Faydalı qazıntı ehtiyatlarının

dövlət balansının aparılması

Qaydaları

 

 

  Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 6 mart tarixli, 293 nömrəli Fərmanı ilə

təsdİq edİlmİşdİr

 

 

I. Ümumİ müddəalar

 1.1. Bu Qaydalar «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanununa və ««Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün), ona mənsub olan bölməsi daxilində sənaye əhəmiyyətli yataqlar üzrə faydalı qazıntı ehtiyatlarının dövlət balansının aparılması qaydasını müəyyən edir.

 1.2. Faydalı qazıntı ehtiyatlarının dövlət balansı sənaye əhəmiyyətli yataqlar üzrə hər növ faydalı qazıntı ehtiyatlarının kəmiyyəti, keyfiyyəti, öyrənilmə dərəcəsi, yerləşməsi, sənayedə istifadə dərəcəsi, faydalı qazıntıların çıxarılması, itkisi, kəşf edilmiş ehtiyatlar ilə sənayenin təmin edilməsi haqqında məlumatları özündə əks etdirməklə, mineral-xammal bazasının vəziyyətinin uçotu məqsədilə aparılır.

1.3. Faydalı qazıntı ehtiyatlarının dövlət balansı yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin (bundan sonra—müəssisə və təşkilatlar) müəyyən olunmuş qaydada Dövlət Geoloji İnformasiya Fonduna təqdim etdikləri hesabatlar əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilir və aparılır. Neft və qazla bağlı faydalı qazıntı ehtiyatlarının dövlət balansının müvafiq hissəsi Azərbaycan Respublikası Energetika Nazirliyinin iştirakı ilə tərtib edilir və aparılır.[1]

 1.4. Bu Qaydalardan irəli gələn tələblərin icrası mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan bütün müəssisə və təşkilatlar üçün məcburidir.

II. Faydalı qazıntı ehtİyatlarının dövlət uçotu

 2.1. Azərbaycan Respublikasının әrazisindә, o cümlədən Xəzər dənizinin (gölünün), ona mənsub olan bölməsi daxilində geoloji-kəşfiyyat işləri nəticəsində aşkar edilmiş və ehtiyatları müvafiq qaydada təsdiq edilmiş faydalı qazıntı yataqlarının ehtiyatları dövlət uçotuna alınır.

 2.2. Faydalı qazıntı ehtiyatlarının dövlət uçotuna aiddir:

 2.2.1. faydalı qazıntı yataqları və onların sahələri, dağ-mədən müəssisələri və ölkə üzrə faydalı qazıntı ehtiyatlarının hər ilin yanvar ayının 1-nə olan vəziyyəti;

 2.2.2. ölkə üzrə dövlət balansına götürülən faydalı qazıntı ehtiyatları;

 2.2.3. istismara cəlb edilən faydalı qazıntı yataqları üzrə hasilat və itkilər, istismar və kəşfiyyat işləri nəticəsində və digər səbəblərdən ehtiyatların dəyişməsi üzrə illik hesabatlar;

 2.2.4. fəaliyyətdə olan, tikilən və layihələndirilən dağ-mədən müəssisələrinin mineral-xammal ehtiyatları ilə təmin olunmasının səviyyəsi haqqında məlumatlar.

 2.3. Faydalı qazıntı ehtiyatlarının dövlət uçotu onların öyrənilmə dərəcəsi, mineral xammalın keyfiyyəti və yataqların istismarının dağ-texniki şəraitindən asılı olaraq, A, B, S1, S2 kateqoriyaları əsasında balans ehtiyatları və balansdankənar ehtiyatlar qrupu üzrə ayrı-ayrılıqda aparılır.

 2.4. Yer təkində faydalı qazıntı ehtiyatlarının hesablanması üçün müəyyən edilmiş kondisiya tələblərinə (müvafiq standartlara, texniki şərtlərə) cavab verən və istismarı iqtisadi cəhətdən məqsədəuyğun sayılan faydalı qazıntı yataqlarının ehtiyatları balans ehtiyatları hesab olunur. Balans ehtiyatlarına aiddir:

 2.4.1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyasında (bundan sonra—Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiya) təsdiq olunan faydalı qazıntı yataqlarının ehtiyatları; [2]

 2.4.2. müvəqqəti kondisiya tələblərinə uyğun hesablanmış və müvafiq qaydada təsdiq edilmiş faydalı qazıntı yataqlarının ehtiyatları;

 2.4.3. əvvəllər kəşfiyyatı aparılmış və sənaye ehtiyatları mövcud qaydada təsdiq edilmiş faydalı qazıntı yataqlarının ehtiyatları;

 2.4.4. faydalı qazıntı yataqlarının istismarı zamanı texniki səbəblərdən yer təkində saxlanılan və gələcəkdə istismarı mümkün ola bilən qalıq ehtiyatları;

 2.4.5. istismar işləri aparılan faydalı qazıntı yataqlarının ehtiyatları.

 2.5. Geoloji və texniki-iqtisadi göstəriciləri müvafiq mineral-xammal üçün təsdiq edilmiş kondisiya tələblərinə (müvafiq standartlara, texniki şərtlərə) cavab verməyən, lakin gələcəkdə sənaye istismarına cəlb oluna biləcək faydalı qazıntı ehtiyatları balansdankənar ehtiyatlar hesab olunur. Balansdankənar ehtiyatlara aiddir:

 2.5.1. Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiya tərəfindən balansdan kənar ehtiyatlar kimi təsdiq edilmiş faydalı qazıntı ehtiyatları;

 2.5.2. qüvvədə olan kondisiya tələblərinə (müvafiq standartlara, texniki şərtlərə) cavab verən, lakin mürəkkəb dağ-texniki şəraitdə yerləşdiyinə görə, mövcud texnika və texnologiyanın tətbiqi ilə istismarı iqtisadi cəhətdən səmərəsiz hesab olunan faydalı qazıntı ehtiyatları.

III. Faydalı qazıntı ehtİyatlarının dövlət balansının aparılması və nəzarət

 3.1. Faydalı qazıntı ehtiyatlarının dövlət balansı, ehtiyatları müvafiq qaydada təsdiq edilmiş və dövlət uçotuna alınmış faydalı qazıntı ehtiyatlarının balans və balansdankənar ehtiyatları üzrə, yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan müəssisə və təşkilatların təqdim etdikləri faydalı qazıntı ehtiyatlarının illik hesabat balansları əsasında tərtib edilir və aparılır.

 3.2. Faydalı qazıntı ehtiyatlarının illik hesabat balansı 5 geoloji kəşfiyyat (5 gk) statistik hesabat formasından, ehtiyatların silinməsi aktından, geoloji-kəşfiyyat işləri aparılan faydalı qazıntı yataqlarında ehtiyatların artımı, onların bir kateqoriyadan digərinə keçirilməsi haqqında protokoldan və izahedici qeyddən ibarətdir.

 3.3. Faydalı qazıntı ehtiyatlarının illik hesabat balansı yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən istismar olunan faydalı qazıntı yataqları və onların sahələri, istismar işləri ilə yanaşı geoloji-kəşfiyyat işləri aparılan yataqlar və geoloji-kəşfiyyat işləri aparılan faydalı qazıntı yataqları üzrə, hər bir faydalı qazıntı növü üçün ayrılıqda növbəti ilin yanvar ayının 1-nə olan vəziyyətə görə tərtib edilir, müəssisənin (təşkilatın) rəhbəri və markeşeyderi tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Faydalı qazıntı ehtiyatlarının illik hesabat balansı hesabat ilindən sonrakı ilin fevral ayının 1-dək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Geologiya İnformasiya Fonduna təqdim edilir. [3]

 3.4. Dövlət Geologiya İnformasiya Fondu müəssisə və təşkilatların təqdim etdikləri faydalı qazıntı ehtiyatlarının illik hesabat balansının düzgün tərtib edilməsini yoxlayır; hesabat ili ərzində ehtiyatların hərəkəti və dəyişilməsi əsasında faydalı qazıntı ehtiyatlarının dövlət uçotunu aparır; hər il, hesabat ilindən sonrakı ilin yanvar ayının 1-nə olan vəziyyətə görə, faydalı qazıntı ehtiyatlarının məcmu dövlət balansını tərtib edir.

 

 3.5. Tərtib edilmiş faydalı qazıntı ehtiyatlarının məcmu dövlət balansı Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiya tərəfindən baxılır, təsdiq edilir və istifadə üçün Dövlət Geoloji İnformasiya Fondunda daimi saxlanılır. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulduğu hallarda məcmu dövlət balansının müvafiq hissəsi məlumat (xidməti istifadə) üçün Azərbaycan Respublikasının Energetika Nazirliyində saxlanılır. [4]

 3.6. Yer təki istifadəçilərinin faydalı qazıntı ehtiyatlarının illik hesabat balansında göstərdikləri məlumatların düzgünlüyünə və hesabatın bu Qaydalarda müəyyən edilmiş müddətdə təqdim olunmasına nəzarəti mövcud qanunvericiliyinə uyğun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. [5]

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.- S.977-979.