Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli, 386 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında (icarə haqları paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və bu Qərarın 1-1-ci və 1-2-ci hissələri istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır) müəyyən edilsin.[1]

1-1. Enerji mənbələri (külək və günəş) üzrə qoyuluş gücü 100 MVt və daha çox olan elektrik stansiyalarının tikintisi və istismarı ilə əlaqədar investorların icarəsinə verilən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi bu Qərarın 1-ci hissəsində nəzərdə tutulmuş icarə haqqının miqdarına sıfır əmsalı tətbiq edilməklə hesablanır.[2]

1-2. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşan əhalinin icarəsinə birillik və çoxillik əkinlərin aparılması üçün verilən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarə haqqının aşağı həddi bu Qərarın 1-ci hissəsində nəzərdə tutulmuş icarə haqqının miqdarına sıfır əmsalı tətbiq edilməklə hesablanır.[3]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasizadə

 

 

Bakı şəhəri, 23 dekabr 2000-ci il

 

                    ¹ 226

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 dekabr, ¹ 12.- S.4857;4858.