Türkdilli dövlətlərin VI Zirvə görüşünün Bakı şəhərində keçirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

Türkdilli dövlətlərin başçılarının 1992-ci ildə Türkiyə Respublikasının paytaxtı Ankarada əsası qoyulmuş, İstanbulda, Bişkəkdə, Daşkənddə və Astanada davam etdirilmiş görüşlərinin müntəzəm keçirilməsi gözəl ənənəyə çevrilərək qardaş xalqlarımız arasında ümumi tarix, dil və mədəniyyətə əsaslanan xüsusi əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsinə, Avrasiyada sülh, təhlükəsizlik, sabitlik və inkişaf məsələlərinə öz ümumi töhfələrini verməsi yolunda aparılan işləri əlaqələndirmək məqsədini xidmət edir.

Yeni minilliyin astanasında birgə səylərimiz dövlətlərimizin suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsinə, xalqlarımızın rifahının yaxşılaşdırılmasına, regionumuzda sülhün və sabitliyin bərqərar olmasına yönəldilmişdir. Hüquqi demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə inkişaf, zəngin təbii sərvətlərə sahib olmağımız, dünya iqtisadiyyatına inteqrasiya, yeni Avrasiya nəqliyyat kommunikasiyaları layihələrinin gerçəkləşdirilməsi dövlətlərimiz və xalqlarımız qarşısında geniş perspektivlər açır.

Türkdilli dövlətlərin zirvə görüşlərinin xalqlarımızın siyasi, ictimai və mədəni həyatında böyük əhəmiyyətini nəzərə alaraq, türkdilli dövlətlərin başçıları ilə əldə edilmiş razılaşmaya əsaslanaraq qərara alıram:

 

1. Türkdilli dövlətlərin VI Zirvə görüşü 2000-ci il aprelin 8-də Bakı şəhərində keçirilsin.

2. Türkdilli dövlətlərin VI Zirvə görüşünün hazırlanması və keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

 

Dövlət Komissiyasının sədri

 

Heydər Əliyev                - Azərbaycan Respublikasının Prezidenti

 

Dövlət Komissiyasının üzvləri:

 

Artur Rasizadə               - Azərbaycan Respublikasının Baş naziri

 

Ramiz Mehdiyev                        - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri

 

Elçin Əfəndiyev              - Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Rəfael Allahverdiyev     - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

 

Fərəməz Maqsudov       - Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti

 

Akif Muradverdiyev     - Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri

 

Fatma Abdullazadə        - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri

 

Novruz Məmmədov        - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri                                                                                                                                                                                

 

Vilayət Quliyev              - Azərbaycan Respublikasının xarici işlər naziri

 

Polad Bülbüloğlu           - Azərbaycan Respublikasının mədəniyyət naziri

 

Nizami Xudiyev             - Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri

 

 

Şamil Şahməmmədov    - Azərbaycan Dövlət Teleqraf Agentliyinin Baş direktoru

 

3. Türkdilli dövlətlərin VI Zirvə görüşünün Katibliyinin təşkil edilməsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın.

4. Türkdilli dövlətlərin VI Zirvə görüşünün 2000-ci il aprelin 8-də Bakı şəhərində keçirilməsi ilə əlaqədar tədbirlər planının hazırlanması Dövlət Komissiyasına tapşırılsın.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

6. "Türkdilli dövlət başçılarının VI Zirvə görüşünün Azərbaycanda keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 aprel tarixli, 121 saylı Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti    Heydər Əlİyev

 

 

Bakı şəhəri, 7 fevral 2000-ci il

 

¹ 331

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 29 fevral, ¹ 2.- S.565;567.