Dövlət meşə
kadastrının aparılması
Qaydası
1. Bu Qayda dövlət meşə kadastrının
aparılmasını tənzimləyir.
2. Meşələrin dövlət kadastrı meşə
fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyət və
keyfiyyət cəhətdən qiymətləndirilməsidir.
3. Dövlət meşə kadastrı təbii
sərvətlər kadastrının tərkib hissəsini
təşkil edən rəsmi dövlət sənədidir
və meşə quruluşu, meşələrin
inventarlaşdırılması və digər
müayinə-təftiş sənədlərinin
əsasında aparılır.
4. Dövlət meşə kadastrı vahid sistem
üzrə meşə təsərrüfatının
idarə edilməsində, onun təşkilində və
meşə fondundan istifadə ilə əlaqədar olmayan
məqsədlər üçün meşə torpaqlarının
qeyri-meşə torpaqlarına keçirilməsində və
ya meşə fondu torpaqlarının geri alınmasında,
meşə fondundan istifadə üçün ödəmələrin
miqdarının müəyyən edilməsində,
meşə istifadəçilərinin və meşə
təsərrüfatı işləri aparan
şəxslərin təsərrüfat fəaliyyətinin
iqtisadi qiymətləndirilməsində istifadə olunur.
5. Dövlət meşə kadastrı Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin meşə təsərrüfatı
müəssisələri tərəfindən aparılır.
6. Meşə fondunun kadastr göstəricilərində
gedən dəyişikliklər (artım və azalma) hər il
dövlət meşə kadastrı kitabının müvafiq
bölmələrində qeyd edilir və sonrakı ilin 1 yanvar
vəziyyətinə yekunlaşdırılır.
Dövlət meşə kadastrı kitabında edilən
qeydlərin yekun nəticələri hesabat formalarında
meşə təsərrüfatı müəssisələri
tərəfindən hər ilin mart ayının 1-nə Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə təqdim edilir.
7. Dövlət meşə kadastrının
aparılması üçün verilmiş hesabatların
düzgün tərtib olunmasına, vaxtında
verilməsinə və saxlanılmasına Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin və ona tabe olan müəssisələrin
rəhbərləri məsuliyyət daşıyırlar.
8. Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi əlaqədar
orqanlarla birlikdə:
meşə fondu sahələrinin istifadəyə və
icarəyə verilməsinin dövlət qeydiyyatını,
torpaqların qiymətləndirilməsini, geobotanik və
digər tədqiqat və axtarışlar aparılmasını,
torpaqların vəziyyəti üzərində operativ
müşahidələrin, habelə dövlət meşə
kadastrının aparılması üçün zəruri olan
metodik göstərişlərini və təlimatların
hazırlanmasını təmin edir;
torpaq ehtiyatlarının miqdarı, vəziyyəti və
qiyməti barədə uzunmüddətli və operativ
məlumatlara olan tələb və ehtiyacın sistematik
öyrənilməsini həyata keçirir, dövlət
meşə kadastrının daim
təkmilləşdirilməsi üzrə yaranan meşə
təsərrüfatı, təbiəti mühafizə
ehtiyaclarına dair məlumatların dövlət meşə
kadastrı sənədlərinə daxil edilməsi
üzrə tədbirlər görür;
meşə fondu sahələri haqqında
məlumatların sistemləşdirilməsini,
öyrənilməsini və saxlanılmasını, habelə
dərc edilməsi zəruri olan dövlət meşə
kadastrı materiallarının nəşrini təmin edir.
9. Dövlət meşə kadastrının
aparılması prosesini tənzimləyən dövlət
meşə kadastrı kitabının, texniki (forma və ona
əlavələr) sənədlərin
nümunələri Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
təsdiq olunur, mərkəzləşdirilmiş qaydada
çap edilir və aidiyyəti müəssisələrə
çatdırılır.
10. Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi dövlət
meşə kadastrının yekun hesabatını hər il
aprelin 30-dək birliyin Şurasında təsdiq edərək,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Əmlak
Məsələləri Dövlət Komitəsinə və
Dövlət Statistika Komitəsinə təqdim edir.
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
31 mart, № 3.- S. 1245-1246.