məmulatlarının (xarici ölkələrdən gətirilənlər də daxil olmaqla) və o cümlədən tam texnoloji dövrü keçməyən məmulatların əyarlanması və damğalanması məsələləri haqqında öz səlahiyyətləri çərçivəsində qərarlar qəbul etmək;

 

 4.13. qiymətli metalların əyarlanması, damğalanması, ekspertizası və analizinin aparılması haqqında soraq-məlumat xidməti göstərmək;

 

 4.14. əyar nəzarətinin həyata keçirilməsi üçün öz işçilərini respublika ərazisinə ezamiyyətə göndərmək.

 

 

 

5. Əyar Palatasının təşkili

 

 

 

 5.1. Əyar Palatasına Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sədr rəhbərlik edir.

 

 5.2. Sədr ona həvalə edilmiş fəaliyyət sahəsində rəhbərliyi həyata keçirir və Əyar Palatasının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

 5.3. Sədrin Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən təyin edilən və vəzifədən azad edilən bir birinci müavini və bir müavini vardır. Palata sədrinin birinci müavini, eyni zamanda, əyar nəzarəti şöbəsinin, digəri isə qiymətli metalların əyarlama və damğalama şöbəsinin rəisi vəzifələrini icra edirlər.

 

 5.4. Əyar Palatasının baş mühasibi və baş əyarçısı Palata sədrinin təqdimatına əsasən Azərbaycan Respublikası maliyyə nazirinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər.

 

 

 

6. Əyar Palatası sədrinin səlahiyyətlər

 

 

 

 6.1. Əyar Palatasının səlahiyyətinə aid məsələlər üzrə Azərbaycan Respublikasının maliyyə nazirinə təkliflər təqdim edir.

 

 6.2. Əyar Palatasının fəaliyyətinə rəhbərlik edir.

 

 6.3. Əyar Palatasının digər işçilərini ştat cədvəlinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edir.

 

 6.4. Əyar Palatasının Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən təsdiq edilmiş strukturuna və ştat cədvəlinə uyğun olaraq əməkdaşlar arasında vəzifə bölgüsü aparır və vəzifə maaşlarını təyin edir.

 

 6.5. Palatanın adından fəaliyyət göstərir, müqavilələr, sazişlər bağlayır.

 

 6.6. Bu Əsasnamədən irəli gələn başqa vəzifələri yerinə yetirir.

 

 6.7. Qanunvericilikdə müəyyən olunmuş qaydada Palatanın əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirlərini həyata keçirir.

 

 6.8. Əyar Palatasının sədri və işçiləri onların üzərinə düşən öhdəliklərin və əmək funksiyalarının yerinə yetirilməsinə görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 22 avqust tarixli, 147 nömrəli

qərarı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. –  S. 3978-3981.