Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu
qanun Azərbaycan Respublikasında dövlət mülkiyyətində
olan əmlakın özəlləşdirilməsinin
təşkilati, iqtisadi və hüquqi əsaslarını
müəyyən edir.
I fəsil
Ümumi
müddəalar
Maddə
1. Əsas anlayışlar
1.0.
Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:
1.0.1.
dövlət əmlakının özəlləşdirilməsi
- dövlət əmlakının bu Qanunla müəyyən
edilmiş qaydalara uyğun alıcıların
mülkiyyətinə verilməsidir;
1.0.2.
dövlət əmlakının özəlləşdirmə
üçün açıq elan edilmə anı - dövlət
əmlakının özəlləşdirilməsi
haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar
qəbul etdiyi vaxtdır;
1.0.3.
özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan
olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan
Respublikasının ərazisində və onun hüdudlarından
kənarda Azərbaycan Respublikasının dövlət
mülkiyyətində olan əmlak, müştərək
müəssisələrin nizamnamə fondundakı dövlətin
payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin
altında yerləşən torpaq sahələridir;
1.0.4.
(müəssisənin, obyektin) start qiyməti - qanunvericiliklə
nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın
hesablanmış və ilk hərraca çıxarılma qiymətidir;
1.0.5.
dövlət özəlləşdirmə
payı - dörd özəlləşdirmə
çekindən ibarət, Azərbaycan Respublikasının
1997-ci il 1 yanvar tarixinə qeydiyyatda olan hər bir vətəndaşına
dəyəri ödənilmədən
paylanmış və çeklə özəlləşdirilən
dövlət əmlakının orta hesabla 1/8000000 hissəsini
ifadə edən adsız (təqdim edənə), nağd şəkildə
buraxılan qiymətli kağızların məcmusudur;
1.0.6.
dövlət özəlləşdirmə
opsionu - xarici investora
dövlət əmlakının özəlləşdirilməsində
dövlət özəlləşdirmə
çeklərindən istifadə etmək
hüququ verən, nağdsız formada buraxılan adlı qiymətli
kağızdır;
1.0.7.
özəlləşdirmə əqdi - bu Qanuna uyğun olaraq dövlət əmlakının
satıcısı ilə alıcısı arasında
bağlanılan alqı-satqı
müqaviləsidir;
1.0.8.
yerli investor - Azərbaycan
Respublikasının vətəndaşları təsisçisi
(təsisçiləri) və ya nizamnamə fondundakı
payın 50 %-dən çoxu Azərbaycan Respublikasının
vətəndaşlarına məxsus olan hüquqi şəxslər;
1.0.9.
xarici investor - əcnəbilər, vətəndaşlığı
olmayan şəxslər, xarici hüquqi şəxslər və
onların nümayəndəlikləri, habelə nizamnamə
kapitalında xarici sərmayənin payı 50 %-dən çox
olan Azərbaycan Respublikasının hüquqi şəxsləridir;
1.0.10.
strateji investor - müəssisəyə
yeni texnologiya və nou-xaunu cəlb etmək
imkanına malik, müəssisənin fəaliyyətində və
idarəçiliyində bilavasitə iştirak etmək niyyəti
olan və həmin sahədə böyük idarəçilik
və istehsal təcrübəsinə malik olan hüquqi şəxsdir.
Maddə
2. Dövlət əmlakının özəlləşdirilməsinin
əsas məqsəd və prinsipləri
2.1.
Dövlət əmlakının özəlləşdirilməsinin
əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması,
sahibkarlığın genişləndirilməsi,
rəqabət mühitinin formalaşdırılması,
iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun
səmərəliyinin artırılmasına,
struktur dəyişikliklərinə və
əhalinin həyat səviyyəsinin yüksəldilməsinə
nail olmaqdan ibarətdir.
2.2.
Dövlət əmlakının özəlləşdirilməsinin
əsas prinsipləri aşağıdakılardır:
2.2.1.
özəlləşdirməyə dair tədbirlərin
aşkarlıq şəraitində həyata keçirilməsi
və onun gedişi üzərində dövlət və
ictimai nəzarətin təmin edilməsi;
2.2.2.
dövlət əmlakının özəlləşdirilməsi
prosesində əmək kollektivinin qanunvericiliklə müəyyən
olunmuş mənafelərinin qorunması;
2.2.3.
sağlam rəqabət mühitinin formalaşdırılması;
2.2.4.
özəlləşdirmə prosesində
bütün alıcılar üçün bərabər
şəraitin yaradılması.
Maddə
3. Dövlət əmlakının özəlləşdirilməsi
haqqında qanunvericilik
Azərbaycan
Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında
qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan və onlara uyğun olaraq qəbul
edilən digər qanunvericilik aktlarından
ibarətdir.
Maddə
4. Qanunun tətbiq dairəsinin məhdudlaşdırılması
4.0.
Bu Qanun aşağıdakılara şamil
edilmir:
4.0.1.
torpaq fondunun özəlləşdirilməsi
(özəlləşdirilən müəssisə
və obyektlərin altında yerləşən, habelə
fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti
hesabına inşa edilən obyektlərin yerləşdiyi
dövlət torpaq sahələri istisna olmaqla);
4.0.2.
dövlət mənzil fondunun özəlləşdirilməsi;
4.0.3.
faydalı qazıntı yataqlarının özəlləşdirilməsi;
4.0.4.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
irəli gələn öhdəliklərin
yerinə yetirilməsi halları.
Maddə
5. Azərbaycan Respublikasında dövlət əmlakının
özəlləşdirilməsinin
Dövlət Proqramı
5.1.
Müəyyən dövr üçün dövlət əmlakının
özəlləşdirilməsinin həyata
keçirilməsində
öncüllüklər (prioritetlər), məhdudiyyətlər,
dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər
tərəfindən alınması qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq olunan
Dövlət Proqramında müəyyən olunur.
5.2.
Dövlət Proqramında aşağıdakılar nəzərdə
tutulur:
5.2.1.
bu Qanunun 6.1-ci maddəsinin 6.1.3 və 6.1.4 bəndlərində
göstərilən müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə özəlləşdirilən
əmlakın siyahısı;
5.2.2.
dövlət əmlakının özəlləşdirilməsi
üsullarının seçilməsi qaydası;
5.2.3.
dövlət özəlləşdirmə
paylarının (çeklərin) istifadə olunması
qaydası;
5.2.4.
özəlləşdirmə prosesində
yerli və xarici investorların (alıcıların) iştirakı qaydası;
5.2.6.
özəlləşdirilən dövlət
əmlakının haqqının ödənilməsi
qaydası;
5.2.7.
müəssisə və obyektlərin özəlləşdirməqabağı
restrukturizasiyası və sağlamlaşdırılması;
5.2.8.
özəlləşdirilən dövlət
müəssisəsində əmək kollektivinə verilən
güzəştlər;
5.2.9.
dövlət əmlakının özəlləşdirilməsi
ilə bağlı digər məsələlər.
Maddə
6. Dövlət əmlakının təsnifatı
6.1.
Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından
aşağıdakı kimi təsnifatlaşdırılır:
6.1.1.
özəlləşdirilməsi
qadağan olunan əmlak;
6.1.2.
özəlləşdirilməsi barədə
qərar qəbul edilən anadək dövlət mülkiyyətində
saxlanılan əmlak;
6.1.3.
müvafiq icra hakimiyyəti orqanının qərarı ilə
özəlləşdirilən əmlak;
6.1.4.
dövlət əmlakı satıcısının
qərarı ilə özəlləşdirilən
əmlak.
6.2.
Azərbaycan Respublikasının dövlət mülkiyyətində
saxlanılan aşağıdakı əmlak növlərinin özəlləşdirilməsi
qadağandır:
6.2.1.
yerin təki, meşə fondu, su ehtiyatları, dövlət sərhəd
zolaqları və üzərindəki daşınmaz əmlak,
hava məkanı, Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına məxsus olan sektorunun suları, geostasionar orbitlərdəki peyk rabitəsi
vasitələri;
6.2.2.
qorunan və xüsusi qaydada istifadə olunan təbiət əraziləri;
6.2.3.
Mədəniyyət haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və
mədəni irs siyahısına daxil edilmiş, həmçinin
milli mədəni və təbii irsə aid dövlət əmlakı,
o cümlədən Azərbaycan xalqının tarix və mədəniyyət
abidələri (yerli əhəmiyyətli tarix və mədəniyyət
abidələri istisna olmaqla), dövlət muzeyi, dövlət
arxivi və mərkəzi dövlət kitabxanasının
eksponatları və fondu;
6.2.4.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
əmlakı, gömrük orqanlarının operativ istifadəsində
olan əmlak;
6.2.5.
sanitar-epidemioloji, meşə idarələri , baytarlıq və
fitosanitar nəzarəti xidmətləri;
6.2.6.
patent xidməti, standartlaşdırma və
metrologiya müəssisələri;
6.2.7.
dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı
obyektləri və qurğuları;
6.2.8.
ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli,
habelə şəhər avtomobil yollarının yerləşdiyi
torpaq sahələri və dəmir yolları, körpülər
və tunellər;
6.2.9.
narkotik və zəhərli maddələr istehsal edən, habelə
onları əkən, becərən, emal edən və saxlayan
müəssisələr;
6.2.10.
toksiki və ionizə şüaları
verən maddələri, radioaktiv tullantıları basdıran
müəssisə və obyektlər;
6.2.11.
dövlət geologiya, kartoqrafiya-geodeziya hidrometeorologiya xidməti,
ətraf mühiti və təbiəti mühafizə xidməti
müəssisə və təşkilatları;
6.2.12.
mülki-müdafiə və səfərbərlik obyektləri;
6.2.13.
islah-əmək və ixtisaslaşdırılmış
müalicə-istehsalat müəssisə və obyektləri;
6.1.14.
qəbirstanlıq və krematoriyalar;
6.2.15.
ixtisaslaşdırılmış dövlət
uşaq, körpələr və qocalar evləri;
6.2.16.
dövlət təhsil müəssisələri (məktəbəqədər
təhsil müəssisələri istisna olmaqla);
6.2.17.
əhalinin sosial müdafiəsini təmin edən dövlət
müəssisə və təşkilatları;
6.2.18.
psixiatriya, psixonevroloji. yoluxucu, onkoloji və dəri-zöhrəvi
xəstəliklərin, İÇV-na yoluxmuşların və
QİÇS xəstələrin müalicə və
profilaktikası üzrə dövlət müəssisələri.
6.2.19.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin əmlakı;
6.2.20.
fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar
aparan dövlət elmi müəssisələri.
Maddə
7. Dövlət əmlakının özəlləşdirilməsi
zamanı qoyulan məhdudiyyətlər
7.1.
Dövlət təhlükəsizliyinin, vətəndaşların
sağlamlığının, mənəviyyatının,
hüquq və qanuni mənafelərinin qorunmasını təmin
etmək məqsədilə dövlət əmlakının özəlləşdirilməsində bu barədə
qərar qəbul edən müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə müəyyən məhdudiyyətlər
qoyula bilər.
7.2.
Dövlət mülkiyyətində olan müəssisələrin
(obyektlərin) özəlləşdirilməsinə
məhdudiyyətlər adi (səs hüququ olan) səhmlərin
nəzarət zərfinin (51%-nin) və məhdudlaşdırıcısı hissəsinin
(25,5%-nin) dövlət mülkiyyətində
qalması vasitəsi ilə qoyula bilər.
7.3.
Dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsi prosesində səhmlərin
nəzarət zərfinin və məhdudlaşdırıcı
hissəsinin dövlət mülkiyyətində qalması
vasitəsi ilə məhdudiyyətlər qoyulduqda dövlət
nümayəndələrinin həmin səhmdar cəmiyyətlərin
idarəemtə orqanlarında
iştirakı qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq olunmuş
normativ-hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
Maddə
8. Dövlət əmlakının satıcısı
8.1.
Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində
dövlət əmlakının satıcısı kimi
müvafiq icra hakimiyyəti orqanı çıxış
edir.
8.2.
Dövlət əmlakının satıcısı
aşağıdakı funksiyaları həyata keçirir:
8.2.1.
müəyyən olunmuş qaydada dövlət əmlakının
registrini aparır;
8.2.2.
qanunvericilikdə müəyyən edilmiş qaydaya uyğun
olaraq dövlət əmlakının özəlləşdirilməsi
üzrə komissiya yaradır;
8.2.3.
özəlləşdirməyə
açıq elan edilmiş dövlət əmlakını
satılan anadək müəyyən edilmiş qaydada idarə
edir;
8.2.4.
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) idarəetməsinə verilmiş
dövlət müəssisələri istisna olmaqla, özəlləşdirmədən qabaq müəssisələrin
restrukturizasiya və sağlamlaşdırılması
ilə bağlı təkliflər hazırlayır və bu
sahədə öz səlahiyyətləri çərçivəsində
tədbirlər həyata keçirir;
8.2.5.
özəlləşdirmə
qabağı dövlət müəssisələrinin idarəetməyə
verilməsi barədə təkliflər irəli sürür;
8.2.6.
məqsədəuyğun hallarda özəlləşdirilməsi
nəzərdə tutulan dövlət müəssisələrinin
müflis elan olunmasına dair təkliflər
irəli sürür;
8.2.7.
özəlləşdirmə prosesində
yaradılan səhmdar cəmiyyətlərinin təsisçisi
və dövlətə məxsus səhmlər zərfinin
saxlayıcısı kimi çıxış edir;
8.2.8.
bu Qanunun 11.2-ci maddəsi nəzərə alınmaqla dövlət
əmlakının özəlləşdirilməsi
nəticəsində əldə edilən pul vəsaitinin
uçotunu aparır və onun dövlət büdcəsinə
köçürülməsini təmin
edir, habelə mühasibat uçotunu aparmaqla, maliyyə və
statistik hesabatları tərtib edir;
8.2.9.
səhmdar cəmiyyətlərində (və ya müştərək
müəssisələrdə) dövlət əmlak
payının, həmçinin dövlət əmlakının
satışı zamanı alıcıların
alqı-satqı müqaviləsində
müəyyən edilmiş öhdəliklərinin
uçotunu aparır;
8.2.10.
müəssisələrin nizamnamə kapitalında dövlətə
məxsus paya və səhmlərə görə dövlət
büdcəsinə dividend köçürülməsini
təmin edən tədbirlər həyata keçirir.
8.3.
Dövlət əmlakını satıcısının
fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq olunmuş normativ hüquqi akta uyğun olaraq tənzimlənir.
Maddə
9. Dövlət əmlakının alıcıları
9.1.
Dövlət əmlakının özəlləşdirilməsi
zamanı alıcılar kimi aşağıdakılar
çıxış edir:
9.1.1.
Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər;
9.1.2.
bu Qanunun 9.2.-ci maddəsində göstərilənlərdən
başqa Azərbaycan Respublikasında dövlət
qeydiyyatına alınmış bütün hüquqi şəxslər;
9.1.3.
xarici hüquqi şəsxlər.
9.2.
Dövlət əmlakının özəlləşdirilməsi
zamanı aşağıdakılar alıcı kimi
çıxış edə bilməzlər:
9.2.1.
səhmlərin və ya nizamnamə fondundakı payın 20%-dən
çoxu dövlət mülkiyyətində olan hüquqi
şəxslər;
9.2.2.
icra hakimiyyəti orqanları;
9.2.3.
bələdiyyə orqanları.
9.3.
Yerli investorların dövlət əmlakının
özəlləşdirilməsinin
bütün forma və üsullarında məhdudiyyətsiz
iştirak etmək hüququ vardır.
9.4.
Xarici investorlar dövlət əmlakının
özəlləşdirilməsi prosesində
bu Qanunla və Azərbaycan Respublikasının digər
qanunvericilik aktları ilə müəyyən edilmiş
qaydada iştirak edə bilərlər. Dövlət özəlləşdirmə çeklərinin
tədavüldə olduğu müddətdə xarici investorlar dövlət özəlləşdirmə
çeklərindən dövlət özəlləşdirmə opsionaları
təqdim etməklə istifadə edirlər.
9.5.
Dövlət özəlləşdirmə
çekləri dövriyyədən çıxarıldıqdan
sonrakı müddətdə xarici investorların
özəlləşdirmədə
iştirakı qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
9.6.
Dövlət əmlakının özəlləşdirilməsi
zamanı alıcılıq hüququnun sübut edilməsi vəzifəsi
alıcının üzərinə düşür.
9.7.
Alıcılar tərəfindən dövlət əmlakının
özəlləşdirilməsində
iştirak etmək üçün təqdim edilməli sənədlərin
siyahısı və qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
9.8.
Dövlət əmlakının özəlləşdirilməsi
zamanı müəyyən edilmiş qaydada özəlləşdirmə
prosesinin təşkili üçün məsləhətçi
cəlb edilə bilər.
Maddə
10. Dövlət əmlakının özəlləşdirilməsində
ödəmə vasitəsi
Dövlət
əmlakının özəlləşdirilməsi
zamanı ödəmə vasitəsi Azərbaycan
Respublikasının tədiyyə vasitəsi - manat və
qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət
özəlləşdirmə payları
(çekləri) hesab olunur.
Maddə
11. Dövlət əmlakının özəlləşdirilməsi
nəticəsində əldə edilən pul vəsaitinin
istifadə olunması
11.1.
Dövlət əmlakının özəlləşdirilməsində
əldə olunan pul vəsaiti dövlət büdcəsinə
köçürülür.
11.2.
Dövlət əmlakının özəlləşdirilməsi
prosesində müstəqil maliyyə məsləhətçisinin
cəlb edilməsi, özəlləşdirmə
ilə bağlı informasiya təminatının təşkili,
müəssisələrin özəlləşdirməqabağı
sağlamlaşdırılması,
sahibkarlığa dövlət köməyinin, o cümlədən
özəlləşdirmədən sonra
müəssisələrin fəaliyyətinin dəstəklənməsi
tədbirlərinin maliyyələşdirilməsi,
dövlət əmlakının qorunub saxlanılması və
mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki
bazasının möhkəmləndirilməsi,
Azərbaycan Respublikasının mülkiyyət
hüquqlarının qorunması məqsədilə Azərbaycan
Respublikasını xarici ölkələrin müvafiq
orqanlarında, habelə məhkəmə orqanlarında təmsil
etməklə bağlı xərclərin ödənilməsi
üçün özəlləşdirməni
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının hesabına özəlləşdirmədən
əldə edilən vəsaitdən ayırmalar nəzərdə
tutulur.
11.3.
Dövlət əmlakının özəlləşdirilməsindən
əldə edilən pul vəsaitindən vergi tutulmur.
Maddə
12. Dövlət əmlakının özəlləşdirilməsi
prosesində dövlət özəlləşdirmə
çeklərinin və dövlət özəlləşdirmə
opsionlarının tədavüldən
çıxarılması
Dövlət
əmlakının özəlləşdirilməsi
prosesində ödəmə vasitəsi kimi təqdim olunan
çeklərin və xaricilərin təqdim etdikləri opsionların tədavüldən
çıxarılması qaydaları Dövlət Proqramı
ilə tənzimlənir.
Maddə
13. Özəlləşdirmədə
investisiyalara dövlət təminatı
13.1.
Dövlət əmlakının özəlləşdirilməsində
investisiyalara dövlət təminatı və investorların
hüquqlarının və qanuni mənafelərinin
qorunması Azərbaycan Respublikasının Konstitusiyasına
və Azərbaycan Respublikasının qanunlarına uyğun
olaraq həyata keçirilir.
13.2.
Xarici investorların dövlət
mülkiyyətinin özəlləşdirilməsi
prosesində bu Qanunla nəzərdə tutulmuş qaydada
aldıqları müəssisələrin, onların hissə
və səhmlərinin digər xarici və (və ya) yerli investorlara satışına məhdudiyyət
qoyulmur.
13.2.
Yerli investorların dövlət
mülkiyyətinin özəlləşdirilməsi
prosesində aldıqları müəssisələrin,
onların hissə və səhmlərinin digər yerli və
(və ya) xarici investorlara
satışına məhdudiyyət qoyulmur.
13.4.
Xarici investorlar Azərbaycan Respublikası ərazisində
əldə etdikləri xalis mənfəət hesabına opsion təqdim etmədən özəlləşdirmədə
iştirak edə bilərlər.
Maddə
14. Özəlləşdirmə prosesinə
dövlət nəzarəti
Dövlət
əmlakının özəlləşdirilməsi
prosesinə dövlət nəzarətini həyata keçirmək
məqsədilə Dövlət Komissiyası yaradılır.
Komissiyanın fəaliyyəti, onun hüquq və vəzifələri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
olunmuş normativ hüquqi aktla tənzimlənir.
II
fəsil
Dövlət
əmlakInın özəlləşdirilməsİ
qaydası və üsulları
Maddə
15. Dövlət əmlakının özəlləşdirilməsi
haqqında qərarın qəbul edilməsi
15.1.
Dövlət əmlakının özəlləşdirilməsi
haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən
qəbul edilir.
15.2.
Özələşdirmə haqqında qərarda
obyektin özəlləşdirilməsinin
məqsədəuyğunluğu əsaslandırılır
və üsulları göstərilir. Müəyyən səhm
zərfinin dövlət mülkiyyətində
saxlanılması məqsədəuyğun hesab edildiyi halda,
bu barədə həmin qərarda qeyd olunur.
15.3.
Özəlləşdirmə obyekti barədə
qərar çıxarılarkən, ölkənin müdafiəsini
və dövlətin təhlükəsizliyini
təmin etmək baxımından obyektin əhəmiyyəti,
ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri
və yerli əhəmiyyəti nəzərə alınır.
15.4.
Dövlət əmlakının özəlləşdirilməsi
barədə qərar qəbul edildikdən
sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə
komissiyası yaradılır.
15.5.
Özəlləşdirmə
komissiyası ən geci üç ay
müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını
işləyib hazırlamalıdır.
15.6.
Özəlləşdirmə
komissiyası öz işinə müstəqil ekspertləri və
auditorları cəlb edə bilər.
15.7.
Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin
(obyektin) satışı qaydası və üsulu,
satış müddəti, obyektin ilkin (start) qiyməti
göstərilir. Özəlləşdirmə
planı dövlət əmlakının satıcısı tərəfindən
təsdiq edilir.
Maddə
16. Dövlət əmlakının özəlləşdirilməsi
üsulları
16.1.
Dövlət əmlakının özəlləşdirilməsi
aşağıdakı üsullarla həyata keçirilir:
16.1.1.
özəlləşdirilən dövlət
müəssisələrinin əmlakının əmək
kollektivi üzvlərinə və onlara bərabər tutulan
şəxslərə güzəştli satışı;
16.1.2.
dövlət müəssisələrinin fərdi layihələr
üzrə özəlləşdirilməsi;
16.1.3.
dövlət əmlakının ixtisaslaşdırılmış
çek və pul hərraclarında satışı;
16.1.4.
dövlət əmlakının hərraclar vasitəsilə
satışı;
16.1.5.
dövlət əmlakının investisiya müsabiqəsi
vasitəsilə satışı;
16.1.6.
icarəyə verilmiş dövlət əmlakının
satışı;
16.1.7.
dövlət müəssisələrinin müflis elan
olunması yolu ilə satışı.
16.2.
Dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və
Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının
özəlləşdirilməsi barədə
qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə
17. Özəlləşdirilən dövlət
müəssisələrində əmək kollektivinə verilən
güzəştlər
17.1.
Özəlləşdirmə prosesində
dövlət müəssisələrində əmək
kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının
və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin
satışı üsulundan asılı olmayaraq) güzəştli
şərtlərlə almaq hüquqları vardır. Həmin
güzəştlərin verilməsi formaları və həyata
keçirilməsi qaydaları Dövlət Proqramı ilə
müəyyən olunur.
17.2.
Özəlləşdirilən dövlət
müəssisələrin səhmlərinin və ya hissələrinin
satışında güzəştlər
aşağıdakı şəxslərə aid edilir:
17.2.1.
əsas iş yeri həmin müəssisə hesab edilən
işçilər;
17.2.2.
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq, həmin müəssisədə əvvəlki iş
yerinə qayıtmaq hüququ olan şəxslər;
17.2.3.
özəlləşdirilən müəssisədə
7 (yeddi) ildən çox çalışmış və həmin
müəssisədən təqaüdə
çıxmış şəxslər;
17.2.4.
1995-ci il 1 yanvar tarixindən sonra işçilərin sayı
və ya ştatların ixtisarı nəticəsində
işdən azad olunmuş və işsiz kimi qeydiyyata
alınmış şəxslər.
Maddə
18. Dövlət müəssisələrinin fərdi layihələr
üzrə özəlləşdirilməsi
18.1.
Ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət
kəsb edən dövlət müəssisələri fərdi
layihələr üzrə özəlləşdirilir
və bu zaman həmin müəssisəyə strateji investor cəlb etmək məqsədi ilə satışa
onun səhmlərinin 51 faizi və ya daha çox hissəsi
çıxarılır.
18.2.
Fərdi layihələr üzrə dövlət müəssisələrinin
özəlləşdirilməsi
qaydaları və bu qayda üzrə özəlləşdirilən
dövlət müəssisələrinin siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə
19. Dövlət əmlakının ixtisaslaşdırılmış
çek və pul hərraclarında satışı
19.1.
Dövlət əmlakının ixtisaslaşdırılmış
çek və pul hərraclarında satışı özəlləşdirmə prosesində
yaradılmış səhmdar cəmiyyətlərin səhmlərinin
və ya səhm zərflərinin sifarişlər əsasında
alıcılara satışıdır.
19.2.
İxtisaslaşdırılmış
çek və pul hərraclarının keçirilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə
20. Dövlət əmlakının hərraclar vasitəsilə
satışı
20.1.
Dövlət əmlakının hərraclar vasitəsilə
ilə satışı həmin əmlakın hər hansı
bir şərt qoyulmadan alıcıya satışıdır.
Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın
gedişində maksimum qiymət təklif etmiş
alıcıya verilir. Dövlət əmlakının hərrac
vasitəsilə satışı baş tutmadıqda
(sifariş verilmədikdə və ya start
qiyməti ilə satılmadıqda)
növbəti hərracda dövlət əmlakının
satıcısı müəyyən olunmuş qaydada start qiymətini
aşağı sala bilər.
20.2.
Hərracın keçirilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə
21. Dövlət əmlakının investisiya müsabiqəsi
vasitəsilə satışı
21.1.
Dövlət əmlakının investisiya müsabiqəsi
vasitəsilə satışı zamanı dövlət əmlakı
barəsində investisiya proqramının yerinə yetirilməsi
tələb olunur. İnvestisiya proqramına dair iqtisadi, sosial
və ekoloji şərtlər özəlləşdirmə
barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
İnvestisiya müsabiqəsinin qalibi investisiya
proqramının şərtləri daxilində
investisiyanın maksimum həcmi və onun səmərəli
qoyuluşunu özündə əks etdirən investisiya
proqramını təqdim edən hesab olunur.
21.2.
İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə
22. İcarəyə verilmiş dövlət əmlakının
satışı
22.1.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq sonradan özəlləşdirmək
şərti ilə icarəyə verilmiş dövlət əmlakının
satın alınması Dövlət Proqramında və digər
normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya
müvafiq olaraq həyata keçirilir.
22.2.
İcarəyə verilmiş dövlət əmlakı özəlləşdirilmək məqsədi
ilə açıq tipli səhmdar cəmiyyətinə
çevrildiyi halda onun səhmləri satılmaq
üçün ilk növbədə icarədara təklif
olunur.
Maddə
23. Dövlət müəssisələrinin müflis elan
olunması yolu ilə satışı
23.1.
Dövlət müəssisəsinin hərrac vasitəsilə
satışı baş tutmadıqda, özəlləşdirmə
prosesində dövlət nəzarətini həyata keçirən
Dövlət Komissiyası dövlət müəssisəsinin
müflis elan olunması yolu ilə özəlləşdirilməsi
barədə təşəbbüs irəli sürə bilər.
23.2.
Dövlət müəssisəsinin (obyektin) özəlləşdirilməsinə
hazırlıq mərhələsində onun maliyyə-təsərrüfat
fəaliyyətinin göstəriciləri qeyri-qənaətbəxş
(müflis) hesab edildiyi halda, müvafiq icra hakimiyyəti
orqanı həmin müəssisənin qanunvericiliyə
uyğun olaraq müflis elan olunması barədə qərar qəbul
edə bilər və müəssisə ləğv oluna bilər.
Bu zaman müəssisənin əmlakı hərrac vasitəsilə
satılır. Əldə edilmiş maliyyə vəsaitinin bir
qismi kreditorların borcunun ödənilməsinə
yönəldilir.
23.3.
Dövlət müəssisələrinin müflis elan
olunması yolu ilə özəlləşdirilməsi
qaydası müvafiq normativ-hüquqi aktla tənzimlənir.
Maddə
24. Özəlləşdirilən dövlət
əmlakının qiymətləndirilməsi
Özəlləşdirilən dövlət əmlakının
qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq həyata keçirilir. Özəlləşdirmə
prosesində qiymətləndirmənin beynəlxalq
praktikada qəbul olunmuş üsullarından
da istifadə edilə bilər.
Maddə
25. Dövlət əmlakının özəlləşdirilməsi
haqqında məlumat
25.1.
Dövlət əmlakının özəlləşdirilməsi
barədə məlumat rəsmi mediada həmin əmlakın
satışının həyata keçirilməsi
gününə azı 30 gün qalmış dərc edilməlidir.
25.2.
Özəlləşdirilən dövlət
müəssisəsi (obyekti) barədə məcburi qaydada dərc
olunmalı məlumatların siyahısı Dövlət
Proqramında müəyyən edilir.
25.3.
Dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsinin nəticələri
haqqında məlumat 15 gün müddətində mediada dərc
olunmalıdır. Dövlət mülkiyyətinin
özəlləşdirilməsinin nəticələri
haqqında məlumatın məzmunu Dövlət Proqramında
müəyyən edilir.
25.4.
Dövlət əmlakının satılması, onun üzərində
əmlak hüquqlarının dəyişməsi barədə
məlumatlar qanunvericiliklə müəyyən edilmiş
üsullarla açıqlanır.
Maddə
26. Özəlləşdirilən dövlət
əmlakının haqqının ödənilməsi
Alıcı
özəlləşdirilən dövlət
əmlakının haqqını birdəfəyə
və ya özəlləşdirmə əqdində (alqı-satqı
müqaviləsində) müəyyən edilmiş müddət
ərzində ödəməlidir.
Maddə
27. Özəlləşdirilən dövlət
müəssisələrində əmək kollektivinin
hüquqlarının müdafiəsi
Özəlləşdirilmiş dövlət
müəssisəsinin (obyektinin) yeni mülkiyyətçisi və
yaxud onun müvəkkil etdiyi orqan ilə əmək kollektivi
arasında kollektiv müqavilələrin bağlanması və
əmək münasibətləri Azərbaycan
Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
Maddə
28. Dövlət əmlakının özəlləşdirilməsi
zamanı ekoloji tələblər
28.1.
Satıcı özəlləşdirmə
obyektinin ekoloji vəziyyəti haqqında alıcıya məlumat
təqdim etməlidir.
28.2.
Alqı-satqı müqavilələrində
ekoloji tələblər nəzərdə tutula bilər.
III
fəsil
Yekun
müddəalar
Maddə
29. Dövlət əmlakının özəlləşdirilməsinə
dair əqdlərin rəsmiləşdirilməsi
29.1.
Dövlət əmlakının özəlləşdirilməsi
zamanı, ixtisaslaşdırılmış
hərraclar istisna olmaqla, dövlət əmlakının
satıcısı və alıcı arasında Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna
və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi
bağlanılır.
29.2.
Bu Qanunun 29.1-ci maddəsində göstərilən alqı-satqı müqaviləsində hərracın,
müsabiqənin və yaxud satınalmanın şərtlərindən
irəli gələn öhdəliklərdən
başqa dövlət əmlakının alqı-satqı
müqaviləsinin tələbləri kimi
aşağıdakılar göstərilməlidir:
29.2.1.
özəlləşdirilən dövlət
əmlakının satıcısı və alıcısı
barədə məlumat;
29.2.2.
özəlləşdirmə obyektinin
adı, yerləşdiyi yer, torpaq sahəsi, tərkibi və dəyəri;
29.2.3.
səhmdar cəmiyyətinin səhmlərinin sayı,
onların növü və nominal dəyəri;
29.2.4.
özəlləşdirmə obyektinin dəyərinin
ödənilməsi forması və onun alıcının
mülkiyyətinə verilməsi qaydaları;
29.2.5.
tərəflərin öhdəlikləri və onların icra
müddəti;
29.2.6.
tərəflərin razılığı ilə digər
şərtlər.
29.3.
Özəlləşdirilmiş əmlak özəlləşdirmə əqdi
qüvvədə olduğu müddətdə özgəninkiləşdirildikdə
bu əqdlə müəyyən
edilmiş öhdəliklər həmin əmlakı əldə
etmiş yeni mülkiyyətçi üçün məcburidir.
29.4.
Alqı-satqı müqaviləsində
müəyyən edilmiş öhdəliklərin
yerinə yetirilməsi üzərində nəzarəti
dövlət əmlakının satıcısı həyata
keçirir.
29.5.
Özəlləşdirmə prosesində
bağlanan əqdlərin daşınmaz əmlakın
dövlət reyestrində dövlət qeydiyyatına
alınması və özəlləşdirilmiş
obyekt üzərində alıcının mülkiyyət
hüququnun rəsmiləşdirilməsi
məqsədilə dövlət əmlakının alıcılarına özəlləşdirilən
müəssisə və obyektlərə, onların, habelə
fiziki və hüquqi şəxslər tərəfindən
inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi
dövlət torpaq sahələrinin satılmasına
dair şəhadətnamə verilir.
29.6.
Özəlləşdirilmiş obyektlərin
mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi
torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən
edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə
icarəyə götürə bilər, habelə müvafiq qərar
(müqavilə) əsasında həmin torpaqdan daimi və ya
müvəqqəti istifadə edə bilər. Bu sahədə
məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin
mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o,
torpaq sahəsini satınalma hüququ olmadan icarəyə
götürə bilər.
29.7.
Alıcı ixtisaslaşdırılmış
çek və pul hərraclarında aldıqları səhmlərə
mülkiyyət hüququnu auksionların nəticələri
haqqında protokolun təsdiq etdiyi gündən əldə
edir.
Maddə
30. Özəlləşdirmə zamanı
yaranan mübahisələrin həlli
Dövlət
əmlakının özəlləşdirilməsi
ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə
müəyyən edilmiş qaydada məhkəmə
qaydasında həll edilir.
Maddə
31. Dövlət əmlakının özəlləşdirilməsinə
dair bağlanmış əqdlərin
etibarsız hesab edilməsi
31.1.
Dövlət əmlakının özəlləşdirilməsinə
dair bağlanmış əqdlərin
etibarsız hesab edilməsi üçün
aşağıdakılar əsasdır:
31.1.1.
Bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi
qaydasını müəyyən edən digər normativ
hüquqi aktların pozulması;
31.1.2.
Dövlət əmlakının bu qanuna uyğun olaraq
alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi.
31.2.
Dövlət əmlakının özəlləşdirilməsinə
dair bağlanmış əqdlər mübahisələndirilə bilər.
Maddə
32. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu
Qanunun pozulmasına görə hüquqi və
fiziki şəxslər, vəzifəli şəxslər
qanunvericiliklə müəyyən edilmiş hallarda və
qaydada məsuliyyət daşıyırlar.
Maddə
33. Keçid müddəaları
33.1.
Bu Qanun qüvvəyə mindiyi günədək qəbul
edilmiş və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən
normativ-hüquqi aktlar bu Qanuna zidd olmayan hissəsində öz
qüvvəsini saxlayır.
33.2.
Bu Qanunun qüvvəyə mindiyi gündən “Azərbaycan
Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1993-cü il, ¹ 1, maddə 11), Azərbaycan
Respublikasında 1995-1998-ci illərdə dövlət
mülkiyyətinin özəlləşdirilməsinin
Dövlət Proqramı (Azərbaycan Respublikası Ali Sovetinin
Məlumatı, 1995-ci il, ¹ 22, maddə 361, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, ¹ 11, maddə
645) qüvvədən düşmüş hesab edilsin.
Heydər
Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 16 may 2000-ci il
¹
878-IQ
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 31
avqust, ¹ 8. – S. 3072-3083.