Azərbaycan
Respublikasında dövlət qadın siyasətinin həyata
keçirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan qadını öz idarəsi və mərdliyi,
saflığı və sədaqəti ilə cəmiyyətimizin
həyatında, xalqımızın milli-mənəvi dəyərlər
sisteminin formalaşdırılmasında müstəsna rol
oynamışdır. Xalq yaradıcılığı
nümunələrində, qədim rəvayət və
dastanlarımızda yüksək mənəvi sifətlərlə
səciyyələnən gözəl qadın
obrazlarının bədii təsviri verilmişdir. Mənəviyyatımızın
təməl kitabı olan "Kitabi-Dədə Qorqud"un
qadın surətləri bu gün də öz məziyyətləri
ilə bəşəri idealların təntənəsinə
xidmət edir.
Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə
qadınları həyat mənbəyi və müdriklik
mücəssəməsi kimi vəsf etmək üçün
zəngin tarixi material vermişdir. Dahi Nizami öz əsərlərində
Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi
Fitnə və yeddi gözəl obrazlarını
yaratmışdır. Görkəmli memar Əcəmi
Naxçıvani tərəfindən ucaldılmış
Möminə xatun türbəsi əzəmətli memarlıq
abidəsi olmaqla yanaşı xalqımızın qadına
göstərdiyi ehtiram parlaq təcəssümüdür.
Azərbaycan mədəniyyətinin və elminin
inkişafında mühüm mərhələ olan orta əsrlər
dövründə Azərbaycan qadınının fəaliyyəti
xalqımızın milli-mədəni ənənələrinin
qorunub saxlanılması və zənginləşdirilməsinə
xidmət etmişdir. XII əsr poeziyasının görkəmli
nümayəndələrindən olan Məhsəti Gəncəvinin
şer məclisləri Azərbaycan qadınının
adını uzaq ellərdə tanıtdı.
Orta əsrlər tariximizdə Azərbaycan
hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə
xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin
anası Sara xatun, Şah İsmayıl Xətainin qızı
Məhinbanu, Şirvanşah Xəlilullanın arvadı Pəri
xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi
Tuti Bikə və başqaları kimi görkəmli siyasi və
dövlət xadimlərinin adları hörmətlə yad
edilir.
XIX əsr Azərbaycanın həyatında
qadınların fəallığı və böyük
yaradıcılıq uğurları ilə səciyyələnir.
Bu mənada Xurşid banu Nətəvanın, Ağa Bəyim
Ağa Ağabacının, Gönçəbəyimin, Fatma
xanım Kəminənin, Şahnigar xanımın, Qəmərbəyim
Şeyda Qarabağinin və başqalarının
yaradıcılığı diqqəti cəlb edir. Həmin əsrdən
Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni
proseslər qadınların maariflənməsi və ictimai həyatda
daha fəal iştirak etməsinə güclü təkan
verdi.
Dünyəvi teatrın, demokratik mətbuatın,
anadilli məktəbin, qız məktəblərinin və
qadın gimnaziyalarının yaradılması Azərbaycan
qadınlarının hərtərəfli inkişafı üçün
yeni üfüqlər açdı. Bu dövrdə cəmiyyətdə
maarifçiliklə yanaşı xeyriyyəçilik də
mühüm yer tuturdu. Gövhər xanım Qəcar, Həmidə
xanım Cavanşir, Nigar xanım Şıxlinskaya, Məsmə
xanım Talışinskaya, Səltənət xanım Əhmədova
və digərlərinin yaratdıqları daqın xeyriyyə
cəmiyyətləri böyük iş aparırdı. O
dövrün möhtəşəm abidəsi olan Təzə-pir
məscidi də həmin xeyriyyə tədbirlərindən
biri kimi Nabat xanım Aşurbəyli-Rzayeva tərəfindən
tikdirilmişdir. Bütün bu işlərin məntiqi nəticəsi
olaraq tariximizdə il dəfə olaraq qadınlara
seçib-seçilmək hüquq verildi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin
fəal üzvünə çevrilməsi üçün
geniş imkanlar yaratdı. Sovet hakimiyyəti illərində də
Azərbaycan qadını çox mürəkkəb və
şərəfli yol keçmişdir. Qadın emansipasiyası,
qısa bir müddətdə qadınlar arasında
savadsızlığın ləğvi, qadınların müəllim,
həkim, mühəndis və sair peşələrə yiyələnərək
cəmiyyətdə kişilərlə bərabər
hüquqları malik olması, öz istedad və
bacarıqlarını gerçəkləşdirə bilməsi
həmin dövrün başlıca nailiyyətləridir.
1921-ci il Azərbaycan tarixinə qadınların ilk
qurultayı ili kimi daxil olmuşdur. Nəriman Nərimanovun məruzə
ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini
qadın azadlığı ideyaları təşkil etdi.
Qurultaydan keçən qısa bir müddət ərzində
Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının
artırılması sahəsində böyük işlər
həyata keçirildi. 1921-ci ildə qızlar
üçün təşkil olunmuş məktəbəqədər
tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna
çevrildi. Ceyran Bayramovanın təşəbbüsü ilə
yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının
inkişafında mühüm rol oynadı. 1923-cü ildə
"Şərq qadını" jurnalının nəşrə
başlaması Azərbaycanda qadın hərəkatı
tarixində əlamətdar hadisə oldu.
İkinci Dünya Müharibəsi qadınların əməyə
daha geniş surətdə cəlb edilməsinə təkan
verdi. Bir çox sahələrdə cəbhəyə gedən
kişiləri qadınlar əvəz etdi. Həmin dövrdə
Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona
Nuriyeva kimi təyyarəçi, Şövkət Səlimova
kimi qadın gəmi kapitanı yetişmişdi. Müharibə
dövründə qadınlarımız ön cəbhədə
mərdliklə döyüşmüş, arxa cəbhədə
əmək rəşadəti, fədakarlıq nümayiş
etdirmişlər. Bütün bunlar Azərbaycanda qadın hərəkatı
tarixinin unudulmuş səhifələridir.
Azərbaycan qadınlarının sovet hakimiyyəti
illərində elm və mədəniyyət sahələrində
əldə etdikləri nailiyyətlər onların
böyük istedad və əməksevərliyinə dəlalət
edən tutarlı sübutdur. Teatr səhnəsinin mahir
ustaları Mərziyyə Davudova, Fatma Qədri, Hökumə
Qurbanova, Münəvvər Kələntərli, Barat
Şәkinskaya, Leyla Bədirbəyli, Nəsibə Zeynalova,
Şəfiqə Məmmədova, Amalya Pənəhova, Azərbaycan
baletinin ulduzları Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə
Axundova, sevimli müğənnilərimiz Şövkət Məmmədova,
Həqiqət Rzayeva, Şövkət Ələkbərova,
Sarpa Qədimova , Rübabə Muradova, Fatma Mehrəliyeva, Tükəzban
İsmayılova, Zeynəb Xanlarova, görkəmli bəstəkarlarımız
Ağabacı Rzayeva, Şəfiqə Axundova, Firəngiz
Əlizadə, böyük qadın rəssamlarımız
Vәcihә Səmədova, Reyhan Topçubaşova,
Güllü Mustafayeva, Elmira Şaxtanxtinskaya, Maral Rəhmanzadə
milli mədəniyyətimizin inkişafına öz layiqli
töhfələrini vermişlər. Azərbaycanın
qadın şair və yazıçıları - Nigar Rəfibəyli,
Mirvarid Dilbazi, Mədinə Gülgün, Hökumə Billuri,
Əzizə Cəfərzadə, Xanımana Əlibəyli də
Azərbaycan ədəbiyyatının inkişafı tarixində
silinməz izlər qoymuşlar.
Sovet hakimiyyəti dövründə Azərbaycan
qadınlarının 1957, 1967 və 1972-ci illərdə
keçirilmiş qurultayları da Azərbaycanda qadın hərəkatının
inkişafında, onun daha mütəşəkkil forma
almasında mühüm rol oynadı.
Azərbaycan qadınları XX əsrdə qısa
müddət ərzində yüzilliklərə bərabər
inkişaf yolu keçmişdir. Onların cəmiyyətdə,
ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər
baş vermişdir.
Əldə edilmiş nailiyyətlərlə
yanaşı sovet dövründə formalaşan stereotiplər
milli və ənənəvi xüsusiyyətləri, sırf
qadına məxsus cəhətləri bəzən nəzərə
almırdı. Qadın məsələlərinin həlli və
qadın inkişafı haqqında sovet konsepsiyasında bir
çox amillər diqqətdən kənarda qalırdı. Məşğulluğun
forması, göstəriciləri qabardılır, əməyin
keyfiyyətli, qadının daxili tələbatı ilə bu əməyin
uyğunluğu və qadının əməkdə öz
potensialını ifadə etmək imkanları unudulurdu.
Azərbaycan qadınları müstəqillik
yollarında gedən mübarizələrin ön
sıralarında idilər. 1988-ci ildən respublikada cərəyan
edən mürəkkəb proseslərdə qadınlar kişilərlə
bərabər iştirak edirdilər.1990-cı il yanvarın
19-20-də sovet qoşunlarının Bakıda və
respublikanın digər şəhər və rayonlarında
törətdikləri qanlı faciənin qurbanları
arasında qadınlar da var idi. Azərbaycanın milli qəhrəmanları
- Qarabağ cəbhəsində həlak olmuş jurnalist
Salatın Əsgərova və həkim Gültəkin Əsgərova
yeni dövrün fədakarlıq rəmzi oldular. Erməni qəsbkarlarının
Azərbaycanın ərazisinin 20%-ni işğal etməsi nəticəsində
öz doğma ev-eşiyindən didərgin
düşmüş bir milyona qədər Azərbaycan vətəndaşı
arasında qadınların sayı çoxdur. Qarabağ
müharibəsinin nəticələrindən doğan əsas
problemlərin, o cümlədən qaçqınlıq və
köçkünlük həyatının
ağırlığı başlıca olaraq qadınların
- anaların, bacıların, qız-gəlinlərin üzərinə
düşdü. Həmişə sülhün, əmin-amanlığın
çarçısı olmuş Azərbaycan qadınları
respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin
gedişində daim milli dövlətçilik mövqeyindən
çıxış etmişlər.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci
ildə qəbul olunmuş ilk konstitusiyası qadınların
kişilərlə bərabər hüququnu təsdiq etdi və
demokratik dövlət quruculuğu prosesində onların fəal
iştirakının hüquqi bazasını yaratdı.
Qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə
proseslərindən istifadə edərək qısa bir müddətdə
yeni dövrün tələblərinə uyğun qadın təşkilatları
yaratdılar. Ümummilli miqyasda fəaliyyət göstərən
qadın təşkilatları öz əsas məqsədi kimi
Azərbaycanda qadının vəziyyətinin
yaxşılaşdırılmasını, onun sosial-iqtisadi
problemlərinin həllini və sair məsələləri
qeyd edirlər. Bu gün də yeni yeni qadın təşkilatları
formalaşır, mövcud təşkilatlar isə öz şəbəkəsini,
fəaliyyət dairəsini genişləndirir.
1995-ci ildə Pekində keçirilən IV
Ümumdünya Qadınlar konfransına hazırlıq
dövründə Azərbaycanda fəaliyyət göstərən
Qadınların Milli Komitəsi Pekin konfransına ümummilli
məruzəni hazırlayıb təqdim etmişdir. Konfransdan
sonra ümummilli fəaliyyət platformasına aid müzakirələr
və konfranslar keçirilmişdir. Azərbaycan
Respublikası 1995-ci iyunun 30-da Birləşmiş Millətlər
Təşkilatının "Qadınlara münasibətdə
ayrı seçkiliyin bütün formalarının ləğv
olunması haqqında" konvensiyasına qoşularaq öz
üzərinə müvafiq öhdəliklər
götürmüşdür.
Pekin konfransından keçən beş il ərzində
onun sənədlərində qeyd olunmuş prinsip və
tövsiyələrin həyata keçirilməsi istiqamətində
çox işlər görülmüş və Birləşmiş
Millətlər Təşkilatının müvafiq
qurumlarına bu barədə hesabatlar təqdim edilmişdir.
Respublikada qadınlara dair dövlət siyasətinin
daha mütəşəkkil şəkildə həyata
keçirilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli, Fərmanı
ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi
yaradıldı və Nazirlər Kabinetinə ölkənin
siyasi, sosial, iqtisadi, mədəni həyatında
qadınların rolunu artırmaq məqsədilə müvafiq
təkliflər işləyib hazırlamaq
tapşırıldı.
Fərmanın yerinə yetirilməsi ilə əlaqədar
respublika həyatının müxtəlif sahələrində,
ayrı-ayrı nazirlik, idarə və şirkətlərdə,
ümumiyyətlə dövlət idarəçiliyi sistemində
qadınların təmsil olunmasına dair əldə
edilmiş statistik məlumat göstərdi ki, respublikanın
80-dən çox şəhər və rayon icra
başçısından yalnız 5-i qadındır və hətta
əksər işçiləri qadınlardan ibarət olan
dövlət qurumlarında və müxtəlif peşə
sahələrində qərar qəbul etmə mövqelərində
qadınlar çox zəif təmsil olunurlar. Şəhər
və rayonlarda işçilərinin böyük əksəriyyətini
qadınların təşkil etdiyi təhsil şöbələrinin
5-nə, səhiyyə şöbələrinin isə 8-nə
qadınlar rəhbərlik edir.
Respublikada müxtəlif səviyyələrdə qəbul
olunan qanunvericilik aktları, qərar və qətnamələr,
xüsusilə Nazirlər Kabineti, ayrı-ayrı nazirlik və
idarələrdə qəbul olunan qərarlar çox vaxt
gender siyasətinin tələbləri baxımından
ekspertiza olunmur.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa
etdikdən sonrakı dövr qadınların
qarşısında yeni məqsəd və vəzifələr
qoydu. Bazar iqtisadiyyatının təşəkkül
tapması, ölkəmizin müxtəlif sahələrində
aparılan islahatlar, vətəndaş cəmiyyətinin
formalaşmasında vətəndaşların fəallığının
artırılması yolunda görülən işlər
qadınların cəmiyyətdəki rolunun
artırılmasını tələb edir. Bu baxımdan qeyd
edilməlidir ki, qadınlar üçün bəyan edilən
bərabər hüquqlar real bərabər imkanların
olmaması üzündən çox vaxt gerçəkləşə
bilmir.
Qadın problemlərinin həlli zərurəti Azərbaycan
qadınlarının 1998-ci il sentyabrın 25-də
keçirilmiş ilk qurultayında qeyd olundu. Respublikada cərəyan
edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində
Azərbaycan qadınlarının daim milli dövlətçilik
mövqeyindən çıxış etdiklərini
nümayiş etdirən qurultay göstərdi ki, cəmiyyətdə
qadınların rolunun artırılması yolunda hələ
çox iş görülməlidir.
Qadınların kişilərlə hüquq bərabərliyini,
xüsusilə onların dövlət idarəçiliyi
sistemində lazımi səviyyədə təmsil olunmasını
əməli surətdə təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının bütün
dövlət qurumlarında fəaliyyət növü nəzərə
alınmaqla qadınların rəhbərlik səviyyəsində
kişilərlə bərabər təmsil olunması təmin
edilsin.
2. Dövlət Statistika Komitəsi Qadınların
Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə
respublikada qadınların vəziyyətinə dair beynəlxalq
standartlara cavab verən statistik məlumat hazırlasın.
3. Nazirlər Kabinetinə tapşırılsın ki:
ölkədə gedən iqtisadi islahatlar çərçivəsində
həyata keçirilən işlərdə gender siyasəti tələblərini
rəhbər tutmaqla qadınlar üçün kişilərlə
bərabər imkanlar yaradılmasını təmin etsin;
qaçqın və məcburi köçkün
qadınların məşğulluğunun təmin edilməsi
məqsədilə onların münasib işlə təmin
edilməsi proqramı hazırlayıb həyata keçirsin;
qadınların hüquqlarının müdafiəsinin
gücləndirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının qanunlarında müvafiq dəyişikliklər
və əlavələr edilməsi məqsədilə
mövcud qanunvericiliyi təhlil edib təkliflər versin;
hər il martın 1-nə qədər bu Fərmanın
yerinə yetirilməsinin gedişi haqqında Azərbaycan
Respublikasının Prezidentinə məruzə təqdim etsin;
Bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 6 mart 2000-ci il
¹ 289
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.966-970.