Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilənin təsdiq edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında 2000-ci il martın 16-da Bakı şəhərində  imzalanmış Müqavilə təsdiq edilsin.

 

 II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

 Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

 

 

 Bakı şəhəri, 18 iyul 2000-ci il

 

              ¹ 917-IQ

 

 

 

 

 

Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında

 

Müqavilə

 

 

 

 Bundan sonra «Razılığa gələn Tərəflər» adlanan, Azərbaycan Respublikası və Ukrayna,

 

 BMT Nizamnaməsinin, Helsinki Yekun aktının, Yeni Avropa üçün Paris Xartiyasının və Avropada əməkdaşlıq məsələləri üzrə digər sənədlərin prinsiplərinə sadiq olduqlarını təsdiq edərək,

 

 strateji əməkdaşlığın, qarşılıqlı siyasi anlaşmanın və iqtisadi, humanitar, ticarət, mədəni və digər sahələrdə əməkdaşlığın inkişafının əldə edilmiş səviyyəsinə əsaslanaraq,

 

 iki xalq arasında olan ənənəvi dostluq əlaqələrinin strateji tərəfdaşlıq üçün zəruri şərait yaradacağına əmin olaraq,

 

 dostluq və mehriban qonşuluq münasibətlərinin sonrakı inkişafının və möhkəmləndirilməsinin hər iki dövlətin xalqlarının əsas maraqlarına cavab verdiyini dərk edərək,

 

 hamı tərəfindən qəbul edilmiş insan hüquqları standartları, bazar iqtisadiyyatı prinsipləri və hüququn aliliyi əsasında demokratik hüquqi dövlətin yaradılmasına səy göstərərək,

 

 demokratiya, azadlıq və hüquqi dövlət kimi ümumi dəyərlər əsasında yeni Avropanın qurulmasına öz töhfələrini verməyə səy göstərərək,

 

 həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə bir-birinin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının möhkəmləndirilməsində qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edərək,

 

 aşağıdakılar barədə razılığa gəldilər:

 

 

 

Maddə 1

 

 

 Razılığa gələn Tərəflər öz münasibətlərini XXI əsrə yönəlmiş strateji tərəfdaşlıq əsasında dost dövlətlər kimi inkişaf etdirəcəklər.

 

 Razılığa gələn Tərəflər onların suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət edilməsi, hüquq bərabərliyi və bir-birinin daxili işlərinə qarışmamaq, iqtisadi və digər təzyiq vasitələri də daxil olmaqla zor işlətməmək və zor işlədəcəyi ilə hədələməmək, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, mübahisələrin dinc yolla həll edilməsi, insan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsi, qəbul edilmiş öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsiplərinə, habelə beynəlxalq hüququn digər hamı tərəfindən tanınmış prinsiplərinə əməl edilməsini öhdələrinə götürürlər.

 

 

 

Maddə 2

 

 

 Razılığa gələn Tərəflər qarşılıqlı faydalı əməkdaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə kömək edəcəklər.

 

 

 

Maddə 3

 

 Razılığa gələn Tərəflər, regional təhlükəsizliyin və etimadın möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verərək beynəlxalq sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə səylər göstərəcəklər.

 

 Razılığa gələn Tərəflər, beynəlxalq, regional və subregional təşkilatlar və strukturlar çərçivəsində sıx əməkdaşlıq edəcəklər, habelə müxtəlif səviyyələrdə məsləhətləşmələr mexanizmindən istifadə edəcək və müvafiq informasiya mübadiləsi edəcəklər.

 

 Razılığa gələn Tərəflər, hər iki ölkənin Avropa strukturlarına inteqrasiyası prosesinə, habelə Avroatlantika strukturları ilə əməkdaşlığın dərinləşməsinə qarşılıqlı dəstək verəcəklər.

 

 

Maddə 4

 

 

 Razılığa gələn Tərəflər beynəlxalq hüquq normalarına uyğun olaraq suverenliklərinin, ərazi bütövlüklərinin, sərhədlərinin toxunulmazlığının möhkəmləndirilməsinə yönəlmiş səylərində həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlıq edəcək və bir-birinə dəstək verəcəklər.

 

 

 

Maddə 5

 

 

 Sülhə təhlükə yaradan, sülhün pozulmasına gətirən və ya Razılığa gələn Tərəflərdən birinin təhlükəsizliyinin həyati mənafeyini pozan şərait yarandığı təqdirdə, Razılığa gələn Tərəflərdən hər biri, digər Razılığa gələn Tərəfə təxirəsalınmadan məsləhətləşmələr keçirilməsi barədə xahiş ilə müraciət edə bilər.

 

 Razılığa gələn Tərəflər, bu cür şəraitin aradan qaldırılması üçün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə müvafiq tədbirlərin razılaşdırımasına səy göstərəcəklər.

 

 

 

Maddə 6

 

 

 Razılığa gələn Tərəflər, öz ərazilərində digər Razılığa gələn Tərəfin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təhlükə yaradan təşkilatların və qrupların yaradılmasını və fəaliyyətini qadağan edir və qarşısını alırlar.

 

 

 

Maddə 7

 

 

 Razılığa gələn Tərəflər öz ərazilərindən digər Razılığa gələn Tərəfə qarşı təcavüz aktlarının və digər zorakı hərəkətlərin həyata keçirilməsi üçün istifadə edilməsinə yol verməməyi öhdələrinə götürürlər.

 

 

 

Maddə 8

 

 

 Razılığa gələn Tərəflər GUÖAM məşvərət forumu çərçivəsində tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin zəruriliyini qeyd edirlər və bu daimi məsləhətləşmə və qarşılıqlı fəaliyyət mexanizminin təkmilləşdirilməsi və möhkəmləndirilməsi niyyətlərini bildirirlər.

 

 

 

Maddə 9

 

 

 Razılığa gələn Tərəflər sənaye, energetika, neftin və qazın, təbii ehtiyatların hasilatı və nəqli, ətraf mühitin mühafizəsi, əmək və sosial siyasət, nəqliyyat, kommunikasiya sahəsində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün səy göstərəcəklər.

 

 Razılığa gələn Tərəflər, bir-birinə ticarət-iqtisadi, maliyyə-kredit və gömrük sahəsində ən əlverişli rejim yaradırlar və tezliklə azad ticarət zonasının yaradılmasına səy göstərəcəklər.

 

 

 

Maddə 10

 

 

 Razılığa gələn Tərəflərin dövlət müəssisələrinin və özəl təsərrüfatın digər subyektləri olan müəssisələrin əməkdaşlıqlarının inkişafına kömək göstərəcəklər. Tərəflər hər iki ölkənin hüquqi və fiziki şəxslərinin sərmayələrinin təşviqi üçün müvafiq tədbirlər görəcəklər.

 

 

 

Maddə 11

 

 

 Razılığa gələn Tərəflərin hər biri digər Razılığa gələn Tərəfin sərnişinlərinin və yüklərinin öz ərazilərində yerləşən dəniz, çay, hava limanlarından, dəmir və avtomobil yolları şəbəkələrindən maneəsiz keçməsinə kömək göstərəcək. Razılığa gələn Tərəflər ikitərəfli qaydada hər iki Razılığa gələn Tərəfin iştirakçısı olduğu qüvvədə olan beynəlxalq müqavilələrə, habelə Razılığa gələn Tərəflərin qanunvericiklərinə uyğun olaraq tranzit-nəqliyyat kommunikasiyaları və nəqliyyatın digər sahələri ilə bağlı olan infrastrukturların inkişafında və təkmilləşdirilməsində əməkdaşlıq edəcəklər.

 

 

 

Maddə 12

 

 

 Razılığa gələn Tərəflər ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq, habelə pul-kredit və qiymət siyasəti məsələləri üzrə informasiya mübadiləsi edəcək və ayrıca sazişlər bağlayacaqlar.

 

 

 

Maddə 13

 

 

 Razılığa gələn Tərəflər ölkələrinin iqtisadiyyatının inkişafında sərmayələrin mühüm rolunu dərk edərək, kapital qoyuluşu və texnologiya mübadiləsi üçün əlverişli şərait yaradırlar.

 

 

 

Maddə 14

 

 

 Razılığa gələn Tərəflər kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlığa xüsusi yer verərək, onun inkişafı məqsədilə bu sahədə ayrıca sazişlər bağlayırlar.

 

 

 

Maddə 15

 

 

 Razılığa gələn Tərəflər tarixi və mədəni irsin qorunub saxlanılmasına hərtərəfli kömək göstərəcəklər və mədəniyyət, təhsil, ədəbiyyat, incəsənət, səhiyyə, nəşriyyat işi, kino, radio, televiziya, turizm və idman sahəsində birbaşa əlaqələri inkişaf etdirəcəklər.

 

 

 

Maddə 16

 

 

 Razılığa gələn Tərəflər digər Razılığa gələn Tərəfin dilindən, tarixi və mədəni irsindən, ədəbiyyatından tam istifadə üçün şərait yaratmağa hazır olduqlarını təsdiq edirlər.

 

 Razılığa gələn Tərəflər elmi tədqiqat və təhsil müəssisələrində dilin, tarixin və mədəniyyətin öyrənilməsi imkanlarının genişləndirilməsinə tərəfdardırlar. Razılığa gələn Tərəflər pedaqoqların mübadiləsi, pedaqoji kadrların hazırlanması və onların peşəkar təkmilləşdirilməsi sahəsində, habelə elmi təqaüdlərin verilməsində əməkdaşlıq edəcəklər.

 

 

 

Maddə 17

 

 

 Razılığa gələn Tərəflər elmi tədqiqat institutları arasında birbaşa əlaqələri həvəsləndirərək, xüsusilə də qabaqcıl texnologiya sahəsində birgə proqramların və işlərin həyata keçirilməsi məqsədilə elm və texnika sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər.

 

 Razılığa gələn Tərəflər kadrların hazırlanmasında qarşılıqlı fəaliyyət göstərəcəklər, habelə alimlərin, stajçıların və təcrübə keçənlərin mübadiləsini həvəsləndirəcəklər və təhsil və elmi dərəcələr haqqında diplomların tanınması haqqında saziş bağlayacaqlar.

 

 

 

Maddə 18

 

 

 Razılığa gələn Tərəflər vətəndaşlar arasında əlaqələrin inkişafı, ictimai təşkilatların, siyasi partiyaların, həmkarlar ittifaqlarının, dini və idman təşkilatlarının, fondların və digər ictimai təşkilatların və ittifaqların əməkdaşlığı üçün şərait yaradacaqlar.

 

 

 

Maddə 19

 

 

 Razılığa gələn Tərəflər parlamentlərarası əməkdaşlığın inkişafına hərtərəfli yardım edəcəklər.

 

 

 

Maddə 20

 

 

 Razılığa gələn Tərəflər insan hüquqları sahəsində hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən və öz qanunvericiliklərinə uyğun olaraq ərazilərində olan digər Razılığa gələn Tərəfin vətəndaşlarının hüquq və əsas azadlıqlarının təmin olunmasına və qorunmasına təminat verirlər.

 

 Razılığa gələn Tərəflər digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində daimi yaşayan və müvəqqəti olan vətəndaşlarının hüquqlarının təminatı üçün zəruri olan, qarşılıqlı maraq kəsb edən saziş bağlayırlar.

 

 

 

Maddə 21

 

 

 Razılığa gələn Tərəflər mütəşəkkil və beynəlxalq cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, terrorizm, nəqliyyat istismarının təhlükəsizliyini pozan qanunsuz hərəkətlər, ölkədən mədəni sərvətlərin qanunsuz daşınması, qaçaqmalçılıq və qeyri-qanuni miqrasiya ilə mübarizədə fəal əməkdaşlıq edəcəklər.

 

 

 

Maddə 22

 

 

 Razılığa gələn Tərəflər hər birinin təhlükəsizliyinin möhkəmləndirilməsi marağından çıxış edərək aralarında bağlanılmış sazişlərə uyğun olaraq əməkdaşlığı inkişaf etdirəcəklər.

 

 Razılığa gələn Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirəcəklər və bu məqsədlə hər iki ölkənin hərbi idarələri arasında əlaqələrin və mübadilələrin həyata keçirilməsinə kömək göstərəcəklər.

 

 

 

Maddə 23

 

 

 Bu müqavilə Razılığa gələn Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

 

 

Maddə 24

 

 

 Bu Müqavilənin təfsirinə və yerinə yetirilməsinə aid olan mübahisələr Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunmalıdır.

 

 

 

Maddə 25

 

 

 Bu Müqavilə, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq bu təşkilatın Katibliyində qeydiyyata alınacaqdır.

 

 

 

Maddə 26

 

 

 Bu Müqavilə ratifikasiya olunmalıdır və ratifikasiya fərmanlarının mübadilə edildiyi gündən qüvvəyə minir.

 

 

 

Maddə 27

 

 

 Bu Müqavilə beş il müddətinə bağlanılır. Əgər Razılığa gələn Tərəflərdən biri beş illik müddətin qurtarmasına ən azı altı ay qalmış digər Razılığa gələn Tərəfi yazılı bildiriş yolu ilə, onu ləğv etmək niyyəti haqqında xəbərdar etməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaqdır.

 

 Bakı şəhərində  2000-ci il martın 16-da hər biri iki nüsxədə olmaqla, Azərbaycan və Ukrayna dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

 

 

 

 Azərbaycan Respublikası                                                                            Ukrayna adından

              adından

 

 

 

      Heydər ƏLİYEV,                                                                                   Leonİd KUÇMA,

Azərbaycan Respublikası                                                                           Ukrayna Prezidenti

            Prezidenti

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. –  31 avqust, ¹ 8. –  S. 3853-3858.