Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında

 

Sazİş

 

 Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti,

 ikitərəfli qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyərək,

 Tərəflərin iqtisadiyyatının səmərəliliyinin əsasını təşkil edən başlıca amillərdən biri kimi öz ölkələrində neft-qaz sənayesinin inkişafına böyük əhəmiyyət verərək və bütün regionun gələcəyi üçün bu sahənin xüsusi rolunu və əhəmiyyətini dərk edərək,

 Tərəflərin, karbohidrogen resursları ehtiyatlarından səmərəli istifadə olunmasına və onların artırılmasına, karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənməsi, hasilatı, emalı, eləcə də karbohidrogenlərin və onların emal məhsullarının satışı sahəsində əməkdaşlığa əlverişli şərait yaradılmasında qarşılıqlı maraqlı olduqlarını nəzərə alaraq,

 və 1994-cü il 17 dekabr tarixli Energetika Xartiyasına aid Müqavilənin müddəalarını nəzərə alaraq,

 aşağıdakılar barəsində razılığa gəldilər:

Maddə 1

 Tərəflər qarşılıqlı fayda əsasında fəaliyyət göstərərək neft-qaz sənayesində və onunla bağlı infrastruktur sahələrində əməkdaşlığı bütün vasitələrlə inkişaf etdirəcəklər. Bu zaman, Tərəflərin təsərrüfat subyektlərinin karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənməsi, hasilatı, emalı, karbohidrogenlərin və onların emal məhsullarının satışı üzrə işlərin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində zəruri işlərin görülməsinə, xidmətlər göstərilməsinə, avadanlıq, materiallar, dəstləşdirici məmulat və digər məhsulların göndərilməsinə dair müqavilələri bağlamaq və onları yerinə yetirmək üçün zəruri tədbirlər görəcəklər.

 Görüləcək işlərin, göstəriləcək xidmətlərin və göndəriləcək malların həcmləri və şərtləri Tərəflərin müvafiq təsərrüfat subyektləri arasındakı sazişlərlə müəyyənləşdiriləcəkdir.

Maddə 2

 Tərəflər, onların təsərrüfat subyektlərinə öz ərazilərində neft-qaz sənayesinin müxtəlif bölmələrində, Tərəflərin qanunvericilikləri ilə tənzimlənən formalarda və qaydalarda müvafiq, qarşılıqlı faydalı birgə fəaliyyəti həyata keçirməkdə zəruri köməklik göstərilməsini təmin edəcəklər.

Maddə 3

 Tərəflər, razılaşdırılmış şərtlərlə Tərəflərin ərazilərində karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənməsi, hasilatı, emalı və satışı sahəsində və bununla əlaqəli infrastrukturun üstün əhəmiyyət kəsb edən sahələrində həyata keçirilən layihələrdə dövlət orqanlarının və hüquqi şəxslərin fəaliyyətinə köməklik edəcəklər.

Maddə 4 Tərəflər, onların ərazilərində istehsal edilən, yaxud onlara, habelə üçüncü ölkələrə məxsus karbohidrogenlərin, onların emal məhsullarının və bunların istehsalı ilə bağlı zəruri malların öz ərazilərindən tranziti, nəqli, boşaldılıb-doldurulması, saxlanması, yüklənməsi, təhvil-təslimi və digər әmәliyyatlar üçün əlverişli şərait yaradırlar. Tərəflər öz ərazilərindən keçən nəqliyyat dəhlizinin sabit, təhlükəsiz və səmərəli işləməsi üçün qanunvericilik və iqtisadi bazanın yaradılmasından ötrü lazımi tədbirlər görəcəklər.

 Tərəflər, bir-birinin bu Sazişin məqsədlərindən irəli gələn mənafelərinə ziyan vura bilən heç bir hərəkət etməyəcəklər.

Maddə 5

 Tərəflər, karbohidrogen və onların emal məhsullarının daşınması üçün operativ idarə olunmanın razılaşdırılmış sxemlərinin, o cümlədən telekommunikasiya sxemlərinin, tranzit nəqliyyat şəbəkələrinin yaradılmasına və inkişafına köməklik göstərəcəklər.

Maddə 6

 Tərəflər neft-qaz sənayesi və onunla əlaqədar infrastruktur obyektlərində təbii fəlakətlərin, qəzaların, digər fövqəladə halların qarşısının alınmasında və aradan qaldırılmasında bir-birinə lazımi köməklik və yardım göstərəcək, həmçinin, obyektlərdə və/və yaxud birgə maraq kəsb edən layihələrdə təhlükəsizlik, ətraf mühitin mühafizəsi, işçi heyətin həyatının və sağlamlığının qorunmasının müvafiq proqramlarının hazırlanması və həyata keçirilməsi üçün lazımi tədbirlər görəcəklər.

Maddə 7

 Tərəflər, elmi-texniki əməkdaşlıq, mütəxəssislər hazırlanması məsələləri də daxil olmaqla, neft-qaz sənayesində qarşılıqlı faydalı əlaqələri daha da dərinləşdirmək və inkişaf etdirmək məqsədilə vaxtaşırı olaraq qarşılıqlı məsləhətləşmələr keçirəcəklər.

Maddə 8

 Tərəflər, qarşılıqlı razılıq əsasında, bu Sazişə onun tərkib hissəsi sayılan müvafiq protokollarla rəsmiləşdirilən zəruri əlavə və dəyişikliklər edə bilər.

Maddə 9

 Tərəflər, bu Sazişin tətbiqi və/və yaxud təfsiri zamanı meydana çıxan mübahisələrin və fikir ayrılıqlarının həlli üçün 1994-cü il 17 dekabr tarixli Energetika Xartiyasına dair Müqavilənin müvafiq müddəalarını rəhbər tutacaqlar.

Maddə 10

 Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirmələri barədə son bildirişinin alındığı tarixdən qüvvəyə minir və beş il müddətinə qüvvədədir. Əgər Tərəflərdən hər hansı biri altı aydan gec olmamaq şərti ilə Sazişə xitam vermək niyyəti barədə digər Tərəfə bildirməzsə, bu Sazişin qüvvəsi avtomatik olaraq sonrakı birillik müddətlərə uzadılır.

 Daşkənd şəhərində 1999-cu ilin iyulun 23-də hər biri Azərbaycan, özbək və rus dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

 Bu Sazişin müddəalarının təfsiri məqsədi ilə rus dilində olan mətndən istifadə edilir.

 

 

 

Azərbaycan Respublikası Hökuməti                                            Özbəkistan Respublikası Hökuməti

                       adından                                                                                                             adından

                           (İmza)                                                                                                                 (İmza)

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.- S.1071-1073.