Ozondağıdıcı maddələrin və tərkibində belə maddələr olan məhsulların istehsalı, təsərrüfat fəaliyyətində istifadəsi, saxlanması, resirkulyasiyası və zərərsizləşdirilməsinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

 

"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının 4-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ozondağıdıcı maddələrin və tərkibində belə maddələr olan məhsulların istehsalı, təsərrüfat fəaliyyətində istifadəsi, saxlanması, resirkulyasiyası və zərərsizləşdirilməsinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli, 218 nömrəli qərarı ilə təsdİq edİlmİşdİr

 

Ozondağıdıcı maddələrin və tərkibində belə maddələr olan məhsulların istehsalı, təsərrüfat fəaliyyətində istifadəsi, saxlanması, resirkulyasiyası və zərərsizləşdirilməsinə xüsusi razılıq (lisenziya) verilməsi QAYDALARI

1. Ümumİ müddəalar

 

1.1. Bu Qaydalar "Sahibkarlıq fəaliyyəti haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli, 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə"yə və "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 392 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında ozondağıdıcı maddələrin və tərkibində belə maddələr olan məhsulların istehsalı, təsərrüfat fəaliyyətində istifadəsi, saxlanması, resirkulyasiyası və zərərsizləşdirilməsinə xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra - lisenziya) qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi (bundan sonra - Dövlət Ekologiya Komitəsi) tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçilər) ozondağıdıcı maddələrin və tərkibində belə maddələr olan məhsulların istehsalı, təsərrüfat fəaliyyətində istifadəsi, saxlanması, resirkulyasiyası və zərərsizləşdirilməsinə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

1.5. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

2. Lİsenzİyanın verİlməsİ qaydası

2.1. Lisenziya almaq üçün ərizəçi Dövlət Ekologiya Komitəsinə aşağıdakıları təqdim etməlidir:

2.1.1. lisenziya almaq üçün ərizə;

ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi, bankın adı və fəaliyyət növü* ;

fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü.*

2.1.2. müəssisənin təsis sənədlərinin surəti;

2.1.3. hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında "Hüquqi şəxslərin Dövlət reyestrindən çıxarış";

2.1.4. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

2.1.5. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.6. ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququnu, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.7.lisenziyanın verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə cavab verən aşağıdakı sənədlər:**

ozondağıdıcı maddələrin toplanması, daşınması və saxlanması üçün ərizəçinin texniki imkanları haqqında arayış;

ərizəçinin ozondağıdıcı maddələrin saxlanma və ya zərərsizləşdirilmə obyektlərinə malik olması haqqında sənəd;

ərizəçinin iki il ərzində ozondağıdıcı maddə və məhsullarla fəaliyyəti barədə məlumat (tarix, miqdar).

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Dövlət Ekologiya Komitəsi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq, 15 gündən gec olmamaq şərti ilə lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən iki il vaxt keçməmişdirsə;

2.4.5. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.6. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq, Dövlət Ekologiya Komitəsinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Müəssisə, təşkilat, idarə ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar dəyişdikdə, lisenziya itirildikdə 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə Dövlət Ekologiya Komitəsinin verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. Dövlət Ekologiya Komitəsinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lİsenzİya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. Dövlət Ekologiya Komitəsinin adı;

3.1.2. hüquqi şəxslər üçün - lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;

3.1.3. fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri);

3.1.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

3.1.6. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;

3.1.7. lisenziyanın qeydiyyat nömrəsi və verilməsi tarixi.

3.2. Lisenziya Dövlət Ekologiya Komitəsinin sədri (o olmadıqda sədrin müavini) tərəfindən imzalanır və Komitənin möhürü ilə təsdiq olunur.

4. Lİsenzİyanın müddətİ

4.1. Lisenziya 5 il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya və onun sürətləri etibarsız sayılır.

4.4. Dövlət Ekologiya Komitəsi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa və ləğv etdiyi lisenziyaların reyestrini bu məqsədlər üçün ayrılmış xüsusi kitab üzrə aparır.

5. Lİsenzİyanın surətİ

5.1. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə təzə obyektlərə lisenziyanın surətini almaq üçün Dövlət Ekologiya Komitəsinə aşağıdakı sənədləri təqdim etməlidir:

5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyətin növü, təzə obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;

5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.6, 2.1.7-ci yarımbəndlərində tələb olunan sənədlər.

5.3. Dövlət Ekologiya Komitəsi lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu Qaydaların 2.3. və 2.4.-cü bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.

5.4. Lisenziyanın surəti - lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında, verilən lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncünə "Surəti" sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə edilməklə doldurulmuş, Dövlət Ekologiya Komitəsinin rəhbəri, o olmadıqda müavini tərəfindən imzalanaraq və Komitənin möhürü ilə təsdiq edilən və həmin obyektdə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.

5.5. Lisenziyanın surəti Dövlət Ekologiya Komitəsi tərəfindən qeydə alınır.

5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün Dövlət Ekologiya Komitəsinə müraciət edir.

5.7. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.

6. Lİsenzİyanın qüvvədə olma qaydaları və nəzarət

6.1. Lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən "Ətraf mühitin mühafizəsi haqqında", "İstehsalat və məişət tullantıları haqqında" qanunlara və habelə qüvvədə olan digər normativ hüquqi aktlara riayət etməlidirlər.

6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Dövlət Ekologiya Komitəsi həyata keçirir.

6.3. Nəzarət qaydasında Dövlət Ekologiya Komitəsinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

6.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

6.3.2. yoxlama zamanı ortaya çıxan suallara dair lisenziya sahibindən məlumatlar, arayışlar almaq;

6.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

6.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq etmək;

6.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı Dövlət Ekologiya Komitəsinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

6.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt Dövlət Ekologiya Komitəsinin nümayəndələri və lisenziya sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə, bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

6.6. Dövlət Ekologiya Komitəsi zəruri hallarda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

7. Lİsenzİyanın fəalİyyətİnİn dayandırılması və ya ləğv edİlməsİ

7.1. Dövlət Ekologiya Komitəsi lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

7.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq edildikdə;

7.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarda tələb olunan zəruri şərait və şərtlərin pozulduğu aşkar edildikdə;

7.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.2. Dövlət Ekologiya Komitəsi lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə, lisenziyanın fəaliyyəti lisenziya sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Dövlət Ekologiya Komitəsi tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərarın qəbul edildiyi andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

7.3. Dövlət Ekologiya Komitəsi lisenziyasını aşağıdakı hallarda ləğv edir:

7.3.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

7.3.3. lisenziyanın qüvvədə olma qaydaları lisenziya sahibi tərəfindən pozulduqda;

7.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

7.3.5. hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə;

7.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.4. Dövlət Ekologiya Komitəsi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil edilir.

7.6. Lisenziya ləğv edildikdə və ya onun fəaliyyət dayandırıldıqda, lisenziyanın verilməsinə görə alınmış rüsum lisenziya sahibinə qaytarılmır.

8. Məsulİyyət

8.1. Dövlət Ekologiya Komitəsinin rəhbərliyi və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

8.2. Dövlət Ekologiya Komitəsinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növləri ilə lisenziyasız məşğul olan şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

 

Bakı şəhəri, 6 dekabr 2000-ci il

             

    ¹ 218

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 dekabr, ¹ 12.- S.4838;4844.