“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 38-ci maddəsinin müddəalarından irəli gələn xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü və bu fəaliyyət növü üçün xüsusi razılıq (lisenziya) verən icra hakimiyyəti orqanı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; [2]

həmin Qanunun 19-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsində və 43-cü maddəsinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 52-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövrü mətbuat nəşrlərin Azərbaycan Respublikasında yayılması üçün razılığın verilməsi qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [3]

öz səlahiyyətləri daxilində “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:[4]

2.1. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;[5]

2.2. həmin Qanunun 19-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;[6]

2.3. həmin Qanunun 19-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini 1-ci bənd üzrə Azərbaycan Mətbuat Şurası, 2-ci bənd üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti öz səlahiyyətləri daxilində, 3-cü və 4-cü bəndlər üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir; [7]

2.4. həmin Qanunun 52-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;[8]

2.5. həmin Qanunun 53-cü maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

2.6. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir;[9]

2.7. həmin Qanunun 19-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq dövlət orqanının səlahiyyətlərini Milli Televiziya və Radio Şurası həyata keçirir;[10]

2.8. həmin Qanunun 29-cu maddəsində “qurum” dedikdə Azərbaycan Mətbuat Şurası nəzərdə tutulur.[11]

 

 

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər Əlİyev

 

Bakı şəhəri, 8 fevral 2000-ci il

       

         ¹ 277

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 29 fevral, ¹ 2.- S.551;552.