Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

 

"Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydaları və həmin fərdi icazənin nümunəsi" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli, 214 nömrəli qərarı ilə təsdİq edİlmİşdİr

 

Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi QAYDALARI

 

1. Ümumİ müddəalar

1.1. Bu Qaydalar "Əmək miqrasiya haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanına əsasən hazırlanmış və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - əcnəbi) Azərbaycan Respublikası ərazisində əmək fəaliyyətini həyata keçirmələrinə fərdi icazə (bundan sonra - fərdi icazə) verilməsi qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının ərazisinə əmək fəaliyyətini həyata keçirmək məqsədi ilə gəlmiş əcnəbi yalnız onu işə götürən hüquqi və fiziki şəxsin (bundan sonra - işəgötürən) aldığı əcnəbi işçi qüvvəsinin cəlb olunması və ondan istifadə edilməsinə xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) əsasında onun adına verilmiş fərdi icazə olduqda Azərbaycan Respublikası ərazisində işləyə bilər.[3]

Fərdi icazə əcnəbinin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmasına icazə verən rəsmi sənəddir.

1.3. Əcnəbilərdə əmək müqavilələri fərdi icazənin müddətinə uyğun bağlanılır. İşəgötürən fərdi icazə almış əcnəbini başqa işəgötürənin yanında işə keçirə bilməz.

1.4. Əcnəbilərə fərdi icazələr Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.[4]

1.5. İşə cəlb edilən aşağıdakı əcnəbi şəxslər üçün fərdi icazə alınması tələb olunmur:

Azərbaycan Respublikası ərazisində daimi yaşayanlara;

sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;

beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbər işçilərinə;

diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;

beynəlxalq təşkilatlarda işləyənlərə;

üç aydan çox olmayan müddətdə ezamiyyətdə olanlara;

müvafiq icra hakimiyyəti orqanı tərəfindən işə cəlb edilənlərə;

dövlət qeydiyyatına alınmış dini təşkilat və cəmiyyətlərdə dini fəaliyyətlə məşğul olanlara;

kütləvi informasiya vasitələrinin akkreditə olunmuş əməkdaşlarına;

dənizçilərə;

idmançılara və incəsənət işçilərinə;

ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə, mühazirəçilərə və elmi tədqiqat işləri aparan mütəxəssislərə;

Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin rəhbərləri və onların müavinləri vəzifələrinə cəlb olunan əcnəbilərə

1.6. Azərbaycan Respublikasında əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə almış əcnəbilər haqqında məlumatlar Vahid miqrasiya məlumat sisteminə daxil edilir. [5]

2. Fərdİ İcazənİn verİlməsİ qaydası

2.1. Fərdi icazə almaq üçün işəgötürən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə aşağıdakı sənədləri təqdim etməlidir:[6]

2.1.1. ərizə;

ərizədə aşağıdakılar öz əksini tapmalıdır;

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;

fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı);

əcnəbinin adı, atasının adı, soyadı, vətəndaşlığı, daimi yaşayış yerinin ünvanı, doğulduğu tarix və ölkə, cinsi, ixtisası, son beş ildə əmək fəaliyyəti haqqında məlumat, işləyəcəyi vəzifə və iş yerinin ünvanı.

2.1.2. işəgötürənə verilmiş lisenziyanın surəti;

2.1.3. əcnəbi işçinin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

2.1.4. nəzərdə tutulan hər bir iş yeri üçün əcnəbi işçinin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;

2.1.5. Azərbaycan Respublikası ərazisində başqa əsaslarla olan əcnəbinin Azərbaycan Respublikası ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti.

2.1.6. İşəgötürən:

Hüquqi şəxs olduqda - hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətləri;

Fiziki şəxs olduqda - fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədinin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətləri;

2.1.7. əcnəbinin sağlamlığı, o cümlədən siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olmaması haqqında tibbi arayış;

2.1.8. əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin surəti.[7]

2.2. Fərdi icazə ilə bağlı daxil olmuş müraciətlərə 20 (iyirmi) iş günü ərzində baxılır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti vahid miqrasiya məlumat sistemi vasitəsilə bu Qaydaların 2.1.3-cü, 2.1.4-cü, 2.1.6-cı və 2.1.8-ci yarımbəndlərində göstərilən sənədlər haqqında məlumatları rəy verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir. [8]

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 (beş) iş günü müddətində daxil olmuş məlumatlara baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə rəy verir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 (beş) iş günü ərzində rəyin bildirilməməsi fərdi icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. Fərdi icazənin verilməsi və ya bundan imtina olunması barədə müvafiq qərar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilir. Fərdi icazənin verilməsi haqqında qərar qəbul edildikdə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti fərdi icazənin müəyyən olunmuş qaydada doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir.

Fərdi icazənin verilməsindən imtina barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qərarı "Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikasının Qanununa və ya bu Qaydalara istinad olunmaqla əsaslandırılmalı və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən işəgötürənə təqdim edilməlidir.[9]

2.3. Fərdi icazə fərdi icazə almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edildikdən sonra işəgötürənə təqdim edilir.

İşəgötürənlər tərəfindən fərdi icazənin alınmasına görə dövlət rüsumunun ödənilməsindən imtina edildikdə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 2 (iki) iş günü ərzində bu fərdi icazənin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi qaydada qaytarılmasını təmin edir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə fərdi icazələri ləğv edir.[10]

2.4. Aşağıdakı hallarda fərdi icazənin verilməsindən imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulan sənədlər təqdim edilməklə;

2.4.2. işəgötürənin müvafiq lisenziyası olmadıqda və ya lisenziyanın qüvvəsini dayandırıldığı dövrdə müraciət edildikdə;

2.4.3. təqdim edilən sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.4. işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda;

2.4.5. əcnəbi Azərbaycan Respublikasında axırıncı əmək fəaliyyətinin başa çatdığı gündən etibarən Azərbaycan Respublikasının hüdudlarından kənarda 1 ildən az müddətdə yaşadıqda;

2.4.6. işə cəlb olunması nəzərdə tutulan əcnəbinin 18 yaşı tamam olmadıqda;

2.4.7. əmək miqrasiyası kvotası ilə müəyyən edilmiş saydan artıq müraciət edildikdə;

2.4.8. əcnəbi ruhi xəstə və ya siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olduqda.[11]

2.5. İşəgötürən fərdi icazə verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra fərdi icazə almaq üçün bu Qaydalara uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə yenidən müraciət edə bilər.[12]

2.6. İşəgötürən əcnəbini öz yanında başqa işə keçirmək istədikdə bu Qaydalarla müəyyən olunmuş qaydada yeni fərdi icazə almalıdır. Əcnəbiyə iş yerinin dəyişməsi ilə bağlı yeni fərdi icazə verildikdə həmin fərdi icazənin müddəti əvvəl verilmiş fərdi icazənin müddətinin qalan hissəsindən çox olmamalıdır.[13]

2.7. Əcnəbi işçinin şəxsiyyətini təsdiq edən sənəddəki məlumatlar dəyişdikdə və ya fərdi icazə itirildikdə, onun işəgötürəni 15 gün müddətində Dövlət Miqrasiya Xidmətinə məlumat verməli və fərdi icazənin yenidən rəsmiləşdirilməsi və ya fərdi icazənin ləğv edilməsi üçün ərizə təqdim etməlidir. 15 gün müddətində işəgötürən tərəfindən müvafiq ərizə təqdim edilmədikdə əcnəbiyə verilmiş fərdi icazə ləğv edilir.[14]

Fərdi icazə yenidən rəsmiləşdirildikdə, yalnız fərdi icazənin yenidən rəsmiləşdirilməsi səbəbi ilə bağlı sənədlər təqdim edilir. Fərdi icazənin yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.

2.8. Fərdi icazə blankının ciddi hesabat sənədi kimi qeydiyyat seriyası və nömrəsi, habelə qiymətli kağızların səviyyəsində qoruyucu nişanları olmalıdır. Fərdi icazə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi və ya onun səlahiyyət verdiyi müavini tərəfindən imzalanır və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin möhürü ilə təsdiq edilir.[15]

3. Fərdİ İcazənİn müddətİ

3.1. Fərdi icazə 1 ilədək müddətə verilir. Fərdi icazələrin müddəti hər dəfə 1 ildən çox olmamaq şərti ilə işəgötürənin müvafiq lisenziyasının qüvvədə olma müddəti nəzərə alınmaqla 4 dəfə uzadıla bilər. Fərdi icazənin müddətinin uzadılması üçün işəgötürən fərdi icazənin müddətinin bitməsinə azı 22 iş günü qalmış Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etməlidir. [16]

3.2. Fərdi icazənin müddətinin uzadılması üçün işəgötürən bu Qaydaların 2.1.1. və 2.1.4.-cü bəndlərində nəzərdə tutulan sənədləri təqdim etməlidir.

3.3. Fərdi icazənin müddətinin uzadılması bu Qaydaların 2.2-ci bəndinə uyğun olaraq həyata keçirilir.[17]

3.4. Müddəti uzadılmış fərdi icazə, fərdi icazənin müddətinin uzadılmasına görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edildikdən sonra işəgötürənə təqdim edilir.

İşəgötürənlər tərəfindən fərdi icazənin müddətinin uzadılmasına görə dövlət rüsumunun ödənilməsindən imtina edildikdə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 2 iş günü ərzində bu fərdi icazənin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi qaydada qaytarılmasını təmin edir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə fərdi icazələri ləğv edir.[18]

4. Fərdİ İcazənİn qüvvədə olma qaydaları və nəzarət

4.1. Əcnəbi işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və ya işəgötürənə verilmiş lisenziya ləğv edildikdə, əcnəbi işçiyə verilmiş fərdi icazə öz qüvvəsini itirir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bu məlumatları 2 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi qaydada təqdim edir.[19]

Əcnəbi işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, işəgötürən 5 gün müddətində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bu məlumatları 2 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi qaydada təqdim edir.[20]

4.2. Əcnəbi işçi fərdi icazənin müddəti bitdikdə və ya əmək müqaviləsi pozulduqda Azərbaycan Respublikası ərazisində qalmasına əsas verən digər hallar olmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir. [21]

4.3. Azərbaycan Respublikasına başqa əsaslarla gəlmiş əcnəbi əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almalıdır. [22]

4.4. Fərdi icazənin qüvvədə olma qaydalarına nəzarəti Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.[23]

4.5. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzarət qaydasında aşağıdakıları həyata keçirir: [24]

4.5.1. əcnəbi işçi qüvvəsindən istifadə edilməsini tənzimləyən normativ hüquqi aktlara və bu Qaydalara riayət edilməsini yoxlamaq;

4.5.2. yoxlama zamanı ortaya çıxan məsələlər haqqında işəgötürəndən və əcnəbi işçidən məlumat və ya arayış almaq;

4.5.3. aşkar olunmuş pozuntular haqqında protokol tərtib etmək və ya xəbərdarlıq etmək;[25]

4.5.4. fərdi icazənin ləğv edilməsi məsələsinə baxmaq;

4.5.5. fərdi icazəsi ləğv edilmiş və fərdi icazə almadan işə cəlb olunmuş əcnəbi işçilərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması barədə vəsatət vermək.[26]

4.5.6. fərdi icazəsi ləğv edilmiş və fərdi icazə almadan işə cəlb olunmuş əcnəbi işçilərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması barədə qərar qəbul etmək;

4.5.7. fərdi icazə almadan əcnəbinin işə cəlb olunmasına görə işəgötürənə qanunvericiliklə müəyyən olunmuş qaydada cərimə tətbiq etmək.[27]

4.6. İşəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və ya Dövlət Miqrasiya Xidmətinin nümayəndələrinə yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa, tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.[28]

4.7. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət protokol tərtib edilir. Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və ya Dövlət Miqrasiya Xidmətinin nümayəndələri və işəgötürən tərəfindən imzalanır. Protokolu imzalamaqdan imtina edildikdə, bu barədə protokolda qeyd edilir. Protokola işəgötürənin izahatı əlavə edilir. Protokolun bir nüsxəsi işəgötürəndə qalır

4.8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ya Dövlət Miqrasiya Xidməti zəruri hallarda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər

5. Fərdİ İcazənİn ləğv edİlməsİ

5.1. Dövlət Miqrasiya Xidməti aşağıdakı hallarda fərdi icazəni ləğv edir

5.1.1. işəgötürənin lisenziyası ləğv edildikdə;

5.1.2. işəgötürənlə əcnəbi işçi arasında bağlanmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda;

5.1.3. fərdi icazə alınması üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

5.1.4. fərdi icazənin qüvvədə olma qaydaları pozulduqda;

5.1.5. məhkəmənin müvafiq qərarı olduqda;

5.1.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

5.2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti verilən və ləğv edilən fərdi icazələrin reyestrini aparır.

6. Məsulİyyət

6.1. İşəgötürənlər və əcnəbi işçilər bu Qaydaların müddəalarının pozulmasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

6.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin qərarlarından və hərəkətlərindən inzibati qaydada və ya məhkəmə orqanlarına şikayət oluna bilər.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 6 dekabr tarixli, 214 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr

Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün

FƏRDİ İCAZƏ

Azərbaycan Respublİkası

Dövlət Miqrasiya Xidməti

 

 

 

 Əcnəbinin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsinə FƏRDİ İCAZƏ

 

 

N ___________

 

 

Verilir____________________vətəndaşı

                                ölkə

 

___________________________________

                          soyadı, adı

__________-dən_____________dək etibarlıdır.

tarix                                 tarix

_____________________tərəfindən

hüquqi və ya fiziki şəxsin adı

əcnəbi işçi qüvvəsinin cəlb edilməsi və ondan istifadə edilməsinə _____tarixli_____

 

 

 

nömrəli lisenziya əsasında ___________

__________________________ünvanda

________________________vəzifəsində

işləməyə cəlb olunmuşdur.

M.Y.

__________________

 

məsul şəxsi imzası

_________________________________

vəzifəsi, soyadı, a.a.

Müddəti uzadılmışdır:

________dək_____M.Y.______________

                       imza                     tarix

________dək_____M.Y.______________

                       imza                     tarix

________dək_____M.Y.______________

                       imza                     tarix

________dək_____M.Y.______________

                       imza                     tarix

 

(Şəxsiyyətini təsdiq edən sənəd təqdim edildikdə etibarlıdır)

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

 

Bakı şəhəri, 6 dekabr 2000-ci il

 

¹ 214

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 dekabr, ¹ 12.- S.4822-4828.