«Seleksiya nailiyyətləri haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

 Azərbaycan Respublİkasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 «Seleksiya nailiyyətləri haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, ¹ 4, maddə 269) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

 1. 3-cü maddənin «b» bəndi aşağıdakı redaksiyada verilsin:

«Maddə 3. Seleksiya nailiyyətlərinin patent qabiliyyəti şərtləri

 b) fərqlilik;

 Seleksiya nailiyyəti ərizə verilən tarixə qədər digər məlum seleksiya nailiyyətlərindən aydın fərqlənməlidir.

 Məlum seleksiya nailiyyətinin rəsmi kataloqda, məlumat fondunda və ya nəşrlərin birində dəqiq təsviri olmalıdır.

 Patent alınmış seleksiya nailiyyəti patent üçün ərizə verilən tarixdən məlum hesab olunur.

 Seleksiya nailiyyətlərinin səciyyəvi və fərqli xüsusiyyətlərinin əlamətləri müqayisəyə və dəqiq təsvir etməyə imkan verməlidir.»

 2. 4-cü maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 4. Seleksiya nailiyyətlərinin obyektləri və subyektləri

 Seleksiya nailiyyətlərinin obyektləri bitki sortları, heyvan cinsləri, onların hibridləri, genotipləri, xəttləri, krossları, klonları, toxumları, yumurtaları, rüşeymləri və digər bitki materialları və damazlıq ehtiyatlarıdır.

 Seleksiya nailiyyətinə sahiblik edən və seleksiya işi aparan bütün hüquqi və fiziki şəxslər seleksiya nailiyyətlərinin subyektləridir.»

 3. 16-cı maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 16. Patent sahibinin hüquqları

 Patent, patent sahibinə seleksiya nailiyyətindən istifadə etməyə müstəsna hüquq verir və bu hüquq dövlət tərəfindən qorunur. Patent sahibinin razılığı olmadan seleksiya nailiyyətindən istifadə etməyə icazə verilmir.

 Patentlə bağlı hüquqlar tamamilə və ya qismən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada özgəninkiləşdirilə bilər. Belə hallarda patent sahibi ilə müvafiq şəxslər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilə səlahiyyətli orqanda qeydiyyata alınır.

 Seleksiya nailiyyətindən istifadə etmək üçün bütün hüquqi və fiziki şəxslər patent sahibindən aşağıdakı fəaliyyət növlərinə icazə almalıdır:

 istehsala və təkrar istehsala;

 artırma məqsədilə toxumu səpin kondisiyasına çatdırmağa;

 satışa təklif etməyə;

 satışa və digər ticarət dövriyyəsinə daxil etməyə;

 Azərbaycan Respublikası ərazisindən ixrac etməyə;

Azərbaycan Respublikası ərazisinə idxal etməyə;

 yuxarıda göstərilən məqsədlər üçün saxlanmaya.

 Patent sahibinin icazəsi olmadan mühafizə olunan seleksiya nailiyyətinin təsərrüfat dövriyyəsi zamanı patent sahibinin hüququ həmin seleksiya nailiyyətindən əldə edilmiş bitki materiallarına və əmtəəlik heyvanlara da aid edilir.

 Bitki sortlarının toxumları və heyvan cinslərinin damazlıq materialları ilə bu maddənin 3-cü hissəsindəki fəaliyyət növlərini həyata keçirmək üçün mühafizə olunan seleksiya nailiyyətinin patent sahibindən aşağıdakı hallarda da icazə alınmalıdır, əgər seleksiya nailiyyəti:

 mühafizə olunan ilkin seleksiya nailiyyətinin irsi əlamətlərini özündə aydın əks etdirməklə digər sortların, cinslərin irsi əlamətlərini daşımırsa;

 mühafizə olunan sortlardan, cinslərdən kəskin fərqlənmirsə;

 mühafizə olunan seleksiya nailiyyətinin təkrar istehsalına ehtiyac olarsa.

 İlkin sortun, cinsin əsas irsi əlamətlərini aydın əks etdirən, lakin ilkin sortdan, cinsdən kəskin fərqlənənlər sort, cins kimi qəbul olunur, əgər:

 ilkin sortun, cinsin əsas irsi əlamətlərini özündə saxlamaqla onların genotip yaxud genotipik kombinasiyalarının əlamətlərini əks etdirərsə;

 fərdi seçmə, mutantlardan seçmə, bekkross və gen mühəndisliyi kimi üsulların təsirindən əmələ gələn fərqlənmələr istisna olmaqla ilkin sortun, cinsin genotipinə yaxud genotiplər kombinasiyalarına uyğun olarsa.

 Seleksiya nailiyyətindən aşağıdakı məqsədlər üçün istifadə edilərkən patent sahibinin hüququ pozulmuş hesab olunmur:

 

 şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə;

 təcrübə-sınaq məqsədləri üçün istifadə.»

 

 

 Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 Bakı şəhəri, 8 fevral 2000-ci il

             ¹ 808-IQD

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.- S.920-921.