"Azərbaycan
Respublikası Hökuməti və Amerika Birləşmiş
Ştatları Hökuməti arasında kütləvi
qırğın silahlarının yayılmasının
qarşısının alınması və müdafiə sahəsində
tədbirlər haqqında" Sazişin təsdiq edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara
alır:
1. "Azərbaycan Respublikası Hökuməti və
Amerika Birləşmiş Ştatları Hökuməti
arasında kütləvi qırğın silahlarının
yayılmasının qarşısının alınması və
müdafiə sahəsində tədbirlər haqqında"
1999-cu il sentyabrın 28-də Vaşinqton şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
Azərbaycan Respublikası Hökuməti və Amerika
Birləşmiş Ştatları Hökuməti arasında
kütləvi qırğın silahlarının
yayılmasının qarşısının alınması və
müdafiə sahəsində tədbirlər haqqında Sazİş
Burada və irəlidə Tərəflər
adlandırılan Azərbaycan Respublikası Hökuməti və
Amerika Birləşmiş Ştatları Hökuməti,
kütləvi qırğın silahlarının
yayılmasının, habelə bu növ silahlardan olan
texnologiyaların, materialların və ekspertizaların
qarşısının alınması məqsədi ilə,
nüvə, bioloji, kimyəvi silahların və bunlara
aid olan materialların tranziti və daşınması daxil
olmaqla, qeyri-qanuni yerdəyişmələrinin
qarşısının alınmasını arzu edərək,
aşağıdakılar barədə
razılığa gəlmişlər:
Maddə 1
Bu Sazişin şərtlərinə müvafiq olaraq,
Amerika Birləşmiş Ştatları Hökuməti
aşağıdakı məqsədlərə nail olmaq
üçün avadanlıqların, ehtiyatların,
materialların, texnologiyaların, təlim və yaxud xidmətlərin
təmin edilməsi və icarəyə verilməsi vasitəsi
ilə Azərbaycan Respublikası Hökumətinə
yardım göstərə bilər:
(a) kütləvi qırğın silahlarının və
belə silahlara aid olan texnologiyaların, materialların və
ekspertizanın yayılmasının qarşısının
alınması;
(b) tranzit və nüvə, bioloji və ya kimyəvi
silahların və onlara aid olan materialların
daşınması və tranziti daxil olmaqla, qeyri-qanuni transferlərin
qarşısının alınması;
(c) qarşılıqlı razılıq üzrə
digər belə tədbirlər.
Maddə 2
Hər bir Tərəf bu Sazişin həyata
keçirilməsi üçün İcraçı Agent təyin
etməlidir. Azərbaycan Respublikası Hökuməti tərəfindən
İcraçı Agent Nazirlər Kabineti olacaq. Amerika Birləşmiş
Ştatları Hökuməti tərəfindən
İcraçı Agent Müdafiə Nazirliyi olacaq.
Maddə 3
1. Zərurət olduqda, Tərəflər öz
İcraçı Agentləri vasitəsi ilə bu Sazişin
1-ci maddəsində əks olunan məqsədlərin həyata
keçirilməsi üzrə sazişlər və ya
razılaşmalar bağlaya bilərlər.
2. Bu Saziş və həyata keçirilmə üzrə
digər saziş və razılaşmalar arasında hər
hansı bir uyğunsuzluğun yarandığı təqdirdə,
bu Saziş üstünlük təşkil edəcək.
Maddə 4
Bu Sazişin təfsiri və ya həyata keçirilməsinə
aid olan hər hansı fikir ayrılıqları və ya
mübahisələr müstəsna şəkildə Tərəflər
arasında məsləhətləşmələr vasitəsi
ilə nizamlanmalı və hər hansı bir
üçüncü tərəfin, məhkəmə və
ya tribunalın baxılmasına verilməməlidir.
Maddə 5
Bu Saziş və ya həyata keçirilmə üzrə
sazişlərə uyğun olaraq, bu Sazişin şərtləri
Amerika Birləşmiş Ştatlarının təqdim etdiyi bütün
avadanlıqlara, ehtiyatlara, materiallara, texnologiyalara, təlim və
ya xidmətlərə və ona aid olan tədbirlərə və
personala şamil ediləcəkdir.
Maddə 6
1. Azərbaycan Respublikası Hökuməti bu Sazişə
uyğun olaraq, tədbirlərin həyata keçirilməsi məqsədi
ilə Amerika Birləşmiş Ştatları Hökumətinin
əməkdaşlarına və Amerika Birləşmiş
Ştatları Hökumətinin podratçı işçilərinə
Azərbaycan ərazisi hüdudlarına və hüdudlarından
kənara gəliş və gedişi
asanlaşdırmalıdır.
2. Bu Sazişə uyğun olaraq, tədbirlərlə
bağlı Amerika Birləşmiş Ştatları tərəfindən
Azərbaycanda istifadə olunan təyyarə və gəmilər,
müntəzəm kommersiya reyslərini həyata keçirən
təyyarələr və gəmilərdən başqa, Azərbaycan
ərazisində tutulan gömrük rüsumlarından, yerə
enmə və dayanacaq üçün ödəmələrdən,
liman ödənişlərindən, yığımlardan və
istənilən digər rüsumlardan azad olunmalıdır.
Amerika Birləşmiş Ştatlarına məxsus və yaxud
bu Sazişə aid olan tədbirlərlə əlaqədar
istifadə olunan təyyarələr Azərbaycanda
gömrük baxışından azad olunmalıdır.
3. Müntəzəm kommersiya reysləri həyata
keçirən təyyarələrdən başqa, digər təyyarələr
Azərbaycana nəqletmə məqsədi ilə Amerika Birləşmiş
Ştatları tərəfindən istifadə olunarsa,
uçuş planının qeydlər qrafasında müvafiq
icazənin alınmasının təsdiqi daxil olmaqla,
onların üçuş planı mülki təyyarələrə
tətbiq olunan Beynəlxalq Mülki Aviasiya Təşkilatı
prosedurlarına uyğun olaraq tərtib edilməlidir.
Maddə 7
Amerika Birləşmiş Ştatları Hökumətinin
yazılı razılığını almadan, Azərbaycan
Respublikası Hökuməti Amerika Birləşmiş
Ştatları Hökumətinin bu Sazişə müvafiq
olaraq təqdim etdiyi hər hansı avadanlığa,
ehtiyatlara, materiallara, texnologiyaya, təlimə və ya xidmətlərə
aid olan mülkiyyət hüququnu və yaxud
sahibkarlığı bu Saziş Tərəfinin əməkdaşı,
işçisi və ya agentindən başqa, istənilən
hüquqi şəxsə verə bilməz və bu
avadanlığın, təchizatın, materialların,
texnologiyaların, təlimin və ya xidmətlərin, təyin
olunmuş məqsədlərdən başqa, digər məqsədlərlə
istifadə olunmasına icazə verməməlidir. Azərbaycan
Respublikası Hökuməti, bu Sazişə müvafiq olaraq
Amerika Birləşmiş Ştatları Hökuməti tərəfindən
təqdim edilmiş avadanlıqların, ehtiyatların,
materialların, texnologiyanın, təlimin və ya xidmətlərin
təhlükəsizliyinin təminatı üçün onun
səlahiyyətində olan bütün səmərəli tədbirləri
həyata keçirməlidir və onları konversiya və ya
mənimsənilməyə qarşı mühafizə etməyə
borcludur.
Maddə 8
1. Azərbaycan Respublikası Hökuməti Amerika Birləşmiş
Ştatları Hökumətini və onun personalını,
podratçılarını və podratçıların
personalını məhkəmə prosedurlarından azad edir və
bu Saziş üzrə tədbirlərin həyata keçirilməsi
ilə əlaqədar yaranan mülkiyyətə ziyan, Azərbaycanda
hər hansı bir şəxsin vəfat etməsi və ya zədələnməsi
ilə bağlı müqavilə üzrə iddialardan
başqa, iddialar irəli sürmür.
2. Bu maddənin müddəaları Tərəflərin
kompensasiya ödənilməsinə, onların milli
qanunlarına müvafiq olaraq, maneə törətməməlidir.
Maddə 9
Amerika Birləşmiş Ştatları Hökumətinin
bu Saziş üzrə fəaliyyəti müvafiq vəsaitlərin
mövcudluğundan asılıdır.
Maddə 10
Amerika Birləşmiş Ştatları Hökumətinin
xahişi ilə bu Sazişlə bağlı fəaliyyətin
həyata keçirilməsi üçün Azərbaycan ərazisində
yerləşən Amerika Birləşmiş Ştatları
Hökumətinin hərbi və mülki əməkdaşlarına,
18 aprel 1961-ci il tarixli diplomatik münasibətlər
haqqında Vyana Konvensiyasına müvafiq olaraq inzibati və
texniki personala verilən imtiyaz və immunitetlər verilir.
Maddə 11
1. Amerika Birləşmiş Ştatları Hökuməti,
onun personalı, podratçıları və
podratçılar personalı, bu Saziş üzrə fəaliyyət
ilə bağlı Azərbaycan ərazisində tutulan hər
hansı vergilərin, gömrük rüsumlarının və
yaxud bu tipli digər yığımların ödənilməsindən
azad edilirlər.
2. Amerika Birləşmiş Ştatları Hökuməti,
onun personalı, podratçıları və onların
personalı bu Sazişin həyata keçirilməsi
üçün zəruri olan istənilən
avadanlığı, ehtiyatları, materialları,
texnologiyanı, təlimi və ya xidmətləri Azərbaycana
gətirə və Azərbaycandan çıxara bilər. Bu
növlü idxal-ixrac lisenziyalaşdırmanın və ya digər
məhdudiyyətlərin, Azərbaycan ərazisində tutulan
gömrük rüsumlarının, vergilərin və istənilən
digər yığımların predmeti olmamalıdır.
Maddə 12
Bu Sazişin həyata keçirilməsi məqsədi
ilə Tərəf, tikinti üzrə daxil olmaqla, əşyaların
və xidmətlərin əldə edilməsi
üçün kontraktı təqdim etdiyi təqdirdə, belə
kontraktlar bu Tərəfin qanunlarına və qaydalarına
uyğun olaraq təqdim edilməlidir. Amerika Birləşmiş
Ştatları Hökuməti tərəfindən və ya onun
adından bu Sazişin həyata keçirilməsi məqsədi
ilə əşyaların və xidmətlərin Azərbaycanda
əldə olunması, Azərbaycan ərazisində tutulan hər
hansı vergilərin qoyulması, gömrük rüsumları
və ya bu tipli yığımların predmeti olmayacaqdır.
Maddə 13
Otuz gün əvvəl təqdim olunmuş
yazılı sorğuya əsasən, Amerika Birləşmiş
Ştatları Hökumətinin nümayəndələri
Sazişin qüvvədə olduğu müddətdə və
həmçinin müddətin qurtarmasından sonra
üç il ərzində, bu Sazişə müvafiq olaraq
Amerika Birləşmiş Ştatları Hökuməti tərəfindən
təqdim olunmuş istənilən avadanlıqların,
ehtiyatların, materialların, təlimin və ya xidmətlərin
istifadə edilməsi və onların yerləşmə və
istifadə yerləri üzrə yoxlamalar aparmaq hüququna
malik olacaqlar və bu Sazişə müvafiq olaraq təqdim
olunmuş materialların və ya xidmətlərin istifadəsinə
aid olan bütün yazıların və ya sənədləşmələrin
auditi və tədqiqatı hüququna malik olacaqlar.
Maddə 14
Bu Saziş onun qüvvəyə minməsi
üçün tələb olunan bütün tətbiq edilən
daxili prosedurları hər bir Tərəfin yerinə yetirməsini
təsdiq edən, Tərəflərin diplomatik
notalarının mübadiləsi tarixindən qüvvəyə
minəcək və yeddi il müddətində qüvvədə
olacaqdır. Tərəflər arasında yazılı
razılaşma yolu ilə bu Sazişə əlavələr
edilə bilər və ya o uzadıla bilər və bir Tərəfin,
Sazişin ləğv olunması haqqında digər Tərəfdən
bu niyyəti barədə yazılı xəbərdarlıq
almasından doxsan gün başa çatdıqdan sonra
Saziş ləğv oluna bilər.
Bu Sazişin və ya onun həyata keçirilməsi
üzrə sazişlərin qüvvəsinin
dayandırılmasına baxmayaraq, Azərbaycan Respublikası
Hökumətinin bu Sazişin 7-ci və 8-ci maddələrinə
müvafiq olaraq öhdəliklərinin, Tərəflər
arasında yazılı şəkildə digər
razılaşmalar əldə olunmazsa, qeyri-müəyyən
müddətə tətbiq edilməsi davam etdiriləcək.
Vaşinqtonda, Kolumbiya əyalətində 1999-cu ilin
sentyabr ayının 28-ci günündə, iki nüsxədə,
Azərbaycan və ingilis dillərində tərtib
edilmişdir, hər iki mətn autentikdir.
Azərbaycan Respublikası
Amerika Birləşmiş
Ştatları
Hökuməti
adından
Hökuməti adından
(imza)
(imza)
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 8 fevral 2000-ci il
¹ 804-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 29 fevral, ¹ 2.- S.509-512.