Azərbaycan Respublikasının
Dövlət Neft Fondu haqqında Əsasnamənin təsdiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan Respublikasında neft və qazın kəşfiyyatı
və işlənilməsi sahəsində bağlanmış
sazişlərin həyata keçirilməsindən əldə
edilən gəlirlərin yığılmasını və səmərəli
idarə olunmasını təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Neft
Fondu haqqında Əsasnamə təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan Respublikasının Dövlət Neft
Şirkəti 2001-ci il yanvarın 5-dək Dövlət Neft
Fonduna daxil olmuş vəsaitin Azərbaycan
Respublikasının Milli Bankında xüsusi hesaba
köçürülməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Milli Bankı Fondun
vəsaitinin yüksək reytinqli, beynəlxalq aləmdə
nüfuz qazanmış banklarda saxlanılmasına dair təkliflərini
15 gün müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
5. Bu Fərman dərc olunduğu gündən qüvvəyə
minir.
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il
tarixli, 434 nömrəli Fərmanı ilə TƏSDİQ
edİlmİşdİr
Azərbaycan Respublikasının Dövlət Neft Fondu
haqqında ƏSASNAMƏ
1. Ümumİ müddəalar
1.1. Azərbaycan Respublikasının Dövlət Neft
Fondu (bundan sonra - Fond) neft və qazın kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsünə
dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
ilə (və ya müvafiq Səlahiyyətli Dövlət
Orqanı ilə) sərmayəçilər arasında
bağlanmış sazişlərin həyata keçirilməsindən,
habelə Azərbaycan Respublikasında, o cümlədən Xəzər
dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının kəşfiyyatı
və işlənməsinə dair digər
bağlanmış sazişlərin həyata keçirilməsindən
Azərbaycan Respublikasının əldə etdiyi vəsaitin səmərəli
idarə olunması məqsədi ilə “Azərbaycan
Respublikası Dövlət Neft Fondunun yaradılması
haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29
dekabr tarixli, 240 nömrəli Fərmanına uyğun olaraq
yaradılmışdır.
1.2. Fond Azərbaycan Respublikası Prezidenti
qarşısında hesabat verir və məsuliyyət
daşıyır.
1.3. Fond büdcədənkənar dövlət təsisatıdır,
hüquqi şəxsdir, bank təşkilatlarında
hesablaşma və digər hesablara, üzərində Azərbaycan
Respublikasının Dövlət Gerbinin əksi və öz
adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir.
1.4. Fondun vəsaitinin formalaşması və xərclənməsi
üzərində ümumi nəzarət Müşahidə
Şurası tərəfindən həyata keçirilir.
1.5. Fond öz fəaliyyətini həyata keçirmək
üçün Azərbaycan Respublikasının dövlət
hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərlə,
habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq
edir.
1.6. Azərbaycan Respublikası Prezidentinin fərmanları
və bu Əsasnamə ilə Fonda verilmiş hüquqlar və
vəzifələr istisna olmaqla:
a) Fond Azərbaycan Respublikasının Hökuməti,
digər dövlət hakimiyyəti orqanları, o cümlədən
nazirliklər, dövlət komitələri, dövlət təsisatları,
müəssisələri və təşkilatları, maliyyə
institutlarına münasibətdə və onların
qarşısında, habelə Azərbaycan Respublikasının
və digər ölkə və yurisdiksiyaların hər
hansı sosial fondları, ictimai və digər qeyri-hökumət
təşkilatlarına münasibətdə və onların
qarşısında heç bir hüquqa, vəzifəyə
malik deyildir və heç bir öhdəlik daşımır;
b) Fond Azərbaycan Respublikası Hökuməti, digər
dövlət hakimiyyəti orqanları, dövlət müəssisələri,
təsisatları və təşkilatlarının öhdəlik
və ya təminatları ilə bağlı heç bir məsuliyyət
daşımır.
1.7. Fond öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını,
habelə bu Əsasnaməni rəhbər tutur.
1.8. Fond Bakı şəhərində yerləşir.
2. Fondun əsas vəzİfələrİ
Fondun əsas vəzifəsi Azərbaycan Respublikası
vətəndaşlarının bugünkü və gələcək
nəsillərinin mənafeyi naminə neft və qaz
ehtiyatlarının kəşfiyyatı və işlənməsi
sahəsində bağlanmış sazişlərin həyata
keçirilməsindən və Fondun öz fəaliyyətindən
əldə olunan valyuta və digər vəsaitin
yığılmasını və səmərəli idarə
olunmasını təmin etməkdir.
3. Fondun formalaşması mənbələrİ[1]
3.1. Fondun vəsaiti aşağıdakı mənbələr
hesabına formalaşır:
3.1.1. Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti və ya səlahiyyətli dövlət
orqanı ilə sərmayəçilər arasında
bağlanmış Azərbaycan Respublikasında, o cümlədən
Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsində neftin və
qazın kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsünə dair sazişlərin,
habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı,
işlənməsi və nəqlinə dair digər sazişlərin
həyata keçirilməsindən əldə edilən
aşağıdakı gəlirlər:
3.1.1.1. Azərbaycan Respublikasının payına
düşən karbohidrogenlərin satışından əldə
edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi
üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi,
müstəqil nəzarət (sörveyer), marketinq və
sığorta xərcləri çıxılmaq şərti
ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin sərmayəçisi, payçısı və
ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə
və ya iştirak payına düşən gəlirlər
istisna olmaqla);
3.1.1.2. neft-qaz sazişlərinin imzalanması və ya
icrası ilə bağlı Azərbaycan Respublikasının
Dövlət Neft Şirkətinə və ya səlahiyyətli
dövlət orqanına sərmayəçilər tərəfindən
ödənilən bonuslar (mükafatlar);
3.1.1.3. karbohidrogen ehtiyatlarının işlənməsi
ilə əlaqədar sərmayəçilər tərəfindən
müqavilə sahəsindən istifadə üçün Azərbaycan
Respublikasının Dövlət Neft Şirkətinə və
ya səlahiyyətli dövlət orqanına ödənilən
akrhesabı ödənişlər;
3.1.1.4. neft-qaz layihələrinin həyata keçirilməsi
ilə bağlı Azərbaycan Respublikasının payına
düşən dividendlər və mənfəətin
bölüşdürülməsindən əldə edilən
gəlirlər (Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin sərmayəçisi, payçısı və
ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə
və ya iştirak payına düşən gəlirlər
istisna olmaqla);
3.1.1.5. neftin və qazın Azərbaycan
Respublikasının ərazisi ilə Bakı-Supsa,
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri
vasitəsi ilə ötürülməsindən əldə
edilən gəlirlər (Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin sərmayəçisi,
payçısı və ya tərəfdaşı olduğu
layihələrdə onun sərmayəsinə və ya
iştirak payına düşən gəlirlər istisna
olmaqla);[2]
3.1.1.6. neft-qaz sazişləri çərçivəsində
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə
və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər
tərəfindən verilən aktivlərdən əldə
edilən gəlirlər;[3]
3.1.2. Neft Fondu tərəfindən Fondun vəsaitinin
(aktivlərinin) (o cümlədən, maliyyə aktivlərinin
və neft-qaz sazişləri çərçivəsində
sərmayəçilərin verdiyi aktivlərinin) yerləşdirilməsindən,
idarə olunmasından, satışından və ya digər təqdim
edilməsindən və yaxud satışdankənar əldə
edilən gəlirlər, aktivlərinin balans valyutasında (Azərbaycan
manatı) yenidən qiymətləndirilməsindən
alınan gəlirlər və sair;[4]
3.1.3. qrantlar və digər təmənnasız
yardımlar;
3.1.4. qanunvericiliyə uyğun olaraq digər gəlirlər
və daxilolmalar.
3.2. Fondun idarə olunan vəsaiti investisiya reytinqi
banklarda və aktivlərdə yerləşdirilir.[5]
3.3. Fondun vəsaitinin uçotu və istifadə edilməsi
haqqında hesabatın tərtib edilməsi və
aparılması qaydaları Fondun Müşahidə
Şurası tərəfindən müəyyən edilir.
4. Fondun vəsaİtİnİn İstİfadə
olunması
4.1. Fondun vəsaitinin istifadəsi Azərbaycan
Respublikası Prezidentinin sərəncamları ilə hər
il üçün təsdiq edilmiş əsas istiqamətlərə
(proqrama) uyğun olaraq həyata keçirilir; [6]
4.2. Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi
naminə ən mühüm ümummilli problemlərin həllinə
və strateji əhəmiyyətli infrastruktur obyektlərinin
inşa və rekonstruksiya edilməsinə istifadə oluna bilər.
4.3. Hər il Fondun vəsaitinin istifadə edilməsinin
təsdiq olunmuş istiqamətləri haqqında məlumat və
eləcə də onun faktiki istifadəsi barədə illik
hesabat mətbuatda dərc edilir.
4.4. Fondun vəsaiti dövlət hakimiyyəti
orqanlarına, dövlət və qeyri-dövlət müəssisələrinə
(təşkilatlarına) kredit (borc) verilməsinə, eləcə
də Azərbaycan Respublikasının yurisdiksiyasında olan hər
hansı bir subyektin borcunun (öhdəliyinin, təminatının)
və yaxud digər yüklənməsinin girovu qismində
istifadə oluna bilməz.
4.5. Fondun gəlirləri vergi, rüsum və digər
ödənişlərdən qanunvericiliyə müvafiq olaraq
azaddır.
4.6. Fondun vəsaitindən təyinatı üzrə
istifadə edilməməsinə görə vəzifəli
şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq məsuliyyət daşıyırlar.[7]
5. Fondun İdarə edİlməsİ
5.1. Fondun fəaliyyətinə operativ rəhbərliyi
icraçı direktor həyata keçirilir.
5.2. İcraçı direktor Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə
təyin edilir və vəzifədən azad edilir.
İcraçı direktorun Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin və
vəzifədən azad edilən iki müavini vardır.
İcraçı direktorun müavinləri İcraçı
direktorun həvalə etdiyi vəzifələri yerinə
yetirir və bunun üçün şəxsən məsuliyyət
daşıyırlar.[8]
5.3. Fondun icraçı direktoru:
Fondun cari işini təşkil edir və ona rəhbərlik
edir;
Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə
(proqramına) dair təkliflər hazırlayır və onu
Müşahidə Şurasının rəyi ilə birlikdə
təsdiq olunmaq üçün Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir;
Fondun fəaliyyəti barədə illik hesabatı
hazırlayır və onu Müşahidə
Şurasının rəyi ilə birlikdə Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir;
Fondun idarə edilməsi ilə bağlı (o cümlədən
aparatın saxlanılması üçün) xərclər
smetasının layihəsini hazırlayır və təsdiq
olunmaq üçün Azərbaycan Respublikasının
Prezidentinə təqdim edir;
Azərbaycan Respublikası Prezidentinin
tapşırıqlarına əsasən zəruri
materialların hazırlanmasını təmin edir;
Fondun aparatının işçilərini
qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə
təyin edir və vəzifədən azad edir, onlara münasibətdə
həvəsləndirmə və tənbeh tədbirləri tətbiq
edir;
Fondun illik maliyyə hesabatlarını auditor rəyi
ilə birlikdə hesabat dövrü başa çatdıqdan
sonra növbəti il iyun ayının 30-dan gec olmayaraq Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir, habelə
internet səhifəsində və dövri mətbu nəşrdə
dərc etdirir;[9]
Fondun illik fəaliyyətinin nəticələrini əks
etdirən auditor rəyini mətbuatda dərc etdirir;
Fondun fəaliyyəti ilə bağlı analitik
arayışlar hazırlayır, onları Azərbaycan
Respublikası Prezidentinə və Müşahidə
Şurasına təqdim edir;
Fondun aparatının işçilərinin (Fondun
İcraçı direktoru istisna olmaqla) vəzifələrin təsnifat
və dərəcələri üzrə vəzifə
maaşlarının məbləğlərini təsdiq etmək
üçün Müşahidə Şurasına təqdim
edir;[10]
Azərbaycan Respublikasının qanunvericiliyinə və
bu Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri
həyata keçirir.
5.4. Fondun fəaliyyətinə ümumi nəzarət
təmin etmək məqsədi ilə müvafiq dövlət
orqanlarının və ictimai təşkilatların nümayəndələrindən,
habelə digər şəxslərdən ibarət
Müşahidə Şurası formalaşdırılır.
5.5. Müşahidə Şurasının üzvləri
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təsdiq olunur.
5.6. Müşahidə Şurası icraçı
direktorun təqdimatına əsasən Fondun vəsaitinin
istifadə edilməsinin əsas istiqamətlərini
(proqramını), onun fəaliyyəti barədə illik
hesabatını, habelə Fondun illik xərclər
smetasının layihəsini nəzərdə keçirir və
onlara rəy verir, Fondun idarə edilməsi ilə bağlı
illik xərclər smetasında nəzərdə tutulmuş əməyin
ödənişi fondu daxilində Fondun aparatının
işçilərinin (Fondun İcraçı direktoru istisna
olmaqla) vəzifələrin təsnifat və dərəcələri
üzrə vəzifə maaşlarının məbləğlərini
təsdiq edir.[11]
5.7. Müşahidə Şurası öz
iclaslarını zərurət olduqca, lakin rübdə bir dəfədən
az olmayaraq keçirir. Müşahidə Şurasının
növbədənkənar iclasları icraçı direktorun
və ya Müşahidə Şurasının üzvlərinin
yarısının təşəbbüsü ilə
keçirilə bilər.
5.8. Müşahidə Şurası üzvlərinin fəaliyyəti
ictimai (əvəzi ödənilmədən) əsaslarla həyata
keçirilir.
6. Uçot və hesabat
6.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq mühasibat
uçotu aparır və illik maliyyə hesabatlarını tərtib
edir. Fondun illik maliyyə hesabatları Azərbaycan
Respublikası Prezidentinin təyin etdiyi müstəqil auditor tərəfindən
yoxlanılmalı və təsdiq olunmalıdır.[12]
6.2. Fond Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
uyğun olaraq vergi hesabatlarını və “Rəsmi statistika
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq statistik hesabatları tərtib və təqdim edir.
7. Fond haqqında Əsasnaməyə dəyİşİklİklər
edİlməsİ
Fond haqqında Əsasnaməyə hər hansı dəyişiklik
və əlavələr Azərbaycan Respublikasının
Prezidenti tərəfindən təsdiq olunur.
8. Fondun yenİdən təşkİlİ və ləğv
edİlməsİ
Fondun yenidən təşkili və ləğv edilməsi
Azərbaycan Respublikası Prezidentinin qərarı ilə həyata
keçirilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 7 fevral 2003-cü
il tarixli 849 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 2, maddə 81)
2. 1 mart 2005-ci il
tarixli 202 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il,
¹ 3, maddə 160)
3. 10 iyul 2008-ci il
tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il,
¹ 7, maddə 615)
4. 22 iyul 2011-ci il
tarixli 474 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il,
¹ 7, maddə 636)
5. 26 iyul 2011-ci il
tarixli 478 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il,
¹ 7, maddə 640)
6. 28 oktyabr 2011-ci il
tarixli 520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti, 29 oktyabr 2011-ci il, ¹ 240; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə
904)
7. 11 iyun 2013-cü il
tarixli 916 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 06, maddə 644)
8. 22 dekabr 2014-cü
il tarixli 427 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 dekabr
2014-cü il, ¹ 282, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12, maddə 1581)
9. 16 iyun 2017-ci il
tarixli 1461 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, ¹ 132, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1077)
10. 7 may 2018-ci il tarixli
41 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 11 may 2018-ci il, ¹ 105, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 5, maddə
909)
11. 19 iyul 2019-cu il
tarixli 789 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 20 iyul 2019-cu il, ¹ 156, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1236)
12. 12 iyun 2024-cü il
tarixli 100 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyun 2024-cü il,
“Xalq” qəzeti, 13 iyun 2024-cü il, ¹ 124, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 6, I
kitab, maddə 666)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 7 fevral 2003-cü il tarixli 849 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 2, maddə
81) ilə “Azərbaycan Respublikasının Dövlət Neft
Fondu haqqında Əsasnamə”nin 3-cü bölməsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3. Fondun formalaşması mənbələrİ
3.1. Fondun vəsaiti aşağıdakı mənbələr
hesabına formalaşır:
Azərbaycan Respublikasının payına düşən
xam neftin və qazın satışından əldə edilən
gəlirlər (qanunvericiliklə nəzərdə tutulmuş
ödənişlər çıxılmaq şərti ilə);
bonus ödənişləri (2000-ci ildən
başlayaraq);
akrhesabı ödənişlər;
xarici şirkətlərlə bağlanmış
müqavilələr çərçivəsində dövlət
əmlakından istifadə üçün icarə haqqı;
xarici şirkətlərlə bağlanmış
müqavilələrə uyğun olaraq Azərbaycan tərəfinə
verilən aktivlərin satışından və digər
daxilolmalardan əldə edilən gəlir;
xarici şirkətlərlə birgə fəaliyyət
nəticəsində əldə edilən digər gəlirlər;
Fondun vəsaitinin yerləşdirilməsindən əldə
edilən gəlir.
3.2.3.1-ci bənddə sadalanan ödəniş və gəlirlərin
yığılması və Fonda ödənilməsi Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti və ya Səlahiyyətli
Dövlət Orqanı tərəfindən həyata
keçirilir;
3.3. Fondun vəsaiti yüksək reytinqli banklarda
saxlanılır.
3.4. Fondun vəsaitinin uçotu və istifadə edilməsi
haqqında hesabatın tərtib edilməsi və
aparılması qaydaları Fondun Müşahidə
Şurası tərəfindən müəyyən edilir.
3.5. Bu Əsasnamənin 3.1-ci bəndində göstərilən
mənbələrdən daxil olan vəsait müvafiq qurumlar (təsisatlar)
tərəfindən Azərbaycan Respublikasının Milli
Bankında açılmış xüsusi hesaba
köçürülür. Fondun hesabına
köçürülmüş vəsaitin məbləği
haqqında bu vəsaiti köçürmüş qurum (təsisat)
onun köçürüldüyü andan 2 (iki) gündən
gec olmayaraq Fonda, uçot üçün ödəniş
tapşırıqlarının təsdiq olunmuş surətləri
əlavə olunmaqla, müəyyən edilmiş formada məlumat
təqdim edir.
[2] 22 iyul 2011-ci il tarixli 474 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 7, maddə
636) ilə 3.1.1.5-ci yarımbəndində “gəlirlər”
sözündən sonra “(Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin sərmayəçisi,
payçısı və ya tərəfdaşı olduğu
layihələrdə onun sərmayəsinə və ya
iştirak payına düşən gəlirlər istisna
olmaqla)” sözləri əlavə edilmişdir.
[3] 26 iyul 2011-ci il tarixli 478 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 7, maddə 640)
ilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu
haqqında Əsasnamə”nin 3.1.1.6-cı yarımbəndində
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə
və ya” sözləri çıxarılmışdır.
[4] 1 mart 2005-ci il tarixli 202 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 3, maddə
160) ilə “Azərbaycan Respublikasının Dövlət Neft
Fondu haqqında Əsasnamə”nin 3.1.2-ci yarımbəndi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.1.2. Fondun aktivlərinin yerləşdiriliməsindən
və idarə olunmasından əldə edilən gəlirlər,
o cümlədən faiz gəlirləri, dvidendlər, valyuta
aktivlərinin yenidən qiymətləndirilməsindən
alınan gəlirlər və sair;
[5]28 oktyabr 2011-ci il tarixli 520 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti,
29 oktyabr 2011-ci il, ¹ 240; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə 904) ilə “Azərbaycan
Respublikasının Dövlət Neft Fondu haqqında
Əsasnamə”nin 3.2-ci bəndi ləğv edilmişdir.
[6] 7 fevral 2003-cü il tarixli 849 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 2, maddə
81) ilə təsdiq edilmiş Azərbaycan Respublikasının
Dövlət Neft Fondu haqqında Əsasnamənin 4.1-ci bəndi
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.1. Lisenziya məqsədləri üçün əsasən
fondun yüksək reytinqli kredit təşkilatlarında yerləşdirilən
depozitlərindən əldə edilən gəlirlər istifadə
edilir.
1 mart 2005-ci il tarixli 202 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 3, maddə
160) ilə “Azərbaycan Respublikasının Dövlət Neft
Fondu haqqında Əsasnamə”nin 4.1-ci bəndi
çıxarılmış, 4.2-ci, 4.3-cü, 4.4-cü, 4.5-ci
və 4.6-cı bəndləri müvafiq olaraq 4.1-ci, 4.2-ci,
4.3-cü, 4.4-cü və 4.5-ci bəndlər hesab
edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.1. Fondun vəsaitinin istifadə edilməsi (xərclənməsi)
Fondun maliyyə ili ərzində xərclərinin gəlirləri
üstələməməsi prinsipinə əsaslanır.
[7] 16 iyun 2017-ci il tarixli 1461 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun
2017-ci il, ¹ 132, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 6, maddə 1077) ilə “Azərbaycan
Respublikasının Dövlət Neft Fondu haqqında
Əsasnamə”yə yeni məzmunda 4.6-cı bənd əlavə
edilmişdir.
[8] 11 iyun 2013-cü il tarixli 916 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06, maddə
644) ilə “Azərbaycan Respublikasının Dövlət Neft
Fondu haqqında Əsasnamə”nin 5.2-ci bəndinə ikinci və
üçüncü cümlələr əlavə
edilmişdir.
12 iyun 2024-cü il tarixli 100 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 12 iyun 2024-cü il, “Xalq” qəzeti, 13 iyun 2024-cü
il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2024-cü il, ¹ 6, I kitab, maddə 666) ilə “Azərbaycan
Respublikasının Dövlət Neft Fondu haqqında
Əsasnamə”nin 5.2-ci bəndinin ikinci cümlədə “bir”
sözü “iki” sözü ilə əvəz edilmişdir və
üçüncü cümlədə “müavini”
sözü “müavinləri” sözü ilə,
“daşıyır” sözü “daşıyırlar”
sözü əvəz edilmişdir.
[9] 22 dekabr 2014-cü il tarixli 427 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti,
24 dekabr 2014-cü il, ¹ 282, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12, maddə 1581) ilə “Azərbaycan
Respublikasının Dövlət Neft Fondu haqqında
Əsasnamə”nin 5.3-cü bəndin səkkizinci yarımbəndi
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi
auditor tərəfindən auditin keçirilməsi
üçün zəruri şəraitin
yaradılmasını təmin edir;
19 iyul 2019-cu il tarixli 789 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul
2019-cu il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 7, maddə 1236) ilə “Azərbaycan
Respublikasının Dövlət Neft Fondu haqqında
Əsasnamə”nin 5.3-cü bəndinin səkkizinci abzasında
“aprel” sözü “iyun” sözü ilə əvəz
edilmişdir.
[10] 10 iyul 2008-ci il tarixli 797 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 7, maddə
615) ilə «Azərbaycan Respublikasının Dövlət Neft
Fondu haqqında Əsasnamə»nin 5.3-cü bəndində on
birinci abzas on ikinci abzas hesab edilsin və on birinci abzas əlavə
edilmişdir.
7 may 2018-ci il tarixli 41 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 may
2018-ci il, ¹ 105, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 5, maddə 909) ilə “Azərbaycan
Respublikasının Dövlət Neft Fondu haqqında
Əsasnamə”nin 5.3-cü bəndinin on birinci abzasından və
5.6-cı bəndinin ikinci cümləsindən “(Fondun
İcraçı direktoru istisna olmaqla)” sözləri
çıxarılmışdır.
[11] 10 iyul 2008-ci il tarixli 797 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 7, maddə
615) ilə «Azərbaycan Respublikasının Dövlət Neft
Fondu haqqında Əsasnamə»nin 5.6-cı bəndində «verir»
sözündən sonra «, Fondun idarə edilməsi ilə
bağlı illik xərclər smetasında nəzərdə
tutulmuş əməyin ödənişi fondu daxilində
Fondun aparatının işçilərinin (Fondun
İcraçı direktoru istisna olmaqla) vəzifələrin təsnifat
və dərəcələri üzrə vəzifə
maaşlarının məbləğlərini təsdiq edir»
sözləri əlavə edilmişdir.
22 dekabr 2014-cü il tarixli 427 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti,
24 dekabr 2014-cü il, ¹ 282, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12, maddə 1581) ilə “Azərbaycan
Respublikasının Dövlət Neft Fondu haqqında
Əsasnamə”nin 5.6-cı bənddə “illik hesabatını
(ona əlavə olunmuş auditor rəyi ilə birlikdə) və
balansını” sözləri “fəaliyyəti barədə
illik hesabatını” sözləri ilə əvəz
edilmişdir.
[12] 22 dekabr 2014-cü il tarixli 427 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti,
24 dekabr 2014-cü il, ¹ 282, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12, maddə 1581) ilə “Azərbaycan
Respublikasının Dövlət Neft Fondu haqqında
Əsasnamə”nin 6-cı hissənin mətni yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Fond qanunvericiliklə müəyyən edilmiş
qaydada mühasibat uçotu və statistik hesabatlar aparır.
Fondun illik maliyyə fəaliyyəti haqqında hesabat Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təyin
olunan müstəqil auditor tərəfindən
yoxlanılmalı və təsdiq olunmalıdır.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 29 dekabr 2000-ci il
¹ 434
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 dekabr, ¹ 12.- S.4777-4781.