Azərbaycan
Respublikasında korrupsiyaya
qarşı mübarizənin
gücləndirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasında
demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu,
bazar iqtisadiyyatı prinsiplərinə və müxtəlif mülkiyyət
formalarına əsaslanan
iqtisadiyyatın, o cümlədən
azad sahibkarlığın
inkişaf etdirilməsi
dövlət siyasətinin
əsas istiqamətlərini
təşkil edir. Son illər bu sahələrdə aparılan ardıcıl islahatlar və əldə olunan müsbət nəticələr
dövlət quruculuğu
və vətəndaş
cəmiyyəti formalaşdırılmasında
mühüm mərhələ
olmaqla, iqtisadi potensialın artmasında böyük rol oynamış, ölkəmizin
dünya iqtisadi sisteminə inteqrasiyasını
sürətləndirmiş, əhalinin maddi rifahının yaxşılaşması
üçün əsaslı
zəmin yaratmışdır.
Eyni
zamanda keçid dövründə sosial-iqtisadi
inkişafa mane olan hallara qarşı
mübarizə metodları
və üsulları genişləndirilmiş, cinayətkarlığa
şərait yaradan halların, korrupsiyanın
aradan qaldırılmasına
yönəldilmiş əməli
tədbirlər gücləndirilmişdir.
Cəmiyyətin inkişafına
mənfi təsir göstərən neqativ təzahürlərə qarşı
mübarizə Azərbaycan
Respublikasında daim diqqət mərkəzində
olmuş, bununla əlaqədar müvafiq qərarlar qəbul edilmiş və təşkilati tədbirlər
həyata keçirilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin "Cinayətkarlığa
qarşı mübarizənin
gücləndirilməsi, qanunçuluğun
və hüquq qaydalarının möhkəmləndirilməsi
tədbirləri haqqında"
1994-cü il 9 avqust tarixli, "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət
nəzarətinin qaydaya
salınması və
əsassız yoxlamaların
qadağan edilməsi barədə" 1996-cı il
17 iyun tarixli, "Dövlət nəzarət
sisteminin təkmilləşdirilməsi
və sahibkarlığın
inkişafı sahəsində
süni maneələrin
aradan qaldırılması
haqqında" 1999-cu il
7 yanvar tarixi fərmanları, "Azərbaycan
Respublikasında iqtisadi
cinayətkarlığa qarşı
mübarizə sahəsində
bəzi tədbirlər
haqqında" 1998-ci il
27 yanvar tarixli Sərəncamı cinayətkarlığa,
o cümlədən korrupsiyaya
qarşı mübarizəni
dövlət siyasətinin
mühüm istiqamətlərindən
biri hesab etmiş, onun daha da məqsədyönlü
aparılmasına şərait
yaratmışdır.
Ölkədə bu
sahədə həyata
keçirilmiş tədbirlər
nəticəsində bir
sıra ciddi qanun pozuntularının qarşısının alınmasına
baxmayaraq, ümumbəşəri
sosial bəla kimi qiymətləndirilən
korrupsiya hallarının
tam aradan qaldırılması hələlik
mümkün olmamışdır.
Dövlət strukturlarında
və iqtisadiyyatın
müxtəlif sahələrində
işləyən, tənzimləyici
və nəzarət funksiyalarını həyata
keçirən bəzi
məmurların öz
vəzifə imkanlarından
maddi nemətlərin və digər üstünlüklərin əldə
olunması üçün
istifadə etməsi, dövlət sərvətlərinin
və vətəndaşlara
məxsus əmlakın
mənimsənilməsi, sahibkarların
fəaliyyətinə əsassız
müdaxilələr və
digər qanun pozuntuları hələ də mövcuddur. Ayrı-ayrı vəzifəli
şəxslərin qanunsuz
hərəkətləri bazar
iqtisadiyyatının mühüm
prinsiplərindən biri
olan sağlam rəqabət mühitinin yaranmasına, işgüzar
adamların fəaliyyətinə
və xarici investisiyanın axınına
əngəllər yaradır,
islahatların həyata
keçirilməsini çətinləşdirir.
Dövlət maliyyə
vəsaitlərinin idarə
olunmasında və xərclənməsində mövcud
olan nöqsanlar, təsərrüfat subyektlərinin
gəlirlərinin gizlədilməsi,
qaçaqmalçılıq, vergidən yayınma kimi neqativ hallar
xüsusi narahatlıq
doğurur. Ayrı-ayrı
şəxslərin müxtəlif
qanunsuz yollarla varlanması son illər cəmiyyətdə
yaranmış sağlam
mənəvi mühitə
ciddi ziyan vurur.
İqtisadi cinayətkarlığa
qarşı mübarizənin
müvafiq hüquqi bazasının yaradılmasının
başa çatdırılmaması,
hüquq mühafizə
orqanlarının bəzi
əməkdaşlarının fəaliyyətində sui-istifadə,
səhlənkarlıq hallarına
yol verilməsi həyata keçirilən
tədbirlərin səmərəsini
azaldır, cinayətkar
ünsürlərin əməlləri
üçün münbit
şərait yaradır.
Bütün bunlar vətəndaşların haqlı
narazılıqlarına səbəb
olur, ölkəmizin beynəlxalq aləmdə nüfuzuna xələl gətirir.
Qeyd olunanları
nəzərə alaraq,
iqtisadi cinayətkarlığa,
korrupsiyaya, rüşvətxorluğa
və digər vəzifədən sui-istifadə
hallarına qarşı
mübarizənin gücləndirilməsi,
bu sahədə qanunvericiliyin və dövlət nəzarəti
mexanizminin təkmilləşdirilməsi,
qeyri-sağlam inzibatçılığın
aradan qaldırılması
və dövlətin idarə olunmasında aşkarlığın təmin
edilməsi məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına (A.Rasizadə, R.Mehdiyev) tapşırılsın ki,
"Korrupsiyaya qarşı
mübarizə haqqında"
Azərbaycan Respublikası
Qanununun və müvafiq Dövlət Proqramının hazırlanması
üçün işçi
qrupları yaratsınlar
və 6 ay müddətinə göstərilən
sənədlərin layihələrini
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsinlər.
2. Bu Fərman imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri,
8 iyun 2000-ci il
№ 347
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu .-2000.- 30 iyun, № 6.-
S.2528-2529.