Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında qaz sahəsinin inkişaf etdirilməsində əməkdaşlıq haqqında

 

Sazİş

 

 Bundan sonra “Tərəflər” adlanan Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti,

 qaz kommunikasiyalarının qarşılıqlı əlaqəli olduğunu və praktiki olaraq vahid sistem təşkil etdiyini qəbul edərək,

 qaz sahəsinin daha da inkişaf etdirilməsinin zəruriliyini rəhbər tutaraq,

 Tərəflərin, boru kəmərləri nəqliyyatından daha səmərəli istifadə olunmasında, başqa dövlətin enerji resurslarının tranziti də daxil olmaqla, ötürmədə, texniki və digər sahələr üzrə əməkdaşlıqda qarşılıqlı maraqlarını nəzərə alaraq,

 17 dekabr 1994-cü il tarixli Energetika Xartiyasına olan Müqavilənin prinsiplərinə əsaslanaraq,

 aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

 Tərəflər, qarşılıqlı fayda, qarşılıqlı yardım və bir-birinə iqtisadi zərər vuracaq heç bir fəaliyyətə yol verməmək əsasında hər iki Tərəfin qaz sahələrində əməkdaşlığı hərtərəfli inkişaf etdirəcəklər.

Maddə 2

 Tərəflər qaz sahəsi üçün lazım olan avadanlıqların, materialların, komplektləşdirici hissələrin və digər məhsulların göndərilməsində mövcud sahə və sahələrarası əlaqələri saxlamaq və onları daha da inkişaf etdirmək və təkmilləşdirmək üçün bütün tədbirləri görəcəklər.

Maddə 3

 Tərəflər birliklər, müəssisələr, təşkilatlar və digər təsərrüfat subyektləri tərəfindən qaz sahəsi üçün avadanlıqlar, materiallar, komplektləşdirici hissələr və digər məhsulların göndərilməsi üzrə müqavilələrin bağlanmasına və icra olunmasına lazımi köməklik göstərəcəklər. Göndəriləcək mühüm növ məhsulların həcmi Tərəflərin səlahiyyətli orqanları arasında hər il imzalanan və bu Sazişin ayrılmaz hissəsi sayılan ayrıca Protokolla müəyyən olunur.

Maddə 4

 Tərəflər birgə müəssisələrin, ticarət və kommersiya nümayəndəliklərinin təşkilinə və fəaliyyət göstərməsinə, magistral qaz kəmərlərinin, yeraltı qaz anbarlarının, qazdoldurma və kompressor stansiyalarının yenidən qurulmasına, genişləndirilməsinə və tikintisinə, habelə dünya təcrübəsində qəbul edilmiş əməkdaşlığın digər formalarına köməklik edəcəklər.

Maddə 5

 Bu Sazişə müvafiq görülən işlər üzrə qarşılıqlı hesablaşmalar Tərəflərin mövcud qanunvericiliyinə uyğun olaraq təsərrüfat subyektləri arasında bağlanmış müqavilələrdə (kontraktlarda) nəzərdə tutulan şərtlərlə aparılır.

Maddə 6

 Tərəflər enerji resurslarının maraqlı dövlətlərdən Xəzər dənizindən keçməklə Azərbaycana, Türkiyəyə və Avropa Birliyi dövlətlərinə daha etibarlı və iqtisadi cəhətdən məqsədəmüvafiq tranziti üçün yataqlardan çıxarılan qazın toplanması, nəql olunması, emalı sistemi ilə uyğunlaşdırılmış və tələb olunan istismar normalarına cavab verən mövcud ölçü qovşaqları və digər texnoloji qurğuları, texniki vəsaitlərindən istifadə və yenilərinin tikilməsi yolu ilə maraqlı dövlətlərlə birgə vahid qaz nəqletmə kommunikasiya sisteminin yaradılmasına kömək edəcəklər.

Maddə 7

 Tərəflər öz ərazisindən keçən magistral qaz kəmərlərinin təhlükəsizliyinin və sabit fəaliyyətinin təmin edilməsi üçün lazımi tədbirlər görəcəklər. Digər dövlətlərə qarşılıqlı göndərilən məhsulların tranziti ilə əlaqədar məsələlər Tərəflər arasında ayrıca Sazişlə tənzimlənir.

Maddə 8

 Tərəflər qaz sənayesində ehtiyatların yataqlardan toplanması, nəqli sisteminə cəlb olunmuş obyektlərdə təbii fəlakət və qəzaların nəticələrinin aradan qaldırılmasında, belə obyektlərin normal fəaliyyətinin sabitliyinin və etibarlığının yüksəldilməsi üzrə ayrı-ayrı birgə işlərin maliyyələşdirilməsində bir-birinə qarşılıqlı yardım edəcəklər.

Maddə 9

 Tərəflər qaz sənayesində beynəlxalq ekoloji standartlara nail olunmasını təmin edən iqtisadi proqramların işlənib hazırlanması və həyata keçirilməsi üzrə lazımi tədbirlər görəcəklər.

Maddə 10

 Tərəflər, bu Sazişdə nəzərdə tutulan əməkdaşlığı həyata keçirmək və inkişaf etdirmək məqsədilə özlərinin aşağıdakı baş təşkilatlarını təyin edirlər:

 Azərbaycan Respublikasında — «Azəriqaz» Səhmdar Cəmiyyəti və Dövlət Neft Şirkəti;

 Özbəkistan Respublikasında — «Özbəkneftqaz» Milli holdinq şirkəti.

Maddə 11

 Tərəflər bu Sazişin təfsiri və onun tətbiqi ilə bağlı bütün mübahisəli məsələləri danışıqlar və məsləhətləşmələr yolu ilə həll etmək niyyətindədirlər.

Maddə 12

 Tərəflər razılığa gəlirlər ki, birtərəfli qaydada bu Sazişin şərtlərinin dəyişdirilməsinə yol verilmir. Bu Sazişə edilmiş bütün dəyişiklik və əlavələr yalnız yazılı surətdə tərtib olunduqdan və Tərəflərin səlahiyyətli nümayəndələrinin imzasından sonra qüvvəyə minir.

 Bu Sazişin yerinə yetirilməsi üzrə Tərəflərin təsərrüfat subyektləri arasında müqavilələrin bağlanması və icrası zamanı meydana çıxmış mübahisələrə, bağlanmış müqavilələrə müvafiq olaraq, arbitraj (təsərrüfat) və ya münsiflər məhkəməsi tərəfindən mövcud qaydada baxılır.

Maddə 13

 Tərəflər bu Sazişin icrasının gedişi barədə operativ informasiya mübadiləsi təşkil edəcəklərini öhdələrinə götürürlər.

Maddə 14

 Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirmələri barədə son bildirişinin alındığı tarixdən qüvvəyə minir və beş il müddətinə qüvvədədir. Əgər Tərəflərdən hər hansı biri altı aydan gec olmamaq şərti ilə Sazişə xitam vermək niyyəti barədə digər Tərəfə bildirməzsə, bu Sazişin qüvvəsi avtomatik olaraq sonrakı birillik müddətlərə uzadılır.

 1999-cu il iyulun 23-də Daşkənd şəhərində Azərbaycan, özbək və rus dillərində iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

 Bu Sazişin müddəalarının təfsiri məqsədilə rus dilində olan mətndən istifadə olunur.

 

 

 

Azərbaycan Respublikası Hökuməti                                            Özbəkistan Respublikası Hökuməti

                       adından                                                                                                             adından

                           (İmza)                                                                                                                 (İmza)

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.- S.1076-1078.