Avtomobil yolları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu qanun Azərbaycan Respublikasında avtomobil
yollarının və onlarla əlaqədar mühəndisi
qurğuların layihələndirilməsi, tikilməsi, istifadəsi,
saxlanılması, qorunması və inkişaf etdirilməsinin,
habelə yol təsərrüfatının idarə edilməsinin
hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin
ümumi əsaslarını müəyyənləşdirir və
yol təsərrüfatı subyektləri arasında yaranan əsas
münasibətləri tənzimləyir. Bu Qanun mülkiyyətçisindən,
istifadəçilərindən və əhəmiyyətindən
asılı olmayaraq Azərbaycan Respublikasının bütün
avtomobil yollarına şamil edilir.[1]
Fəsil I
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu qanunda istifadə olunan anlayışlar
aşağıdakı mənaları ifadə edir:
avtomobil yolu – dövlət standartlarına, yol hərəkəti
qaydalarına və digər normativ-hüquqi aktlara uyğun
olan ölçülərə və kütləyə malik
sürəti tənzimlənən avtomobil nəqliyyatı
vasitələrinin bütün il boyu fasiləsiz, təhlükəsiz
və rahat hərəkətini təmin edən konstruksiyalar və
mühəndisi qurğular sistemidir;
avtomagistral – müəyyən məsafədə avtomobil
nəqliyyatı vasitələrinin məhdudlaşdırılmayan
sürətlə və maneəsiz hərəkətini təmin
edən, yüksək hərəkəti buraxma qabiliyyətinə
və ayırıcı zolağa malik olan, eyni səviyyədə
kəsişmələri olmayan, habelə hərəkət
hissəsində nəqliyyat vasitələrinin dayanması və
ya durması qadağan edilmiş, hər 50 kilometrdən
çox olmayan məsafədə xüsusi istirahət yerləri
və dayanacaq meydançaları ilə təchiz edilmiş
avtomobil yoludur;[2]
yol fəaliyyəti – yolların yaradılması,
inkişafı, saxlanılması və idarə edilməsi məqsədi
ilə həyata keçirilən fəaliyyət növlərinin
məcmusudur;
avtomobil yollarının yaradılması – müvafiq
proqramlar əsasında yol tikintisi məqsədi ilə torpaq
sahələrinin ayrılması, elmi tədqiqat, layihə
axtarış, tikinti-quraşdırma və yenidənqurma
işlərinin aparılmasıdır;
avtomobil yollarının saxlanılması – yolun
müvafiq layihəyə uyğun olaraq istifadəçilərin
tələblərinə cavab verməsini təmin etmək məqsədi
ilə bütün il boyu yola və yol qurğularına xidmət
göstərilməsi, onların müayinəsi, yoxlanması
və mühafizəsi tədbirlərinin məcmusudur;
avtomobil yollarının təmiri – yol geyiminin, torpaq
yatağının və mühəndisi qurğuların
gücləndirilməsi və genişləndirilməsi, o
cümlədən deformasiyalara və dağılmalara məruz
qalmış konstruksiyaların və ya onların
ayrı-ayrı hissələrinin bərpası, səmərəli
və möhkəm elementlərlə əvəz edilməsi,
yol örtüyünün hamarlılığının,
ilişmə keyfiyyətlərinin
yaxşılaşdırılması ilə bağlı
işlər kompleksidir. Yolların təmiri növlərinə
görə cari, orta və əsaslı olurlar;
avtomobil yollarının yenidən qurulması – mövcud
yolun və yol qurğularının nəqliyyat-istismar göstəricilərinin
yüksəldilməsi, yolun bütövlükdə və ya
ayrı-ayrı hissələrinin daha yüksək texniki dərəcəyə
keçirilməsi məqsədi ilə həndəsi parametrlərin
normativ texniki sənədlərin tələblərinə
uyğun olaraq dəyişdirilməsi ilə müşayiət
olunan işlər kompleksidir;
avtomobil yollarının tikintisi – texniki iqtisadi əsaslandırma
və normativ texniki sənədlərin tələblərinə
uyğun olaraq iki məntəqə arasında zəlzələyə,
digər təbii və texnogen təsirlərə davamlı
yeni avtomobil yolunun və yol qurğularının
inşasıdır;
avtomobil yolu təsərrüfatı – tabeliyindən və
mülkiyyət formasından asılı olmayaraq konkret ərazidə
mövcud olan avtomobil yolları şəbəkəsinin, həmçinin
onların inkişafı, saxlanılması və əlaqələndirilməsi
ilə məşğul olan subyektlərin məcmusudur;
yol təsərrüfatı orqanları – müvafiq
icra hakimiyyəti orqanının yaratdığı qurum və
avtomobil yol fəaliyyətinin idarə edilməsi
funksiyalarını həyata keçirən bələdiyyələrin
orqanlarıdır; [3]
avtomobil yolunun istifadəçiləri – öz
ehtiyaclarını ödəmək və ya başqalarına
xidmət göstərmək məqsədi ilə avtomobil
yolları ilə hərəkət edən nəqliyyat vasitələrinin
mülkiyyətçiləri, sürücülər, sərnişinlər
və piyadalardır;[4]
yol təsərrüfatının subyektləri – yol fəaliyyətini
həyata keçirən və yoldan istifadə edən
hüquqi və fiziki şəxslərdir;
avtomobil yolları şəbəkəsi – müəyyən
ərazidə sərnişin və yük
daşımalarını təmin edən bütün avtomobil
yollarının vahid sistemidir;
hərəkəti buraxma qabiliyyəti – yolun və ya
onun hər hansı bir hissəsinin vahid vaxt ərzində
müəyyən edilmiş sürəti və təhlükəsizliyi
təmin etməklə keçirə biləcəyi avtomobil nəqliyyatı
vasitələrinin maksimum sayıdır;[5]
hərəkət şiddəti – vahid vaxt ərzində
yoldan və ya onun hər hansı bir hissəsindən hər
iki istiqamətdə keçən avtomobil nəqliyyatı
vasitələrinin sayıdır;
yol qurğuları – yolda hərəkətin fasiləsizliyini
və təhlükəsizliyini habelə yoldan istifadə edənlərə
xidmət göstərilməsini təmin edən zəruri
keçidlər, qurğular, tikililər və
avadanlıqlardır;
torpaq yatağı – yol geyiminin konstruktiv
laylarının və yolun digər elementlərinin yol
zolağında səmərəli və dayanıqlı yerləşdirilməsini
təmin edən qrunt tərkibli konstruksiyadır;
yol geyimi – torpaq yatağı üzərində yerləşən
və avtomobil nəqliyyatı vasitələrinin yola təsirindən
meydana gələn gərginliklərin torpaq yatağına
ötürülməsini təmin edən yol örtüyü
də daxil olmaqla bir və ya çox laylı möhkəm və
dayanıqlı monolit konstruksiyadır;
avtomobil yollarının sahibləri – dövlət
avtomobil yollarına münasibətdə müvafiq icra hakimiyyəti
orqanı, müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum və ya bələdiyyə və
özəl avtomobil yollarına münasibətdə müvafiq
olaraq bələdiyyələr və mülkiyyətində və
(və ya) istifadəsində avtomobil yolları olan hüquqi və
fiziki şəxslərdir; [6]
ağırçəkili nəqliyyat vasitəsi –
ümumu istifadədə olan avtomobil yolları və yol
qurğuları üçün müəyyən edilmiş
çəki və ya oxlar üzrə parametr hədlərini
aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;
iriqabaritli nəqliyyat vasitəsi – ümumu istifadədə
olan avtomobil yolları və yol qurğuları
üçün müəyyən edilmiş qabarit parametr hədlərini
aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;
təhkim zolağı – avtomobil yolunun yerləşdirilməsi
üçün ayrılmış torpaq sahələridir;
qorunma (mühafizə) zolağı – təhkim
zolağına hər iki tərəfdən bitişik və
avtomobil yolları üçün ayrılmış,
xüsusi istifadə rejimi olan torpaq sahələridir;
yolkənarı xidmət obyektləri – qorunma
(mühafizə) zolağında yerləşən, avtomobil
yollarından istifadəçilərin ehtiyaclarını
ödəmək üçün nəzərdə tutulmuş
tikililər və qurğular, o cümlədən sosial, ticarət,
ictimai iaşə, nəqliyyat infrastrukturu təyinatlı
obyektlərdir;[7]
ödəniş məntəqəsi – ödənişli
avtomagistralla nəqliyyat vasitəsinin gedişi
üçün ödəniş əməliyyatının həyata
keçirildiyi və buraxılış məntəqələrindən
ibarət olan, mühəndis avadanlığının, texniki
vasitələrin yerləşdirilməsi üçün nəzərdə
tutulmuş tikililər və qurğulardır;
buraxılış məntəqəsi – ödənişli
avtomagistrallarda nəqliyyat vasitələrinin
giriş-çıxışına nəzarət etmək məqsədilə
yaradılmış və keçid zolaqlarında
quraşdırılmış, foto və ya video qeydiyyat
funksiyalarına malik xüsusi texniki vasitələr və
qurğularla təchiz edilmiş məntəqədir.[8]
Maddə 2. Avtomobil yollarının təyinatı
Avtomobil yolları Azərbaycan Respublikasının ərazisində
avtomobillərlə daxili və ya tranzit yük və sərnişin
daşımalarının təhlükəsizliyinin təmin
edilməsi sahəsində bütün hüquqi və fiziki
şəxslərin, dövlət hakimiyyəti
orqanlarının zəruri tələbatının ödənilməsinə,
habelə dövlətin təhlükəsizliyinin və
müdafiə qabiliyyətinin gücləndirilməsinə
xidmət edir.
Avtomobil yolları ölkənin digər nəqliyyat-yol
infrastrukturu ilə daşınmaların ardıcıl və təhlükəsiz
paylanmasına və ötürülməsinə maksimum təminat
yaradır.
Avtomobil yolları mövcud normativ hüquqi aktların
tələbləri həddində piyadaların, əlilliyi
olan şəxslərin, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqların və
müvafiq mexaniki nəqliyyat vasitələrinin tələblərinin
ödənilməsi məqsədi ilə də istifadə edilə
bilər.[9]
Maddə 3. Avtomobil yolları haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Avtomobil yolları haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
respublikasının Konstitusiyasından, bu qanundan, yol hərəkəti
və fəaliyyətinə aid olan digər normativ hüquqi
aktlardan və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
Bu qanunla Azərbaycan respublikasının tərəfdar
çıxdığı dövlətlər arası
müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq
müqavilələr tətbiq edilir.
Fəsil II
Avtomobil yollarının təsnifatı
Maddə 4. Avtomobil yollarının təsnifatlandırılmasının
əsasları
Avtomobil yolları, bir qayda, olaraq əhəmiyyətinə,
yol şəbəkəsində tutduğu yerə, funksional təyinatına,
istifadə imkanlarına, istifadəçilərinə və
mülkiyyətçilərinə görə təsnif edilir.
İstifadəçilərinə görə avtomobil
yolları ümumi istifadədə olan və xüsusi istifadədə
olan yollara bölünür.
Mülkiyyətçilərinə görə avtomobil
yolları dövlət, bələdiyyə və özəl
yollar kimi təsnif edilir.
Əhəmiyyətinə və yol şəbəkəsində
tutduğu yerə görə avtomobil yolları respublika, yerli,
şəhər və sahə yollarına
bölünür.[10]
Bunlarla yanaşı, avtomobil yollarının həndəsi
parametrlərini, istehlak və texniki-konstruktiv xüsusiyyətlərini
əks etdirən texniki təsnifatı tərtib edilir.
Bu təsnifatlarda funksional təyinatlarına və
istifadə imkanlarına görə yolun hərəkət
şiddətinə uyğun olaraq beş dərəcəyə
bölünməsi, onların əsas, köməkçi,
müvəqqəti, ikinci dərəcəli, yanaşma, bir və
iki tərəfli, bir, iki və çox zolaqlı, eyni və
müxtəlif səviyyəli, habelə tənzimlənən
və tənzimlənməyən olması da nəzərə
alınır.
Avtomobil yollarının təsnifatlaşdırılması
müəyyən olunmuş qaydada işlənib hazırlanan və
təsdiq edilən standartların və digər normativ
hüquqi aktların tələbləri əsasında həyata
keçirilir.
Avtomobil yollarından istifadə qaydaları onların
mülkiyyətçiləri tərəfindən müvafiq
qanunvericilik aktları çərçivəsində müəyyənləşdirilir.
Maddə 5. Ümumi istifadədə olan avtomobil
yolları
Ümumi istifadədə olan avtomobil yolları
tabeliyindən asılı olmayaraq ölkə ərazisində
avtomobil yollarının bütün istifadəçilərinin
tələbatını təmin edən avtomobil yolları
şəbəkəsindən ibarətdir.
Ümumi istifadədə olan avtomobil yollarının tərkibinə,
həmçinin ödənişli, beynəlxalq və
müdafiə təyinatlı yollar da daxildir.[11]
Əsas etibarı ilə müdafiə xarakterli
yüklərin daşınması və hərbi texnikanın
hərəkəti üçün nəzərdə tutulan
müdafiə təyinatlı yollara aid edilən respublika,
yerli, şəhər və sahə yollarının təsnifatı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada tərtib və təsdiq
edilir.[12]
Əsasən respublika əhəmiyyətli yollardan ibarət
olan beynəlxalq avtomobil yollarının təsnifatı Azərbaycan
Respublikasının müvafiq beynəlxalq müqavilələri
ilə müəyyənləşdirilir.
Ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin
təsnifatı müvafiq icra hakimiyyəti orqanının
müəyyənləşdirdiyi qaydada tərtib və təsdiq
edilir.
Özəl, bələdiyyə və sahə
yolları onların mülkiyyətçilərinin qərarı
ilə o halda ümumi istifadə üçün
açıq ola bilər ki, buna müvafiq icra hakimiyyəti
orqanlarının və müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun müəyyən
edilmiş qaydada müsbət rəyi alınmış
olsun.[13]
Maddə 6. Dövlət avtomobil yolları
Respublika ərazisində dövlət mülkiyyətinə
aid edilən, bütün yaşayış məntəqələri,
dövlət müəssisələri və ictimai infrastruktur
obyektləri arasında yük və sərnişin
daşınmasına, habelə ölkənin müdafiə və
təhlükəsizlik qabiliyyətinin güclənməsinə
təminat yaradan respublika və yerli əhəmiyyətli,
şəhər və sahə avtomobil yolları dövlət
avtomobil yollarının tərkibinə daxil edilir.[14]
Dövlət avtomobil yollarının təsnifatı
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada tərtib və təsdiq edilir.
Maddə 7. Bələdiyyə avtomobil yolları
Bələdiyyə
avtomobil yolların şəhərlərin və rayon mərkəzlərinin
məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin
ərazisində yerləşən və onların mülkiyyətində
olan küçələr, keçidlər, ictimai nəqliyyat
xətləri, digər yollar və yol qurğuları aiddir. Bələdiyyə
yolları bələdiyyə qurumlarının ərazisi
hüdudlarında avtomobil və başqa nəqliyyat əlaqələrini
təmin edir.[15]
Zəruri hallarda bələdiyyə yolları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən
ümumi istifadə üçün açıla bilər.
Bələdiyyə yollarından istifadə
qaydalarını bələdiyyələr bu qanunun tələblərinə
uyğun olaraq müəyyənləşdirirlər.
Bələdiyyə avtomobil yollarının təsnifatı
qüvvədə olan qanunvericilik aktlarının tələblərinə
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada tərtib və təsdiq
edilir.
Maddə 8. Özəl avtomobil yolları
Özəl avtomobil yollarına hüquqi və fiziki
şəxslərin xüsusi mülkiyyətində olan
qeyri-dövlət avtomobil yolları aiddir.
Özəl yollardan istifadə qaydalarını həmin
yolların mülkiyyətçiləri bu qanunun tələblərinə
uyğun olaraq müəyyən edirlər.
Özəl avtomobil yollarının təsnifatı
qüvvədə olan qanunvericilik aktlarının tələblərinə
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada tərtib və təsdiq
edilir.
Maddə 9. Respublika əhəmiyyətli avtomobil
yolları
Respublika əhəmiyyətli avtomobil yolları
ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin
tərkib hissəsi olmaqla ölkə ərazisində avtomobillərlə
zəruri yük və sərnişin daşınmalarına
xidmət edir.
Respublika əhəmiyyətli avtomobil yolları Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhərindən
avtomobillərin Azərbaycan Respublikası ilə həmsərhəd
olan ölkələrə çıxışını təmin
etməklə, Bakı şəhərini respublikanın şəhərləri,
rayon mərkəzləri, şəhər tipli qəsəbələri,
hava, dəniz və çay limanları, dəmir yol
stansiyaları, qoruq və istirahət zonaları, həmçinin
xüsusi obyekt və müəssisələrlə birləşdirir.
Respublika əhəmiyyətli avtomobil yollarının
təsnifatı qüvvədə olan qanunvericilik
aktlarının tələblərinə uyğun olaraq
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada tərtib və təsdiq
edilir.
Maddə 10. Yerli əhəmiyyətli avtomobil
yolları
Yerli əhəmiyyətli avtomobil yolları ümumi
istifadədə olan avtomobil yollarının tərkibinə
daxil olmaqla, rayonlararası və konkret şəhər və
rayonla onun inzibati ərazi, habelə təsərrüfat vahidləri
arasında nəqliyyat əlaqələrini təmin edir.
Yerli əhəmiyyətli avtomobil yollarının təsnifatı
qüvvədə olan qanunvericilik aktlarının tələblərinə
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada tərtib və təsdiq
edilir.
Maddə 10-1. Şəhər avtomobil yolları[16]
Şəhər avtomobil yolları ümumi istifadədə
olan avtomobil yollarının tərkibinə daxil olmaqla, şəhərlərin
inzibati-ərazi hüdudları daxilindəki küçə
və prospektləri əhatə edir.
Şəhər avtomobil yolları şəbəkəsinin
idarə olunması, təmiri, saxlanılması, qorunması və
vəziyyətinə nəzarət müvafiq icra hakimiyyəti
orqanı və müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum tərəfindən həyata
keçirilir.[17]
Şəhər avtomobil yollarının təsnifatı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada tərtib və təsdiq
edilir.
Maddə 11. Sahə avtomobil yolları
Sahə avtomobil yollarına təsərrüfatdaxili və
texnoloji daşımaları, habelə digər ehtiyacları
ödəmək üçün müvafiq qaydada müəssisə
və təşkilatların mülkiyyətində və ya
istifadəsində olan, həmçinin bu məqsədlə
onların öz vəsaitləri hesabına yaradılan
avtomobil yolları aiddir.[18]
Sahə yollarından istifadə qaydalarını həmin
yolların mülkiyyətçiləri bu qanunun tələblərinə
uyğun olaraq müəyyən edirlər.
Sahə yollarının təsnifatı qüvvədə
olan qanunvericilik aktlarının tələblərinə
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada tərtib və təsdiq
edilir.
Maddə 12. Yolkənarı infrastruktur obyektləri[19]
Yolkənarı infrastruktur obyektləri avtomobil yol
istehlakçılarının zəruri ehtiyaclarını
ödəmək, həmçinin avtomobil nəqliyyatı
vasitələrinin hərəkətinə mane olmayan, yol hərəkəti
təhlükəsizliyinin digər tələblərini,
avtomobil yollarının saxlanılması və təhlükəsiz
istismarı qaydalarını pozmayan digər fəaliyyət
növlərini yerinə yetirmək üçün təşkil
edilir.
Yolkənarı infrastruktur obyektlərinin
yaradılması, saxlanılması və istifadəsi ilə əlaqədar
yaranan münasibətlər bu qanunla və digər aidiyyəti
olan normativ hüquqi aktlarla tənzimlənir.
Maddə 13. Avtomobil yollarının torpaq sahəsi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli
yerləşdirilməsi, tikintisi, inkişafı,
saxlanılması, təmiri və istifadəsi üçün
zəruri torpaq sahəsi ayrılır.
Avtomobil yollarının torpaq sahəsini təhkim və
qorunma (mühafizə) zolaqları təşkil edir.[20]
Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli,
habelə şəhər avtomobil yollarının yerləşdiyi
torpaq sahələri dövlət mülkiyyətidir,
bölünməzdir və özgəninkiləşdirilə
bilməz.[21]
Ümumi istifadədə olan bələdiyyə
yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə
mülkiyyətinə aid edilir.
Özəl və sahə avtomobil yollarının yerləşdiyi
torpaq sahələrinin mülkiyyət növünə aid edilməsi
torpaq ayrılması sənədlərinə və həmin
subyektlərin özlərinin mülkiyyət formasına
uyğun olaraq müəyyənləşdirilir.
Ümumi istifadədə olan avtomobil yollarının
torpaq sahələrində müvafiq icra hakimiyyəti
orqanının və müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun
razılığı olmadan və ya verilmiş razılıq
şərtləri pozulmaqla inşa edilmiş hər cür
tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və
qurğuların inşasına yol vermiş hüquqi və
fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti
hesabına sökməlidir.[22]
Avtomobil yolunun sahibi, onun razılığı olmadan
avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və
digər işləri sifariş edən və ya aparan hüquqi
və fiziki şəxslərdən bütün işləri
dərhal dayandırmaq, qanunsuz tikili və qurğuları həmin
şəxslərin vəsaiti hesabına sökmək, avtomobil
yollarını əvvəlki vəziyyətinə gətirməyi
tələb etməlidir. Bu işləri görən şəxslər
avtomobil yolunun sahibinin tələbinin icrasından imtina etdikdə
və ya razılaşdırılmış müddətdə
yerinə yetirmədikdə, tikinti və qurğuların
sökülməsi, avtomobil yolunun əvvəlki vəziyyətinə
gətirilməsi üzrə işlər avtomobil yolunun
sahibinin qüvvəsi və (və ya) vəsaiti hesabına
yerinə yetirilir. Belə hallarda avtomobil yolunun sahibinin həmin
işlərin yerinə yetirilməsi ilə əlaqədar
çəkdiyi xərclər qanunsuz tikinti, yenidənqurma və
digər işləri sifariş edən və ya aparan şəxslər
tərəfindən ödənilməlidir. Göstərilən
xərclər ödənilmədikdə, avtomobil yolunun sahibi
müvafiq iddia irəli sürmək hüququna malikdir.
Ümumi istifadədə olan avtomobil yollarının
torpaq sahələrində yol hərəkətinin təhlükəsizliyini
təmin edən nişanlar və göstəricilər istisna
olmaqla, yolkənarı xidmət obyektləri, habelə məlumat
qurğuları (reklam qurğuları istisna olmaqla) avtomobil
yolunun sahibinin yazılı razılığı ilə və
bağlanılan müqavilələr əsasında yerləşdirilir.[23]
Avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma
və digər işlərin aparılmasına, yolkənarı
xidmət obyektlərinin, habelə reklam qurğularının
yerləşdirilməsinə razılığın
alınması üçün ərizəyə avtomobil
yolunun adı və istiqaməti göstərilməklə sahənin
sxemi, tikilməsi və ya quraşdırılması nəzərdə
tutulan obyektin yaxud qurğunun texniki planı əlavə
olunur.[24]
Razılığın verilməsi haqqında ərizəyə
15 gündən gec olmayaraq baxılır.
Yazılı razılığın şərtlərinə
riayət edilməsi bütün hüquqi və fiziki şəxslər
üçün məcburidir və onların yerinə yetirilməsinə
nəzarət müvafiq icra hakimiyyəti orqanı və
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum tərəfindən həyata keçirilir.[25]
Müvafiq razılığın olmadığı və
ya verilmiş razılığın şərtləri yerinə
yetirilmədiyi hallarda avtomobil yollarının torpaq sahələrində
pozuntuya yol vermiş hüquqi və fiziki şəxslər Azərbaycan
Respublikasının Cinayət, İnzibati Xətalar və
Mülki məcəllələrinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Maddə 14. Avtomobil yollarının təhkim
zolağı[26]
Avtomobil yollarının təhkim zolağı avtomobil
yolları üçün ayrılmış torpaq sahəsinin
tərkib hissəsi olmaqla yol konstruksiyasının
özünün tikintisi, istifadəsi, təmiri, saxlanılması,
qorunması üçün zəruri olan tikililərin,
mühəndisi və texniki qurğuların, habelə
müvafiq konstruktiv elementlərin (yolun hərəkət hissəsi,
səkiləri, velosiped yolları, ümumi istifadədə
olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələri,
taksi minik avtomobillərinin duracaq yerləri, parklanma yerləri,
suötürücü və qoruyucu qurğular, küvet və
yol çiyni, dekorativ yaşıllıqlar) yerləşdiyi ərazini
əhatə edir.[27]
Təhkim zolağının ölçüləri
avtomobil yollarının təsnifat göstəriciləri və
konkret şərait nəzərə alınmaqla, müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada təyin edilir.
Bu Qanunla nəzərdə tutulmuş hallar istisna
olmaqla, avtomobil yollarının təhkim zolağı
hüdudlarında aşağıdakılar qadağandır:
- avtomobil yollarının tikintisi, saxlanması, təmiri
və yenidən qurulması ilə bağlı olmayan işlərin
görülməsi;
- yol hərəkətinin təhlükəsizliyi, sərnişin
və yük daşımaları sahəsində nəzarəti
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) xidməti
tikililəri və qurğuları istisna olmaqla avtomobil
yollarının tikintisi, saxlanılması, təmiri, yenidən
qurulması üçün nəzərdə tutulmayan bina və
qurğuların yerləşdirilməsi;[28]
- avtomobil yollarının saxlanılması və təmiri
ilə bağlı işlər istisna olunmaqla, torpağın
şumlanması, çimin çıxarılması və
qruntun götürülməsi, oradakı otların
biçilməsi, ağacların qırılması;
- avtomobil yollarının körpü keçidlərində
çayın məcrası boyu körpüdən hər tərəfə
bir kilometr məsafədə yol fəaliyyətinə aid
olmayan tikinti işlərinin aparılması, habelə torpaq və
çınqıl kütləsinin götürülməsi;
- suvarma, sənaye, çirkab və kanalizasiya
sularının avtomobil yoluna və yağış
sularının avtomobil yolundan kənarlaşdırılması
üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara
axıdan qurğulara və yolboyu torpaq sahəsinə
axıdılması;
- mal-qaranın otarılması, habelə onların
avtomobil yollarının sahibləri ilə
razılaşdırılmış, xüsusi müəyyən
edilmiş yerlərdən kənar keçirilməsi;
- “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olmayan
yol nişanlarının yerləşdirilməsi;
- bu Qanunla müəyyən olunmuş qaydalar pozulmaqla
reklam və digər məlumat qurğularının yerləşdirilməsi.
Maddə 15. Təhkim zolağında
kommunikasiyaların çəkilməsi və yenidən
qurulması şərtləri
Avtomobil yollarının mühəndisi kommunikasiyalarla
(qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı
vasitələri və qurğuları) kəsişməsi və
bu məqsədlə təhkim zolağından istifadə edilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
mövcud standartlara, texniki normativlərə və digər
normativ hüquqi aktlara uyğun olaraq müəyyənləşdirilir.[29]
Avtomobil yollarının təhkim zolağında
xüsusi xidmət kommunikasiyaları istisna olmaqla, hər
hansı yeni kommunikasiyaların çəkilməsinə, bir
qayda, olaraq yol verilmir.
Mövcud avtomobil yollarından keçən və
yenidən qurulan kommunikasiyalar yalnız avtomobil yolları
mülkiyyətçilərinin (sahiblərinin) və
müvafiq icra hakimiyyəti orqanlarının
razılığı ilə qüvvədə olan
normativ-texniki şərtlər və layihə-smeta sənədləri
əsasında həyata keçirilə bilər.[30]
Kommunikasiyaların çəkilməsi və ya yenidən
qurulması haqqında müraciətlərə 10 gün
müddətində baxılır. Kommunikasiya xətlərində
baş vermiş qəza hallarında müraciətlərə
dərhal baxılır.[31]
Kommunikasiyaların çəkilməsi və ya yenidən
qurulması işlərinə başlamazdan əvvəl bu
kommunikasiyaların mülkiyyətçiləri avtomobil
yollarının saxlanılmasını həyata keçirən
yol təsərrüfatı orqanları ilə müvafiq
müqavilə bağlamalıdırlar.
Avtomobil yollarında mühəndisi kommunikasiyaların
çəkilməsini həyata keçirən
sifarişçilər avtomobil yolunun əvvəlki vəziyyətinə
gətirilməsini təmin etməli və bu işlərlə
bağlı bütün xərcləri ödəməlidirlər.[32]
Belə işlərin icrasından imtina və ya
razılaşdırılmış müddətdə
onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən
yayınma hallarında yolun sahibi avtomobil yolunu ilkin vəziyyətə
gətirməli və sifarişçilərə qarşı
bununla bağlı sərf etdiyi xərclərin ödənilməsi
barədə iddia irəli sürmək hüququna malikdir.
Avtomobil yollarının
tikintisi, yenidən qurulması və təmiri işlərinin
avtomobil yollarının bilavasitə altında və ya
yolların kənarı boyu yerləşən mövcud
mühəndisi kommunikasiya təminatı sistemlərini istismar
edən qurumların işləri ilə
uzlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.[33]
Maddə 15-1. Avtomobil yollarının qorunma (mühafizə)
zolaqları[34]
Yaşayış məntəqələrinin
hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla,
ümumi istifadədə olan avtomobil yolları
üçün qorunma (mühafizə) zolaqları müəyyən
edilir.
Avtomobil yollarının qorunma (mühafizə)
zolaqları avtomobil yolları üçün
ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla,
avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri,
yenidən qurulması, saxlanılması üçün nəzərdə
tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin
yerləşdiyi ərazini əhatə edir.
Dövlət mülkiyyətində olan avtomobil
yollarının qorunma (mühafizə) zolaqlarının
ölçüləri avtomobil yollarının təsnifat
göstəriciləri, perspektiv inkişafı və konkret
şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Bələdiyyə və özəl avtomobil
yollarının qorunma (mühafizə) zolaqlarının
ölçüləri müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanla (qurumla)
razılaşdırmaqla həmin yolların mülkiyyətçiləri
tərəfindən müəyyən edilir.[35]
Qorunma (mühafizə) zolaqlarının
hüdudları avtomobil yollarının sahibləri tərəfindən
işarələnməlidir.
Ümumi istifadədə olan avtomobil yollarının
qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının
tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və
yol hərəkətinin təhlükəsizliyi, sərnişin
və yük daşımaları sahəsində nəzarəti
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyəti
ilə əlaqədar olan tikililər və qurğular, habelə
yolkənarı xidmət obyektləri istisna edilməklə,
digər tikililərin və qurğuların yerləşdirilməsi
qadağandır.
Ümumi istifadədə olan avtomobil yollarının
qorunma (mühafizə) zolaqlarında yerləşən yolkənarı
xidmət obyektlərinin alğı-satqısı zamanı
onun yeni sahibkarı torpaqdan istifadə şərtləri ilə
tanış edilməlidir.
Maddə 15-2. Avtomobil yollarının ehtiyat
zonaları[36]
Avtomobil yollarının perspektiv inkişafı
üçün torpaq sahələrindən avtomobil yolları
üçün ehtiyat zonaları ayrılır.
Avtomobil yollarının ehtiyat zonalarının yeri və
hüdudları, habelə orada bina və qurğuların,
kommunikasiyaların yerləşdirilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
Maddə 16. Yol qurğuları üzərindən
kommunikasiyaların çəkilməsi şərtləri
Müvafiq icra hakimiyyəti orqanının və
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumun razılığı ilə tunellərin, körpülərin,
estakadaların və digər yol qurğularının üzərindən
müəyyən olunmuş qaydada təsdiq edilmiş layihə
sənədləri əsasında normalarla qadağan olunmayan
müvafiq mühəndisi kommunikasiyalar çəkilə bilər.[37]
Yeni kommunikasiyaların və bu məqsədlər
üçün lazımi qurğuların tikintisinə, habelə
aparıcı (əsas) konstruksiyaların əlavə güclənməsinə
sərf olunan bütün xərclər kommunikasiya mülkiyyətçilərinin
üzərinə düşür.
Kommunikasiyaların çəkilməsinə icazəni
yol qurğularının mülkiyyətçiləri verir.
Kommunikasiyalar çəkilərkən
qurğuların təhlükəsizliyi təmin olunmazsa, yol təsərrüfatı
orqanları körpülərdə və digər
qurğularda kommunikasiyaların tikintisinə etiraz edə bilər.
Yol qurğularının üzərindən
kommunikasiyalar çəkilərkən və ya istismar olunarkən
onların sahibləri yol qurğularının zədələnməsinin
istisna olunmasını təmin etməlidirlər.[38]
Maddə 17. Digər avtomobil yolları ilə kəsişmələrin
tənzimlənməsi
Hüquqi və fiziki şəxslərə mövcud
avtomobil yolları ilə birləşmə və kəsişmə
qovşaqlarının tikintisinə, yenidən qurulmasına və
təmirinə yalnız müəyyən edilmiş qaydada təsdiq
olunmuş layihə sənədi əsasında icazə verilə
bilər.
Yol hərəkətinin təhlükəsizliyinin təmin
olunması məqsədilə avtomobil yolunun kateqoriyasına
uyğun olaraq digər avtomobil yoluna birləşmənin
giriş və çıxış yolları müvafiq
keçid - sürət zolaqları ilə təmin
olunmalıdır.[39]
Avtomobil yollarına ümumi istifadə
üçün qovuşan, birləşən avtomobil
yollarının örtüyünün möhkəmliyi
bütün yol boyunca mövcud avtomobil yolları
üçün müəyyənləşdirilmiş layihə
normalarından az olmamalıdır.
Qovuşma və kəsişmənin tikintisi ilə
bağlı bütün xərcləri bu işlərin
sifarişçisi ödəyir. Kəsişmə və
qovuşmanın tikintisi zamanı texniki normalara əməl
edilmədikdə müvafiq yol təsərrüfatı
orqanları onların tikintisindən imtina etmək hüququna
malikdir.
Avtomobil yollarının mülkiyyətçiləri
onların razılığı olmadan müvafiq qovuşma və
kəsişmənin tikintisini, yenidənqurma və təmirini
sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən
onları dərhal dayandırmaq, sökmək və avtomobil
yollarını ilkin vəziyyətə gətirməyi tələb
etmək hüququna malikdir. Belə işlərin icrasından
imtina və ya razılaşdırılmış müddətdə
onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən
yayınma hallarında yolun mülkiyyətçisi qeyri-qanuni
hərəkət etmiş hüquqi və fiziki şəxslərə
qarşı avtomobil yollarını ilkin vəziyyətə gətirməklə,
bu səbəbdən sərf olunan xərcləri ödəmələri
barədə iddia irəli sürə bilərlər.
Müxtəlif mülkiyyətçilərində olan
avtomobil yollarının kəsişmə və qovuşma yerlərində
sərhədlər, həmin yolların təhkim zolaqları
ilə birlikdə müəyyən edilir.
Maddə 18. Dəmir yolları ilə kəsişmələrin
tənzimlənməsi
Avtomobil yollarının dəmir yolları ilə kəsişməsi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) razılığı ilə mövcud
standart və normaların və digər normativ hüquqi
aktların tələblərinə uyğun olaraq müəyyən
olunmuş qaydada təsdiq edilmiş layihə sənədləri
əsasında həyata keçirilir. Avtomobil yolları
mülkiyyətçiləri (sahibləri) dəmir yol
mülkiyyətçilərindən yol hərəkətinin təhlükəsizliyini
təmin etmək məqsədi ilə dəmir yolları ilə
eyni səviyyəli kəsişmələrdə keçid
qurğularının quraşdırılmasını tələb
etməli, eyni zamanda yol qurğularının dəmir yolu hərəkətinə
təhlükəli şərait yaratdığı hallarda dəmir
yol mülkiyyətçilərinin tələbi ilə
müvafiq tədbirlər görməlidirlər.[40]
Eyni səviyyəli dəmir yol keçidlərində
dəmir yol mülkiyyətçiləri dəmir yol
keçidlərindən istifadə qaydalarına uyğun olaraq
müəyyən edilən məsafədə avtomobil yol sahələrini
lazımi vəziyyətdə saxlamalıdırlar.
Mövcud dəmir yol xətlərinin genişləndirilməsi
və ya yenilərinin tikintisi ilə bağlı avtomobil
yolları və dəmir yollarının kəsişmə
qurğusu üzrə işlər dəmir yol mülkiyyətçilərinin
vəsaiti hesabına həyata keçirilir. Belə kəsişmə
qurğuları mövcud avtomobil yollarının genişləndirilməsi
və ya yenilərinin tikintisindən irəli gələrsə,
bu halda kəsişmə qurğusu avtomobil yol mülkiyyətçilərinin
(sahiblərinin) vəsaiti hesabına həyata
keçirilir.[41]
Dəmir yollarından keçən kəsişmələrdə
onların mülkiyyətçiləri qatarların hərəkətinə
rəhbərliyi təmin etməli və dəmir yolunun təhkim
zolaqlarında işin görülməsinə razılıq
verməli və texniki şərtlər qoymalıdır.
Eyni səviyyəli dəmir yollarından keçən
avtomobil yol keçidlərinin bağlanması və
açılması haqqında qərarlar, dəmir və
avtomobil yolları mülkiyyətçilərinin və
müvafiq icra hakimiyyəti orqanlarının
razılığı ilə müvafiq icra hakimiyyəti
orqanları tərəfindən qəbul olunur.
Maddə 19. Avtomobil yolları yanında reklam və digər
məlumat qurğularının yerləşdirilməsi şərtləri
Avtomobil yollarının təhkim və ya qorunma
(mühafizə) zolağında məlumat qurğuları
(reklam qurğuları istisna olmaqla) lövhələrinin yerləşdirilməsi
avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin)
müstəsna hüququdur və mövcud qanunvericilik
aktları ilə müəyyən edilmiş qaydada müvafiq
icra hakimiyyəti orqanının razılığı ilə
ayrıca müqavilələr əsasında həyata
keçirilir.[42]
Avtomobil yollarının bilavasitə
yaxınlığında yerləşdirilən və yol hərəkəti
təşkilinin texniki vasitələrinə aidiyyəti olmayan
reklam reklam və digər məlumat qurğuları yol şəraitinin
qiymətləndirilməsinə mane olmamalı və onu pisləşdirməməli,
həmçinin yol hərəkətinin təhlükəsizliyi
tələblərinə cavab verməlidir.[43]
Avtomobil yollarının torpaq sahəsində reklam
qurğularının yerləşdirilməsi Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
və “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş qaydada həyata
keçirilir.[44]
Fəsil II-I
Ödənişli avtomobil yolları[45]
Maddə 19-1. Ödənişli avtomobil yolları
Avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi
və genişləndirilməsi, yol təsərrüfatının
inkişaf etdirilməsi, investisiyaların cəlb olunması,
müasir standartlara cavab verən avtomobil yollarının tikilməsi,
avtomobil yolları istifadəçilərinə yüksək
xidmət göstərilməsi, yollarda yüksək sürət
rejiminin və təhlükəsizliyin təmin olunması məqsədi
ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi avtomagistrallarda,
həmçinin ümumi istifadədə olan bələdiyyə
və özəl avtomobil yollarında ödənişli
avtomobil yolları yaradıla bilər. Ödənişli
avtomobil yollarının yaradılması dövlət büdcəsinin,
yerli və xarici investorların vəsaitləri hesabına
maliyyələşdirilə bilər.[46]
Ödənişin, körpülər və digər
yol qurğuları da daxil olmaqla, avtomobil yollarında
bütün yol boyu və ya onun müəyyən hissələrində
gediş üçün tətbiqinə yol verilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi hər bir
avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi
üçün ödənişin məbləği avtomobil
yolunun dərəcəsi nəzərə alınmaqla
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) bu məqsədlə
açılmış bank hesabına
köçürülür. Bu vəsaitin bölgüsü
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.[47]
Maddə 19-2. Ödənişli avtomobil
yollarının yaradılması barədə qərarların
qəbul edilməsi
Avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi,
habelə yeni ödənişli avtomagistralın tikilməsi
barədə qərarı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) qəbul
edir.[48]
Bələdiyyə və ya özəl avtomobil
yollarından ödənişli yol kimi istifadə edilməsi,
habelə yeni ödənişli avtomobil yolunun tikilməsi barədə
qərar yolun sahibi tərəfindən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanla (qurumla)
razılaşdırılmaqla qəbul edilir.
Razılaşdırma üçün ərizəçi
aşağıdakı sənədləri təqdim edir: [49]
- mövcud və ya tikilməsi nəzərdə
tutulmuş yolun yerləşdiyi torpaq sahəsinə dair
mülkiyyət və ya istifadə hüququnu, habelə
mövcud yoldan istifadə hüququnu təsdiq edən sənədin
surəti;
- avtomobil yolunun istiqaməti və texniki göstəriciləri
haqqında məlumat;
- nəzərdə tutulmuş ödənişin məbləği
barədə məlumat.
Razılaşdırma haqqında ərizəyə 30
gündən gec olmayaraq baxılır.
Ödənişli avtomobil yolları
aşağıdakı şərtlərlə
yaradılır:
- ödənişli bələdiyyə və ya özəl
avtomobil yolları ilə yanaşı fəaliyyət göstərən
və keyfiyyəti dövlət standartlarının tələblərinə
cavab verən alternativ ödənişsiz avtomobil yolu mövcud
olduqda; [50]
- ödənişli avtomobil yolunun müasir keyfiyyət
standartlarına uyğunluğu, o cümlədən yol hərəkətinin
təhlükəsizliyi, nəqliyyat vasitələrinin hərəkətinin
yüksək sürəti təmin edildikdə.
Avtomobil yollarından ödənişli yol kimi istifadə
edilməsi barədə qərarda aşağıdakılar
göstərilməlidir:[51]
- avtomobil yolunun başlanğıc və son nöqtələri;
- avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri
və birləşmələri;
- avtomobil yolunun texniki göstəriciləri;
- avtomobil yolunun uzunluğu;
- alternativ ödənişsiz avtomobil yolunun
uzunluğu, marşrutu və əsas texniki göstəriciləri.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi avtomagistraldan
ödənişli yol kimi istifadə edilməsi ilə
bağlı məlumatın formasını müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq
edir.[52]
Əhalinin məlumatlandırılması
üçün mövcud və ya tikilməsi nəzərdə
tutulmuş bələdiyyə və ya özəl avtomobil
yolunun ödənişli yol kimi istifadə edilməsi barədə
qərar bələdiyyə və ya özəl avtomobil yolunun
sahibi tərəfindən, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi
istifadə edilməsi barədə məlumat isə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən yolun istifadəsinə 30 gün
qalmış mediada yayımlanmalıdır.[53]
Qeyd: Bu maddənin ikinci hissəsində nəzərdə
tutulmuş sənədlərin və ya məlumatların
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə
müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi
mümkün olduqda, həmin sənədlər və ya məlumatlar
ərizəçidən tələb edilmir. Belə sənədlərin
və ya məlumatların Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə əldə edilməsi mümkün
olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin
razılığı ilə sorğu əsasında müvafiq
dövlət orqanından (qurumundan) tələb olunur və ya
ərizəçi tərəfindən təmin edilir.[54]
Maddə 19-3. Ödənişli avtomobil yollarından
istifadə olunması
Ödənişli avtomobil yolu istifadəçisi
gediş üçün ödənişi həmin yolun sahibi
ilə bağlanmış müqavilə əsasında həyata
keçirir. Müqavilənin bağlanması gediş
üçün ödəmə sənədi ilə təsdiq
edilir.
Ödənişli avtomobil yolundan istifadəyə xitam
verilməsi və dayandırılması halları istisna
olmaqla, avtomobil yolunun sahibi həmin yoldan istifadə
üçün müqavilə bağlamaqdan əsassız
imtina edə bilməz.
Ödənişli avtomobil yolunun sahibinin
aşağıdakı vəzifələri vardır:
- müəyyən edilmiş sürət rejimi nəzərə
alınmaqla, ödənişli avtomobil yolu ilə nəqliyyat
vasitələrinin maneəsiz hərəkətini təmin etmək;
- ödənişli avtomobil yolundan normal istifadəyə
mane olan nasazlıqları vaxtında aradan qaldırmaq;
- ödənişli avtomobil yolunun istifadəçilərini
ödənişin miqdarı, ödəmə qaydası habelə
həmin yol boyu göstərilən xidmətlər barədə
məlumatlarla təmin etmək.
Müdafiə əhəmiyyətli, ictimai asayişin
qorunması, fövqəladə halların aradan
qaldırılması, qəza-bərpa işləri ilə əlaqədar
olan daşımalarda iştirak edən, habelə polis və təcili
tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı
nəqliyyat vasitələri ödənişli avtomobil yolu ilə
gediş üçün ödənişdən azaddırlar.
Özəl avtomobil yollarının sahibləri
ayrı-ayrı kateqoriyalardan olan istifadəçilər və
ya nəqliyyat vasitələrinin müəyyən növləri
üçün güzəştlər tətbiq etmək
hüququna malikdirlər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi avtomagistraldan
ödənişli yol kimi istifadə qaydasını müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) təsdiq edir.[55]
Maddə 19-4. Ödənişli avtomobil yollarından
ödənişli əsaslarla istifadə olunmasına xitam
verilməsi və ya dayandırılması
Ödənişli bələdiyyə və ya özəl
avtomobil yolundan ödənişli əsaslarla istifadəyə
xitam verilməsi və ya dayandırılması avtomobil yolunun
sahibinin qərarı əsasında həyata keçirilir.
[56]
Ödənişli bələdiyyə və ya özəl
avtomobil yolundan ödənişli əsaslarla istifadə
aşağıdakı hallarda və müddətdə
dayandırılır:
- alternativ ödənişsiz avtomobil yolundan istifadəyə
maneə törədən hallar yarandıqda. Ödənişli
avtomobil yolundan istifadənin dayandırılması müddəti
6 aydan artıq olmamalıdır;
- hərbi və ya fövqəladə vəziyyət
elan edildikdə, həmçinin təbii və ya texnogen
xarakterli fövqəladə hallar baş verdikdə. Bu barədə
qərar qeyd olunmuş hallar başa çatana qədər
qüvvədə qalır.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi avtomagistraldan
ödənişli əsaslarla istifadənin
dayandırılması və belə istifadəyə xitam
verilməsi hallarını və qaydasını müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) təsdiq edir.[57]
Fəsil III
Yol təsərrüfatının təşkili və
idarə edilməsi
Maddə 20. Yol təsərrüfatı sisteminin təşkili
Azərbaycan Respublikasında avtomobil
daşınmalarının ahəngdarlığını,
maksimum təhlükəsizliyini və fasiləsizliyini təmin
etmək məqsədi ilə yol fəaliyyətinin subyektləri
arasında əlaqələrin koordinasiyası və yol fəaliyyətinin
həyata keçirilməsi üçün müvafiq yol təsərrüfatı
subyektləri və orqanları yaradılır, qanunvericiliklə
müəyyən olunmuş qaydada onların fəaliyyətinin
tənzimlənməsi təmin edilir.
Maddə 21. Yol təsərrüfatının idarə
edilməsi
Yol təsərrüfatının idarə edilməsi
məqsədi ilə bu fəaliyyətin tənzimlənməsinin
və həyata keçirilməsinin vahid normativ hüquqi
bazası yaradılır. Bu sahədə rəqabət siyasəti
aparılır, qüvvədə olan qanunvericilik
aktlarının tələblərinə uyğun olaraq
xüsusi razılıq sistemi tətbiq edilir, yolların
qeydiyyatı, uçotu və işarələnməsi təmin
edilir.[58]
Yol fəaliyyətinin idarə olunması əsas
etibarı ilə onun yaradılması, inkişafı və
saxlanılmasının planlaşdırılması, maliyyələşdirilməsi
və həyata keçirilməsinin optimal və sərfəli
variantlarının tapılmasını, həmçinin
avtomobil yolları istifadəçiləri üçün
münasib şəraitin təmin edilməsini nəzərdə
tutur.
Bu qanunla nəzərdə tutulan yol fəaliyyətini
tam təmin etmək üçün yol təsərrüfatı
sisteminin idarə edilməsi müvafiq icra hakimiyyəti
orqanları və müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum tərəfindən həyata
keçirilir.[59]
Yol təsərrüfatının idarə edilməsi
məqsədi ilə aşağıdakıların həyata
keçirilməsi təmin edilir:
avtomobil yollarının təsnifatının,
onların aid edilmə göstəricilərinin müəyyənləşdirilməsi
və yolların siyahısının təsdiq edilməsi;
yol təsərrüfatı orqanları sisteminin və
onların formalaşması qaydasının müəyyənləşdirilməsi,
fəaliyyətinin təşkili;
yol təsərrüfatı orqanlarının fəaliyyətinin
ümumi təşkilati prinsiplərinin müəyyənləşdirilməsi,
yol fəaliyyətinə dövlət nəzarət sisteminin və
onun tənzimlənməsinin formalaşdırılması;
respublika əhəmiyyətli avtomobil yollarının
və onların saxlanılması üçün zəruri
olan əmlakın, habelə yol fəaliyyəti həyata
keçirilərkən istifadə olunan digər əmlakın
idarə olunması;
yol hərəkətinin təhlükəsizliyini təmin
edən hüquqi əsasların və avtomobil
yollarının yol hərəkətinin təhlükəsizliyi
tələblərinə uyğunluğunu təmin edən
vahid qaydaların, standart, texniki norma və digər normativ sənədlərin
yaradılması;
yolkənarı xidmət və infrastruktur obyektlərinin
sahiblərinə, digər maraqlı şəxslərə,
habelə avtomobil yollarının istifadəçilərinə
avtomobil yollarında planlaşdırılan yenidənqurma və
təmir işləri, həmçinin onların müddətləri
barədə məlumat verilməsi;[60]
avtomobil yollarında yük və sərnişinlərin
sərbəst daşınmasını təmin etmək məqsədi
ilə nəqliyyat kommunikasiyalarının əlaqələndirilməsi
və avtomobil yollarından istifadənin ümumi prinsiplərinin
müəyyənləşdirilməsi;
avtomobil yollarında istifadə olunan materialların,
cihazların və avadanlıqların qanunvericiliklə müəyyən
edilmiş qaydada standartlaşdırılmasının və
sertifikatlaşdırılmasının təşkil edilməsi;[61]
avtomobil yollarının təkmilləşdirilməsi,
yaradılması və inkişafı ilə bağlı
dövlət siyasətinin, dövlət proqramlarının və
digər proqramların işlənib hazırlanması və
yerinə yetirilməsi;
yol təsərrüfatında vahid texniki, maliyyə,
kredit və məqsədli investisiya siyasətinin əsaslarının
işlənib hazırlanması;
beynəlxalq əməkdaşlığın və əlaqələrin
həyata keçirilməsi məqsədi ilə avtomobil
yollarının inkişafı və istifadəsi məsələləri
üzrə beynəlxalq müqavilələrin
bağlanması, beynəlxalq avtomobil yolları şəbəkəsinin
formalaşması, Azərbaycan Respublikası yollarında beynəlxalq
daşımaların yerinə yetirilmə qaydalarının
müəyyənləşdirilməsi. [62]
Ümumi istifadədə olan avtomobil yollarında
yaşayış məntəqələrinin və digər
obyektlərin yerləşməsi barədə məlumatverici-göstərici,
habelə servis nişanları yol təsərrüfatı
orqanları tərəfindən yerləşdirilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri
üzrə müvafiq işlərin görülməsi
üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi
siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin
alınması tələb olunmur. [63]
Bu maddənin 4-cü hissəsinin onuncu abzasında nəzərdə
tutulmuş proqramların layihələrinə dair “Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi
hazırlanmalı və həmin sənədin dövlət
ekoloji ekspertizası aparılmalıdır.[64]
Maddə 22. Yol işlərinin
planlaşdırılması
Dövlət avtomobil yollarının yaradılması
və saxlanılması tədbirləri ölkənin
ümumi sosial-iqtisadi inkişaf proqnozlaşmasının tərkib
hissəsidir.
Dövlət avtomobil yollarında yol işlərinin
illik planlaşdırma proqramları müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurum tərəfindən Azərbaycan
Respublikasının, onun inzibati ərazi vahidlərinin
müvafiq ümumi inkişaf proqramları, təsdiq edilmiş
sahə, sahələrarası və regional proqramlar əsasında
və bu məqsədlər üçün ayrılan
müvafiq vəsait nəzərə alınaraq həyata
keçirilir. [65]
Bələdiyyə yollarında yol işlərinin
planlaşdırılması, yerli sosial və iqtisadi
inkişaf proqramları və ya müvafiq tikintilərin layihələri
və nəqliyyatın inkişafı sxemləri əsasında
həyata keçirilir.
Yol işləri planlaşdırılarkən
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum ilk növbədə maliyyə vəsaitlərinin səmərəli
istifadəsini və mövcud yol şəbəkəsinin
saxlanılması, təmiri və mühafizəsinin tam
icrasını birinci növbədə təmin etməlidir.
Maddə 23. Ümumi istifadədə olan avtomobil
yollarının adı və indeksasiyası
Ümumi istifadədə olan avtomobil yollarının
adı və indeksi olmalıdır.
Ümumi istifadədə olan avtomobil yollarının
adına onun birinci və axırıncı yaşayış
məntəqələrinin adı, lazım gələrsə,
aralıq yaşayış məntəqələrinin adı
da daxil edilir.
Addan başqa, ümumi istifadədə olan avtomobil
yollarının onların göstəricisi olan yerlərdə
və xəritələrdə Azərbaycan əlifbasının
hərfləri və rəqəmlərlə qeyd olunmuş
indeksi də olur.
Ümumi istifadədə olan avtomobil yollarının
adlandırılması, indeksasiyası və qeydiyyata
alınması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Ümumi istifadədə olan avtomobil yolları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
adlandırılır.[66]
Beynəlxalq avtomobil yollarının
adlandırılması və indeksasiyası beynəlxalq
sazişlər əsasında müəyyənləşdirilir.
Sahə avtomobil yollarının
adlandırılması və indeksasiyası müvafiq icra
hakimiyyəti orqanı və müəssisələr tərəfindən
birgə müəyyənləşdirilir. [67]
Bələdiyyə yollarının
adlandırılması və indeksasiyası qanunvericiliklə
müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən
müəyyənləşdirilir.
Mülkiyyətçi ona məxsus özəl
yolların adlandırılmasını müəyyənləşdirmək
hüququna malikdir.
Maddə 24. Avtomobil yollarında məsafələrin
hesablanması
Avtomobil yollarında məsafə şərti olaraq qəbul
edilmiş başlanğıc və son hesablama nöqtələri
arasında aparılır. Bu hesablama nöqtələri kimi
aşağıdakılar qəbul olunur:
Bakı şəhərindən çıxan respublika
əhəmiyyətli dövlət yolları üçün
- Bakı şəhərində Azərbaycan Respublikası
avtomobil yollarının sıfır kilometr işarəsi hesab
edilən Hökumət evi qarşısındakı Azadlıq
meydanı;
yaşayış məntəqələrini birləşdirən
yerli əhəmiyyətli yollar bələdiyyə yolları
üçün - yaşayış məntəqəsinin mərkəzində
yerləşdirilən poçt, kütləvi tanınan digər
binalar, qurğular və ya xüsusi qurulan işarələr;
ümumi istifadədə olan başqa avtomobil
yollarını birləşdirən və ya onlara qoşulan
yollar üçün - çarpaz yolların kəsişmə
oxları;
tarixi-coğrafi və başqa xüsusi obyektləri
birləşdirən yollar üçün - bu obyektlərin sərhədi.
Bələdiyyə mülkiyyətində olan daxili
küçə və yollar avtomobil yollarının ümumi
uzunluğuna daxil edilmir.
Maddə 25. Avtomobil yollarının vahid dövlət
reyestri[68]
Avtomobil yollarının vahid dövlət reyestri
(bundan sonra – reyestr) mülkiyyət növündən və əhəmiyyətindən
asılı olmayaraq, avtomobil yolları haqqında məlumatları
əks etdirən dövlət informasiya ehtiyatıdır.
Reyestr avtomobil yollarının qeydiyyatı və
uçotu əsasında müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
yaradılır və aparılır. [69]
Reyestr kağız və elektron
daşıyıcılarda aparılır. Kağız və
elektron daşıyıcılarda olan məlumatlar arasında
ziddiyyət olarsa, kağız daşıyıcıdakı məlumatlara
üstünlük verilir.
Reyestrə hər bir avtomobil yolu haqqında
aşağıdakı məlumatlar daxil edilir:
- avtomobil yolunun mülkiyyətçisi və sahibi;
- avtomobil yolunun adı, indeksi, ünvan reyestri məqsədləri
üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilən nömrə və uzunluğu; [70]
- avtomobil yolunun xəritəsi;
- avtomobil yolunun və onun sahələrinin avtomobil
yolları təsnifatına uyğunluğu;
- avtomobil yolunun faktiki vəziyyəti barədə məlumatlar;
- avtomobil yolunun tutduğu torpaq sahəsi, yol
örtüyünün növü və vəziyyəti;
- yol nişanlarının dislokasiyası.
Avtomobil yolunun istismara verilməsi və ya avtomobil yolu
haqqında bu maddədə göstərilən məlumatlarda
dəyişiklik baş verdikdə, avtomobil yolunun sahibi 30
gün müddətində yeni məlumatların reyestrə
daxil olunması üçün müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) təqdim
etməlidir. [71]
Dövlət və kommersiya sirri təşkil edən
məlumatlar istisna olunmaqla, reyestrə daxil edilmiş məlumatlar
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən reyestrdən
çıxarış şəklində “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş məbləğdə dövlət
rüsumu ödənilməklə hər bir maraqlı şəxsə
verilir.
Reyestrin yaradılması və aparılması, habelə
reyestrə daxil edilmiş məlumatların verilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 25-1. Avtomobil yolları barədə məlumatların
ünvan reyestrinə daxil edilməsi[72]
Ünvan reyestrində avtomobil yollarının
adları, başlanğıc və son nöqtələrinin
coğrafi koordinatları haqqında məlumatlar
saxlanılmalıdır. Ünvan reyestri məqsədləri
üçün avtomobil yollarının
kodlaşdırılması, başlanğıc və son
nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə
nöqtələrinin müəyyən edilməsi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilmiş qaydada həyata keçirilir.
Yeni avtomobil yolu istifadəyə verildiyi və ya
avtomobil yolunun adı dəyişdirildiyi halda, ad verən
müvafiq icra hakimiyyəti orqanı üç gün
müddətində ünvan reyestrini aparan müvafiq icra
hakimiyyəti orqanını bu barədə məlumatlandırır.
Maddə 26. Yolkənarı xidmət obyektləri [73]
Yolkənarı xidmət obyektləri avtomobil
yolları istifadəçilərinin ehtiyaclarını ödəmək,
həmçinin avtomobil nəqliyyatı vasitələrinin hərəkətinə
mane olmayan, yol hərəkəti təhlükəsizliyinin digər
tələblərini, avtomobil yollarının təhlükəsiz
istismarı, saxlanılması və qorunması
qaydalarını pozmayan digər fəaliyyət növlərini
yerinə yetirmək üçün təşkil edilir.[74]
Yol təsərrüfatı orqanları bu məqsədlə,
həmçinin müvafiq istirahət meydanları və
xüsusi dayanacaqlar da yarada bilərlər.
Yolkənarı xidmət obyektlərinin qurulması hərəkətin
təhlükəsizliyini və yolun saxlanılma şərtlərini
pisləşdirməməli, sanitariya-gigiyena və ekoloji tələbləri
pozmamalı, qüvvədə olan standartlara və digər
texniki normalara müvafiq yerinə yetirilməlidir.[75]
Yolkənarı xidmət obyektlərinin layihələri
onların yerləşdiyi yerlərin mülkiyyətçiləri,
yol təsərrüfatı orqanları və müvafiq icra
hakimiyyəti orqanları ilə
razılaşdırılmalıdır.[76]
Avtomobil yollarının qorunma (mühafizə)
zolağı hüdudları daxilində yolkənarı xidmət
obyektləri bu Qanunun 15-1-ci maddəsinin tələbləri nəzərə
alınmaqla yerləşdirilir.[77]
Yolkənarı xidmət obyektləri nəqliyyat vasitələrinin
saxlanılması üçün parklanma yerləri, duracaq
yerləri və dayanacaqlara, həmçinin avtomobil
yollarından onlara girişin təmin olunması məqsədilə
giriş, çıxış və birləşmə
yollarına malik olmalıdırlar.[78]
Yolkənarı xidmət obyektlərinin giriş,
çıxış və birləşmə
yollarının, keçid-sürət zolaqlarının
tikintisi, yenidən qurulması, saxlanılması, habelə
onların lazımi sanitar vəziyyətinin təmin
olunması həmin obyektlərin sahibləri tərəfindən
yerinə yetirilir.
Yolkənarı xidmət obyektlərinin avtomobil
yollarına birləşmələrin yenidən qurulması və
təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin
görülməsi üçün verdiyi texniki şərtlər
və tələblər əsasında yerinə yetirilir.
Ümumi istifadədə olan avtomobil yollarının
mühafizə olunan pullu dayanacaqları, habelə bu maddədə
göstərilən məqsədlər üçün
avtomobil yollarının sərbəst torpaq sahələri icarəyə
verilə bilər.
Keçidlərin, dayanacaqların, nəqliyyat vasitələrinin
saxlanması üçün meydançaların, sutəmizləmə
qurğularının və yol servisinin digər
qurğularının təmiri, qurulması və
saxlanılması üçün xərclər həmin
obyektlərin mülkiyyətçiləri tərəfindən
çəkilir.
Yol servisi obyektlərinin qeydiyyatı yalnız bu maddədə
göstərilmiş şərtlərə riayət edildiyi
halda həyata keçirilə bilər.[79]
Maddə 27. Yol işlərinin qəbulu
Avtomobil yollarında tikilmiş yol
qurğularının və yerinə yetirilmiş yol işlərinin
qəbulu onların mülkiyyətçiləri tərəfindən
həyata keçirilir.
Tikintisi, təmiri və ya yenidən qurulması
tamamlanmış avtomobil yollarının və yol
qurğularının təsdiqlənmiş layihə sənədlərinin
mövcud standartların və digər normativ hüquqi
aktların tələblərinə uyğun olması bu
yollarda aparılan müayinə və sınaqların nəticələri
əsasında tərtib edilən avtomobil yollarının
istismara qəbulu aktı ilə təsdiqlənir.
Avtomobil yollarının və müvafiq yol
qurğularının istismara qəbulu onların mülkiyyətçilərinin
təqdimatı əsasında təyin edilmiş müvafiq qəbul
komissiyası tərəfindən Azərbaycan
Respublikasının qanunvericiliyi əsasında həyata
keçirilir.
Fəsil IV
Avtomobil yollarından istifadənin əsasları
Maddə 28. Avtomobil yollarından istifadə
qaydaları
Azərbaycan Respublikasında avtomobil yollarından
istifadənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilən vahid qaydaları tətbiq
edilir. Avtomobil yollarının və onlarla bağlı mühəndisi
qurğuların mülkiyyətçiləri bu qaydaların
normalarını pisləşdirməyən əlavə tələblər
də nəzərdə tuta bilərlər.
Avtomobil yollarından istifadədə mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq
bütün subyektlər üçün eyni hüquqi rejim yaradılır.
Dövlət Yol Fondunun bütün ödəyiciləri
üçün dövlət avtomobil yollarından istifadə
pulsuzdur.[80]
Təbii fəlakətin və digər fövqəladə
halların nəticələrinin ləğv edilməsi
zamanı avtomobil yollarından xüsusi istifadə qaydaları
və müddətləri tətbiq edilir.
Maddə 29. Avtomobil yollarından istifadənin tənzimlənməsi
prinsipləri
Azərbaycan
Respublikasında avtomobil yollarının nəqliyyat vasitələrinin
yükünə, qabaritinə və sürətinə
uyğunlaşdırılması üçün avtomobil
yollarının texniki dərəcəsindən asılı
olaraq müvafiq dövlət standartları və normaları tətbiq
edilir.
Azərbaycan Respublikasının avtomobil yollarında nəqliyyat
vasitələrinin yükü, qabariti və hərəkətin
sürət həddi nəqliyyat vasitəsinin tipi,
daşınan yükün xüsusiyyətləri, yolda hərəkətin
şiddəti, meteoroloji şərait, yolun texniki dərəcəsi
və yol hərəkəti qaydaları nəzərə
alınmaqla müəyyənləşdirilir.
Avtomobil yollarında yol hərəkəti “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş hallarda və qaydada müvəqqəti
məhdudlaşdırıla və ya qadağan edilə bilər.[81]
Bu qəbildən olan məhdudiyyətlər tətbiq edilən
vaxt yolların mülkiyyətçiləri aidiyyəti
subyektləri qabaqcadan xəbərdar etməklə yollarda
müvafiq yol nişanları və işarələri qoyurlar.
Qanunvericiliklə müəyyən olunmuş qaydada
aparılmasına icazə verilmiş kütləvi tədbirlər
zamanı da yoldan istifadəyə müvafiq məhdudiyyətlər
qoyula bilər. [82]
Yoldan istifadəyə məhdudiyyətlər və ya
istifadənin tam dayandırılması haqqında qərarlar
avtomobil yoluna aidiyyəti olan müvafiq icra hakimiyyəti
orqanları və yolun mülkiyyətçiləri tərəfindən
qəbul edilir. [83]
Hərəkətin təhlükəsizliyi
üçün yol şəraiti real təhlükə
yaratdığı hallarda müvafiq icra hakimiyyəti
orqanı yol mülkiyyətçilərinə hərəkətin
qadağan olunması barədə göstəriş vermək
hüququna malikdir.
Yol təsərrüfatı orqanları, hərbi vəziyyət
rejiminin tətbiqi, fövqəladə şəraitlər və
dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparıldığı hallar istisna olmaqla, hərəkətin
məhdudlaşdırılması və ya
dayandırılması, habelə onların müddəti və
yeni hərəkət sxemi barədə avtomobil yollarından
istifadə edənlərə qabaqcadan məlumat verməlidirlər.
[84]
Beynəlxalq avtomobil yollarında hərəkətin məhdudlaşdırılması
və ya bağlanması hallarında məlumat müvafiq
xarici dövlətlərin nümayəndələrinə də
çatdırılmalıdır.
Yol təsərrüfatı orqanları onların
tabeliyində olan avtomobil yollarında normal hərəkət
rejiminin bərpası üçün təcili
ölçü götürməyə borcludurlar.
Ümumi istifadədə olan avtomobil yollarında hərəkətin
təhlükəsizliyini təmin etmək və yolların
dağılmasının qarşısını almaq məqsədi
ilə mexaniki nəqliyyat vasitələrinin müəyyən
növləri və tipi üçün qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq məhdudiyyətlər
tətbiq edilir.
Azərbaycan Respublikasının ümumi istifadədə
olan avtomobil yolları ilə iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydalara əsasən verilmiş
xüsusi icazənin olduğu hallarda yol verilir.[85]
Yükü və ya texniki göstəriciləri
müəyyən olunmuş həddi aşmaqla yol
konstruksiyalarını zədələyə və ya korlaya
bilən nəqliyyat vasitələrinin
buraxılışına icazə, avtomobil yollarının bərpası
üçün müvafiq vəsait keçirildikdən sonra
verilir.
Bu vəsaitin məbləği və ödənilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilir.[86]
Yükü və qabariti müəyyən olunmuş
normaları aşan nəqliyyat vasitələrinin hərəkət
marşrutu yolun və yol qurğularının sahibləri ilə
də razılaşdırılmalıdır. İri qabaritli,
ağır çəkili və ya təhlükəli yüklər
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydalara əsasən yolun
mülkiyyətçisi ilə
razılaşdırılmış marşrut üzrə
daşına bilər.[87]
İriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitələrinin hərəkət marşrutu
xüsusi qurğular, mühəndis kommunikasiyaları ilə kəsişmə
tələb edərsə, marşrut həmin qurğuların
mülkiyyətçiləri ilə də
razılaşdırılmalıdır.[88]
İriqabaritli və (və ya) ağırçəkili
yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti
üçün avtomobil yollarının vəziyyətinin
qiymətləndirilməsi, avtomobil yollarının möhkəmləndirilməsi,
həmçinin avtomobil yollarının, onların
ayrı-ayrı hissələrinin, habelə avtomobil yolları
ilə kəsişən mühəndisi kommunikasiyaların və
qurğuların mühafizəsi üzrə xüsusi işlərin
görülməsi tələb olunduqda, daşınmanın təşkilində
maraqlı şəxslər avtomobil yollarının, mühəndisi
kommunikasiyaların və qurğuların sahiblərinə
xüsusi icazə almazdan əvvəl göstərilən qiymətləndirmənin
aparılması və qeyd edilmiş digər işlərin
görülməsi ilə bağlı bütün xərcləri
ödəyirlər.[89]
Maddə 30. Velosipedlərin, arabaların, mal-qaranın
hərəkətinin təşkili
Avtomagistralda texniki xarakterinə görə hərəkət
sürəti 50 km/saatdan aşağı olan nəqliyyat vasitələrinin,
o cümlədən velosipedlərin, arabaların, minik və
yük heyvanlarının, habelə ev heyvanlarının hərəkətinə
icazə verilmir.
Digər avtomobil yollarında bu subyektlərin hərəkəti
yol hərəkəti qaydalarının tələblərinə
və yoldan istifadə qaydalarına uyğun olaraq təşkil
olunur.
Avtomobil yolundan mal-qaranın ötürülməsinə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən yerdən keçirməklə icazə
verilir.
Maddə 31. Nəqliyyat vasitələrinin bərə
və üzən körpü ilə buraxılması
Avtomobil yollarında bərə və üzən
körpülər dövlət, bələdiyyə və
xüsusi mülkiyyətə aid ola bilər. Bu
qurğuların mülkiyyətçiləri nəqliyyat vasitələrini
müvafiq icra hakimiyyəti orqanları ilə
razılaşdırılmış qaydada və tariflə haqq
alaraq buraxa bilərlər.
Maddə 32. Avtomobil yollarında kütləvi tədbirlərin
keçirilməsi
Avtomobil yollarında nümayişlər və
yürüşlər, yığıncaqlar, mitinqlər,
piketlər yalnız Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktlarının tələblərinə
uyğun olaraq təşkil oluna bilər.
Avtomobil yollarında idman yarışları
(qaçış, avto-velo və digər yarışlar) yol təsərrüfatı
orqanlarının razılığı ilə verilən icazə
əsasında təşkil olunur və xüsusi qaydalara
müvafiq aparılır.
Bu tədbirlərin keçirilməsi mümkün
dolama yolların köməyi ilə yol şəbəkəsinin
fasiləsiz fəaliyyətini təmin etməklə həll
edilməlidir.
Əmək və sosial münaqişələrin həlli
məqsədi ilə siyasi etirazlarını bildirmək
üçün avtomobil yollarını bağlamaq
qadağandır.
Maddə 33. Àvtomobil yollarında sahibkarlıq və digər
fəaliyyət növlərinin həyata keçirilməsi
Avtomobil yollarının torpaq sahələrində
sahibkarlıq və digər fəaliyyət növləri nəqliyyat
vasitələrinin və piyadalarının hərəkətinə
mane olmamalıdır.[90]
Ümumi istifadədə olan avtomobil yollarının təhkim
zolağının hüdudlarında ticarət və digər
sahibkarlıq fəaliyyəti qadağandır. Bu məqsədlər
üçün təhkim zolağında ayrılmış
yolyanı sahədən istifadə qaydası isə müvafiq
normativ hüquqi aktlarla tənzimlənir.[91]
Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
üçün qorunma (mühafizə) zolağında
avtomobil yollarının sahibləri tərəfindən
xüsusi yerlər ayrılır.[92]
Avtomobil yolları ərazisində sahibkarlıq və
digər fəaliyyəti həyata keçirən fiziki və
hüquqi şəxslər, bu cür fəaliyyətin həyata
keçirilməsi ilə yalnız qanunvericiliklə müəyyən
olunmuş qaydada məşğul ola bilərlər.
Qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaq istəyən hüquqi və
fiziki şəxslər avtomobil yollarının sahibləri ilə
bağlanmış müqavilə əsasında və
müqavilədən irəli gələn öhdəliyi yerinə
yetirməklə həyata keçirirlər.[93]
Maddə 34. Avtomobil yollarının istifadəçilərinin
hüquqları
Dövlət avtomobil yolları istifadəçilərinin
hüquqlarının müdafiəsinə təminat verir.
Avtomobil yolları istifadəçilərinin
aşağıdakı hüquqları var:
qanunvericiliklə müəyyən olunmuş xüsusi
hallar istisna olmaqla ümumi istifadədə olan dövlət və
bələdiyyə avtomobil yolları ilə sərbəst və
ödənişsiz hərəkət etmək, yol təsərrüfatı
orqanlarının və onların vəzifəli şəxslərinin
qanunsuz hərəkətləri nəticəsində əmlakına
və sağlamlığına dəymiş zərərin
ödənilməsini tələb etmək və ya müvafiq
məhkəmələrdə iddia qaldırmaq;
yollardan istifadə etdiyi zaman ehtiyac yaranarsa, dövlət
büdcəsi vəsaiti hesabına (“Tibbi sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq xidmətlər zərfində nəzərdə
tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri
hesabına) təcili tibbi yardım almaq;[94]
müəyyən olunmuş qaydada yol təsərrüfatı
orqanlarından, habelə həmin orqanların vəzifəli
şəxslərindən şikayət etmək;
yol təsərrüfatı orqanlarından avtomobil
yollarının şəbəkəsi, marşrutları, yol
şəraiti, hərəkətin müvəqqəti məhdudiyyəti
və ya dayandırılması, daşına biləcək
yükün miqdarı, qabariti və digər müvafiq məsələlər
barədə məlumat almaq;
yol təsərrüfatı orqanlarının məsul
şəxslərindən nəzakətli münasibət tələb
etmək;
Dövlət Yol Fonduna ödədikləri vergidən
formalaşmış vəsaitin sərf edilməsi barədə
məlumat almaq.[95]
Maddə 34-1. Avtomobil yollarından istifadə ilə
bağlı yol verilməyən hallar[96]
Avtomobil yollarında aşağıdakılar
qadağandır:
- avtomobil yollarını korlayan konstruksiya elementləri
olan, həmçinin tırtıllı nəqliyyat vasitələri
ilə hərəkət etmək;
- xüsusi icazə olmadan iriqabaritli və (və ya)
ağırçəkili yükləri avtomobil yolları ilə
daşımaq, habelə nəqliyyat vasitələrini icazə
verilən qabarit, çəki və yüklə birlikdə
oxa düşən kütlə parametrlərini aşmaqla
yükləmək;
- qabarit və çəki parametrlərini aşan
bölünən yüklə yüklənmiş yük nəqliyyat
vasitələri ilə hərəkət etmək;
- avtomobil yollarının təhkim və qorunma
(mühafizə) zolaqlarını, yol örtüyünü
çirkləndirmək;
- avtomobil yollarına kanalizasiya, sənaye və
çirkli suları, habelə avtomobil yollarının
suaparıcı qurğularından suyu axıtmaq və ya
tullantıların atılması üçün istifadə
etmək;
- yolların hərəkət hissəsinə
yanacaq-sürtkü materialları, kimyəvi maddələr,
bitum və beton axıtmaq, habelə daş,
çınqıl, qum və ot tökmək;
- yol hərəkətinin təhlükəsizliyinə
mane olan şərait yaratmaq və yolların hərəkət
hissəsində, habelə yolların, yol qurğularının
tikintisi və təmiri ilə əlaqədar olmayan yükləri
yükləmək və ya boşaltmaq;
- respublika əhəmiyyətli avtomobil yolları ilə
yay və qış otlaqlarına mal-qara aparmaq, avtomobil
yollarının torpaq sahələrində mal-qara otarmaq, habelə
avtomobil yollarının sahiblərinin razılığı
olmadan müəyyən edilən yerlərdən kənar
avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq
yaradılmış keçidlərdən kənar
mal-qaranı keçirmək;
- avtomobil yollarının torpaq sahələrində
müvafiq işlərin həyata keçirilməsi
üçün verilən razılığın şərtlərinə
əməl etməmək;
- avtomobil yoluna və ya yolda yerləşdirən
qurğulara müdaxilə etmək;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən
karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin
ümumi istifadədə olan avtomobil yolları ilə yüklə
hərəkət edilməsi;
- yol örtüyünü və yolun mühəndisi
konstruksiyasını zədələmək;
- avtomobil yollarında nəqliyyat vasitələrinin və
piyadaların hərəkətinə maneələr yaratmaq.
Fəsil V
Avtomobil yollarının saxlanılmasının əsasları
Maddə 35. Ümumi istifadədə olan avtomobil
yollarının saxlanılmasının prinsipləri
Avtomobil yollarının saxlanılması onların təyinatına
görə istifadə edilməsi zamanı istifadəçilərin
və nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz
hərəkətinə təminat yaratmalıdır.
Ümumi istifadədə olan avtomobil yollarının
saxlanılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən
müəyyənləşdirilən qaydada yollardan istifadənin
və yol hərəkətinin təhlükəsizliyini təmin
edən norma və standartlara istinadən təşkil edilməlidir.
Yolların saxlanılması bu işlər
üçün müvafiq imkanları olan və bu işlər
üçün məsuliyyət daşıyan yol təsərrüfatı
orqanları və ya xidmətləri tərəfindən həyata
keçirilməlidir.
Maddə 36. Bələdiyyə, sahə və özəl
avtomobil yollarının saxlanılması
Yerli özünüidarəetmə orqanları
ümumi istifadədə olmayan bələdiyyə avtomobil
yollarının saxlanılmasını müstəqil təşkil
edir.
Ümumi istifadədə olmayan bələdiyyə, sahə
və özəl avtomobil yollarının saxlanılması
onların mülkiyyətçiləri tərəfindən
müəyyənləşdirilən qaydada təşkil edilir
və onlar yolları istifadəçilərin və yol hərəkətinin
təhlükəsizliyini təmin edən standartların tələblərinə
cavab verən vəziyyətdə saxlamalıdır.
Maddə 37. Avtomobil yollarının müayinəsi və
diaqnostikası
Müvafiq yol təsərrüfatı orqanları
avtomobil yollarının nəqliyyat-istismar vəziyyətini,
onların etibarlılıq və təhlükəsizlik səviyyəsini
əks etdirən standartların və digər normativ-texniki sənədlərin
tələblərinə uyğunluğunu müəyyənləşdirmək
məqsədi ilə avtomobil yollarının müayinəsini
və diaqnostikasını aparmağa borcludur. Müayinə
aparılması qaydaları və onun dövrlüyü
müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir.
Maddə 38. Avtomobil yollarının qorunması [97]
Avtomobil yollarının qorunması avtomobil
yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən
həyata keçirilir.
Avtomobil yollarının qorunmasını həyata
keçirən subyektlər yol əmlakının
qorunmasını onların korlanmasına səbəb ola biləcək
mümkün halların qarşısını almaqla yerinə
yetirirlər.
Avtomobil yollarının qorunmasını həyata
keçirən subyektlər qarşılıqlı fəaliyyət
göstərirlər.
Maddə 39. Ətraf mühitin qorunması
Yol fəaliyyəti həyata keçirilən zaman ətraf
mühitin qorunması haqqında Azərbaycan
Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq
ekologiyanın və əhalinin sağlamlığının
mühafizəsi tələbləri də yerinə yetirilməlidir.
Avtomobil yollarının tikintisi, yenidən qurulması
və təmiri ilə bağlı bütün layihələr
üzrə işlərin maliyyələşdirilməsi və
yerinə yetirilməsi yalnız dövlət ekoloji
ekspertizasının müsbət rəyi alındıqdan sonra
həyata keçirilir.
Avtomobil yollarının yaradılmasında yeni
texnologiyanın, kimyəvi maddələrin tətbiqi xüsusi
ekspertizanın onların təbiətə təsiri barədə
müsbət rəyindən sonra tətbiq edilir.
Avtomobil yollarında işləyən yol təsərrüfatı
orqanları ekoloji təhlükəsizlik normalarının tələblərinə
riayət etməlidir.
Avtomobil yollarından istifadə edən hüquqi və
fiziki şəxslər ətraf mühitə zərər
vurmamalı, avtomobil yollarını və qorunma (mühafizə)
zolağı çirkləndirməməlidir.[98]
Maddə 39-1. Avtomobil yollarının istismardan
çıxarılması[99]
Aşağıda göstərilən hallarda avtomobil
yollarının sahibləri avtomobil yolunun istismardan
çıxarılması haqqında qərar qəbul etmək
hüququna malikdir:
- avtomobil yolundan istifadə olunmadıqda;
- hər hansı yaşayış məntəqəsi
digər daha rahat və təhlükəsiz alternativ avtomobil
yolundan istifadə etmək imkanına malik olduqda.
Avtomobil yolunun istismardan çıxarılması
haqqında qərar qəbul etdikdən sonra avtomobil
yollarının sahibləri, bu qərar haqqında ətraflı
məlumatın mediada yayımlanmasını təmin etməlidirlər.
Maddə 40. Avtomobil yollarının səfərbərliyə
hazırlığı
Avtomobil yollarının səfərbərliyə
hazırlığı Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq avtomobil yollarından fövqəladə
şəraitlərdə istifadəçini təmin etmək
məqsədi ilə həyata keçirilir.
Avtomobil yollarının səfərbərliyə
hazırlığına rəhbərliyi dövlət avtomobil
yollarında - müvafiq icra hakimiyyəti orqanı və
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum, bələdiyyə yollarında isə müvafiq bələdiyyə
orqanları həyata keçirirlər. [100]
Yol təsərrüfatı orqanları avtomobil
yollarında hərəkətin pozulmasına səbəb olan
hadisələrin nəticələrini aradan qaldırmaq
üçün müvafiq tədbirlər görməlidir. Bu
məqsədlə onlar müvafiq maddi və texniki vəsaitlərlə
təmin edilirlər.
Fəsil V-I[101]
Avtomobil yollarında təhlükəsizliyin təmin
edilməsinin ümumi əsasları və şərtləri
Maddə 40-1. Avtomobil yollarının layihələndirilməsində
təhlükəsizliyə dair tələblər
Avtomobil yolları hərəkətin təhlükəsizliyinin
təmin edilməsi, habelə sürət dəyişmələrinin
və məhdudiyyətlərinin minimum səviyyəyə
endirilməsi nəzərə alınmaqla layihələndirilir.
Avtomobil yollarının tikintisi və ya yenidən
qurulması üzrə layihələr
aşağıdakıları təmin etməlidir:
- nəqliyyat vasitələrinin rahat və təhlükəsiz
hərəkəti üçün hesabi sürəti;
- sürücülərin yolu aydın görməsini;
- piyadaların yolu rahat və təhlükəsiz
keçmələrini;
- yol kəsişmələri və birləşmələrinin
təhlükəsiz yerləşməsini;
- nəqliyyat vasitələrinin şinləri ilə
yolun hərəkət hissəsi arasında zəruri ilişkənliyini;
- avtomobil yollarının
abadlaşdırılmasını, o cümlədən qoruyucu
yol qurğuları ilə təchizatını;
- avtomobil nəqliyyatı və yol xidmətləri
üçün zəruri binaların və qurğuların
tikilməsini.
İstehsalat bazaları, yol xidmətləri və
avtomobil nəqliyyatı üçün binalar və
qurğuların layihələndirilməsi zamanı ətraf
mühitin (havanın, su və torpağın) normadan artıq
çirklənməsinə yol verilməməlidir.
Tikinti layihəsinin sənədləri hazırlanarkən
yolun və yol hərəkətinin insanlara, ətraf mühitə,
tarixi-mədəni abidələrə, yolkənarı xidmət
və infrastruktur obyektlərinə, habelə mənzərəyə
birbaşa və dolayı təsiri qiymətləndirilməlidir.
Magistral avtomobil yollarının, körpülərin, tunellərin
layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin
dövlət ekoloji ekspertizası keçirilməlidir.[102]
Yaşıllıq zolaqlarının salınması hərəkət
zamanı vizual görüntünü
yaxşılaşdırmalı, hər hansı təhlükə
yaratmamalıdır.
Yollar layihələndirilərkən, yol
nişanlarının quraşdırılması yerləri və
üsulları göstərilməklə, sxemlər tərtib
edilməlidir.
Maddə 40-2. Avtomobil yollarının tikintisi, yenidən
qurulması və təmiri zamanı təhlükəsizlik tələbləri
Avtomobil yollarının tikintisi, yenidən qurulması
və təmiri zamanı bu Qanunun, Azərbaycan Respublikası
Şəhərsalma və Tikinti Məcəlləsinin və
avtomobil yollarına dair müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydaların müddəalarına
riayət olunmalıdır.
Avtomobil yollarının tikintisi, yenidən qurulması
və təmiri zamanı ətraf mühitin mühafizəsi
üzrə tədbirlər görülməlidir.
Avtomobil yollarının tikintisi, yenidən qurulması
və təmiri zamanı yaşıllıqların
qorunması və bərpası təmin olunmalıdır.
Avtomobil yollarının tikintisi, yenidən qurulması
və təmiri zamanı yol təsərrüfatı
orqanlarının işçilərinin və yol hərəkəti
iştirakçılarının təhlükəsizliyi təmin
olunmalı və yol hərəkəti düzgün təşkil
edilməlidir.
Mürəkkəb geoloji şəraitdə avtomobil
yollarının tikintisi, yenidən qurulması və təmiri
zamanı torpaq yatağının sabitləşdirilməsi
müddəti müəyyən edilmiş tikinti müddətindən
əhəmiyyətli dərəcədə çox olduqda,
suyun ötürülməsini və hərəkətin təhlükəsizliyini
təmin etməklə yol geyiminin mərhələli
salınmasına yol verilir.
Maddə 40-3. Avtomobil yollarının istismarı
zamanı təhlükəsizlik tələbləri
Yolların vəziyyəti yol hərəkətinin təhlükəsizliyini
və ətraf mühitin mühafizəsini təmin etməli və
istismar yükləmələrinin dərəcəsinə
uyğun olmalıdır.
Məlumatverici-göstərici nişanlar və
işarələr hərəkətin təhlükəsizliyini
təmin etməli və ”Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun
olmalıdır.
Yol geyimi yolun istismarı zamanı regionun iqlim
xüsusiyyətləri və nəqliyyat-istismar yükləmələri
nəzərə alınmaqla, yolların təhlükəsizliyini
təmin etməlidir.
Şəhər küçələrində və
yaşayış məntəqələrində avtomobil
yollarının hərəkət hissəsi, piyada səkilərinin
və velosiped yollarının, ümumi istifadədə olan nəqliyyat
vasitələrinin dayanacaq məntəqələrinin
örtüyü, habelə taksi minik avtomobillərinin duracaq
yerləri və yolun hərəkət hissəsinə
bitişik hissədə olan parklanma yerləri, həmçinin
ayırıcı zolaqların, çiyin və torpaq
yataqlarının yamacı yol hərəkətinin təhlükəsizliyini
təmin edəcək vəziyyətdə olmalıdır.[103]
Yol örtüyü tələb olunan hesabi sürəti
və hərəkətin təhlükəsizliyini təmin edən
səthə malik olmalıdır.
Hərəkət hissəsinin səthində
çökmələr, çalalar və nəqliyyat vasitələrinin
hərəkətini çətinləşdirən digər zədələr
olmamalıdır.
Avtomobil yollarında işlərin
görüldüyü yerlərdə yol-nəqliyyat hadisələrinin
və tıxacların qarşısının alınması
üçün nişanlar və işarələr
quraşdırılmalı, həmçinin sutkanın istənilən
vaxtında işlərin görüldüyü yerin aydın
görünməsi təmin olunmalıdır.
Yol hərəkətinin təşkilində istifadə
olunan texniki nizamlama vasitələri (nişanlar, işarələr,
istiqamətləndirici və çəpərləyici
qurğular, işıqlandırma sistemləri, svetoforlar, hərəkəti
avtomatik idarəetmə sistemləri) sutkanın istənilən
vaxtında aydın görünməlidir.
Yol hərəkəti, habelə yolların təmiri və
yenidən qurulması nəticəsində yaranan səs-küyün,
vibrasiyaların, havanın və suyun çirkləndirilməsinin
səviyyəsi texniki normalara və tələblərə
uyğun olaraq müvafiq tədbirlərlə məhdudlaşdırılmalıdır.
Maddə 40-4. Yol-tikinti materiallarına dair tələblər
Yol tikinti materialları ətraf mühitin təsirinə
qarşı dayanıqlı olmalı, onların tərkibindəki
zərərli komponentlər və birləşmələr yol
verilən normalardan artıq olmamalıdır.
Maddə 40-5. Avtomobil yollarında piyada keçidləri
arasında məsafə və yerüstü və ya
yeraltı keçidlərin tikilməsinə dair tələblər[104]
Avtomobil yollarında piyada keçidləri arasında
məsafə və yerüstü və ya yeraltı
keçidlərin tikilməsinə dair tələblər “Yol
hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun 9-1-ci maddəsinə uyğun olmalıdır.
Fəsil VI
Yol fəaliyyətinin iqtisadi əsasları
Maddə 41. Yol təsərrüfatı subyektləri
arasında iqtisadi münasibətlərin tənzimlənməsi
Azərbaycan Respublikasında yol təsərrüfatı
subyektlərinin fəaliyyətinin vahid prinsipləri rəhbər
tutulur, rəqabət və mülkiyyətin forma müxtəlifliyi
təmin edilir.
Qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət
halları istisna olmaqla yol təsərrüfatı subyektləri
arasında münasibətlər bağlanmış müqavilə
şərtləri çərçivəsində qurulur.
Avtomobil yollarının təmiri, tikintisi, yenidən
qurulması, tədqiqi və sınağı üzrə layihə
və podrat işlərinin icrası müsabiqə əsasında
seçilən hüquqi və fiziki şəxslər tərəfindən
yol təsərrüfatı orqanları ilə bağlanan
podrat müqavilələri əsasında həyata
keçirilir.
Yol işlərinin ayrı-ayrı növlərinin
icrasında müqavilələrin şərtləri
onların spesifik xüsusiyyətləri nəzərə
alınmaqla Azərbaycan Respublikasının müvafiq normativ
hüquqi aktlarının, standart və normalarının tələblərinə
əməl olunmasını da əhatə etməlidir.
Yol işlərinin icra keyfiyyətinə nəzarət
yalnız bu işə səlahiyyətli olan yol təsərrüfatı
orqanları, o cümlədən müqavilə əsasında
bu məqsədlə cəlb olunan ixtisaslaşmış
müəssisə və təşkilatlar tərəfindən
həyata keçirilə bilər.
Maddə 42. Yol təsərrüfatının əmlakı
Yol təsərrüfatının əmlakı Azərbaycan
respublikasının dövlət mülkiyyətində, bələdiyyə
və xüsusi mülkiyyətdə ola bilər.
Yol təsərrüfatı əmlakının idarə
edilməsi qüvvədə olan normativ hüquqi aktlara
uyğun olaraq yolun mülkiyyətçiləri tərəfindən
qəbul olunmuş qaydada həyata keçirilir.
Dövlət mülkiyyətindəki ümumi istifadədə
olan avtomobil yollarının əmlakının tərkibinə
avtomobil yolları, tikililər, qurğular və
avadanlıqlar, həmçinin onların saxlanılması və
idarə olunması üçün vacib olan torpaq sahələri
daxildir.
Bələdiyyə yolları əmlakının tərkibi
yol-küçə şəbəkəsinin xüsusiyyətləri
və hərəkətin təhlükəsizliyi nəzərə
alınaraq, müvafiq bələdiyyə orqanları tərəfindən
müəyyən edilir.
Sahə və özəl avtomobil yolları əmlakının
tərkibi onların mülkiyyətçiləri tərəfindən
müəyyən edilir.
Ümumi istifadədə olan avtomobil yolları və
yol qurğuları, həmçinin onların tutduğu sahə,
Azərbaycan Respublikası qanunvericiliyində başqa hal nəzərdə
tutulmayıbsa, alqı-satqı, girov və digər
mülki-hüquqi müqavilələrin bağlanması
üçün obyekt ola bilməz.
Avtomobil yolların mülkiyyət formalarının dəyişməsi
zamanı yeni mülkiyyətçi əvvəlki mülkiyyətçidən
avtomobil yollarını müəyyən edilmiş tələblərə
cavab verən və yol hərəkətinin təhlükəsizliyini
təmin edən vəziyyətə gətirilməsini tələb
etmək hüququna malikdir.
Yeni tikilmiş avtomobil yollarına mülkiyyət
hüququ Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinə əsasən onların istismara qəbulundan
sonra yaranır.
Avtomobil yollarının dövlət və ya bələdiyyə
mülkiyyətinə keçməsi Azərbaycan
Respublikası qanunlarının müəyyən etdiyi qaydada
həyata keçirilir.
Maddə 43. Yol təsərrüfatının
daşınmaz əmlakının qeydiyyatı
Yol təsərrüfatının əmlakı və
torpaq sahələri mövcud qanunvericiliklə müəyyən
olunmuş qaydada müvafiq qeydiyyatda olmalıdır.
Yol təsərrüfatı əmlakının və
torpaq sahəsinin icarəsi də qeydiyyata alınır.
Yeni tikilən və yenidən qurulan avtomobil yolları
həmin obyektlərin müəyyən olunmuş qaydada tərtib
edilən istismara qəbul aktları əsasında qeydiyyata
alınmalıdır.
Avtomobil yollarının və yol təsərrüfatının
digər daşınmaz əmlakının qeydiyyatına, habelə
bununla bağlı əməliyyatlara çəkilən xərci
avtomobil yollarının mülkiyyətçiləri ödəyir.
Avtomobil yollarının və yol təsərrüfatının
digər daşınmaz əmlakının qeydiyyatı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin
yollar və əmlak və onların üzərində
hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada
daşınmaz əmlakın dövlət reyestrində
qeydiyyata alınır.[105]
Maddə 44. Avtomobil yollarının yaradılması,
saxlanması və inkişafı ilə bağlı işlərin
maliyyələşdirilməsi və uçotu
Azərbaycan Respublikasında yol şəbəkəsinin
və yol təsərrüfatı orqanlarının fəaliyyəti
ilə bağlı işlərin maliyyələşdirilməsi
bu məqsədlə hazırlanmış planların və
investisiya proqramlarının əsasında mülkiyyətçilər
tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasında avtomobil yollarının
yaradılması, saxlanılması və inkişafı
aşağıdakı maliyyə mənbələri
hesabına həyata keçirilir:
dövlət büdcəsinin vəsaiti; [106]
yerli büdcələrin vəsaiti;
investisiya layihələrinin müvafiq infrastruktur xərcləri
üçün nəzərdə tutulan vəsaiti;
kreditlər;
fiziki və hüquqi şəxslərin vəsaitləri,
qrant və başqa formada ayırdıqları ianələr.
Konkret maliyyə mənbələrindən istifadə
qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir.
Ayrılmış və sərf edilən hər bir vəsaitin
istifadəsinin ayrıca uçotu təşkil edilir və yol
fəaliyyəti barəsində müvafiq hesabat tərtib
edilir. Uçot və hesabatın həyata keçirilməsi
müvafiq qanunvericiliklə tənzimlənir.
Maliyyələşmə mənbəyindən və
mülkiyyətçisindən asılı olmayaraq
bütün avtomobil yollarında aparılan tikinti, yenidənqurma
və təmir işləri müəyyən olunmuş qaydada
tərtib edilən istismara qəbul aktları əsasında
uçota alınır.
Maddə 45. Yol təsərrüfatında əmək
münasibətləri
Yol təsərrüfatı orqanları işçilərinin
əmək münasibətləri əmək qanunvericiliyi ilə
tənzimlənir.
Fəsil VII
Beynəlxalq əməkdaşlıq, məsuliyyət
və mübahisələrin həlli
Maddə 46. Avtomobil yolları sahəsində beynəlxalq
əməkdaşlıq
Azərbaycan Respublikası avtomobil yolları sahəsində
beynəlxalq əməkdaşlığın
inkişafına, bu sahədə olan problemlərin həlli və
onların hüquqi cəhətdən tənzimlənməsi və
beynəlxalq nəqliyyat kommunikasiya sisteminə inteqrasiya
olunmasına səy göstərir.
Azərbaycan Respublikası ərazisində yol işlərini
icra edən və ya avtomobil yollarından istifadə edən
xarici ölkələrin hüquqi və fiziki şəxsləri
qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan
Respublikasının vətəndaşları ilə bərabər
hüquqlara malikdirlər, mövcud qanunvericilikdə və beynəlxalq
müqavilələrdə nəzərdə tutulan qaydada məsuliyyət
daşıyırlar.
Xarici ölkələrdə qeydiyyata
alınmış avtonəqliyyat vasitələri Azərbaycan
Respublikasının ərazisinə daxil olarkən (həmçinin
tranzit məqsədi ilə daxil olarkən) sahiblərinin
mülki məsuliyyətinin sığortası, sərnişin
daşımaları xidməti həyata keçirildiyi halda isə,
həmin avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin
fərdi qəza sığortası “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq icbari qaydada həyata keçirilir.[107]
Nəqliyyat vasitələrinin mülkiyyətçilərinin
və onlardan istifadə edən xarici ölkə vətəndaşlarının
məcburi sığorta qaydaları və sığorta məbləğinin
həcmi Azərbaycan Respublikasının müvafiq normativ
hüquqi aktları ilə müəyyənləşdirilir.[108]
Xarici dövlətlərin avtonəqliyyat vasitələri
ilə Azərbaycan Respublikasının ərazisində
avtomobil yollarından istifadəyə görə xarici dövlətlərin
hüquqi və fiziki şəxsləri Azərbaycan
Respublikasının müvafiq qanunları ilə müəyyən
edilmiş qaydada vergi ödəyirlər.[109]
Beynəlxalq avtomobil marşrutu üçün
avtomobil yollarından istifadə Azərbaycan
Respublikasının bağladığı beynəlxalq
müqavilə ilə tənzimlənir.
Xarici ölkələrin vətəndaşları və
nəqliyyat vasitələrinin mülkiyyətçiləri Azərbaycan
Respublikası avtomobil yollarından istifadə edərkən Azərbaycan
Respublikasının müəyyən etdiyi yol hərəkəti
qaydalarına və avtomobil yollarından istifadə
qaydalarına riayət etməlidirlər.
Maddə 47. Bu qanunun pozulmasına görə məsuliyyət
Avtomobil yolları sahəsindəki fəaliyyətini həyata
keçirərkən bu qanunun, habelə Azərbaycan
Respublikasının digər aidiyyәti normativ hüquqi
aktlarının pozulmasında təqsirkar şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Yol fəaliyyətinin həyata keçirilməsi və
ya avtomobil yollarından istifadə zamanı dəyən zərər
könüllü, yaxud Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmə
qərarı əsasında ödənilir.
Maddə 48. Yol təsərrüfatı
orqanlarının, onların idarə, müəssisələrinin
və vəzifəli şəxslərinin məsuliyyəti
Avtomobil yollarının idarə olunmasını həyata
keçirən yol təsərrüfatı orqanları, habelə
onların idarə, müəssisələri və vəzifəli
şəxsləri qanunvericiliklə müəyyən
olunmuş qaydada avtomobil yolları haqqında qanunvericiliyin tələblərinin
pozulmasına görə məsuliyyət daşıyır.
Maddə 49. Sahə və özəl avtomobil
yolları mülkiyyətçilərinin məsuliyyəti
Sahə və özəl avtomobil yollarının
sahibləri bu yollardan istifadə edənlərin və dövlətin
qarşısında öz vəzifələrinə və ya
öhdəliklərinə görə, habelə avtomobil
yolları haqqında qanunvericiliyin tələblərinin
pozulmasına görə məsuliyyət daşıyırlar.
Maddə 50. Avtomobil yolları istifadəçilərinin
məsuliyyəti
Avtomobil yolları istifadəçiləri yol verdikləri
aşağıdakı hüquq pozuntularına görə məsuliyyət
daşıyırlar:
yol konstruksiyalarının və qurğuların
korlanmasına, zədələnməsinə və
dağıdılmasına;
avtomobil yollarından onların təyinatına
uyğun olmayaraq istifadəyə görə;
yol təsərrüfatı orqanları ilə
razılaşdırmadan avtomobil yollarında və avtomobil
yolları torpaqlarında iş görülməsi və xidmətlərin
göstərilməsinə görə;
icazəsiz başqa yolların qovuşma və avtomobil
yollarının başqa yollarla kəsişmə
qurğularının tikintisinə, avtomobil yolları
torpaqlarında xatirə (yaddaş) lövhələrinin
qoyulmasına, reklam və digər icazəsiz tikililərə
görə;
yol hərəkəti qaydalarına və avtomobil
yollarından istifadə qaydalarına riayət olunmamasına
görə;
avtomobil yol istifadəçisinin təqsiri
üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində
avtomobil yollarına dəymiş ziyana görə;
avtomobil yol hərəkətində fasilələrə
səbəb olan hadisələr nəticəsində ziyan
yetirilməsinə görə;
ödəniş məntəqələrindən
keçmədən kənar yollardan (yerlərdən) istifadə
etməklə, habelə ödənişsiz gediş
hüququna malik istifadəçilər üçün
müəyyən edilmiş xidməti keçid
zolağından belə hüququ olmayan istifadəçilər
tərəfindən ödənişli avtomagistrallara daxil
olmağa və ya oradan çıxmağa görə;
buraxılış məntəqələrinin normal
işinə mane olmağa, o cümlədən
buraxılış məntəqələrində nəqliyyat
vasitələrinin keçidini bağlamağa, gediş
üçün maneəni özbaşına götürməyə
(şlaqbaumu açmağa) görə;[110]
yol qanunvericiliyinin digər tələb və
normalarının pozulmasına görə.
Maddə 51. Xarici dövlətlərin avtonəqliyyat
vasitələrinin mülkiyyətçilərinin və
istifadəçilərinin məsuliyyəti
Avtomobil yollarında hərəkət
qaydalarının pozulmasına yol vermiş xarici dövlətlərin
nəqliyyat vasitələrinin mülkiyyətçiləri və
istifadəçiləri Azərbaycan Respublikası
qanunvericiliyinin müəyyən etdiyi qaydada məsuliyyətə
cəlb olunurlar.
Maddə 52. Dəyən zərərin ödənilməsi
Yol təsərrüfatı orqanlarının, habelə
onların idarə və müəssisələrinin öz vəzifələrini
yerinə yetirmədiklərindən və ya lazımınca
yetirmədiklərindən yol şəraitinin qeyri-qənaətbəxş
olduğuna görə avtomobil yol istifadəçilərinin həyatına
və sağlamlığına dəyən zərər həmin
orqanların, idarə və müəssisələrinin vəsaiti
hesabına ödənilir.
Yol konstruksiyalarının və qurğularının
zədələnməsində və ya avtomobil
yollarının gələcəkdə qismən və ya tam
istifadədən çıxa bilməsi üçün
şərait yaradılmasında təqsirkar olan avtomobil yolu
istifadəçilərinin və ya yol təsərrüfatı
müəssisələrinin fəaliyyəti nəticəsində
dövlətə dəyən zərər onların vəsaiti
hesabına ödənilir.
Ümumi istifadədə olan avtomobil yollarında
dövlət mülkiyyətinə dəyən zərər
pul vəsaiti formasında dövlət büdcəsinə,
başqa mülkiyyət növləri üzrə isə
müvafiq büdcələrə və şəxslərə
ödənilir.[111]
Avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi
səbəbi və ya onun səbəblərindən birinin
yolun texniki-istismar vəziyyəti ilə
bağlılığı ehtimalı olduqda, hadisə
müvafiq yol təsərrüfatı orqanlarının rəsmi
nümayəndəsinin iştirakı ilə
araşdırılmalıdır.[112]
Yol konstruksiyalarının, tikililərinin və
qurğularının zədələndiyi hallarda, maraqlı tərəflərin
razılığı ilə, zərəri ödəmənin
pul forması yol təsərrüfatı orqanının nəzarəti
altında avtomobil yolu istifadəçisinin zədələnmiş
konstruksiya və qurğularının bərpa işləri ilə
də əvəz oluna bilər.
Bərpa işləri yol təsərrüfatı
orqanları tərəfindən o şərtlə həyata
keçirilə bilər ki, zərər vurmuş istifadəçi
tərəflərin razılığı ilə işin
icrası üçün kifayət edəcək pul vəsaitini,
materialları, konstruksiyaları və digər əmlakı
ona versin.
Avtomobil yolu torpaqlarından icazəsiz istifadə, bu
torpaqlardan qeyri-qanuni istifadəyə sərf olunan vəsait
ödənilmədən dayandırılır.
Zərərin dəyməsində təqsirkar olan
istifadəçilər və icarəçilər zərəri
ödəməklə yanaşı, Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada başqa məsuliyyətə də cəlb
oluna bilərlər.
Maddə 53. Mübahisələrin həlli qaydası
Yol fəaliyyətinin həyata keçirilməsi,
avtomobil yollarından istifadə və avtomobil yollarının
mühafizəsi məsələləri üzrə mübahisələr
yol təsərrüfatı orqanları və ya müvafiq məhkəmə
tərəfindən öz səlahiyyətlərinə
uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş
qaydada həll olunur.
Azərbaycan Respublikası ilə xarici dövlətlər
və beynəlxalq yol orqanları arasında avtomobil yolları
ilə bağlı məsələlər üzrə
mübahisələr Azərbaycan Respublikasının
müvafiq beynəlxalq müqavilə və sazişlərinə
uyğun olaraq həll edilir.
Maddə 54. Keçid müddəaları
Azərbaycan Respublikasının mövcud normativ
hüquqi aktları bu qanuna uyğunlaşdırılana qədər
onların bu qanuna zidd olmayan normaları tətbiq edilə bilər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 22 dekabr 1999-cu il
¹ 778-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 mart, ¹ 3.- S.723-745.