Vergi ödəyicilərinə
eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq
edilməsi Qaydasının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq
edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Vergi ödəyicilərinə eyniləşdirmə
nömrəsinin verilməsi və tətbiq edilməsi
Qaydası” təsdiq edilsin (əlavə olunur).[1]
2. Mülkiyyət formasından asılı olmayaraq
bütün hüquqi şəxslərin, onların
filiallarının və nümayəndəliklərinin, habelə
vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi
sahibkarların) uçotu onlara Azərbaycan
Respublikasının dövlət vergi orqanları tərəfindən
vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
verilməklə aparılır.
3. Nəzərə alınsın ki, vergi
orqanlarında 2001-ci il 1 yanvar tarixinədək uçota
alınmış vergi ödəyicilərinin eyniləşdirmə
nömrələrini onlara əvvəllər verilmiş
identifikasiya nömrələri (VÖİN) təşkil edir
və təqdim olunan bildirişlər vergi uçotuna
alınmasını təsdiq edən şəhadətnamələrə
bərabər tutulur. [2]
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətinə
tapşırılsın ki, 2001-ci il 1 yanvar tarixdən vergi
ödəyicilərinin uçotunu Azərbaycan
Respublikasının Vergilər Məcəlləsinə və
“Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin
verilməsi və tətbiq edilməsi qaydası”na uyğun
olaraq aparsın.[3]
5. Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsinə və Dövlət Statistika Komitəsinə
tapşırılsın ki, öz işlərində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidməti tərəfindən hüquqi və fiziki şəxslərə
verilən vergi ödəyicisinin eyniləşdirmə nömrələrindən
istifadə etsinlər.[4]
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi
ödəyicilərinin uçotunun təkmilləşdirilməsi
barədə” 1996-cı il 19 dekabr tarixli, 182 nömrəli qərarı
öz qüvvəsini itirmiş hesab edilsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 21 dekabr tarixli, 222 nömrəli qərarı ilə təsdİq
edİlmİşdİr
Vergi ödəyicilərinə eyniləşdirmə
nömrəsinin verilməsi və tətbiq edilməsi QAYDASI
Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
uyğun olaraq vergi ödəyicilərinin vergi orqanlarında
vahid prinsiplər əsasında uçota alınması,
onlara eyniləşdirmə nömrələrinin verilməsi
qaydasını və vergi ödəyicilərinin eyniləşdirmə
nömrələrinin (bundan sonra VÖEN) tətbiq dairəsini
müəyyən edir.
1. Ümumİ müddəalar
1.1. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini
hüquqi şəxs yaratmadan həyata keçirən fiziki
şəxslər (fərdi sahibkar) onların vergi ödəməsi
vəzifəsini şərtləndirən halların olub-olmamasından
asılı olmayaraq vergi orqanlarında vergi ödəyicisi
kimi uçota alınırlar.
1.2. Vergi ödəyiciləri vergi orqanında
uçota durmağa, vergi orqanı isə vergi ödəyicilərinin
uçotunu aparmağa borcludurlar.
1.3. Vergi ödəyicisi olan hüquqi şəxs, onun
filialları və nümayəndəlikləri və ya digər
təsərrüfat subyektləri (obyektləri) olduğu yer
üzrə, fərdi sahibkar və Vergi Məcəlləsinin
müddəalarına uyğun olaraq bəyannamə verməli
olan rezident fiziki şəxs isə yaşadığı yer
üzrə vergi orqanında uçota alınmalı və onlara
bütün vergilər üzrə, o cümlədən Azərbaycan
Respublikasının gömrük sərhədindən
malların keçirilməsi ilə bağlı ödənişlər
üzrə Azərbaycan Respublikasının bütün ərazisində
vahid olan VÖEN verilməlidir. [5]
1.4. Vergi ödəyicisi kimi uçota alınmayan vergi
agenti olan təşkilatlar hüquqi şəxslər
üçün müəyyən edilmiş qaydada
olduqları yer üzrə vergi orqanlarında uçota
alınırlar.
1.5. Daimi nümayəndəliklərin vergi
orqanlarında uçota alınması Azərbaycan
Respublikasının hüquqi şəxsləri
üçün müəyyən edilmiş qaydada həyata
keçirilir.
1.6. Vergi ödəyicisi haqqında məlumatlar qanunla
müəyyən olunmuş hallar istisna olmaqla, onun uçota
alınması anından vergi sirri hesab olunur.
1.7. Vergi ödəyicisinin vergi uçotuna
alınması yerinin müəyyən edilməsi ilə
bağlı çətinliklər yarandıqda, onun uçota
alınması yerini təqdim olunmuş məlumatlar əsasında
Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən
edir.
1.8. Vergi ödəyiciləri olan hüquqi şəxslər
onların yuxarı təşkilatlarına VÖEN verildikdən
sonra uçota alınırlar.
1.9. Vergi uçotuna alınma, yenidən uçota
alınma, uçotdan çıxarılma ödənişsiz
həyata keçirilir.
1.10. Vergi ödəyicilərinin uçota
alınması onların ərizələrinə əsasən
həyata keçirilir. Bu ərizələrin forması Azərbaycan
Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq
edilir.
2. Vergİ ödəyİcİlərİ tərəfİndən
ərİzənİn verİlməsİ
2.1. Hüquqi şəxs, onun filial və nümayəndəlikləri
tərəfindən ərizənin verilməsi
2.1.1. Vergi uçotuna durmaq üçün hüquqi
şəxs dövlət qeydiyyatına alındığı
gündən, Azərbaycan Respublikasında filial və
nümayəndəlik və ya digər təsərrüfat
subyekti (obyekti) vasitəsi ilə sahibkarlıq fəaliyyəti
həyata keçirildikdə isə - filialın və ya
nümayəndəliyin yaradılmasından 30 gün müddətində
olduğu yer üzrə vergi orqanına ərizə təqdim
etməlidir.
Hüquqi şəxslərin dövlət
qeydiyyatından keçmə tarixi ədliyyə
orqanlarının onlara dövlət qeydiyyatına alınma
haqqında sənədlərin verilməsi tarixini əks etdirən
arayışlarına əsasən müəyyən edilir.
2.1.2. Hüquqi şəxs uçota alınma barədə
verdiyi ərizə ilə birlikdə dövlət
qeydiyyatına alınması haqqında şəhadətnamənin
və təsis sənədlərinin, rəhbərin təyin
olunmasını və hüquqi şəxsin
ünvanını təsdiq edən sənədlərin bir
nüsxədə surətlərini, habelə rəhbərin
şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını
vergi orqanına təqdim etməlidir.
2.1.3. Ərizə vergi ödəyicisi olan hüquqi
şəxsin, onun filial və nümayəndəliyinin rəhbəri
və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən
doldurulur. Ərizədə göstərilənlərin
düzgünlüyünə hüquqi şəxsin, onun filial
və ya nümayəndəliyinin rəhbəri cavabdehdir.
2.1.4. Filialları və digər təsərrüfatçılıq
subyektləri olan hüquqi şəxs verdiyi ərizə ilə
birlikdə həmin filial və təsərrüfatçılıq
subyektlərinin siyahılarını Azərbaycan
Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq
edilmiş formada təqdim etməlidir. Həmin məlumatlarda dəyişikliklər
baş verdikdə, hüquqi şəxs 30 gün müddətində
bu barədə əlavə məlumatlar təqdim etməlidir.
2.1.5. “Hüquqi şəxsin uçotda olduğu vergi
orqanının ərazisindən kənarda fəaliyyət
göstərən filialı, nümayəndəliyi və ya
digər təsərrüfat subyekti (obyekti) olduqda, hüquqi
şəxs vergi ödəyicisi kimi həm özünün
olduğu yer üzrə, həm də onun filialının,
nümayəndəliyinin və ya digər təsərrüfat
subyektinin (obyektinin) olduğu yer üzrə uçota
alınır. Bu halda hüquqi şəxs özünün
filial və (və ya) nümayəndəliklərinin olduğu
(yerləşdiyi) ərazi üzrə vergi orqanına Azərbaycan
Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq
edilmiş formaya uyğun məlumat göndərməlidir. Həmin
məlumat vergi orqanlarına bu Qaydaların 2.1.4.-cü bəndində
göstərilən müddətdə və qaydada
çatdırılır. [6]
2.1.6. Hüquqi şəxsin uçotda olduğu vergi
orqanının yerləşdiyi ərazinin hüdudlarından
kənarda yerləşən təsərrüfatçılıq
subyektlərinin olduğu ərazi üzrə vergi orqanı Azərbaycan
Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq
edilmiş forma üzrə məlumatların qeydiyyatını
aparmalı və bu barədə hüquqi şəxsin
uçotda olduğu vergi orqanına 5 (beş) iş
günü ərzində məlumat verməlidir.
Vergilər Nazirliyi tərəfindən müəyyən
edilən iri vergi ödəyiciləri və xüsusi vergi
rejimli müəssisələr Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada mərkəzləşdirilmiş
uçota alına bilər. [7]
İkiqat vergitutmanın aradan qaldırılması haqqında
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
əsasən xarici dövlətin rezidentinin Azərbaycan
Respublikasında fəaliyyət göstərən və daimi
nümayəndəlik yaratmayan bölmələri, habelə Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 13.2.5.3-cü maddəsinə
müvafiq olaraq idarəetmə yerinə görə rezident
sayılan hüquqi şəxs vergi orqanında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydalara uyğun olaraq uçota alınır.
2.2. Vergi ödəyicisi olan fərdi sahibkar və Vergi
Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə
verməli olan rezident fiziki şəxs tərəfindən ərizənin
verilməsi [8]
2.2.1. Vergi ödəyicisi olan fərdi sahibkar və
Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq
bəyannamə verməli olan rezident fiziki şəxs
uçota alınmaq üçün yaşadığı
yer üzrə vergi orqanına ərizə təqdim etməlidir.
2.2.2. Vergi ödəyicisi olan fərdi sahibkarın və
Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq
bəyannamə verməli olan rezident fiziki şəxsın təsərrüfatçılıq
subyektlərinin qeydə alınması hüquqi şəxslər
üçün nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
2.2.3. Ərizə vergi ödəyicisi olan fərdi
sahibkar və Vergi Məcəlləsinin müddəalarına
uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs
və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən
doldurulur və imzalanır.
Ərizədə göstərilənlərin
düzgünlüyünə fərdi sahibkar və Vergi Məcəlləsinin
müddəalarına uyğun olaraq bəyannamə verməli
olan rezident fiziki şəxs cavabdehdir.
2.2.4. Vergi ödəyicisi olan fərdi sahibkar və
Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq
bəyannamə verməli olan rezident fiziki şəxs
uçota durmaq üçün ərizə ilə birlikdə
onun şəxsiyyətini təsdiq edən sənədin surətini
və yaşadığı yer haqqında məlumat təqdim
edir.
Vergi ödəyicisi olan fərdi sahibkar və Vergi Məcəlləsinin
müddəalarına uyğun olaraq bəyannamə verməli
olan rezident fiziki şəxs uçota alındıqda, onun
şəxsi məlumatlarına soyadı, adı,
atasının adı, doğulduğu tarix və yer, cinsi,
yaşadığı ünvan, şəxsiyyətini təsdiq
edən sənəd və vətəndaşlığı
haqqında məlumatlar daxil edilir.
3. Vergİ ödəyİcİlərİnİn
uçota alınması və VÖEN verİlməsİ
3.1. Vergi orqanına təqdim olunan sənədlər
xüsusi jurnalda tarixlər üzrə ardıcıl nömrələrlə
qeydə alınır və qeydiyyat nömrəsi vergi ödəyicilərindən
daxil olan ərizələrin müvafiq bəndində
yazılır.
3.2. Ərizənin və ona əlavə edilən sənədlərin
tam şəkildə qəbuluna onları qəbul etmiş
vergi orqanının məsul işçisi qanunvericiliyə
uyğun məsuliyyət daşıyır.
3.3. Vergi orqanı vergi ödəyicisinin uçota
alınmasını vergi uçotuna alınması haqqında
ərizənin və digər zəruri sənədlərin
vergi orqanına daxil olduğu gündən sonrakı 10 gün
müddətində həyata keçirməli və həmin
müddətdə də vergi ödəyicisinə şəhadətnamə
verməlidir.
Bu Qaydanın 2.1.5-ci yarımbəndində nəzərdə
tutulan hallarda hüquqi şəxs həm özünün
olduğu yer üzrə, həm də onun filialının,
nümayəndəliyinin və ya digər təsərrüfat
subyektinin (obyektinin) olduğu yer üzrə uçota
alındıqda, onun filialına, nümayəndəliyinə və
ya digər təsərrüfat subyektinə (obyektinə)
VÖEN verilə bilər.[9]
3.4. VÖEN avtomatlaşdırılmış şəkildə
xüsusi proqram təminatı vasitəsi ilə müəyyən
olunur. VÖEN doqquz rəqəmdən ibarət olmaqla vergi
ödəyicisini uçota alan vergi orqanının kodunu və
vergi ödəyicisinin sıra nömrəsini əks etdirir.
Vergi ödəyicisinə VÖEN-ni əks etdirən
uçota alınma haqqında şəhadətnamə verilir.
3.5. Şəhadətnamə vergi ödəyicisinin
uçotda olmasını təsdiq edən əsas sənəd
olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və
onda saxlanılır. Şəhadətnamə itirildikdə və
ya yararsız hala düşdükdə vergi ödəyicisinin
müraciəti əsasında şəhadətnamənin yeni
nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində
şəhadətnamənin yeni nüsxə olması barədə
müvafiq qeyd aparılır. Şəhadətnamənin forması
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə
razılaşdırılmaqla Azərbaycan Respublikasının
Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.
3.6. Şəhadətnamələrin qeydiyyatı Azərbaycan
Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq
edilmiş formaya uyğun aparılmalıdır.
3.7. Vergi ödəyicisi uçota alındıqdan
sonra onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin
əslində VÖEN barədə qeyd aparılır və
şəhadətnamə vergi ödəyicisinə
qaytarılır. [10]
3.8. Vergi ödəyicisi tərəfindən uçota
alınması haqqında şəhadətnamə
alındıqdan sonra, bank idarəsində hesab almaq
üçün ərizə verilir. Vergi orqanı bu ərizə
əsasında vergi ödəyicisinə şəhadətnamə-dublikat
verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların
sayı məhdudlaşdırılmır və onların hər
biri nömrələnir. Şəhadətnamə-dublikatın
alınması üçün vergi ödəyicisi tərəfindən
verilən ərizənin və şəhadətnamə-dublikatın
forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi
tərəfindən təsdiq edilir.
Şəhadətnamə-dublikat alındığı
tarixdən 10 gün müddətində hesab açılmaq
üçün istifadə olunmadıqda qüvvədən
düşmüş hesab edilir.
Şəhadətnamə-dublikat iki hissədən ibarətdir.
Onun bir hissəsi vergi ödəyicisinin hesab
açdığı bankda qalır, bildiriş adlanan digər
hissəsi isə bank idarəsinin müvafiq qeydləri
aparıldıqdan sonra onu vermiş vergi orqanına
qaytarılır.
3.9. Şəhadətnamə-dublikatla yalnız onda
göstərilmiş bankda hesab açmaq olar.
3.10. Şəhadətnamə-dublikatın bildiriş
hissəsi vergi ödəyicisi tərəfindən 10 gün
müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini
vergi ödəyicisi və müvafiq bank idarəsi ilə dəqiqləşdirməlidir.
Şəhadətnamə-dublikat 10 gün ərzində istifadə
olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat
geri alınır və hesabın açılmaması barədə
bankdan alınmış rəsmi məlumata əsasən onun
etibarsız olması haqqında vergi ödəyicisinin
uçot məlumatlarında müvafiq qeydlər edilir.
Şəhadətnamə-dublikatların qeydiyyatı
jurnalının forması Azərbaycan Respublikasının
Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.
4. Eynİləşdİrmə nömrələrİnİn
İşlənİlməsİ və tətbİqİ
daİrəsİ
4.1. VÖEN vergi ödəyiciləri tərəfindən
mühasibat, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə,
təsərrüfat müqavilələrində,
hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa
aparatlarının çeklərində, məktublarda, habelə
gömrük, bank və bütün digər ödəniş
sənədlərində hökmən göstərilməlidir.
Göstərilən sənədlərdə xüsusi
yer nəzərdə tutulmadıqda, VÖEN bir qayda olaraq vergi
ödəyicisinin adı ilə yanaşı
yazılmalıdır.
4.2. Vergi orqanı vergi ödəyicisinə göndərilən
bütün bildirişlərdə onun eyniləşdirmə
nömrəsini göstərir.
4.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
uyğun olaraq vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinin
hər hansı tәdiyә, bank və gömrük sənədində
VÖEN göstərilmədikdə, ödənişi aparan
müvafiq bank idarələri, vergi və gömrük
orqanları tərəfindən bu sənədlərin icra
üçün qəbul edilməsinə yol verilmir.
4.4. Vergi ödəyicilərinə bank hesabları
(hesablaşma, valyuta, ssuda, cari və sair) yalnız onlara eyniləşdirmə
nömrələri verildikdən sonra açılır.
4.5. Vergi orqanları tərəfindən vergi ödəyicilərinin
uçota alınması və ləğv edilməsi barədə
rüb başa çatdıqdan sonrakı 7 gün müddətində
müvafiq statistika orqanlarına məlumat verilir.
5. Vergİ ödəyİcİlərİ haqqında
uçot məlumatlarının dəyİşdİrİlməsİ
5.1. Vergi ödəyicilərinin uçot məlumatlarında
dəyişikliklər onların Azərbaycan
Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq
edilmiş forma üzrə təqdim etdikləri ərizələri
əsasında aparılır.
5.2. Vergi ödəyicisinin olduğu yer və ya
yaşadığı yer dəyişdikdə, vergi orqanına
bu cür dəyişiklik baş verdiyi gündən 15 gün
müddətində ərizə verməlidir. Vergi ödəyicisinin
vergi uçotunda olduğu vergi orqanına olduğu yer və
yaşadığı yer dəyişdiyi barədə ərizə
ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində
həmin vergi orqanı vergi ödəyicisinin yenidən
uçota alınmasını (yeni əvvəlki vergi
orqanından uçotdan çıxarılması və yeni
vergi orqanında uçota alınması) həyata
keçirilməlidir.
5.3. Vergi ödəyicisinin uçota alınması
haqqında ərizəsində göstərilən məlumatlarında
hər hansı bir dəyişiklik bu Qaydanın 5.2-ci bəndində
nəzərdə tutulmuş müddətlərdə
aparılır.
5.4. Vergi ödəyicisi olan hüquqi şəxsin
VÖEN-nin tamamilə ləğv olunması
aşağıdakı hallarda həyata keçirilir:
a) qanunvericiliklə müəyyən edilmiş qaydada
hüquqi şəxsin ləğv edilməsi barədə qərar
qəbul olunduqda;
b) hüquqi şəxsin təşkilati-hüquqi
forması dəyişdikdə;
c) hüquqi şəxsin mülkiyyət mənsubiyyəti
dəyişdikdə.
5.5. Vergi ödəyicisi olan fiziki şəxsin
VÖEN-nin ləğvi onun vəfatı və qanunvericiliklə
yol verilə bilən digər hallarda mümkündür. Vergi
ödəyicisi olan fiziki şəxslər tərəfindən
fəaliyyətlərinin dayandırılması onların
uçotdan çıxarılmasına əsas vermir.
5.6. Vergi ödəyicisinin VÖEN-i ləğv edilərkən
onun uçota alınmasını təsdiq edən şəhadətnamə
vergi orqanına təhvil verilir. Vergi orqanı şəhadətnamə-dublikatın
etibarsız hesab olunması barədə bank idarələrinə
məlumat verməlidir.
5.7. Vergi orqanı uçotdan
çıxarılmış vergi ödəyicilərinin
qeydiyyat jurnalını Azərbaycan Respublikasının Vergilər
Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə
aparır.
6. Məsulİyyət
Vergi ödəyiciləri uçota durmamağa və
VÖEN almamağa görə Azərbaycan
Respublikasının Vergi Məcəlləsi və digər
normativ hüquqi aktları ilə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə
Bakı şəhəri, 21 dekabr 2000-ci il
¹ 222
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 dekabr, ¹ 12.- S.4846;4852.