Elektrik və istilik stansiyaları
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Qanunun tətbiq sahəsi və məqsədi
Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq elektrik və istilik enerjisi istehsal edən daimi
qurğuların (bundan sonra - elektrik stansiyaları) layihələndirilməsi,
inşası, istismarı və istifadəsinin hüquqi əsaslarını
müəyyən edir. Qanunla eyni məkanda yerləşən
vahid (ayrılmaz) texnoloji əlaqədə olan enerji istehsal
qurğuları toplusuna bir elektrik stansiyası kimi
baxılır.
Müstəqil elektrik stansiyası - iqtisadi və təşkilati
cəhətdən tam müstəqil olan və vahid dövlət
elektroenergetika sisteminə tabe olmayan hüquqi şəxslərdir.
Bu Qanunun məqsədi:
elektrik stansiyalarında, o cümlədən müstəqil
elektrik stansiyalarında elektrik və istilik enerjisinin
istehsalının;
elektrik və istilik enerjisi istehsalının sənaye
prosesləri ilə birgə şəraitdə səmərəliliyinin;
elektrik və istilik enerjisi istehsalçıları, nəqlediciləri
və paylaşdırıcıları arasında əməkdaşlığın;
təhlükəsizliyə, əhalinin
sağlamlığına və ətraf mühitə mənfi
təsirin məhdudlaşdırılmasının hüquqi təminatından
ibarətdir.
Maddə 2. Elektrik və istilik stansiyalarının
tikintisi, yenidən qurulması və istismarı üzrə
hüquqlar
Bu Qanunun müddəalarına əsasən hər
hansı üçüncü tərəfin (istənilən
fiziki və hüquqi şəxsin) hüquqlarını məhdudlaşdırmadan
istənilən fiziki və hüquqi şəxs özünə
məxsus olan və ya sahibi tərəfindən bu məqsədlə
istifadə etmək üçün ona verilən
daşınmaz əmlakdan istifadə edərək elektrik
stansiyası tikmək, onu yenidən qurmaq və istismar etmək
hüququna malikdir.
II fəsil
Kİçİk və sənaye tİplİ
elektrİk stansİyaları
Maddə 3. Kiçik elektrik stansiyaları
1. Aşağıda müəyyən edilmiş şərtlərə
cavab verən və ya aşağıdakı hədlərdə
elektrik gücünə malik olan stansiyalara kiçik elektrik
stansiyaları kimi baxılır.
a) elektrik və istilik enerjisi istehsal edən günəş
elektrik stansiyaları;
b) gücü 10 kilovatdan 100 kilovata qədər olan, hər
hansı üçüncü tərəfin daşınmaz əmlakından
müvafiq norma və standartlara uyğun məsafədə yerləşdirilən,
elektrik enerjisi istehsal edən külək elektrik
stansiyaları;
c) gücü 50 kilovatdan 10.000 kilovata qədər olan,
sabit su axımında yerləşdirilən və istifadə
edilən suyun dərhal yenidən öz məcrasına
qaytarılmasını təmin edən su elektrik
stansiyaları;
ç) təbii odun istisna olmaqla, təqribən 80
faizi bioloji kütlədən alınan qaz və ya digər
yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi
istehsal edən elektrik stansiyaları;
d) ümumi elektrik təchizatında fasilələr
yarandığı halda yanacaqla işlədilən elektrik
enerjisi istehsal edən qəza elektrik stansiyaları. Bu
stansiyaların fəaliyyət müddəti ümumi enerji təchizatında
yaranan gözlənilməz fasilələr və təmir
üçün tələb olunan zamanla məhdudlaşdırılır.
2. Energetika fəaliyyəti ilə məşğul
olmağa xüsusi icazəsi olan şəxslərdən
aşağıdakı şərtlər təmin edildiyi təqdirdə
kiçik elektrik stansiyalarının tikintisi və
istismarı üçün xüsusi icazə və tender
proseduru tələb edilmir:
a) kiçik elektrik stansiyaları və onlarla birləşən
tikililər hüquqi və fiziki şəxslər və ya
onların birliklərinin daşınmaz əmlakı və ya
onlara istifadəyə verilmiş əmlak üzərində
tikilib istismar edilərsə və enerji həmin ərazidə
(əmlakda) istifadə olunursa;
b) elektrik və istilik enerji, bir qayda olaraq, hüquqi və
fiziki şəxsin və ya onların birliklərinin
daşınmaz əmlakı və ya onlara istifadəyə
verilmiş əmlak üzərində istehsal olunursa və
üçüncü tərəf bu enerji ilə 6-cı maddədə
nəzərdə tutulmuş tələblərə müvafiq
təmin edilərsə;
c) elektrik stansiyası və onun komponentləri,
ötürücü və paylaşdırıcı xətlər,
enerji materiallarının saxlanılması yerləri bu Qanunun
müddəalarına müvafiq tikilərsə və istismar
edilərsə.
Bərpa olunan enerji mənbələri əsasında
işləyən stansiyaların tikintisinə dövlət tərəfindən
dotasiya verilə bilər.
Həmçinin bu stansiyalarda istehsal edilən enerjinin
alınmasına heç bir məhdudiyyət olmadan təminat
verilir.
Qanunvericiliklə müəyyən edilən hallarda
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
kiçik elektrik stansiyalarının tikintisi qadağan edilə,
onların fəaliyyəti yoxlanıla, müvəqqəti
dayandırıla və ya fəaliyyətinə xitam verilə
bilər.
Maddə 4. Sənaye tipli elektrik stansiyaları
1. Bu Qanunun 3-cü maddəsində müəyyən
edilmiş elektrik stansiyaları istisna olmaqla, qalan bütün
elektrik stansiyalarına sənaye tipli elektrik stansiyaları kimi
baxılır. Kiçik elektrik stansiyaları
üçün bu Qanunun 3-cü maddəsinin 2-ci bəndində
nəzərdə tutulan şərtlər eyni qaydada sənaye
tipli elektrik stansiyalarına da şamil edilir.
2. Sənaye tipli elektrik stansiyalarının tikintisi və
istismarı üzrə fəaliyyətlər yalnız
müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi
əsasında həyata keçirilir.
3. Bu Qanunla aşağıdakı hallar elektrik
stansiyasının tikintisi kimi qəbul edilir:
a) elektrik stansiyalarının layihədə nəzərdə
tutulmuş istehsal gücünün artırılması;
b) elektrik stansiyalarının fəaliyyətini təmin
edən enerji daşıyıcılarının layihədə
nəzərdə tutulmuş növünün dəyişdirilməsi;
c) ardıcıl olaraq 2 ildən artıq fəaliyyət
göstərməyən elektrik stansiyalarının yenidən
fəaliyyətə başlanması.
4. Elektrik və istilik enerjisi istehsalı müəssisəsinin
əsas sənaye istehsal fəaliyyətinin tərkib hissəsi
olarsa, bu maddənin 2-ci bəndi tətbiq olunur. Bu halda elektrik
və istislik enerjisi istehsalının bu müəssisənin əsas
fəaliyyət növü üçün alınan icazə
əhatəsində baxılır. Bu şərt həmçinin:
a) tərkibində fəaliyyət göstərdiyi sənaye
müəssisəsinin hüdudlarında elektrik və istilik
enerjisinin nəqli və paylaşdırılmasına;
b) ümumi elektrik və istilik təchizatı şəbəkələri
ilə əlaqəsi olmayan və onlara ayrılmış
torpaq sahəsindən 10.000 metr məsafədə yerləşən
istehlakçılarına enerji verilməsinə aiddir.
Maddə 5. Sənaye tipli elektrik stansiyalarının
tikintisinə və istismarına əsaslar
1. Mövcud istehsalçılar və
paylayıcılar tərəfindən sifarişçilərə
və istehlakçılara elektrik və istilik enerjisi vermək
imkanı məhdudlaşarsa, müvafiq icra hakimiyyəti
orqanı:
tikiləcək elektrik stansiyası sifarişçilərin
və istehlakçıların cari və perspektiv tələblərini
standartlara uyğun, keyfiyyətli, lazımi miqdarda, müntəzəm
və vaxtında ödənilməsini təmin etdiyi;
elektrik stansiyası tərəfindən təklif olunan
enerjinin qiymətləri digər təchizatçıların
təklif etdiyi qiymətdən aşağı olduğu;
elektrik stansiyasının istehsal etdiyi enerjinin qiymətləri
yalnız təhlükəsizlik, ətraf mühitin
qorunması, sağlamlıq tədbirləri və digər
sosial problemlərin həlli ilə əlaqədar mövcud
qiymətlərdən yüksək olduğu təqdirdə
yeni sənaye tipli elektrik stansiyasının tikintisinə
xüsusi icazə verir.
2. Sənaye tipli elektrik stansiyasının tikintisinə
və istismarına tələb olunan təşkilati,
avadanlıq təminatı, ixtisaslı personal
hazırlığı olan şəxslərə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazə
verilir.
3. Elektrik stansiyalarının tikintisi və
istismarı üçün xüsusi icazə təsdiq
olunmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilir.
Maddə 6. Elektrik stansiyalarında istehsal edilmiş
elektrik enerjisinin nəql edilməsi və
paylaşdırılması
1. Qanunvericiliklə müəyyən edilmiş qaydada
elektrik stansiyasının istismarına icazəsi olan şəxs
ötürücü xətlər onun daşınmaz əmlakında
və ya onun istifadəyə verilmiş əmlakda olduğu təqdirdə
elektrik enerjisini sənaye müəssisələrinə və
başqa istehlakçılara verə bilər.
2. Elektrik stansiyasının istismarına icazəsi
olan şəxs öz qurğularını elektrik enerjisi
paylaşdırıcısının əvvəlcədən
yazılı razılığı olmadan onun xətlərinə
və nəqletmə qurğularına qoşa bilməz.
3. Elektrik stansiyasında istehsal edilmiş elektrik
enerjisinin nəql edilməsi və
paylaşdırılmasının texniki və kommersiya şərtləri
açıq şəkildə tərəflər arasında
müzakirə edilir və müvafiq qərarlar qəbul edilir.
Bu qərarlar tərəflərin ümumi
marağına müvafiq olmalı və
aşağıdakıları nəzərdə
tutmalıdır:
a) elektrik enerjisi təchizatının kəsilməsinin
qarşısını almaq tədbirləri;
b) elektrik enerjisinin nəqli və
paylaşdırılması üzrə
qarşılıqlı əlaqələrin inkişafı;
c) elektrik enerjisini nəqletmə və
paylaşdırma vasitələrinin inkişafı və
istismarı;
ç) elektrik enerjisinin idxalı, ixracı və
tranziti üçün elektrik verilmiş xətlərinin
tikilməsi və yenidən qurulması.
Maddə 7. Dövlət əhəmiyyəti kəsb edən
müstəqil elektrik stansiyaları üçün dövlət
təminatı
1. Yeni elektrik stansiyasının tikilməsi və ya
köhnə elektrik stansiyasının yenidən qurulması bu
Qanunun müddəalarına müvafiq aparılarsa, o, müstəqil
elektrik stansiyası statusuna malikdirsə və ölkə
üçün ictimai maraq (dövlət əhəmiyyəti)
kəsb edirsə, yerli və xarici investorları cəlb etmək
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı (layihəyə
üstünlük statusu verməklə) aşağıda
göstərilən üstünlüklərin lazımi səviyyədə
və müddətdə istifadəsinə təminat verir:
a) müstəqil elektrik stansiyasının tikintisi
üçün lazım olan bütün əsas istehsal
fondlarının (avadanlıqların və ya onların hissələrinin)
idxalının (geriyə ixracının) bütün növ
vergi və rüsumlardan azad edilməsi;
b) digər elektrik stansiyaları ilə müqayisədə
heç bir ayrı seçkiliyə və məhdudlaşdırmaya
yol vermədən, müstəqil elektrik stansiyasının
(ölkədən və ya xaricdən) yanacaqla təmin
olunmasına şərait yaradılması;
c) müstəqil elektrik stansiyası, nəqledici və
paylaşdırıcı arasında bağlanan müqaviləyə
müvafiq olaraq elektrik enerjisinin istənilən təyinatlı
məntəqəyə çatdırılması;
ç) müstəqil elektrik stansiyasının
istehsal etdiyi enerjinin heç bir məhdudiyyətə və
ayrı-seçkiliyə yol vermədən enerji bazarına
çıxarılması;
d) yerli tələbatı ödəməklə bərabər
məhdudiyyət qoymadan və xüsusi icazə tələb
etmədən müstəqil elektrik stansiyasının istehsal
etdiyi elektrik enerjisinin bütövlükdə və ya qismən
ixrac edilməsi;
e) öz gəlir payının və Azərbaycan
Respublikasına gətirilmiş ona məxsus əsas
fondların satılmasından əldə olunan istənilən
pul vəsaitinin investor tərəfindən tam istifadəsi, sərbəst
dönərli valyutada xaricə köçürülməsi;
ə) qanunvericilikdə nəzərdə tutulmuş
digər üstünlüklərin təminatı.
2. Dövlət həmçinin xarici fiziki və
hüquqi şəxs olan investorların mülkiyyəti kimi
müstəqil elektrik stansiyaların tikilməsinə təminat
verir. Bu halda müvafiq hakimiyyət orqanları bu maddənin
1-ci bəndində göstərilən təminatlarla bərabər
xarici investorların xərclərini ödəmək məqsədi
ilə investorlar qrupunun yaradılması, dövlət
qeydiyyatından keçməsi, xüsusi icazələrin
verilməsi, idxal, ixrac və valyuta əməliyyatlarının
təşkili kimi müvafiq təşkilati məsələlərin
həllinə;
müstəqil elektrik stansiyasının dövlət
enerji sistemində birgə fəaliyyət göstərməsinə;
elektrik enerjisinin satılmasından əldə edilən
xarici paylar və daxil olmaqla, vəsaitin istənilən valyuta
ilə ödənilməsinə;
fors-major halları da daxil olmaqla, fövqәladә
hadisələr şəraitində uzunmüddətli
borcların ödənilməsinə şərait
yaradılması üçün təminat verir.
III fəsil
Elektrİk stansİyalarının
tİkİntİsİnə, yenİdən qurulmasına və
İstİsmarına texnİkİ tələblər
Maddə 8. Ümumi tələblər
1. Elektrik stansiyalarının (enerji
daşıyıcıları saxlanılan qurğular və
daxil olmaqla) bütün qurğuları ümumi, texniki və
hüquqi tələb və şərtlərə müvafiq
olaraq təhlükəsiz və qabaqcıl texnologiyaya uyğun
layihələndirilməli, tikilməli, istismar edilməli və
saxlanılmalıdır.
Gücü 300 MVt və daha çox olan istilik elektrik
stansiyalarının, gücü 10 MVt-dan çox olan su,
günəş, bioqaz, geotermal, həmçinin gücü 1
MVt-dan çox olan külək elektrik stansiyalarının
(külək generatorları parkları) və digər elektrik
stansiyalarının layihələrinin “Ətraf mühitə
təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin
dövlət ekoloji ekspertizası keçirilməlidir. [2]
Bu maddənin 1-ci hissəsinin ikinci abzasında nəzərdə
tutulan mövcud obyektlər ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və
ya həmin obyektlərdə mövcud qurğu və
avadanlıqların dəyişdirilməsi üçün ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin
hazırlanması tələb olunmur, lakin həmin obyektlərə
dair müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə
(atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən
axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin
mühafizəsi sahəsində normativ hüquqi aktların və
texniki normativ hüquqi aktların tələbləri nəzərə
alınmaqla müvafiq dəyişikliklər edilir.
Bu maddənin 1-ci hissəsinin ikinci abzasında nəzərdə
tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən
istifadə şərtləri ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə
tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq
edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ)
aparılmalıdır.
Bu maddənin 1-ci hissəsinin ikinci abzasında nəzərdə
tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) həyata keçirilərkən onların transsərhəd
təsiri müəyyən edildikdə, həmin obyektlərlə
bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi
məsələləri Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq həll olunur.
2. Elektrik enerjisinin nəqli və
paylaşdırılması şəbəkəsinə
qoşulmuş elektrik stansiyaları tərəflərin
razılaşdırdıqları texniki tələblərə
müvafiq istismar edilir və saxlanılır. Elektrik
stansiyasının istismarına icazəsi olan şəxs
elektrik enerjisi verilməsinin təmin edilməməsi nəticəsində
vurduğu ziyan üçün məsuliyyət
daşıyır. Elektrik stansiyası tərəfindən
razılaşdırılmış şərtlər pozularsa,
elektrik enerjisinin nəqli və paylaşdırılması ilə
məşğul olan şəxslər elektrik
stansiyasını öz şəbəkələrindən
ayıra və ya onun qarşısında müvafiq tələblər
qoya bilərlər.
Maddə 9. Elektrik stansiyaları üçün
tullantı hədləri
Elektrik stansiyalarının fəaliyyəti nəticəsində
yaranan bütün tullantı növlərinin hədləri
beynəlxalq normalara və standartlara və ya onların əsasında
Azərbaycan Respublikasında qəbul edilmiş göstəricilərə
müvafiq olmalıdır və onlar bu Qanun qüvvəyə
mindikdən sonra tikilən elektrik stansiyalarına tətbiq
edilir. Bu şərtlər bu Qanun qüvvəyə mindikdən
sonra qurulan və ya istehsal gücü artırılan elektrik
stansiyalarının yeni hissəsinə da şamil edilir.
Maddə 10. Atmosferi çirkləndirən tullantı
hədləri
1. Elektrik stansiyasının istismarına icazəsi
olan şəxs elektrik stansiyasının hər istismar
saatı üçün orta aylıq və illik
tullantıların ümumi həcmi və uçotunun
aparılması üçün nəzarət
qaydalarını müəyyən edir.
2. Elektrik stansiyalarının nominal gücündən
asılı olaraq onun tullantı hədləri beynəlxalq
normalara və standartlara və ya onların əsasında Azərbaycan
Respublikasında qəbul edilmiş göstəricilərə
müvafiq olmalıdır. Tullantılar hər bir elektrik stansiyası
üçün müntəzəm olaraq
ölçülür.
3. Qaz tullantıları xüsusi borular vasitəsi ilə
kənarlaşdırılmalıdır ki, külək
onları sərbəst şəkildə apara bilsin. Bu borular
norma və standartlara uyğun olmalıdır.
Maddə 11. Səs-küy, qoxu və titrəyişlərin
hədləri
Elektrik stansiyasının yerləşdiyi sahənin
divarı və ya hasarında:
elektrik stansiyasından gələn səs-küy 40
db-dən yüksək olmamalıdır;
elektrik stansiyasından heç bir yanıq qoxusu gəlməməlidir;
xüsusi texniki vasitələrdən istifadə etmədən
heç bir titrəyiş hiss edilməməlidir.
Maddə 12. İstifadə edilmiş su
tullantılarının tərkibi və istilik hədləri
Elektrik stansiyalarında istifadə olunmuş su
tullantılarının istiliyinin və tərkib elementlərinin
hədləri beynəlxalq normalara və standartlara və ya
onların əsasında Azərbaycan Respublikasında qəbul
edilmiş göstəriciləri müvafiq olmalıdır.
Maddə 13. Tullantıların azaldılması tədbirləri
Yeni elektrik stansiyalarında tullantıların minimal səviyyədə
olmasını təmin etmək məqsədi ilə
tullantılardan digər sənaye sahələrində istifadə
edilməsi üçün stansiyalar tələb olunan ən
müasir texnologiya əsasında layihələndirilir, tikilir
və istismar edilir.
Elektrik stansiyasının tullantıları
qanunvericiliyə müvafiq olaraq stansiyanın sərəncamında
olur. Elektrik stansiyası tullantıların zərərsizləşdirilməsi,
emalı, habelə bu məqsədlə qurğuların və
poliqonların layihələrinin “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsini
və dövlət ekoloji ekspertizasından keçirilməsini
təmin etməlidir.[3]
Maddə 14. Qəzalar və bədbəxt hadisələr
Təhlükəsizliyə, ətraf mühitə və
insanların sağlamlığına zərər vura biləcək
və ya artıq zərər vurmaqda olan qəza və bədbəxt
hadisələr zamanı elektrik stansiyasının
istismarına icazəsi olan şəxs müvafiq icra hakimiyyəti
orqanı dərhal xəbərdar edir. Elektrik stansiyasını
istismar edən şəxslər qəzaların və bədbəxt
hadisələrin qarşısının alınması
üçün müvafiq icra hakimiyyəti orqanının
buna aidiyyəti olan sərəncamlarının yerinə
yetirilməsi üçün bütün tədbirləri
görür.
Maddə 15. Qanunun pozulmasına görə məsuliyyət.
Cərimələr
İnşaat və istismar vaxtından asılı
olmayaraq, elektrik stansiyasının tikintisi və ya onun
istismarı bu Qanunun tələblərinə uyğun gəlmədikdə
və ya ətraf mühitə, əhalinin
sağlamlığına və üçüncü şəxslərin
əmlakına təhlükə törətdikdə təqsirkar
olan fiziki və hüquqi şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət
daşıyırlar.
Bu barədə yazılı şikayət daxil olduqda,
onunla əlaqədar qərar qəbul etmək səlahiyyəti
müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Müvafiq
icra hakimiyyəti orqanı şikayətlə əlaqədar qəbul
edilmiş qərarın nəzərdə tutulmuş müddətdə
yerinə yetirilməsini tələb edə bilər.
Müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə
nəzərdə tutulan hallarda müvafiq cərimələr tətbiq
etmək hüququna malikdir.
Enerji istehsalçıları və təchizatçıları
istehlakçıların hüquqlarının pozulması
hallarına səbəb olan hərəkətlərinə
görə qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Maddə 16. Müvafiq icra hakimiyyəti orqanının
yaratdığı quruma ödənilən haqq[4]
Elektrik və istilik enerjisi istehsalçıları tərəfindən
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
quruma haqq ödənilir. Haqqın məbləği və
ödənilmə qaydası müvafiq icra hakimiyyəti
orqanı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 28 dekabr 1999-cu il
¹ 784-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 mart, ¹ 3.- S.809-815.