Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında

 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

Ölkədə bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanının 3-cü bəndinə aşağıdakı məzmunda əlavələr edilsin: [2]

"fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir;

fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur;

fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər". 

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müvafiq fəaliyyətlə məşğul olmaq üçün yaradılmış və büdcədən maliyyələşdirilən, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəssisə və ya təşkilatlar xüsusi razılıq (lisenziya) almadan bu fəaliyyət növləri ilə məşğul ola bilərlər.[3]

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin idxalı, ixracı və hazırlanması, hərbi silah və sursatların istehsalı və satışı, qiymətli daşların hasilatı, qızılın, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsullarının tullantılarının emalı, xüsusi əhəmiyyətli dövlət hakimiyyəti obyektlərinin qorunması, vətəndaşların təhlükəsizliyinin qorunması, radioaktiv maddələrin istehsalı və satışı, qiymətli kağızların buraxılması üçün avadanlıqların istehsalı və istifadəsi, kosmik-peyk rabitə vasitələrinin, xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin istehsalı və istismarı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, dövlət mühafizə obyektlərinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən obyektlərin mühafizəsi, vətəndaşların təhlükəsizliyinin qorunması müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir.[4]

Döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən həyata keçirilir.[5]

Bu bənddə göstərilən fəaliyyət növlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəqiqləşdirilir və təsdiq edilir.

3-1. Döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının Azərbaycan Respublikasının ərazisində satın alınması yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanları, həmçinin müdafiə təyinatlı məhsulların istehsalını və təmirini tamamlamaq məqsədilə müvafiq fəaliyyət növləri üçün lisenziya almış və ya lisenziya alınması tələbinin şamil olunmadığı hüquqi şəxslər tərəfindən həyata keçirilir. Həmin orqanlar və hüquqi şəxslər tərəfindən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının Azərbaycan Respublikasının ərazisində satınalma müqavilələri barədə məlumat bu müqavilələr bağlanıldığı vaxtdan bir ay müddətində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə verilir.[6]

4. Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 1997-ci il tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə"nin 8-ci bəndinin birinci abzasından sonra aşağıdakı məzmunda əlavələr edilsin:

"Bank fəaliyyəti və valyuta əməliyyatlarının aparılması" fəaliyyəti üzrə lisenziyanın verilməsi qaydalarını Azərbaycan Respublikasının Milli Bankı təsdiq edir.

Müəyyən edilsin ki, xüsusi razılıq (lisenziya) verilməsi qaydaları təsdiq olunduğu gündən 3 ay müddətində lisenziyalaşdırılan fəaliyyət növü üzrə sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər lisenziya verən orqanlardan lisenziya almalıdırlar".

5. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı"na aşağıdakı məzmunda 73-cü bənd əlavə edilsin: [7]

"73. Əlvan metal tullantılarının            - İqtisadi İnkişaf Nazirliyi"

tədarükü, emalı və satışı 

6. Bu Fərmanın 3-cü bəndində göstərilən fəaliyyət növləri Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı"ndan çıxarılmış hesab edilsin. [8]

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti qüvvədə olan qanunvericiliyin bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini 15 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

8. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Heydər Əlİyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 mart 2000-ci il

 

                        ¹ 310

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.- S.995-996.