Azərbaycan
Respublikası Prezidenti Heydər Əliyevin və Polşa Respublikası
Prezidenti Aleksandr Kvasnevskinin BİRGӘ Bəyanatı
Polşa Respublikasının
Prezidenti Aleksandr Kvasnevski 1999-cu ilin 27—28 oktyabrında Azərbaycan
Respublikasında rəsmi səfərdə olmuşdur.
Prezidentlər Heydər Əliyevin və
Aleksandr Kvasnevskinin danışıqları zamanı hər
iki Tərəf Şimali Atlantika Tərəfdaşlıq
Şurası və NATO-nun «Sülh Naminə Tərəfdaşlıq
Proqramı» çərçivəsində ikitərəfli və
çoxtərəfli qarşılıqlı fəaliyyətin
əhəmiyyətini qeyd etdilər. Tərəflər, eyni
zamanda onların ölkələrinin Avropa və Avroatlantika
strukturlarına inteqrasiyası prosesində qarşılıqlı
fəaliyyət göstərəcəkləri barədə
eyni fikirdədirlər. Polşa Tərəfi Azərbaycanın
Avropa Şurasına və Ümumdünya Ticarət Təşkilatına
üzv olmasını dəstəklədiyini bildirdi.
Tərəflər, beynəlxalq
münasibətlərdə zor işlətmək və ya zor
işlətməklə hədələməyin yol verilməzliyi
prinsiplərinin yerinə yetirilməsində və bununla bərabər
Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı, habelə
digər beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın inkişaf etdirilməsində
öz iradələrini təsdiq etdilər. Onlar,
münaqişələrin BMT-nın Nizamnaməsinə və
ATƏT-nın sənədlərinə uyğun olaraq, dövlətlərin
ərazi bütövlüyü və sərhədlərinin
toxunulmazlığı əsasında sülh yolu ilə həll
edilməsinə tərəfdar olduqlarını bildirdilər.
Tərəflər, demokratik dəyərlərin,
qanunun aliliyinin, insan hüquqları və əsas
azadlıqlarının, o cümlədən milli azlıqlara mənsub
olan şəxslərin hüquqlarının
qorunmasının əhəmiyyətini qeyd etdilər.
Demokratik qaydalar və bazar iqtisadiyyatı müasir dövlətlərin
inkişafının, habelə onların vətəndaşlarının
firavanlığının və rifahının əsasıdır.
Bu faktorlar beynəlxalq münasibətlərdə etimad
mühitinin dərinləşməsini, sabitliyin və
sülhün möhkəmləndirilməsini artan səviyyədə
müəyyən edir.
Tərəflər siyasi dialoqu daha da
inkişaf etdirəcəklərini, o cümlədən
müxtəlif səviyyələrdə parlamentlərarası
əlaqələrin və beynəlxalq və ikitərəfli
məsələlər üzrə məsləhətləşmələrin
keçirilməsini inkişaf etdirəcəklərinə tərəfdar
olduqlarını bildirdilər. Xarici işlər nazirlikləri,
habelə Azərbaycan Respublikası və Polşa
Respublikası arasında münasibətlərin genişləndirilməsinə
cəlb edilmiş digər idarə və təşkilatların
əməkdaşlığının inkişaf etdirilməsində
Tərəflərin maraqlı olduqları təsdiq
edilmişdir.
Tərəflər, hazırkı səviyyəsi
və çeşidi hər iki ölkənin tələbatı
və imkanlarına cavab verməyən ikitərəfli ticarət
dövriyyəsinin əhəmiyyətli dərəcədə
artırılması barədə öz iradələrini bəyan
etdilər. İnvestisiyalar sahəsində əməkdaşlığın
inkişaf etdirilməsində, o cümlədən Mərkəzi
Asiyanı, Qafqazı və Mərkəzi və Qərbi Avropanı
birləşdirən yeni kommunikasiya və nəqliyyat xətlərinin
layihələşdirilməsi ilə əlaqədar istifadə
edilməmiş potensial mövcuddur.
Hər iki Prezident əmin
olduqlarını bildirdilər ki, qarşılıqlı mədəni,
elmi-texniki və ictimai əlaqələrin
artırılması da xalqların daha yaxşı
tanışlığına və yaxınlaşmasına
kömək edəcəkdir.
Bakı, 27 oktyabr 1999-cu il
Azərbaycan Respublikası
Prezidenti
Polşa Respublikası Prezidenti
Heydər
ƏLİYEV
Aleksandr Kvasnevskİ
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.-
S.1016-1017.