Azərbaycan Dövlət Teleqraf
Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin
təkmilləşdirilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLӘR KABİNETİNİN QƏRARI
"Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Dövlət
Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin
təkmilləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 17 yanvar tarixli, 260
nömrəli Fərmanının 4-cü və 5-ci
bəndlərinin icrası ilə əlaqədar Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır: [1]
1. "Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın)
işinin yaxşılaşdırılması haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 31
oktyabr tarixli, 152 nömrəli qərarının adından
və mətnindən, həmin qərarla təsdiq edilmiş
"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) yeni
strukturu"ndan, eləcə də "Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Dövlət Teleqraf
Agentliyi işçilərinin əmək haqqı
dərəcələri"ndən "Respublikası
Nazirlər Kabineti yanında" sözləri
çıxarılsın.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1996-cı il 31 oktyabr tarixli,
152 nömrəli qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Dövlət Teleqraf Agentliyinin
(AzərTAc-ın) yeni strukturu"na "15. Xarici
dillərdə xəbərlər hazırlayan və yayan
Baş redaksiya" sözləri, "işçilərin
sayı" qrafasında "8" rəqəmi əlavə
edilsin və "144" rəqəmi "152"
rəqəmi ilə əvəz edilsin.[2]
3. "AzərTAc-ın
tərkibində yeni yaradılan "Xarici dillərdə
xəbərlər hazırlayan və yayan Baş redaksiya"
işçilərinin əmək haqqı müvafiq olaraq
AzərTAc-ın strukturunda fəaliyyət göstərən
Azərbaycan və rus dillərində informasiya baş
redaksiyaları işçilərinin əmək haqlarına
uyğun olaraq müəyyən edilsin;
4. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə
tapşırılsın:
AzərTAc-ın
maddi-texniki bazasının müasir tələblər
səviyyəsinə çatdırılması, o
cümlədən AzərTAc-ın xarici
ölkələrdəki müxbir məntəqələrinin
texniki avadanlıqla təchiz olunması məqsədi ilə
2000-ci ilin dövlət büdcəsində nəzərdə
tutulmuş Ehtiyat Fondundan 500,0 milyon manat, 2000-ci il yanvarın
17-dən etibarən AzərTAc-ın
əməkdaşlarının əmək haqqının
əsasən əlli faiz artırılması ilə
əlaqədar 373,5 milyon manat - cəmi 873,5 milyon manat
ayrılmasını təmin etsin, Agentliyin maddi-texniki
təchizatı üzrə zəruri olan vəsaitin qalan
hissəsinin isə 2001-ci ilin dövlət büdcəsi
layihəsində nəzərə alınması
üçün lazımi tədbirlər görsün;
AzərTAc-ın
beynəlxalq əlaqələrinin xeyli genişlənməsi
ilə əlaqədar, gələcəkdə dövlət
büdcəsi layihələrini tərtib edərkən
Agentliyə ayrılan rabitə xərclərinin
artırılmasını nəzərə alsın.
5. Azərbaycan
Respublikasının Rabitə Nazirliyinə
tapşırılsın ki, Azərbaycan Dövlət Teleqraf
Agentliyinə (AzərTAc-a) büdcə təşkilatları
üçün nəzərdə tutulmuş tariflər
əsasında rabitə xidmətlərinin
göstərilməsini, eyni zamanda Agentliyin İnternet
rabitəsi xidmətindən istifadə etməsi
məqsədilə qlobal İnternet
şəbəkəsinə qoşulmasını və bu
şəbəkədə WEB səhifəsinin
yerləşdirilməsini təmin etsin.
6. Bu qərarın
icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər
Kabineti İşlər İdarəsinin elm,
mədəniyyət, xalq təhsili və sosial problemlər
şöbəsinə həvalə edilsin.
Azərbaycan
Respublikasının Baş naziri A.Rasİzadə
Bakı
şəhəri, 15 mart 2000-ci il
№ 44
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, № 3.- S.
1240-1241.