Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 10 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Əcnəbi işçi qüvvəsinin cəlb olunması və ondan istifadə edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları"na dəyişikliklər və əlavələr edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli, 250 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 10 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Əcnəbi işçi qüvvəsinin cəlb olunması və ondan istifadə edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları"nın 1.4-cü bəndində "fiziki şəxslər" sözlərindən sonra "xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri" sözləri əlavə edilsin;

1-ci bölməyə yeni 1.6-cı bənd əlavə edilsin:

"1.6. Bu Qaydaların müddəaları aşağıdakı şəxslərə şamil edilmir:

işlədiyi ölkədə daimi yaşayanlara;

sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;

beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbər işçilərinə;

diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;

beynəlxalq təşkilatlarda işləyənlərə;

üç aydan çox olmayan müddətdə ezamiyyətdə olanlara;

müvafiq icra hakimiyyəti orqanı tərəfindən işə cəlb edilənlərə;

dövlət qeydiyyatına alınmış dini təşkilat və cəmiyyətlərdə dini fəaliyyətlə məşğul olanlara;

kütləvi informasiya vasitələrinin akkreditə olunmuş əməkdaşlarına;

dənizçilərə;

idmançılara və incəsənət işçilərinə;

ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət professor-müəllim heyətinə, mühazirəçilərə və elmi tədqiqat işləri aparan mütəxəssislərə;

Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin rəhbərləri və onların müavinləri vəzifələrinə cəlb olunanlara.;

6.1.-ci bəndə yeni 6.1.1., 6.1.2., 6.1.3., 6.1.4-cü yarımbəndlər əlavə edilsin:

"6.1.1. cəlb etdiyi əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazə almalıdır;

6.1.2. cəlb etdiyi əcnəbini yalnız öz yanında işlə təmin etməli və onunla əmək müqaviləsi bağlamalı;

6.1.3. əcnəbi öz ölkəsini tərk etməzdən əvvəl bağlanmış əmək müqaviləsinin bir nüsxəsinin ona çatdırılmasını təmin etməli;

6.1.4. cəlb etdiyi əcnəbi işçilər haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat təqdim etməlidir,";

6.1.2-ci yarımbənd çıxarılsın;

6.1.1. və 6.1.3-cü yarımbəndlər müvafiq olaraq 6.1.5. və 6.1.6-cı yarımbəndlər hesab edilsin;

6-cı bölməyə yeni 6.7-cı bənd əlavə edilsin:

"6.7. Əmək müqaviləsi əcnəbi işçidən asılı olmayan səbəblərdən vaxtından əvvəl pozulduqda, həmçinin qeyri-qanuni işə götürülmüş əcnəbi işçilər ölkədən çıxarıldıqda, əcnəbi işçilərin və onların ailə üzvlərinin geriyə qayıtması ilə bağlı xərclər ərizəçi tərəfindən ödənilir.";

7.1.1. və 7.1.3-ci bəndlərində "ərizəçi" sözü "lisenziya sahibi" sözləri ilə əvəz edilsin;

7.3-cü bəndə yeni 7.3.6-cı yarımbənd əlavə edilsin:

"7.3.6. əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazə almadan xarici işçi qüvvəsindən istifadə edildikdə;";

7.3.6-cı yarımbənd müvafiq olaraq 7.3.7-ci yarımbənd hesab edilsin;

8-ci bölməyə yeni 8.3-cü bəndi əlavə edilsin:

"8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar."

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

Bakı şəhəri, 6 dekabr 2000-ci il

 

№ 213

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 dekabr, № 12.- S.4821; 4822.