"Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

"Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

"Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 17-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 11-ci maddəsinin birinci hissəsində, 15-ci maddəsinin üçüncü və beşinci hissələrində və 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyətləri daxilində "Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

"Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 10-cu maddəsinin üçüncü hissəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 6-cı maddəsində və 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər;[1]

həmin Qanunun 9-cu maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi həyata keçirirlər;[2]

həmin Qanunun 10-cu maddəsinin üçüncü hissəsində (birinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (torpaqların dövriyyəsi və münbitliyinin vəziyyəti hissəsində) və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (torpaqların münbitliyinin bərpasına və artırılmasına yönəldilmiş dövlət himayəsi hissəsində) həyata keçirirlər.[3]

 

 

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər Əlİyev

Bakı şəhəri, 6 mart 2000-ci il

№ 290

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, № 3.- S.970-971.