Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə Qaydalarının təsdiq edilməsi haqqında

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

 

Azərbaycan Respublikası Su Məcəlləsinin 63-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli, 216 nömrəli qərarı ilə təsdİq edİlmİşdİr

 

Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə QAYDALARI  

 

1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və "Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır və su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə qaydalarını müəyyən edir.

2. Elektrik enerjisinin istehsal edilməsi məqsədilə su obyektlərindən hidroenerji ehtiyacları üçün istifadə sxemləri tərtib edilir. Bu sxemlər su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin tərkib hissəsi olaraq, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “Azərenerji” Səhmdar Cəmiyyətinin sifarişi ilə müvafiq ixtisaslaşmış layihə institutu tərəfindən hazırlanır.[2]

3. Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə sxemləri ölkənin enerjiyə olan perspektiv tələbatını və bununla əlaqədar həyata keçirilməsi tələb olunan tədbirləri müəyyənləşdirmək, su ehtiyatlarının səmərəli istifadəsini və mühafizəsini təmin etmək məqsədi ilə kənd təsərrüfatının və ölkə iqtisadiyyatının digər sahələrinin maraqlarını nəzərə almaqla tərtib edilir.

4. Su obyektlərinin hidroenergetika ehtiyacları üçün istifadə sxemlərinin işlənib razılaşdırılması, dövlət ekspertiza və təsdiq edilməsi "Azərenerji" Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə həyata keçirilir.[3]

5. Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə sxemlərində müəyyən edilmiş, birinci növbədə tikilməsi nəzərdə tutulan hidroenergetika obyektləri üçün müvafiq ixtisaslaşmış layihə institutu tərəfindən texniki-iqtisadi əsaslanmalar tərtib edilir və obyektin inşa olunacaq yeri müəyyənləşdirilir.

6. Böyük və mürəkkəb hidroenergetika obyektlərinin texniki-iqtisadi əsaslandırılmaları - Azərbaycan Respublikasının Nazirlər Kabineti, kiçik və mürəkkəb olmayan obyektlərin isə - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdırılmaqla “Azərenerji” Səhmdar Cəmiyyəti tərəfindən təsdiq olunur.[4]

7. Təsdiq olunmuş texniki-iqtisadi əsaslanmaya görə inşa edilən hidroenergetika obyektlərinin layihə-smeta sənədləri müvafiq ixtisaslaşmış layihə institutu tərəfindən hazırlanır.

8. Hidroenergetika ehtiyacları üçün inşa edilən obyektlərin maliyyələşdirilməsi dövlət büdcəsi, xarici investisiyalar və digər maliyyə mənbələri hesabına həyata keçirilir.

9. Hidroenergetika ehtiyacları üçün tikilmiş su obyektlərindən istifadə zamanı onların hidroenergetika rejimi müəyyənləşdirilir və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdırılır. Bu zaman qeyri-energetika sahələrinin (suvarma, balıqçılıq təsərrüfatı, su təchizatı, su nəqliyyatı) və təbii mühafizənin tələbləri təmin edilməlidir.

10. Hidroenergetika müəssisələri su obyektlərinin istifadəsinə, su anbarlarının doldurulması və istismar rejiminə dair müəyyən olunmuş qaydalar riayət etməli, gəmilərin və bərələrin maneəsiz və təhlükəsiz keçməsini, habelə balıqların kürütökmə yerlərinə buraxılmasını təmin etməlidirlər.

11. Hidroenergetika məqsədləri üçün istifadə olunan su obyektinin üzərində bir neçə elektrik stansiyası tikilərkən su axınının tənzimlənməsi elə aparılmalıdır ki, sudan istifadəçilərin tələbləri ödənilməklə, maksimum elektrik enerjisi istehsal etmək mümkün olsun.

12. Quraqlıq illərində hidroenergetika məqsədləri üçün istifadə olunan su anbarlarının iş rejimi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azərenerji” Səhmdar Cəmiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılır.[5]

13. Su elektrik stansiyalarının istismarı zamanı çirkləndirici maddələrin su obyektlərinə tullanmasına yol verilməməlidir.

14. Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə zamanı meydana çıxan torpaq, meşə, yerin təki, bitki və heyvanat aləminin, yeraltı suların mühafizəsinə dair məsələlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

15. Sərhəd su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə Qaydaları Azərbaycan Respublikasının Su Məcəlləsi və Dövlət sərhədi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və sazişlər ilə müəyyən edilir.

16. Azərbaycan Respublikasının su təsərrüfatı balansına dair, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmləri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmləri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil edilir.[6]

 

 

Azərbaycan Respublikasının Baş naziri   A.Rasİzadə

 

 

Bakı şəhəri, 6 dekabr 2000-ci il

 

      ¹ 216

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 dekabr, ¹ 12.- S.4829;4831.