Azərbaycanda milli mətbuatın
yaradılmasının 125 illiyi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycanın ictimai həyatının ən
mühüm hadisələrindən biri olan milli mətbuatın
formalaşması XIX əsrin ortalarına təsadüf edir.
Azərbaycan və eləcə də bütün Şərq
aləmi üçün tamamilə yeni siyasi, mədəni və
elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması əslində
ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və
mədəni proseslərlə, o cümlədən
maarifçilik hərəkatının, dünyəvi
teatrın və yeni tipli məktəbin təşəkkül
tapması ilə sıx bağlıdır.
1832-ci ildə "Tiflis əxbarı" qəzeti və
1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə
"Qafqazın bu tərəfin xəbəri" adlı azərbaycanca
buraxılan əlavə milli mətbuatın yaradılması
istiqamətində atılmış ilk addımlar olmuşdur.
Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər
sözün əsl mənasında hələ qəzet
adlandırıla bilməzdi.
Milli mətbuatımızın bünövrəsi
1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk
nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda
böyük əks-səda doğuran bu qəzetin naşiri də,
redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının
banilərindən biri, təbiətşünas alim Həsən
bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlmisində
Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf
bəy Vəzirov, Əsgər ağa Gorani və başqa
ziyalıların böyük xidmətləri olmuşdur.
Dövrünün görkəmli maarifçiləri olan bu
şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində
öz maarifçi və demokratik ideyalarını təbliğ
edərək, ictimai, siyasi və bədii fikrin
inkişafına böyük təsir göstərmişlər.
Mütərəqqi ideyaların carçısı və
tribunası olan "Əkinci" elm, maarif və mədəniyyətin,
ədəbiyyat və incəsənətin inkişafına, yeni
tipli məktəblərin yaradılmasının zəruriliyinə
aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən
böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə
yaxın, sadə və səlis olması idi. Xalqın elmi və
mədəni cəhətdən tərəqqi etməsi
uğrunda çalışan "Əkinçi" qadın
azadlığı və qadın təhsili ideyasını təbliğ
edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini
mövhumata, xurafata və cəhalətə qarşı kəskin
çıxışlar edirdi. Qəzetdə təbiət elmləri
və kənd təsərrüfatının inkişafı ilə
bağlı elmi-kütləvi məqalələr verilirdi.
"Əkinçi" Azərbaycandan kənarda da -
Gürcüstan, Dağıstan, Özbəkistan və
başqa yerlərdə yayılırdı.
Milli demokratik mətbuatın "Əkinçi" qəzeti
tərəfindən bəyan edilmiş başlıca prinsipləri
- maarifləşmə, müasirləşmə, məfkurə
saflığı, ümummilli məqsədlərin təbliği,
bəşəri dəyərlərin milli ənənələrlə
üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə
yaxınlaşdırılması, hadisələrin obyektiv
işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın
gələcək inkişafı üçün təməl
daşları rolunu oynadı.
1877-ci ildə "Əkinçi" qəzeti
bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə
baxmayaraq ölkəmizdə bir müddət azərbaycanca mətbu
orqan çıxmamışdır. Ölkədə cərəyan
edən ictimai proseslər və cari məsələlər bir
müddət yerli rusdilli mətbuatda öz əksini
tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet
isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq
üzü görən "Bakinski listok" olmuşdur.
1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye
izvestiya" nəşrə başlamışdır. Rusdilli
qəzetlər içərisində daha uzunömrlü
olmuş "Kaspi"nin 1897-ci ildən etibarən
nşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə
götürmüş və təxminən həmin dövrdən
onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə
Əlibəy Hüseynzadə olmuşdur. Rus dilində nəşr
edilən qəzetlər Azərbaycan səhifəsi yaratmaq təşəbbüsü
göstərsələr də buna nail ola bilməmişlər.
1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə
Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini
çıxarmağa nail olmuşdur. Qəzetin cəmi 104
nömrəsi çıxdıqdan sonra 1880-ci ildə o,
çapını dayandırmışdır. 1883-1891-ci illərdə
Tiflisdə "Əkinçi" üslubunu davam etdirən
"Kəşkül" qəzeti və jurnalı
çıxırdı.
XX əsrdə isə Azərbaycan dilində
çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin
1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi,
iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti
olmuşdur. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin
inkişafında xüsusi yeri olmuşdur. Qəzetdə
dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə
bağlı mütərəqqi fikirlər öz əksini
tapırdı. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər
Faiq Nemənzadə, Hüseyn Cavid, Məmməd Səid
Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi
böyük maarifçiləri öz ətrafında birləşdirə
bilmişdi. Qəzetin ən böyük xidmətlərindən
biri də Cəlil Məmmədquluzadəni bir jurnalist kimi
üzə çıxarması oldu. O, mətbuatda demokratik cərəyanın
bərqərar edilməsində mühüm rol oynayan peşəkar
bir redaktor kimi məhz bu qəzetdə yetişmişdir.
Artıq "Şərqi-rus" qəzeti ətrafında
formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın
inkişafının yeni mərhələsinin
başlanması üçün zəmin yaratdı. Cəlil
Məmmədquluzadənin təşəbbüsü,
redaktorluğu və naşirliyi ilə 1906-cı il aprelin 7-də
Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan
satirik jurnalı - "Molla Nəsrəddin" işıq
üzü gördü. 1918-ci ilədək Tiflisdə nəşr
olunan jurnal 1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə
isə Bakıda çap olunmuşdur.
Mütərəqqi ideyaların carçısı
olan "Molla Nəsrəddin" jurnalı müstəmləkəçilik
siyasətini, geriliyi, mövhumatı amansız satira atəşinə
tutur, Azərbaycan dilinin saflığı uğrunda
ardıcıl mübarizə aparırdı. Kəskin və cəsarətli
tənqidi çıxışlarına, acı həqiqətləri
söylədiyinə görə daim hücum və təqiblərə
məruz qalan jurnalın nəşri çar senzurası tərəfindən
dəfələrlə dayandırılmış, bir sıra
nömrələri müsadirə olunmuş, redaktoru bir
neçə dəfə məhkəmə məsuliyyətinə
cəlb edilmiş, cərimə edilmişdir. Lakin bütün
təqib və təzyiqlərə baxmayaraq, "Molla Nəsrəddin"in
haqq səsi çox keçmədən Qafqazın
hüdudlarını aşıb Rusiyada, türk aləmində,
bütün Yaxın və Orta Şərqdə eşidildi.
Jurnalın Mərkəzi Asiyada, Krımda, İrəvan, Kazan,
Ufa, Həştərxan, Orenburq, Təbriz, Tehran, Ərzurum,
İstanbul, Qahirə, Bombey, Kəlküttə və sair şəhərlərdə
çoxlu oxucusu var idi.
"Molla Nəsrəddin" dövrünün
mühüm siyasi hadisələrinə səs verir, milli
oyanış prosesinə xidmət edirdi. Jurnalın mövzu və
təsir dairəsi çox geniş idi. "Molla Nəsrəddin"
Azərbaycan xalqının mütərəqqi qüvvələrini,
demokratik ziyalıları öz ətrafında
toplamışdı. Jurnalda Azərbaycanın görkəmli
şair, yazıçı və jurnalistləri ilə
yanaşı Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə
kimi rəssamlar da fəaliyyət göstərərək Azərbaycanda
yeni rəssamlıq məktəbinin təməlini qoydular.
"Molla Nəsrəddin"in müasir ədəbiyyat,
maarifləşmə, demokratikləşmə uğrunda
mübarizəsi, onun güclü satirası jurnalda əməkdaşlıq
edən sair və yazıçıların
yaradıcılıq istiqamətini müəyyən etmiş,
onların görkəmli sənətkar kimi
formalaşmasında həlledici amil olmuş, beləliklə də
"Mollanəsrəddinçilik" adlı böyük bir
ictimai-ədəbi hərəkat yaranmışdı. Mollanəsrəddinçilər
klassik Azərbaycan, Şərq, rus və dünya bədii-publisist
irsinin ənənələrindən, xalq yumorundan məharətlə
bəhrələnərək, milli mətbuat tarixində
satirik jurnalistikanın bünövrəsini qoyulmuş, Azərbaycan
publisistikasını janr və üslub rəngarəngliyi ilə
zənginləşdirərək onun inkişafında misilsiz
rol oynamışlar.
Bu dövr Azərbaycanda uşaq və valideynlər
üçün "Dəbistan", "Rəhbər",
"Məktəb" kimi jurnalların buraxılması ilə
də əlamətdar idi. Azərbaycan ziyalılarının fəal
iştirakı ilə nəşr olunan "Həyat",
"Füyuzat", "Təzə həyat", "Şəlalə",
"Açıq söz", "Dirilik" kimi qəzet və
jurnalların da mətbuatımızın inkişafında
böyük rolu olmuşdur.
Əsrin əvvəllərində Azərbaycanda
çıxan dövri mətbuat orqanları sözsüz ki,
milli oyanış, milli özünüdərk proseslərinin
aparıcı vasitələrindən biri olmuşdur.
Azərbaycanın 1918-ci il mayın 28-də öz
müstəqilliyini qazanmasında milli mətbuatın da
mühüm rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin
bütün xadimlərinin həm bir lider kimi
formalaşmasında, həm də onların siyasi fəaliyyətinin
gerçəkləşdirilməsində mətbuatın
misilsiz xidmətləri vardır. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə ümummilli platformadan çıxış
edən "Azərbaycan" qəzetinin dahi Üzeyir bəy
Hacıbəyov tərəfindən nəşr edilməsi
ictimai-siyasi proseslərin milli mədəniyyətin
inkişafı ilə nə qədər bağlı olduğunun
ən bariz nümunəsidir. Əslində Cümhuriyyət
dövrü mətbuatının fəaliyyəti Həsən
bəy Zərdabi ideyalarının, "Əkinçi"
prinsiplərinin həyata keçirilməsinin yeni və
çox mühüm mərhələsi idi. Təəssüf
ki, bu mərhələnin ömrü az oldu.
XX əsrin 70 ildən artıq dövri sovet mətbuatının
fəaliyyət göstərdiyi illərə təsadüf
edir. Bu dövrün də xüsusi yeri vardır. Məhz bu
illərdə qəzet və jurnalların şəbəkəsi
genişlənmiş, mətbuat kütləvi informasiya vasitələrinin
yeni növləri hesabına zənginləşmişdir.
Jurnalistikanın çeşidki növləri meydana
çıxmışdır. Mətbuat daha çox
partiyalı, sinifi olsa da, vətənpərvər jurnalistlərimiz
öz qələmlərini daim xalqın xidmətində
işlətmiş və bu yolda bəzən təqiblərə
də məruz qalmışlır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mətbuatın
inkişafı daha çox partiyalı mövqe ilə
bağlı idi. Respublikanın "Kommunist" (ilk nömrəsi
1919-cu ildə çıxmışdır), "Bakinskiy
raboçiy" (1906-ci ildən çıxır),
"Vışka" (1928-ci ildən çıxır),
"Azərbaycan gəncləri", "Molodyoj
Azerbaydjana" (ilk nömrələri 1919-cu ildə
çıxmışdır), "Bakı", "Baku"
(1958-ci ildən çıxır), "Ədəbiyyat və
incəsənət" (1934-cü ildən çıxır)
və sair tanınmış mətbuat orqanlarında kommunist
ideologiyası ilə bağlı məsələlərlə
yanaşı respublikanın iqtisadi, elmi, mədəni
inkişafı ilə əlaqədar problemlər də öz əksini
tapırdı. Xalqın həyatının
işıqlandırılmasında, ideoloji buxovların
mövcudluğuna baxmayaraq, öz səhifələrində
müxalif fikrə də yer verən, o dövr
üçün doğrudan da vətənpərvər ruhlu məqalələr
dərc edən mətbuat orqanlarının milli şüurun
və özünüdərkin
formalaşdırılmasında böyük rolu olmuşdur. Bu
qəzetlərin xalqımızın dil, ədəbiyyat və
mədəniyyətinə həsr etdiyi, azərbaycançılıq
ideyasına xidmət edən yazıları bu gün də
aktual olaraq qalır və totalitar rejim şəraitində belə
Azərbaycan jurnalistikasının mövqeyini nümayiş
etdirir. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı
kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət
göstərsə də, o öz milli varlığını
qoruyub saxlaya bilmiş, əldə etdiyi zəngin ənənələri
davam etdirərək respublikanın ictimai-siyasi həyatında
fəal rol oynamışdır. Məhz bu dövrdə
publisistikanın tamamilə yeni bir növü- teleradio
jurnalistikası təşəkkül tapdı. Mətbuatımızın
coğrafiyası və ifadə vasitələri genişlənərək
respublikanın ictimai-siyasi həyatının demək olar ki,
bütün sahələrini əhatə etmişdir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən
sonra həyatın bir çox səhələrində
olduğu kimi mətbuatın inkişafında da
dönüş yarandı, siyasi plüralizm və söz
azadlığını təmin etmək üçün
mühüm işlər həyata keçirildi. Hələ Azərbaycan
Xalq Cümhuriyyәti illərindən sonra rüşeym
halında inkişafını dayandırmış proseslər
yenidən dirçәlәrәk demokratik mətbuatın
inkişafına xidmət etdi.
Azərbaycan mətbuatının sürətli
inkişafı respublikamızda dünya standartlarına cavab
verən müstəqil kütləvi informasiya vasitələrinin
yaranmasına gətirib çıxardı. Bu gün
hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti
qurmaq istiqamətində irəliləyən Azərbaycanda
650-dən çox müxtəlif kütləvi informasiya vasitəsi
- qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri
fəaliyyət göstərir. Bu da ölkəmizin mətbuatının
inkişaf yolunda olmasına dəlalət edir.
Milli özünüdərkin bərqərar
olmasında, vətənpərvərlik hisslərinin
aşılanmasında, milli və ümumbәşәri dəyərlərin
təbliğində müstəsna rol oynamış Azərbaycan
mətbuatı xalqımızın azadlıq və müstəqillik
uğrunda mübarizəsinə öz böyük töhfəsini
vermişdir.
Yarandığı 125 il ərzində Azərbaycan
milli mətbuatı zəngin və mənalı bir inkişaf
yolu keçmişdir. Azərbaycan xalqının qədim ədəbi
və mədəni irsə malik olması, Şərq və Qərb
sivilizasiyasının qovuşduğu məkanda
formalaşmış mədəniyyəti demokratik milli mətbuatın
gələcək inkişafı üçün möhkəm
zəmin yaratmışdır.
Azərbaycan mətbuatının ictimai-siyasi və mədəni
həyatımızın inkişafındakı mühüm
rolunu, respublikanın həyatında böyük əhəmiyyətini
nəzərə alaraq qərara alıram:
Azərbaycanda demokratik mətbuatının
yaradılmasının 125 illiyi təntənəli surətdə
qeyd olunsun.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 27 mart 2000-ci il
¹ 308
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.990-994.