İstehsalat
tullantılarının emalı və yerləşdirilməsinə
xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4
oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Xüsusi razılıq (lisenziya) tələb
olunan fəaliyyət növlərinin və onları verən
icra hakimiyyəti orqanlarının Siyahısı"na əlavələr
və dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 1 iyul tarixli, 358 nömrəli
Fərmanının icrası ilə əlaqədar Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "İstehsalat tullantılarının emalı və
yerləşdirilməsinə xüsusi razılıq (lisenziya)
verilməsi Qaydaları" təsdiq edilsin (əlavə
olunur).
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 6 dekabr tarixli 217 nömrəli qərarı ilə təsdİq
edİlmİşdİr
İstehsalat tullantılarının emalı və
yerləşdirilməsinə xüsusi razılıq (lisenziya)
verilməsi QAYDALARI
1. Ümumİ müddəalar
1.1. Bu Qaydalar "Sahibkarlıq fəaliyyəti
haqqında", "Ətraf mühitin mühafizəsi
haqqında", "İstehsalat və məişət
tullantıları haqqında" Azərbaycan
Respublikasının qanunlarına, Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 27 yanvar tarixli, 543 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Bəzi sahibkarlıq fəaliyyəti
növlərinə xüsusi razılıq (lisenziya) verilməsi
haqqında Əsasnamə"yə və Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Xüsusi
razılıq (lisenziya) tələb olunan fəaliyyət
növlərinin və onları verən icra hakimiyyəti
orqanlarının Siyahısı"na əlavələr və
dəyişikliklər edilməsi haqqında" 2000-ci il 1
iyul tarixli, 358 nömrəli Fərmanına əsasən
hazırlanmışdır və Azərbaycan Respublikasında
istehsalat tullantılarının (neft və neft məhsullarının
tullantıları istisna olmaqla) saxlanması,
basdırılması və emalı fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra -
lisenziya) qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalara əsasən Dövlət Ekologiya və
Təbiətdən İstifadəyə Nəzarət Komitəsi
(bundan sonra - Dövlət Ekologiya Komitəsi) tərəfindən
verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq hüquqi şəxslərə,
habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərə (bundan
sonra - ərizəçilər) istehsalat
tullantılarının (neft və neft məhsullarının
tullantıları istisna olmaqla) saxlanması,
basdırılması və emalına icazə verən rəsmi
sənəddir.
1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən
lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən
sahibkarlıq fəaliyyəti növü ilə müəyyən
edilmiş qaydada və müddətdə məşğul ola
bilərlər.
1.4. Xarici hüquqi və fiziki şəxslər, xarici
hüquqi şəxslərin filialları və nümayəndəlikləri
öz ölkələrində bu Qaydalarda göstərilən
fəaliyyət növü ilə məşğul olmaq
üçün aldıqları lisenziyaların Azərbaycan
Respublikasında tanınmasını müəyyən edən
dövlətlərarası saziş olmadığı halda,
onlar həmin fəaliyyət növü ilə məşğul
olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya
almalıdırlar.
1.5. Lisenziyanın sahibi verilən lisenziyadan
(lisenziyanın surətindən) yalnız özü istifadə
edə bilər, onu başqa şəxslərə verə bilməz
və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçi
olduğu hüquqi şəxslər, lisenziyanın sahibi ilə
birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq
barədə bağlanmış müqavilə əsasında
fəaliyyət göstərən başqa şəxslərə
şamil edilmir.
Fərdi əmək müqaviləsi (kontraktı) və
ya tapşırıq müqaviləsi əsasında lisenziya
sahibinin adından hərəkətlər edən şəxsə
müvəqqəti olaraq lisenziyanın verilməsi
lisenziyanın başqa şəxsə verilməsi
sayılmır.
2. Lİsenzİyanın verİlməsİ qaydası
2.1. Lisenziya almaq üçün ərizəçi
Dövlət Ekologiya Komitəsinə
aşağıdakıları təqdim etməlidir:
2.1.1. lisenziya almaq üçün ərizə;
ərizədə aşağıdakılar öz əksini
tapmalıdırlar:
hüquqi şəxslər üçün -
hüquqi şəxsin adı, təşkilati-hüquqi
forması, hüquqi ünvanı, hesablaşma hesabının
nömrəsi, bankın adı və fəaliyyət
növü* ;
fiziki şəxslər üçün - adı,
atasının adı, soyadı, şəxsiyyəti təsdiq
edən sənəd haqqında məlumatlar (seriya, nömrə,
nə vaxt və kim tərəfindən verilmişdir,
ünvanı), fəaliyyət növü.*
2.1.2. müəssisənin təsis sənədlərinin
surəti;
2.1.3. hüquqi şəxslərin dövlət
qeydiyyatı haqqında "Hüquqi şəxslərin
Dövlət reyestrindən çıxarış;
2.1.4. sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslərin vergi orqanları tərəfindən
uçota alınması haqqında şəhadətnamənin
surəti;
2.1.5. lisenziya almaq üçün dövlət
rüsumunun ödənildiyini təsdiq edən sənəd;
2.1.6. ərizədə göstərilən obyektlərdən
hər biri üçün ərizəçinin istifadə
hüququnu (mülkiyyət hüququnu, icarə, istifadə və
s. əsasları) təsdiq edən sənədin surəti;
2.1.7. lisenziya verilməsi üçün tələb
olunan zəruri şərait və şərtlərə cavab
verən aşağıdakı sənədlər:**
ərizəçinin ərizədə göstərilən
fəaliyyət növündən asılı olaraq
tullantıların təhlükəsiz emalı
texnologiyasına, bu fəaliyyət növünün həyata
keçirilməsi üçün zəruri olan cihaz,
avadanlıq, texnika və mexanizmlərə, habelə
onların sanitar-ekoloji norma və qaydaların tələblərinə
cavab verən basdırılma yerlərinə (poliqonlara) malik
olmasını təsdiq edən sənədlər.
2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə
tutulmayan sənədlərin tələb olunması qadağandır.
2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə
və bu Qaydalarda nəzərdə tutulan sənədlər
Dövlət Ekologiya Komitəsi tərəfindən xüsusi
kitabda qeydə alınmaqla qəbul edilir, baxılır,
çatışmazlıqlar və ya imtina üçün əsas
olmadıqda qeydə alındığı gündən başlayaraq,
15 gündən gec olmamaq şərti ilə lisenziya verilməsi
haqqında qərar qəbul edilir.
Təqdim olunmuş sənədlərdə
çatışmazlıqlar aşkar edildikdə, bu barədə
ərizəçiyə yazılı məlumat verilir, onlar
aradan qaldırıldıqdan və sənədlər təkrar
təqdim edildikdən sonra onlara 5 gün müddətində
baxılır və müvafiq qərar qəbul edilir.
Bu Qaydalarda göstərilən əsaslarla lisenziya
verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə
imtinanın əsasları göstərilməklə
yazılı məlumat verilir.
Bu bənddə göstərilən müddətlərin
son günü qeyri-iş gününə düşərsə,
ondan sonrakı iş günü müddətin qurtarma
günü hesab olunur.
2.4. Lisenziya verilməsindən aşağıdakı
hallarda imtina edilir:
2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər
təqdim edilmədikdə;
2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə
qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar
aşkar edildikdə;
2.4.3. fəaliyyət növünün həyata
keçirilməsi üçün ərizəçinin bu
Qaydalarda nəzərdə tutulan zəruri şəraiti
olmadıqda;
2.4.4. ərizəçinin əvvəllər bu fəaliyyət
növü üçün aldığı lisenziyanın
lisenziya verən orqanın təşəbbüsü ilə ləğv
edilməsindən iki il vaxt keçməmişdirsə;
2.4.5. ərizəçi əvvəllər bu fəaliyyət
növü üçün aldığı lisenziyanın fəaliyyəti
lisenziya verən orqanın təşəbbüsü ilə
dayandırıldığı dövrdə müraciət
etdikdə;
2.4.6. qanunvericilikdə nəzərdə tutulan digər
hallarda.
2.5. Ərizəçi lisenziya verilməsindən
imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra
lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq, Dövlət
Ekologiya Komitəsinə müraciət etmək və ya imtina
barədə qərarla razılaşmadıqda məhkəməyə
müraciət etmək hüququna malikdir.
2.6. Müəssisə, təşkilat, idarə ləğv
edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək
üçün fiziki şəxsə verilən şəhadətnamə
qüvvədən düşdükdə, hüquqi və
fiziki şəxslərə verilən lisenziya da öz
hüquqi qüvvəsini itirir.
Hüquqi şəxs yenidən təşkil edildikdə,
onun adı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini
təsdiq edən sənəd haqqında məlumatlar dəyişdikdə,
lisenziya itirildikdə 15 gün müddətində
lisenziyanın yenidən rəsmiləşdirilməsi
üçün ərizə təqdim etməlidir.
Lisenziyanın yenidən rəsmiləşdirilməsi
onun verilməsi üçün müəyyən edilmiş
qaydada həyata keçirilir.
Lisenziyanın yenidən rəsmiləşdirildiyi
müddətdə ərizəçi öz fəaliyyətini
əvvəlki lisenziya (ayrı-ayrı obyektlər
üçün verilmiş lisenziyanın surətləri) əsasında,
lisenziya itirildikdə isə Dövlət Ekologiya Komitəsinin
verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər
üçün verilmiş) lisenziyanın surətləri əsasında
həyata keçirir. Dövlət Ekologiya Komitəsinin rəhbəri
tərəfindən imzalanmış və möhürlə təsdiq
edilmiş müvəqqəti icazə lisenziyanın yenidən
rəsmiləşdirilməsi üçün bütün sənədlər
təqdim edildikdə verilir.
3. Lİsenzİya
3.1. Lisenziyada aşağıdakılar göstərilir:
3.1.1. Dövlət Ekologiya Komitəsinin adı;
3.1.2. hüquqi şəxslər üçün -
lisenziya verilən müəssisə, təşkilat və idarənin
adı və hüquqi ünvanı;
3.1.3. fiziki şəxslər üçün -
adı, atasının adı, soyadı, şəxsiyyətini
təsdiq edən sənəd haqqında məlumatlar (seriya,
nömrə, kim tərəfindən və nə vaxt
verilmişdir, yaşayış yeri);
3.1.4. həyata keçirilməsinə lisenziya verilən
fəaliyyət növü;
3.1.5. lisenziyanın qüvvədə olma müddəti;
3.1.6. müvafiq fəaliyyət növünün həyata
keçirilməsi qaydası;
3.1.7. lisenziyanın qeydiyyat nömrəsi və verilməsi
tarixi.
3.2. Lisenziya Dövlət Ekologiya Komitəsinin sədri
(o olmadıqda sədrin müavini) tərəfindən imzalanır
və Komitənin möhürü ilə təsdiq olunur.
4. Lİsenzİyanın müddətİ
4.1. Lisenziya 5 il müddətinə verilir.
4.2. Lisenziyanın qüvvədə olma müddətinin
uzadılması onun verilməsi üçün müəyyən
olunmuş qaydada həyata keçirilir.
4.3. Müddəti bitmiş lisenziya və onun sürətləri
etibarsız sayılır.
4.4. Dövlət Ekologiya Komitəsi verdiyi, qeydə
aldığı, dayandırdığı, bərpa etdiyi və
ləğv etdiyi lisenziyaların reyestrini aparır.
5. Lİsenzİyanın surətİ
5.1. Lisenziyalaşdırılan fəaliyyət
növü ərazi baxımından ayrı-ayrı obyektlərdə
həyata keçirildiyi halda, ərizəçiyə lisenziya
ilə birlikdə ərizədə göstərilən hər
bir obyekt üçün onun ünvanı göstərilməklə
lisenziyanın surəti təqdim olunur.
5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini
ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata
keçirmək və ya belə obyektlərin sayını
artırmaq istədikdə təzə obyektlərə
lisenziyanın surətini almaq üçün Dövlət
Ekologiya Komitəsinə aşağıdakı sənədləri
təqdim etməlidir:
5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi,
tarixi, fəaliyyət növü, təzə obyektlərin
sayı və ünvanı göstərilməklə ərizə;
5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.6 və
2.1.7-cı yarımbəndlərində tələb olunan sənədlər.
5.3. Dövlət Ekologiya Komitəsi lisenziyanın surətlərinin
verilməsi məsələsinə dair müraciətə bu
Qaydaların 2.3. və 2.4.-cü bəndlərinə əsasən
baxır və müvafiq qərar qəbul edir.
5.4. Lisenziyanın surəti - lisenziyanın sahibinə
hər bir obyekt üçün lisenziya blankında,
verilmiş lisenziyada əks edilən göstəricilər
yazılmaqla, blankın yuxarı sağ küncünə
"Surəti" sözü və ünvan qrafasına
obyektin ünvanı da əlavə edilməklə
doldurulmuş, Dövlət Ekologiya Komitəsinin rəhbəri,
rəhbər olmadıqda, müavini tərəfindən imzalanan.
Komitənin möhürü ilə təsdiq edilən və həmin
obyektә bu fəaliyyət növü ilə məşğul
olmağa icazə verən rəsmi sənəddir.
5.5. Lisenziyaların surəti Dövlət Ekologiya Komitəsi
tərəfindən qeydə alınır.
5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın
yeni surətini rəsmiləşdirmək üçün
Dövlət Ekologiya Komitəsinə müraciət edir.
5.7. Lisenziyanın surətinin verilməsi və yenidən
rəsmiləşdirilməsi üçün haqq
alınmır.
6. Lİsenzİyanın qüvvədə olma
qaydaları və nəzarət
6.1. Lisenziya sahibi qeyd olunan fəaliyyət növlərini
həyata keçirərkən Azərbaycan
Respublikasının qüvvədə olan "Ətraf
mühitin mühafizəsi haqqında", "İstehsalat və
məişət tullantıları haqqında"
qanunlarına və digər normativ hüquqi aktların tələblərinə
riayət etməlidir.
6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti
Dövlət Ekologiya Komitəsi həyata keçirir.
6.3. Nəzarət qaydasında Dövlət Ekologiya
Komitəsinin səlahiyyətlərinə
aşağıdakılar daxildir:
6.3.1. lisenziyada göstərilən fəaliyyət
növünün həyata keçirilməsini tənzimləyən
normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət
edilməsini yoxlamaq;
6.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid
lisenziya sahibindən məlumatlar, arayışlar almaq;
6.3.3. yoxlamanın nəticələrinə dair
pozuntuları və onların aradan qaldırılması
müddətini göstərməklə akt tərtib etmək;
6.3.4. müəyyən edilmiş pozuntuların aradan
qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq
etmək;
6.3.5. lisenziyanın fəaliyyətinin
dayandırılması və ya ləğv edilməsi barədə
məsələyə baxmaq.
6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı Dövlət
Ekologiya Komitəsinin nümayəndələrinə
yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın
aparılması üçün zəruri olan normal şərait
yaratmağa və tələb olunan sənədləri onlara təqdim
etməyə borcludur.
6.5. Yoxlamanın nəticəsi barədə iki
nüsxədən ibarət akt tərtib edilir. Akt Dövlət
Ekologiya Komitəsinin nümayəndələri və lisenziya
sahibi (müəssisənin rəhbəri) tərəfindən
imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə
aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin)
izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya
sahibində qalır.
6.6. Dövlət Ekologiya Komitəsi zəruri hallarda
müvafiq təşkilatların nümayəndələrini
bu Qaydalara uyğun nəzarət qaydasında aparılan
yoxlamalara cəlb edə bilər.
7. Lİsenzİyanın fəalİyyətİnİn
dayandırılması və ya ləğv edİlməsİ
7.1. Dövlət Ekologiya Komitəsi lisenziyanın fəaliyyətini
aşağıdakı hallarda dayandırır:
7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə
təqdim edildikdə;
7.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl
edilmədikdə, yaxud Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət
orqanları tərəfindən ərizəçinin fəaliyyəti
dayandırıldıqda;
7.1.3. lisenziya sahibinin müflisləşməsi
faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq
edildikdə;
7.1.4. fəaliyyət növünün həyata
keçirilməsi üçün bu Qaydalarda tələb
olunan zəruri şərait və şərtlərin
pozulduğu aşkar edildikdə;
7.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulan digər hallarda.
7.2. Dövlət Ekologiya Komitəsi lisenziyanın fəaliyyətinin
dayandırılması haqqında qərar qəbul etdiyi andan
5 gün müddətində yazılı şəkildə
lisenziyanın sahibinə və dövlət vergi xidməti
orqanlarına məlumat verir.
Lisenziyanın fəaliyyətinin dayandırılmasına
səbəb olan hallar dəyişdirildikdə, lisenziyanın fəaliyyəti
lisenziya sahibinin müraciətinə əsasən bərpa edilə
bilər. Dövlət Ekologiya Komitəsi tərəfindən
bu barədə qərar qəbul edildikdə, lisenziya bərpa
edilmiş hesab olunur, həmin qərarın qəbul edildiyi
andan 5 gün müddətində lisenziyanın sahibinə və
dövlət vergi xidməti orqanlarına məlumat verilir.
7.3. Dövlət Ekologiya Komitəsi lisenziyanı
aşağıdakı hallarda ləğv edir:
7.3.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə
təqdim edildikdə;
7.3.2. lisenziya verilməsi üçün təqdim
edilən sənədlərdə düzgün olmayan məlumatlar
aşkar edildikdə;
7.3.3. lisenziyanın qüvvədə olma qaydaları
lisenziya sahibi tərəfindən pozulduqda;
7.3.4. məhkəmənin müvafiq qərarı
olduqda;
7.3.5. hüquqi şəxs ləğv edildikdə və
sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə
verilən şəhadətnamə qüvvəsini itirildikdə;
7.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulan digər hallarda.
7.4. Dövlət Ekologiya Komitəsi lisenziyanın ləğv
edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün
müddətində yazılı şəkildə
lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına
məlumat verir.
7.5. Lisenziyanın fəaliyyətinin
dayandırılması, ləğv edilməsi və ya bərpası
haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara
əsasən ayrı-ayrı obyektlər üçün
verilmiş surətlərinə də şamil edilir.
8. Məsulİyyət
8.1. Dövlət Ekologiya Komitəsinin rəhbərliyi
və vəzifəli şəxsləri lisenziyalaşdırma
haqqında Azərbaycan Respublikası qanunvericiliyinin
pozulması, yaxud onun lazımi şəkildə icra
olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət
daşıyırlar.
8.2. Dövlət Ekologiya Komitəsinin qərarlarından
və hərəkətlərindən müəyyən
olunmuş qaydada məhkəmə orqanlarına şikayət
oluna bilər.
8.3. Bu Qaydalarda göstərilən fəaliyyət
növü ilə lisenziyasız məşğul olan şəxslər
mövcud qanunvericiliyə uyğun məsuliyyət
daşıyırlar.
* Ərizədə göstərilən fəaliyyət
növü ərazi baxımından ayrı-ayrı obyektlərdə
həyata keçiriləcəkdirsə, ərizədə həmin
obyektlərin sayı və ünvanı göstərilir.
** Bu şərtlərə ərizəçinin ərizədə
göstərilən fəaliyyət növü ilə məşğul
olacaq hər bir obyekti uyğun olmalıdır.
Azərbaycan Respublikasının Baş naziri
A.Rasİzadə
Bakı şəhəri, 6 dekabr 2000-ci il
¹ 217
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 dekabr, ¹ 12.- S.4831-4838.