"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Yardım Göstərilməsinin Asanlaşdırılmasına dair Əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Yardım Göstərilməsinin Asanlaşdırılmasına dair Əməkdaşlıq haqqında" 2000-ci il mayın 11-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər Əliyev

 

 

Bakı şəhəri, 18 iyul 2000-ci il

              ¹ 915-IQ

 

 

 

 

Azərbaycan Respublikası Hökuməti və arasında Amerika Birləşmiş Ştatları Hökuməti yardım göstərilməsinin asanlaşdırılmasına dair əməkdaşlıq haqqında

 

 

SAZİŞ

 

 

 

Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti (bundan sonra -«Tərəflər»):

 

 Azərbaycan xalqının mənafeyi üçün humanitar və texniki-iqtisadi yardım təminatını asanlaşdırmaq üçün əməkdaşlığa dair Azərbaycan Respublikası Hökumətini və Amerika Birləşmiş Ştatları Hökumətinin maraqlarını nəzərə alaraq və

 

 bu yardımın səmərəliliyini təmin etmək üçün müəyyən praktiki tədbirlərin həyata keçirilməsinin zəruriliyini nəzərə alaraq;

 

 aşağıdakılar barədə razılığa gəldilər:

 

 

Maddə I

 

Azadolma və toxunulmazlıqlar

 

 

 (A) Birləşmiş Ştatların yardım proqramları ilə əlaqədar əldə edilmiş, yaxud istifadə olunan mallar, ləvazimatlar, avadanlıqlar, materiallar, texnika, ixtisaslaşdırma kursları, xidmətlər və digər əmlaklar, o cümlədən pul vəsaitləri ölkəyə idxal, yaxud ölkədən ixrac olunarkən, həmçinin ölkə daxilində alınarkən və istifadə edilərkən hər cür əlavə dəyər vergisindən, əmlak vergisindən tariflərdən, gömrük rüsumlarından, idxal vergisindən və Azərbaycan Respublikası Hökuməti və onun aidiyyəti olan orqan və təşkilatları tərəfindən təyin edilmiş digər bu kimi vergi və haqqlardan azad olunurlar.

 

 (B) Birləşmiş Ştatların yardım proqramlarını həyata keçirmək üçün məsuliyyət daşıyan hər hansı təşkilat, o cümlədən Amerika Birləşmiş Ştatları Hökumətinin hər hansı təşkilati və Azərbaycanın vətəndaşı, yaxud adi rezidenti olmayan hər hansı şəxs və bu kimi təşkilatın Azərbaycanın vətəndaşı və yaxud adi rezidenti olmayan personalı və ya məişət xidmətləri göstərən podratçıları aşağıdakılardan azad edilirlər:

 

 (1) Birləşmiş Ştatların yardım proqramlarının həyata keçirilməsi ilə əlaqədar əldə edilən gəlir üzrə Azərbaycan Respublikası Hökuməti və onun aidiyyəti olan orqan və təşkilatları tərəfindən təyin edilmiş gəlir vergisi, sosial təminat vergisi və ya digər vergilərdən və

 

 (2) Ölkəyə idxal və ölkədən ixrac olunan və ya ölkə daxilində istifadə edilən və personalın və ya onların ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulmuş əşya və yaşayış ləvazimatlarına aid hər hansı əlavə dəyər vergisi, əmlak vergisi, tariflər, haqqlar, gömrük rüsumları, idxal vergisi və bu kimi digər vergilər və haqqların ödənişindən.

 

 (C) Bu Sazişlə ödənişdən azad olan, lakin ödənilmiş olan hər hansı əlavə dəyər vergisi, əmlak vergisi, tariflər, haqqlar, gömrük rüsumları, idxal vergisi və başqa bu kimi vergi və haqqlar bu saziş qüvvəyə mindikdən sonra ona əsasən vergilərdən azad olan təşkilat və ya şəxsə vaxtlı-vaxtında həmin təşkilatın və ya şəxsin yazılı müraciəti əsasında geri qaytarılır.

 

 (D) Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı yardım proqramları ilə əlaqədar Amerika Birləşmiş Ştatları Hökuməti tərəfindən və ya ABŞ Hökuməti üçün istifadə olunan təyyarə və gəmilərin gəlişi və onların hərəkəti Azərbaycan Respublikası Hökuməti və onun aidiyyəti olan orqan və təşkilatları tərəfindən təyin edilmiş enmə haqqı, naviqasiya və liman rüsumları, vergilər və bu kimi başqa xərclərdən azad olunurlar.

 

 (E) Azərbaycan Respublikası Hökuməti Azərbaycan Respublikasında Amerika Birləşmiş Ştatları Hökuməti və onun personalına, podratçıları və podratçıların personalına bu saziş əsasında nəzərdə tutulan fəaliyyətlə bağlı müqavilə ilə əlaqədar olan iddialardan fərqli olan hüquqi icraat və iddialara münasibətdə və Azərbaycan Respublikasında hər hansı şəxsə dəyən zərərə və ya ölüm və ya xəsarətlə əlaqədar təminat verir. Bu maddənin müddəaları iştirakçı dövlətlərin öz milli qanunvericiliklərinə müvafiq olaraq kompensasiyaları ödəməkdən azad etmir.

 

 

Maddə II

 

Personalın statusu

 

 Birləşmiş Ştatların yardım proqramı ilə əlaqədar Azərbaycanda olan Amerika Birləşmiş Ştatları Hökumətinin mülki və hərbi personalı üçün 1961-ci il 18 aprel tarixli «Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası» əsasında icraçı və texniki personal üçün nəzərdə tutulmuş statusa uyğun status müəyyən edilir. Bu Sazişdəki şərtlər heç bir vəchlə digər sazişlər əsasında bu kimi personala verilən xüsusi imtiyaz və toxunulmazlıq hüquqlarını azaldan kimi təfsir edilə bilməz.

 

 

 

Maddə III

 

Yoxlama və audit

 

 

 Amerika Birləşmiş Ştatları Hökumətinin nümayəndələri əsaslandırılmış müraciət əsasında, Birləşmiş Ştatların yardım proqramları ilə əlaqədar verilmiş və ya istifadə olunan hər bir mal, avadanlıq, ləvazimat, material, texnikanın, ixtisaslaşdırma kurslarının, xidmətlərin və ya digər əmlakların, pul vəsaitləri də daxil olmaqla, necə istifadə olunması və istifadə olunan yeri üzrə yoxlama apara bilər; və Amerika Birləşmiş Ştatlarının Azərbaycana yardım göstərdiyi müddətdə və həmin müddətdən sonrakı üç il ərzində bu yardımla əlaqədar edilmiş hər hansı hesabat və digər sənədləri onların harada olmasından asılı olmayaraq yoxlaya və ya auditini apara bilər.

 

 

Maddə IV

 

Yardımın istifadəsi

 

 Amerika Birləşmiş Ştatlarının yardım proqramları ilə əlaqədar verilmiş və ya istifadə edilən hər hansı mal, avadanlıq, ləvazimat, material, texnika, ixtisaslaşdırma kursları, xidmətlər və ya əmlaklar, pul vəsaitləri də daxil olmaqla, yalnız Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında razılaşdırılmış məqsədlər üçün istifadə olunacaq. Əgər bu mallar, avadanlıqlar, ləvazimatlar, materiallar, texnika, ixtisaslaşdırma kursları, xidmətlər və ya əmlak, pul vəsaiti də daxil olmaqla, belə proqramlar üçün razılaşdırılmış məqsədlər üçün deyil, digər məqsədlər üçün istifadə olunarsa və Amerika Birləşmiş Ştatlarının Hökuməti müəyyən edərsə ki, Azərbaycan Respublikası Hökuməti müvafiq addımlar atmaqla bunun qarşısını ala bilərdi, onda Azərbaycan Respublikası Hökuməti edilən müraciət əsasında bu mallara, avadanlıqlara, ləvazimatlara, materiallara, texnikaya, ixtisaslaşdırma kurslarına, xidmətlərə və ya əmlaka, pul vəsaitləri də daxil olmaqla, sərf edilmiş məbləği ABŞ dolları ilə Amerika Birləşmiş Ştatları Hökumətinə ödəyəcəkdir və Amerika Birləşmiş Ştatları Hökuməti öz qərarı ilə bu məbləği Azərbaycana göstərilən yardımla əlaqədar digər xərcləri ödəmək üçün istifadə edə bilər.

 

 

Maddə V

 

Digər Sazişlər

 

 Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti qəbul edirlər ki, Birləşmiş Ştatların konkret yardım fəaliyyəti ilə əlaqədar əlavə tədbirlər və ya sazişlər lazım ola və ya arzu oluna bilər. Bu Saziş və gələcəkdə hər hansı bu kimi yazılı sazişlər arasında uyğunsuzluq olarsa, həmin sonrakı yazılı sazişlərin müddəaları üstünlük təşkil edəcəkdir.

 

 

Maddə VI

 

Qüvvəyə minmə

 

 Bu Saziş Tərəflər arasında imzalandığı tarixdən müvəqqəti olaraq tətbiq olunur və Tərəflər arasında bu Sazişin qüvvəyə minməsi üçün tələb olunan müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiqləyən diplomatik notaların mübadiləsi tarixindən qüvvəyə minəcəkdir.

 

 Hər bir tərəf 90 (doxsan) gün əvvəl yazılı şəkildə digər tərəfi məlumatlandırmaq şərti ilə bu Sazişi ləğv edə bilər. Belə halda bu Sazişin müddəaları onun ləğv edildiyi günə qədər həyata keçirilmiş yardıma aid olunmaqda davam edəcəkdir.

 

 Bakı şəhərində, 2000-ci il mayın 11-də, Azərbaycan və ingilis dillərində olmaqla iki nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.

 

 

 

 Azərbaycan Respublikası                                                                                      Amerika Birləşmiş Ştatları

 

      Hökuməti adından                                                                                                      Hökuməti adından

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. –  31 avqust, ¹ 8. –  S. 3846-3849.