Özəl tibb fəaliyyəti
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun özəl tibb fəaliyyətinin subyektləri
arasında münasibətləri tənzimləyir, onların
hüquq və vəzifələrini, bu fəaliyyətin təşkilati-hüquqi
əsaslarını müəyyən edir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə
olunan əsas anlayışlar aşağıdakı mənaları
ifadə edir:
özəl tibb fəaliyyətinin subyektləri - tibb fəaliyyətini
həyata keçirən özəl tibb müəssisələri
və özəl tibbi praktika ilə məşğul olan
fiziki şəxslər;
özəl tibbi fəaliyyət - qanunvericiliklə
müəyyən olunmuş qaydada hüquqi şəxs
yaratmaqla özəl tibb fəaliyyətinin həyata
keçirilməsi;
özəl tibbi praktika - tibb ixtisası üzrə ali
və ya orta ixtisas təhsili olan şəxslər tərəfindən
hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən
olunmuş qaydada verilən xüsusi razılıq əsasında
ixtisasına uyğun həyata keçirilən tibbi
yardımın göstərilməsi üzrə fəaliyyət;[1]
özəl tibb müəssisəsi - əmlakı
xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında
istifadə olunan mülkiyyətə əsaslanan tibb müəssisəsi;
tibbi yardım - xəstəliklərin, zəhərlənmələrin,
travmaların profilaktikası və diaqnostikası, xəstələrin
müalicəsi və reabilitasiyası, hamiləliyin
müşahidəsi, doğuşun qəbulu və
doğuşdan sonrakı dövrlərin müşahidəsi;
tibbi xidmət - müqavilə üzrə müəyyən
növ və həcmdə göstərilən əvəzi
ödənilən tibbi yardım;
tibbi yardımın standartları - müəyyən
növ tibbi yardımın norma, qayda və xüsusiyyətlərinə,
onun nəticəsinə dair tələblərin
siyahısı;
əhaliyə tibbi yardım göstərilməsi
üzrə dövlət təminatı proqramları (bundan
sonra - dövlət təminatı proqramları) - əhaliyə
büdcə vəsaiti hesabına göstərilən tibbi
yardımın növünü, həcmini və şərtlərini
müəyyən edən normativ hüquqi aktlar;
sığortaçı – “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
sığorta fəaliyyətini həyata keçirmək
üçün müvafiq lisenziyaya malik olan, sığorta
müqaviləsində nəzərdə tutulan sığorta
hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında
və ya müqavilə ilə müəyyən olunmuş
qaydada sığorta ödənişini etmək öhdəliyi
daşıyan sığorta müqaviləsinin tərəfi
olan yerli hüquqi şəxs, icbari tibbi sığortaya
münasibətdə isə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum).[2]
Maddə 2. Özəl tibb fəaliyyəti haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
Özəl tibb fəaliyyəti haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, digər
normativ hüquqi aktlardan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrdən ibarətdir.
Maddə 3. Özəl tibb fəaliyyəti subyektlərinin
vəzifəsi
Özəl tibb fəaliyyətinin subyektləri
dövlət və bələdiyyə tibb müəssisələri
ilə yanaşı, səhiyyə sahəsində dövlət
siyasətinin həyata keçirilməsinə və əhalinin
sağlamlığının qorunmasına təminat
yaradır. [3]
II fəsil
Özəl tİbbİ fəalİyyətİn və
özəl tİbbİ praktİkanın tənzİmlənməsİ
Maddə 4. Özəl tibb müəssisəsinin
yaradılması, fəaliyyəti və ləğv edilməsi
Özəl tibb müəssisəsi qanunvericiliklə
müəyyən olunmuş qaydada Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən
yaradıla bilər.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələrdə digər qaydalar nəzərdə
tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki
şəxsləri, eləcə də Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslər tərəfindən özəl tibb
müəssisələri qanunvericiliklə müəyyən
olunmuş qaydada yaradıla bilər.
Özəl tibb müəssisəsi tibbi fəaliyyətin
müəyyən növləri üzrə qanunvericiliyə
uyğun olaraq verilən xüsusi razılıq olduqda və
tibbi fəaliyyətin hər bir növü üzrə
müvafiq ixtisasa malik mütəxəssislərlə
əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə
məşğul ola bilər. [4]
Tibb fəaliyyəti ilə məşğul olan şəxslər
tərəfindən özəl tibb fəaliyyəti sahəsində
onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən
işlər və xidmətlərdən kənar (ilkin tibbi
yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata
keçirilməsinə yol verilmir.[5]
Özəl tibb müəssisəsinin akkreditasiyası
tibb işçilərinin peşə birliklərinin
iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
Özəl tibb müəssisələrində praktik
tibb fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə
məşğul olmaq istəyən şəxslərin
“Əhalinin sağlamlığının qorunması
haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin
tələblərinə uyğun olaraq davamlı peşəkar
inkişafının qiymətləndirilməsi və ya
sertifikasiya imtahanına cəlb edilməsi ilə
sertifikasiyası həyata keçirilir. Sertifikasiya şəhadətnaməsi
olmayan və ya qüvvədə olmayan şəxslərin
praktik tibb fəaliyyətinə buraxılmasına yol
verilmir.[6]
Özəl tibb müəssisəsinin yenidən təşkili
və ləğv edilməsi qanunvericiliklə müəyyən
olunmuş qaydada həyata keçirilir.
Özəl tibb müəssisəsi ləğv edildikdə
tibbi sənədlər müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə bir ay müddətində
qanunvericiliklə müəyyən olunmuş qaydada
yaradılan ləğvetmə komissiyasına verilir.
Maddə 5. Özəl tibbi praktikanın həyata
keçirilməsi və ona xitam verilməsi
Tibb ixtisası üzrə ali və ya orta ixtisas təhsili
olan, qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan
keçmiş, qanunvericiliklə müəyyən olunmuş
qaydada tibbi fəaliyyətin müəyyən növünə
uyğun xüsusi razılıq alan və qanunla müəyyən
edilmiş hallarda peşə üzrə müvafiq
hazırlıq keçən, habelə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi tələblərə
uyğun tibbi iş stajı olan Azərbaycan Respublikasının
vətəndaşları özəl tibbi praktika ilə məşğul
ola bilərlər. [7]
Əcnəbilərin və Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul
olması üçün şərtlər müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Özəl tibbi praktika ilə məşğul olan və
ya bu fəaliyyətlə məşğul olmaq istəyən
şəxslərin sertifikasiyası bu Qanunun 4-cü maddəsinin
altıncı hissəsində göstərilən qaydada həyata
keçirilir.[8]
Özəl tibbi praktikaya qanunvericiliklə müəyyən
olunmuş qaydada xitam verilir.
Özəl tibbi praktikaya xitam verilməzdən əvvəl,
iki həftədən gec olmayaraq, yaxud tibbi yardımın
göstərilməsi üzrə müqavilədə göstərilən
müddətdə aidiyyəti
müәssisәlәrә və xəstələrə
bu barədə məlumat verilməlidir.
Maddə 6. İlkin tibbi-sanitariya yardımının
göstərilmə şərtləri
Özəl tibb fəaliyyətinin subyektləri
sığortaçılar ilə bağladıqları
müqaviləyə əsasən “Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq ilkin tibbi-sanitariya
yardımı göstərirlər.[9]
Maddə 7. Tibbi yardım göstərilməsi barədə
müqavilə
Özəl tibb müəssisəsi və özəl
tibbi praktika ilə məşğul olan şəxs tərəfindən
tibbi yardım göstərilməsi barədə müqavilə
bu yardımın növlərini, həcmini və göstərilmə
şərtlərini əks etdirməlidir.
Özəl tibb fəaliyyəti subyektlərinin icbari
tibbi sığorta proqramlarında iştirak edib-etməməsindən
asılı olmayaraq, icbari tibbi sığorta qaydalarına əsasən
əhaliyə təcili tibbi yardım göstərən özəl
tibb fəaliyyətinin subyektlərinə ödəniş bu
şəxslərin sığortalandığı tibbi
sığorta təşkilatları tərəfindən həyata
keçirilir.[10]
Maddə 8. Özəl tibb fəaliyyəti subyektlərinin
dövlət təminatı və səhiyyənin məqsədyönlü
proqramlarının, habelə bələdiyyə
proqramlarının həyata keçirilməsində
iştirakı
Özəl tibb müəssisələri və özəl
tibbi praktika ilə məşğul olan şəxslər
“Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq tibbi sığorta,
habelə müsabiqə əsasında dövlət təminatı
və səhiyyənin məqsədyönlü
proqramlarının, habelə bələdiyyə
proqramlarının həyata keçirilməsində
iştirak edə bilərlər.[11]
Özəl tibb müəssisələri və özəl
tibbi praktika ilə məşğul olan şəxslərə
dövlət təminatı və səhiyyənin məqsədyönlü
proqramlarında iştirak etmək hüququ verən müsabiqələrin
keçirilmə qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Müsabiqə komissiyasının tərkibinə paritet əsasında
müvafiq icra hakimiyyəti orqanının, həmkarlar
ittifaqlarının, tibb işçilərinin ictimai birliklərinin
və özəl tibb müəssisələrinin,
sığortaçıların nümayəndələri
daxil olurlar.[12]
Özəl tibb müəssisələri və özəl
tibbi praktika ilə məşğul olan şəxslərin
dövlət təminatı və səhiyyənin məqsədyönlü
proqramlarının həyata keçirilməsində
iştirak etmələri barədə müqavilələr,
onların icbari tibbi sığorta proqramlarında
iştirakı hallarında, müvafiq icra hakimiyyəti və
yerli özünüidarəetmə orqanları, habelə
sığortaçılar ilə bağlanır.[13]
Bu müqavilələrdə:
tibbi yardımın keyfiyyətinə tələblər;
tibbi yardımın həcmi;
tibbi yardıma görə ödənişin şərtləri
və qaydaları;
tibbi yardımın keyfiyyətinə nəzarət
qaydaları;
müqavilə üzrə özəl tibbi fəaliyyət
haqqında qeydiyyat və hesabat qaydaları müəyyən
edilir.
Özəl tibb fəaliyyətinin subyektləri “Tibbi
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
15-3.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə
cavab verdiyi, habelə həmin Qanunun 15-19-cu maddəsinə əsasən
tibbi xidmətlərin göstərilməsi haqqında
müqavilə bağladığı təqdirdə icbari
tibbi sığorta üzrə xidmətlər zərfi çərçivəsində
tibbi xidmətlər göstərə bilərlər.[14]
Maddə 9. Tibbi sənədləşmələr və
hesabatlar
Özəl tibb müəssisələrinin və
özəl tibbi praktika ilə məşğul olan şəxslərin
verdiyi sənədlər və rəylər dövlət
nümunəli tibbi sənədlərlə eyni hüquqi
qüvvəyə malikdir.
Müvafiq icra hakimiyyəti orqanı ödəniş əsasında
özəl tibb müəssisələrini, özəl tibbi
praktika ilə məşğul olan şəxsləri əmək
qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqələr,
doğum və ölüm haqqında arayışlar,
güclü təsir göstərən, zəhərli maddələr,
tərkibində narkotik vasitələr və psixotrop maddələr
olan dərmanların resept blankları da daxil olmaqla, ciddi
hesabatlı dövlət nümunəli tibbi sənədlərin
blankları ilə təmin edir.[15]
Özəl tibb müəssisələri və özəl
tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan
Respublikasının normativ hüquqi aktlarında göstərilən
bütün statistik qeydiyyat və hesabatları aparmağa
borcludurlar və onların doğruluğuna görə məsuliyyət
daşıyırlar.
Maddə 10. Dövlət və bələdiyyə
mülkiyyətində olan əmlakın özəl tibb fəaliyyəti
subyektlərinin müvəqqəti istifadəsinə verilməsi
Dövlət və bələdiyyə
mülkiyyətində olan, habelə dövlət təminatı
və səhiyyənin məqsədyönlü
proqramlarının həyata keçirilməsində istifadə
olunmayan əmlak qanunvericiliklə müəyyən olunmuş
qaydada özəl tibb fəaliyyəti subyektlərinin müvəqqəti
istifadəsinə verilə bilər.
Özəl tibb müəssisələri və özəl
tibbi praktika ilə məşğul olan şəxslər səhiyyə
üçün nəzərdə tutulan, tam tikilməyən
və əsaslı təmirə ehtiyacı olan binaları
müsabiqə yolu ilə müvəqqəti istifadə
üçün əldə etmək, dövlət təminatı
və səhiyyənin məqsədyönlü
proqramlarında iştirak etmək şərti ilə
onların beş ildən az olmayaraq, tibbi yardım göstərmək
üçün istifadə olunmasına əməl etməlidirlər.
Maddə 11. Mübahisələrin həlli qaydası
Özəl tibb fəaliyyətinin subyektləri
arasında, eləcə də həmin subyektlərlə digər
hüquqi və fiziki şəxslər arasında yaranan
mübahisələr qanunvericiliklə müəyyən
olunmuş qaydada həll edilir.
Maddə 12. Özəl tibb fəaliyyətinin maliyyələşdirilmə
mənbələri
Özəl tibb fəaliyyəti hüquqi və fiziki
şəxslərin vəsaitləri, icbari və
könüllü tibbi sığorta vəsaitləri,
qanunvericiliklə qadağan olunmayan digər mənbələr
hesabına maliyyələşdirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin
dövlət təminatı və səhiyyənin məqsədyönlü
proqramlarının həyata keçirilməsində
iştirakı onları bu işə dəvət edən
(razılıq verən) müvafiq icra hakimiyyəti
orqanının vəsaiti və icbari tibbi sığorta vəsaitləri
hesabına maliyyələşdirilir.[16]
Maddə 13. Tibbi yardıma görə ödəniş
Özəl tibb müəssisələri və özəl
tibbi praktika ilə məşğul olan şəxslərin
göstərdiyi tibbi yardıma görə ödəniş:
bilavasitə xəstələrlə
bağlanmış müqavilələr;
üçüncü şəxsin (pasiyentin) xeyrinə
müəssisə və vətəndaşlarla müqavilələr;
icbari və könüllü tibbi sığorta
üzrə göstərilən tibbi yardıma görə
sığortaçılar ilə bağlanmış
müqavilələr;[17]
xeyriyyə proqramları üzrə
bağlanmış müqavilələr əsasında həyata
keçirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar
və təşkilatlarla (o cümlədən
könüllü tibbi sığorta üzrə tibbi xidmətlər
göstərilməsinə dair sığorta təşkilatları
ilə) müqavilələr çərçivəsində
göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər
arasında razılaşmaya görə müəyyənləşdirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin
göstərilməsi haqqında müqavilə
bağlayıb-bağlamamasından asılı olmayaraq
ehtiyacı olan şəxslərə göstərilən təcili
tibbi yardıma görə ödəniş göstərilən
tibbi xidmətlərin müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi tariflərə uyğun olaraq icbari
tibbi sığorta vəsaitləri hesabına həyata
keçirilir.[18]
Özəl tibb müəssisələri və özəl
tibbi praktika ilə məşğul olan fiziki şəxslər
tərəfindən göstərilən tibbi xidmətlər
üzrə bir əməliyyat çərçivəsində
(bir nəzarət-kassa aparatının çeki üzrə)
beş yüz manatdan artıq olan hesablaşmalar üzrə
ödənişlər “Nağdsız hesablaşmalar
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq yalnız nağdsız qaydada həyata keçirilir.[19]
Maddə 14. Özəl tibb müəssisələrindən
və özəl tibbi praktika ilə məşğul olan
şəxslərdən vergi tutulması
Özəl tibb müəssisələrindən və
özəl tibbi praktika ilə məşğul olan şəxslərdən
qanunvericiliklə müəyyən olunmuş qaydada vergi
tutulur.
III fəsil
Özəl tİbb fəalİyyətİ subyektlərİnİn
hüquq və vəzİfələrİ
Maddə 15. Özəl tibbi praktika ilə məşğul
olan şəxslərin hüquqları
Özəl tibbi praktika ilə məşğul olan
şəxslərin hüquqları
aşağıdakılardır:
qanunvericiliklə müəyyən olunmuş qaydada
tibbi yardım göstərmək və məsləhətlər
vermək;
vərəm xəstəliyindən başqa ictimai təhlükəli
xəstəliklər və narkoloji xəstələrin
müalicəsi istisna olmaqla, siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq olunan xəstəliklər
üzrə tibbi yardım göstərmək; [20]
qanunvericiliklə müəyyən olunmuş qaydada
xalq təbabətindən istifadə etmək;
qanunvericiliklə müəyyən olunmuş qaydada
tibbi sənədlər vermək;
özəl tibb fəaliyyətini həyata keçirmək
üçün bütün tibb müəssisələrindən
və özəl tibbi praktika ilə məşğul olan digər
şəxslərdən məlumat almaq;
pasiyentin müayinələrinin nəticələri ilə
tanış olmaq, məsləhətçi kimi bütün
növbəti müalicə mərhələlərində
iştirak etmək;
peşə fəaliyyətini həyata keçirmək
üçün normativ sənədlərlə tanış
olmaq;
ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin
blanklarından istifadə etmək;
tibbi yardım göstərmək üçün
özəl tibbi praktika ilə məşğul olan digər
fiziki şəxslərlə birgə fəaliyyət göstərmək;
dövlət və bələdiyyə mülkiyyətində
olan əmlakı, o cümlədən bina, qurğu və
avadanlıqları müvəqqəti istifadəyə
götürmək;
peşə fəaliyyətini təmin etmək
üçün əmək müqaviləsi (kontraktı) əsasında
işçilər cəlb etmək.
Maddə 16. Özəl tibbi praktika ilə məşğul
olan şəxslərin vəzifələri
Özəl tibbi praktika ilə məşğul olan
şəxslərin vəzifələri
aşağıdakılardır:
tibbi yardımın şərtlərinə və
qaydalarına əməl etmək;
təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan
şəxslərə pulsuz tibbi yardım göstərmək;
özəl tibb müəssisəsində vətəndaş
üçün zəruri olan
ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi
mümkün olmadıqda, müəssisənin müalicə həkimi
tərəfindən həmin şəxsi bu yardımı
göstərən dövlət tibb müəssisəsinə
və ya şəxsin istəyinə uyğun olaraq digər
özəl tibb müəssisəsinə göndərmək;[21]
xəstənin sağlamlıq vəziyyətini, ona
göstərilən tibbi xidmətlərin həcmini və
onların nəticələrini əks etdirən tibbi sənədləşmələri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada həyata keçirmək;
tibbi statistik hesabatları qanunvericilikdə müəyyən
olunmuş qaydada və vaxtında təqdim etmək;
xəstəyə onun sağlamlıq vəziyyəti,
müalicənin müddəti, forma və məqsədləri,
göstərilən xidmətlərin həcmi və qiyməti,
habelə gözlənilən nəticələr və müəyyən
riskin mümkünlüyü barədə məlumat vermək;
özəl tibbi praktikanın həyata keçirilməsinə
hüquqi əsas verən sənədlərlə xəstəni
tanış etmək;
həkim sirrinə əməl etmək;
zəruri hallarda xəstənin vəziyyəti barədə
başqa mütəxəssislərlə məsləhətləşmək,
xəstəni tibb müəssisəsinə göndərmək;
qanunvericiliklə müəyyən olunmuş müddətlərdə
öz vəsaiti hesabına, göstərilən tibbi yardım
maliyyələşdirilən müəssisələrlə
müqavilələrdə bu nəzərdə tutulmayıbsa,
öz ixtisasını artırmaq və ya yenidən
hazırlıq keçmək; [22]
qanunvericiliyə uyğun olaraq tədrisə cəlb
olunmaq və sertifikasiyadan keçmək.[23]
Maddə 17. Özəl tibb fəaliyyəti subyektlərinin
xalq təbabəti ilə məşğul olmaq hüququ
Özəl tibb fəaliyyətinin subyektləri
qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən
istifadə üsullarını tətbiq edə bilərlər.
Təbiblik fəaliyyəti üçün xüsusi
razılıq qanunvericiliklə müəyyən olunmuş
qaydada özəl tibbi praktika ilə məşğul olmaq istəyən
şəxsin ərizəsi və ya özəl tibb müəssisəsinin
vəsaiti əsasında müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilir. [24]
IV fəsil
Yekun MÜDDƏALARI
Maddə 18. Beynəlxalq əməkdaşlıq
Özəl tibb fəaliyyəti sahəsində beynəlxalq
əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələr əsasında həyata keçirilir.
Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq
müqavilələr tətbiq edilir.
Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti Heydər
ӘLİYEV
Bakı şəhəri, 30 dekabr 1999-cu il
¹ 789-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 mart, ¹ 3.- S.824-830.